Elmə bağlı ömür

 

Sovetlər dövrünün bir filmində qəhrəmanın belə bir sözləri vardı: “Təəssüf ki, bizim həyatımız itkilərdən ibarətdir”. Bəli, biz dünyaya gəldiyimiz gündən itkilərlə yaşayırıq. Yaşa dolduqca, ömrümüzün günləri, ayları, illəri bizdən ayrılıb bir daha geri qayıtmamaq şərtilə keçmişdə qalır. İllər ötdükcə, itkilərimizin adı da dəyişir. Ətrafımızda tanıdığımız insanları itirməyə başlayırıq, yaxınlarımız, dostlarımız, müəllimlərimiz, əzizlərimiz bir-bir bizi tərk edirlər. Bu itkilərin bəziləri gözlənilən olur, həyatın təbii qanununa görə. Amma elə itkilər olur ki, onları nəinki gözləmirik, heç ağlımızdan da keçirmirik. Belə itkilərlə heç cür barışa bilmirik və tanrıya üz tutaraq, nədən, axı nədən, deyə hayqırmaq istəyirik. Ölkəsinə, xalqına bütün əməlləri ilə faydalı olan, insanların sevgisini qazanmış, ancaq yeni nəsə yaratmaq haqqında düşünən, ömrünü, bütün gücü sevdiyi işinə həsr etmiş insanın vaxtsız aramızdan getməsi, həqiqətən də çox ağrılıdır. 2020-ci ilin 25 noyabrında aldığımız xəbər onu tanıyan hər kəsi dərindən sarsıtdı. Bakı Dövlət Universitetinin fizika fakültəsinin dekanı     vəfat etmişdir. İnanılması çətin olan bir xəbərdi. Axı onun hələ nə qədər görüləsi işləri, həyata keçirmək istədiyi planları vardı. Azərbaycan təhsili və elmi fədakar bir xadimini itirdi.

 

 

Hamı hər gün işə gedir, vəzifə öhdəliklərini az, ya çox dərəcədə yerinə yetirir. Bəziləri işə gedir, bəziləri işləməyə, çalışmağa, çalışdırmağa, yaratmağa gedir. İkincilər heç zaman yalnız öz vəzifə öhdəliklərini yerinə yetirməklə kifayətlənməz, daima yenilik axtarar, yeni ideyalar irəli sürər, tabeçiliyindəkiləri və ətrafındakıları da hərəkətə gətirər, prosesini sözün əsl mənasında canlı edərlər. Məhz onlar cəmiyyəti irəli apararlar, hər yerdə çalışdıqları kollektivin lokomotivi olarlar. Məhəmmədəli Ramazanov belə insan idi. Yorulmadan çalışmaq, yeni ideyalar irəli sürmək, Azərbaycan elminin və təhsilinin dünya standartları səviyyəsinə qalxması üçün bütün imkanlarını səfərbər etmək onun adi prinsipi idi. 500-dən çox elmi əsərin müəllifi və ya həmmüəllifi olmaq yalnız böyük əməyin nəticəsində ola bilər. Tam məsuliyyətlə deyə bilərik ki, bir çoxları kimi, Məhəmmədəli Ramazanovun adı həmin məqalələrdə elmi rəhbər, kafedra müdiriya dekan olduğu üçün yazılmamışdı. O, bütün bu əsərlərin əsas müəllifi olmuşdu, çünki, hər bir əsərin üzərində şəxsən çalışmış, lazımi səviyyəyə gəlməsində müstəsna rol oynamışdı.

Bu gün onun barəsində keçmiş zamanda danışmaq bizim üçün çox çətindir.

