Vətən üçün döyünən ürək

 

Bu ilin əvvəlində hərbi mayor rütbəsində ehtiyata buraxılmışdı. Sentyabr ayında Xaçmaz rayonunun Əhmədoba kənd orta məktəbinə hərbi hazırlıq müəllimi təyin olunmuşdu. Fəaliyyətini gənclərin vətənpərvərlik tərbiyəsi və onların hərbi hazırlıqları ilə davam etdirmək istəyirdi. Müharibə başladı. Hərbi mütəxəssis kimi orduya çağırıldı.

 

Rəsmi çağırış olana qədər hadisələrin gedişini çox diqqətlə izləyirdim - deyir. Cəbhədə baş verənləri bir hərbçi kimi təhlil edib, müharibənin lap yaxında olduğunu duymuşdum. Başa düşürdüm ki, daha azğın düşməndən qisas almağın vaxtı gəlib çatıb. Artıq özümü müsəlləh əsgər kimi döyüşlərdə hiss edirdim. Elə də oldu. Sentyabrın 27-də Ali Baş Komandan əmr verdi. Müqəddəs Vətən müharibəsi başladı.

 

Həmsöhbətimiz 2-ci Qarabağ müharibəsi qazilərindən biri, Xaçmaz şəhər sakini Didarov Tariyel Abdulla oğludur. Cəmi 40 yaşı var Tariyelin. Qısa ömür yolunun yarıdan çoxunu hərbidə keçirib. 1998-ci ildə C.Naxçıvanski adına Hərbi Liseyi bitirib. Sonra Heydər Əliyev adına Ali Hərbi Məktəbinə daxil olub. 2002-ci ildə həmin məktəbi artilleriya ixtisası üzrə bitirib. Bir il Azərbaycan Silahlı Qüvvələrinin təlim-tədris mərkəzində zabit kimi təkmilləşdirmə kurslarının iştirakçısı olub. Daha sonra 17 il “N” saylı hərbi hissədə xidmət edib. Xidmətinin 14 ilini cəbhə bölgəsində keçirib. 2020-ci ilin fevral ayından təqaüdə çıxıb.

 

Şərəfli bir döyüş yolu keçib qəhrəman qazimiz. Komanda müşahidə məntəqəsində düşmənin mövqelərinin, texnikasının yerini dəqiq, operativ müəyyənləşdirib komandirlərə ötürürdü. Yalnız bundan sonra döyüşçülər müəyyən olunmuş nöqtələrə dəqiq atəş aça bilirdilər. Bir dəqiqə boş dayanmırdı. Lazım gələndə silaha sarılıb əsgərlərin köməyinə gedirdi. Nə qədər düşmən qüvvəsini öz bilik və bacarığı ilə məhv etmişdi. Peşəkar hərbçi kimi keçdiyi döyüş yolundan fəxrlə danışır. Deyir ki, döyüşlərə Füzuli rayonundan başladıq. Əsgərlərin döyüş ruhu çox yüksək idi. Torpaqlarımızın azadlığı uğrunda hamı qələbə əzmi ilə döyüşürdü. Qısa müddətdə kənd Horadiz, Pirəhmədli, Mandılı, Aşağı Rəfədinli, Yuxarı Rəfədinli, Yal kəndlərini, habelə, Cəbrayıl və Xocavəndin bir sıra yaşayış məntəqələrini işğaldan azad etdik. Düşmən Füzulinin Əhmədbəyli kəndində çox güclü istehkamlar qurmuşdu. Burada karımıza hərbi təlimlərdə qazandığımız təcrübə və döyüş taktikaları gəlirdi. Manevr edib Cəbrayıl rayonunun ərazisindən düşmənin arxasına keçdik. Düşmən mühasirədə qaldı. Onlara kömək gəlməsinə imkan vermədik. Burada düşmənin bir çox canlı qüvvəsini və texnikasını məhv etdik. Füzuli şəhərini işğaldan azad etdik. Yolları açıb Xocavənd istiqamətində əməliyyatlara başladıq. Xocavəndin Qırmızı bazar qəsəbəsi uğrunda qanlı döyüşlər getdi. On gün fasiləsiz döyüş oldu. Olduqca çətin relyefi olan ərazilərdə vuruşurduq. Düşmən kəşfiyyatı dağ-meşə massivində əlverişli mövqe tutmuşdu. Komanda müşahidə məntəqəsindən həmin ərazini çətinliklə də olsa, müşahidə etdim. Düşmən mövqelərini məhv edib, bir neçə yüksəkliyi ələ keçirdik.

 

Oktyabrın 26-da günorta saatları idi. Meşəlik ərazidən üzərimizə qəflətən top mərmilərindən atəş açıldı. Alov saçan yandırıcı qəlpələrin bir neçəsi lap yaxına düşdü. Qəlpələr bədənimin müxtəlif nahiyələrini - baş, qarın, sol ayağımı ağır zədələdi. Çoxlu qan itirdim. Döyüş yoldaşlarım məni Əhmədbəyli qospitalına çatdırdılar. Burada 4 gün komada qaldım. Qəlpə yaraları ağır olduğundan Yevlax Mərkəzi Xəstəxanasına göndərildim. Burada əməliyyat olundum. Həkimlərin səyi ilə yenidən həyata qayıtdım. Mən fürsətdən istifadə edib mənim kimi onlarca ağır yaralı əsgəri xilas edən fədakar həkimlərimizə dönə-dönə minnətdarlıq edirəm. Hazırda bir müddət ev şəraitində müalicə olunuram. Bu yaxınlarda yenidən əməliyyat olunmalıyam.

 

Döyüşlərdə heç kəs geridə qalmaq istəmirdi. Hamı irəli getmək, düşməni tez məhv etmək, qisas almaq istəyirdi. Fərəh doğuran hal idi ki, döyüşçülərimiz bir-birinə arxa, kömək, qardaş idi. Hamı çalışırdı ki, yaralılarımız döyüş meydanında qalmasın. Mən özüm dəfələrlə yaralı əsgərlərimizi atəş xəttindən uzaqlaşdırmışam. Ancaq bir epizod heç vaxt gözümün qabağından getmir. Yaralı zabit yoldaşımızı atəş altından çox böyük çətinliklə çıxarıb maşına qoyduq. Vəziyyəti olduqca ağır idi. Tərpənmək istəyəndə birdən səslər eşitdik. Bir neçə yaralı döyüşçümüzarxada qalmışdı. Yubanmadan onları da götürüb xəstəxanaya tələsdik. Çox təəssüf ki, yaralı zabitimiz gözümüzün qabağında keçindi. Onu xəstəxanaya qədər çatdıra bilmədik. Müharibə günlərində məni təsirləndirən və yaddaqalan məqamlardan biri də Bakı şəhərindən 5-ci sinif şagirdinin bizə göndərdiyi “Əsgər məktubu” idi. Balacanın kövrək hisslərlə yazdığı məktub hamımızı təsirləndirməklə bərabər, bütün döyüşçülərə böyük ruh yüksəkliyi bəxş etdi.

 

Özümü çox xoşbəxt hesab edirəm” - deyir qəhrəman qazimiz. 30 ildən sonra yağı düşməndən torpaqlarımızı azad etmək kimi şərəfli bir tarix yazmaq taleyimizə qismət oldu. Minlərlə həmyaşıdlarım kimi, mən də bu zəfər tarixinə öz imzamı atdım. Bütün ömrüm boyu bu qürurlu, ali hisslərlə yaşayacağam.

 

Ziyafəddin BAYRAMOV

 

Respublika.- 2021.- 9 yanvar.- S.6.