Məhəmmədəli Ramazanov 1958-ci il oktyabrın 31-də Qərbi Azərbaycanın Spitak rayonunun Qursalı kəndində anadan olmuşdur. Orta təhsilini 1965-1975-ci illərdə həmin rayonun Qursalı kənd orta məktəbində almışdır. Orta məktəbi bitirən kimi Bakı Dövlət Universitetinin, o zamanlar isə Azərbaycan Dövlət Universitetinın fizika fakültəsinə daxil olmuş və 1980-ci ildə həmin fakültəni bitirmişdir. O, 1981-1982-ci illərdə Azərelektroişıq İB-də mühəndis-texnoloq, 1982-1986-cı illərdə Azərbaycan SSR EA-nın Fizika İnstitutu nəzdindəki “RegistrXüsusi konstruktor bürosundaKompozit quruluşlar” laboratoriyasında mühəndis, böyük mühəndis vəzifələrində çalışmışdır. Əzmkarlığı, zəhmetkeşliyi və qabiliyyəti ilə seçilən Məhəmmədəli Ramazanov 1986-cı ildə həmin laboratoriyanın müdiri vəzifəsinə irəli çəkilmiş və 1992-ci ilə qədər ora rəhbərlik etmişdir. 1988-ci ildə “yarımkeçiricilər və dielektriklər fizikası” ixtisası üzrə “Polimer-pyezoelektrik kompozisiyalar sistemində pyezoelektrik effektinin xüsusiyyətlərinin formalaşması” mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. Məhəmmədəli Ramazanov 1993-cü ildən 2004-cü ilə qədər Fizika İnstitutunda böyük elmi işçi, aparıcı elmi işçi, 2004-2005-ci illərdə isə akademik Tofiq İsmayılov adına Təbii Ehtiyatların Kosmik Tədqiqatları İnstitutunun AMAKA İnzibati İdarə Heyətində direktorun birinci müavini vəzifələrində çalışmışdır. O, 2005-ci ildə təhsil aldığı doğma universitetə qayıdıb və tamamilə yeni bir istiqamət üzrə fəaliyyət göstərəcək elmi-tədqiqat mərkəzinin - “Nanoaraşdırmalar mərkəzi”nin rəhbəri təyin edilib. Qeyd edək ki, “Nanoaraşdırmalar mərkəzi” 2004-cü ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Rumıniyaya rəsmi səfəri zamanı Bakı Dövlət Universiteti ilə Rumıniyanın bir neçə universiteti arasında nanotexnologiya elminin innovatik istiqaməti üzrə əməkdaşlığa dair imzalanmış müqavilələr əsasında yaradılıb. Azərbaycanın elm və təhsil sferası üçün tamamilə yeni bir istiqamət hesab olunan bir sahədə elmi-tədqiqat işlərinin təşkili məqsədi ilə maddi-texniki bazanın formalaşdırılması, laboratoriya modelinin qurulması, tədqiqat prosesinin təşkili, idarə edilməsi və nəticələrinin proqnozlaşdırılması kimi aktual məsələlərin həllində şəxsi təşəbbüs nümayiş etdirən Məhəmmədəli müəllim bununla da Azərbaycanın elm və təhsil məkanında nanotexnologiya elmi istiqamətinin yaradıcılarından birinə çevrilmişdir. 2006-cı ildə sözügedən istiqamətdə təhsilin təşkili məqsədi ilə yaradılmış Nanomaterialların kimyəvi fizikası kafedrasının müdiri vəzifəsinə seçilmişdir.

O, hər zaman öz üzərində çalışan proqressiv ideyalı novator olmuşdur. İşlədiyi bütün strukturlarda öz təşkilatçılığı, qətiyyəti, məqsədyönlülüyü ilə seçilmişdir. Bu keyfiyyətləri nəzərə alınaraq, 2012-ci ildən etibarən ona BDU-nun fizika fakültəsinin dekanı kimi olduqca məsuliyyətli bir vəzifə həvalə olunmuşdur. Məhəmmədəli müəllim 2009-cu ildə - “kimyəvi fizika” və “bərk cisimlər fizikası” ixtisasları üzrə “Aktiv polimer mikro və nanokompozitlərin quruluş və xassələrinin formalaşmasında fazalararası hadisələrin rolumövzusunda doktorluq dissertasiyasını müdafiə edərək, fizika üzrə elmlər doktoru elmi dərəcəsini almışdır.

M.Ramazanov nanotexnologiya istiqamətində bir sıra maraqlı elmi-tədqiqat işləri aparmışdır. Bakı Dövlət Universitetində nanotexnologiya istiqaməti üzrə, xüsusən də miniatür sensorlar sahəsində yeni nanokompozit strukturların alınması və texnikanın müxtəlif sahələrində tətbiqi yönündə ciddi elmi-tədqiqat işlərinin aparılmasına rəhbərlik etmişdir. Professor M.Ramazanovun tədqiqat sahəsi bununla məhdudlaşmır, o, həm də canlı sistemlərdə nanohissəciklərin rolu, yaratdığı fəsadlar, həyat fəaliyyəti üçün təsir mexanizmi istiqamətində ciddi araşdırmalar aparmış, şiş hüceyrələrinə dərman maddələrinin sağlam hüceyrələri zədələmədən daşınması istiqamətində, tibb sahəsində tədqiqatları həyata keçirmişdir. Tanınmış alim tədqiqat apardığı sahənin, ölkəmizin təhsil sistemi üçün kifayət qədər yeni olduğunu, eyni zamanda, bu sahənin öyrənilməsinin vacibliyini nəzərə alaraq, kadr hazırlığı məsələsinin aktuallığını da gündəmə gətirib və bu istiqamətdə vacib işlər görmüşdür. Professor M.Ramazanovun bir alim, bir müəllim kimi fəaliyyəti təbii olaraq, ali təhsilin müxtəlif pillələri ilə bağlı olmuşdur. O, BDU-da nanotexnologiya sahəsində bakalavr və magistrlər üçün mühazirə və məşğələlər aparmış, buraxılış, magistrdoktorluq dissertasiyalarına elmi rəhbərlik etmişdir. Bununla yanaşı, nanotexnologiya istiqaməti üzrə magistrdoktorantura pilləsində Avropa tədris normalarına cavab verən yeni ixtisasların açılması, dərslik və dərs vəsaitlərinin hazırlanmasında onun müstəsna əməyi olmuşdur. Onun elmi rəhbərliyi və rəsmi opponentliyi ilə 14 doktorant öz dissertasiyasını uğurla müdafiə edib və fəlsəfə doktoru elmi dərəcəsi almışlar. Məhəmmədəli müəllim 547 elmi əsərin, 24 ixtiranın, 1 dərsliyin və 2 dərs vəsaitinin müəllifidir. Perspektiv Nanokompozitlər: növləri, xassələri tətbiqləriadlı monoqrafiya (Advanced Nanocomposites: Types, Properties, and Applications. Nova Publisher, Nyu York, 2013, 334 p.) ABŞ-ın Nyu-York şəhərindəki “Nova Publişernəşriyyatı tərəfindən çap edilmişdir. O, 2017-ci ildə Elsevier nəşriyyatı tərəfindən çap edilmiş “Antimicrobial Nanoarchitectonicsadlı monoqrafiyanın bir fəslinin həmmüəllifidir. Onun 230-dan artıq məqaləsi nüfuzlu xarici elmi jurnallarda, o cümlədən onlardan 112 məqalə Tomson Reyter Agentliyinin siyahısına daxil olan yüksək İmpact Factora malik jurnallarda çap olunub. Professor M.Ramazanov 20-yə yaxın iri büdcəli qrant layihəsinin həmmüəllifi olmuşdur. Bütün bunlarla yanaşı, görkəmli alim “Trends in Nanotechnology & Material Science”, “New Materials, Compounds and Applications”, “Progress in Petrochemical Science”, “Fiziçeskoe obrazovanie v VUZaxbeynəlxalq jurnallarının üzvü, “Bakı Universitetinin xəbərlərijurnalının Fizika-riyaziyyat elmləri seriyasının redaktoru, “Journal of Low Dimensional Systems” beynəlxalq jurnalının isə redaktor müavini olmuşdur. O, Elmi Tədqiqatların Əlaqələndirmə Şurası Fizika problemləri üzrə Elmi Şuranın üzvü, Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyinin Elmi-Texniki Şurasının üzvü, BDU-nun Fizika fakültəsinin Elmi Şurasının sədri BDU-nun Fizika fakültəsində fəaliyyət göstərən D.01.012 dissertasiya şurasının sədr müavini olmuşdur.

Məhəmmədəli müəllim 2009-cu ildə, BDU-nun 90 illik yubileyi münasibətilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin kollegiyasının qərarı ilə “Fəxri fərmanla” təltif olunmuş, 2012-ci ildə “İlin alimi”, 2013-cü ildə “İlin dekanı” seçilmiş, 2014-cü ildə BDU-nun Böyük Elmi Şurasının qərarı ilə 2013-cü ildə elmi işlərin yerinə yetirilməsinə görə rəhbərlik etdiyi Nanomaterialların kimyəvi fizikası kafedrası BDU üzrə “İlin kafedrası” adına layiq görülmüşdür. 2019-cu ildə BDU-nun 100 illik yubileyi münasibəti ilə o, “Tərəqqi” medalı və “BDU-100” yubiley medalı ilə təltif olunmuşdur. Professor M.Ə.Ramazanov “Nüvə texnologiyası sahəsində təhsilin və kadr hazırlığının təşkili” şəbəkəsinin (STAR-NET) Rəyasət Heyətinin, MDB-nin Nanotexnologiya üzrə İnnovasiya Mərkəzinin İdarə Heyətinin üzvü olmuşdur. Onun Azərbaycan elm və təhsili üçün xidmətləri yalnız universitet çərçivəsi ilə məhdudlaşmamış, o, daim təhsilimizin problemləri ilə maraqlanmış, problemlərin dünya təcrübəsinə əsaslanan həlli yollarını araşdırmışdır. Professor M.Ramazanov elmin ictimailəşdirilməsi və daha geniş dinləyici kütləsinə çatdırılması üçün respublika mətbuatında, qəzet səhifələrində, televiziyalarda dəfələrlə elmi-publisistik məruzələrlə çıxış etmişdir. Onun xidmətləri sırasında gənc alimlərin yetişməsindəki fəaliyyəti xüsusilə qeyd olunmalıdır. Çoxsaylı tələbələri elmi rəhbərləri Məhəmmədəli Ramazanovun gərgin zəhmətinin məhsullarıdır və onun layiqli davamçılarıdırlar.

Məhəmmədəli Ramazanov qısa yaşadı, amma mənalı yaşadı, onu daima xatırladacaq izlər qoydu, digərlərinin getməsi üçün yollar açdı. İnanırıq ki, onun yarımçıq qalmış arzuları, planları yetirmələri tərəfindən həyata keçiriləcəkdir. Məhəmmədəli müəllim şirin bir xatirədək onu sevənlərin, yetirmələrinin, həmkarlarının qəlbində daima yaşayacaqdır. Allah rəhmət eləsin.

 

Bakı Dövlət Universitetinin əməkdaşları

Fərhad MİRZƏYEV,

Məmməd RƏCƏBOV,

Məhəmməd MƏHƏRRƏMOV.

 

Respublika.- 2021.- 9 yanvar.- S.7.