Sənət dünyasının tanınan
siması
Hər bir insan özünü dərk etdikdən sonra içində bir arzu formalaşdırır. O arzularla böyüyür və o arzuya çatmaq üçün uzun bir məsafə qət etmiş olur. Sənan Eynullayev də arzusunu reallaşdırmaq üçün uzun yol qət edənlər sırasındadır. Gözünü açandan təbiətdə gördüyü min bir gözəllik qəlbinə hakim kəsilmişdi. O, gördüyü hər bir canlı və cansız varlığın rəsmini çəkər, mumdan kiçik fiqurlar düzəldərdi. Uşaqlıq arzusuydu rəssam olmaq. Arzusuna çatmaq üçün çox səy göstərirdi Sənan Eynullayev. Birinci sinifə qədəm qoyduğu ilk gündən Bikə müəllimə də hiss etmişdi ondakı yaradıcılıq istedadını. Bütün sinif dərsə qulaq asarkən Sənan Eynullayev öz xəyal dünyasına dalar, yerlə göyü birləşdirən nur selinin göydən yerəmi səpələndiyini, yoxsa, yerdən göyəmi ucaldığını anlamağa çalışırdı. Tək bir arzusu vardı — bəyaz kətan üzərində rəngləri canlandırmaq və daşdan, mumdan müxtəlif heykəllər yaratmaq. Sən tanınmış bir rəssam ola bilərsən deyərək ona qol-qanad vermişdi sevimli müəlliməsi. Artıq hədəfi bəlliydi. O, xəyallarının izini tapmışdı.
Azərbaycanlı rəssam-heykəltəraş Sənan Eynullayev 1956-cı ildə Bakı şəhərində anadan olub. Əzim Əzimzadə adına Rəssamlıq Məktəbini, həmçinin Mədəniyyət və İncəsənət Universitetini bitirib. Xalq rəssamları Mirəliəsgər Mirqasımov və Mikayıl Abdullayevin tələbəsi olub. Azərbaycan Dövlət Pedaqoji Universitetində bir müddət dərs deyib. Azərbaycanda zəngin rəssamlıq məktəbini bitirdiyinə və ən yaxşı rəssamların tələbələri olduğuğuna görə çox şanslı olduğunu söyləyir rəssam-heykəltəraş. 1991-cı illərdə Türkiyənin Ankara şəhərində sərgiləri açılıb və həmin vaxt Türkiyəyə dəvət olunub. 1993-cü ildə ailəsi ilə birlikdə İstanbula köçüb. Artıq 28 ildir Türkiyədə yaşayır və fəaliyyət göstərir. Sənan Eynullayev müasir Azərbaycan incəsənətinin Türkiyədə ən çox tanınan ustasıdır. 2002-ci ilədək Türkiyədə İstək Vəqfinin Gözəl sənətlər liseyində sənət dərsi deyib. Dünyanın müxtəlif ölkələrindən yüzlərlə tələbənin müəllimi olub. 5 illik müqavilə əsasında Yanponyanın “Mitsubishi” şirkəti ilə işləyib. Həmin illərdə Hollandiya, Almaniya, Rusiya, Yaponya və Avropanın bir çox şəhərlərində sərgiləri təşkil edilib.
İndiyədək Türkiyədə böyük layihələrə imza atan rəssam-heykəltəraşın, 100-dən çox fərdi sərgiləri keçirilib və çox sayda heykəllərin müəllifidir. Yağlı boya rəsmləri müasir türk rəssamlığının böyük ustaları Mehmet Güleryüz, Aladdin Aksoy, Neşe Erdok, və b. eyni sırada dəyərləndirilir. İstanbulun müxtəlif səmtlərində, Ankara, Konya, Çanakkale, İzmir və Balıkesirdə, Sənan Eynullayevin zəhmətinin bəhrəsi olan heykəllər ucalır. Adana şəhərinin Ceyhan qəsəbəsindəki Bakı-Tibilisi-Ceyhan neft boru kəmərinin açılışı üçün hazırlanmış ümummilli lider Heydər Əliyevin 8 metrlik mozaik heykəlinin müəllifi də Sənan Eynullayevdir.
İstanbulun Maltepe məhəlləsində yerləşən Çingiz Aytmatov parkındakı 4 metrlik Çingiz Aytmatovun bürünc heykəlinin, İstanbulun Nilufər parkında ucaldılan Hüseyin Cavid heykəlinin, Azərbaycanın İstanbuldakı Baş Konsulluğunun binasındakı ümummilli lider Heydər Əliyevin mərmərdən hazırlanmış büstü, Maslak məhəlləsindəki Mustafa Kamal Atatürkün atlı bürünc heykəli və Fatih Sultan Mehmetin heykəlinin müəllifidir. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın iş otağında onlarca rəsm əsərim var deyir Sənan müəllim. Bununla yanaşı, çoxlu sayda silikon heykəllərin müəllifidir. İstanbulda Polis Təhsil və Konqres Mərkəzindəki 12 ədəd mum heykəl, Rəcəb Tayyib Ərdoğan başda olmaqla, Türkiyənin dövlət rəsmiləri və siyasətçilərinin olduğu kolleksiya da həmyerlimizin əl əməyidir. Keçən il İzmir valisi və Bornova Bələdiyyəsinin sədri Mustafa İduğun təklifi ilə iki ay içində - gecə-gündüz işləməklə “Məchul qadın” və “Çərkəz döyüşçü” heykəllərini ərsəyə gətirib. “Məchul qadın” heykəlində ürəyin fonunda əlində göyərçin tutan bir qadın canlandırılıb.
Həmin qadının simvolunda dərin mesajlar var. O, bütün dünyanı,
bəşəriyyəti sülhə
səsləyir, qadınlara
qarşı cinayətlərə
son verilməsini istəyir. Eyni zamanda
“Məchul qadın” heykəli İzmirdən sonra İstanbulda da ucalacaq. İstanbul Böyükşəhər Bələdiyyəsinin
təklifi əsasında
çox gözəl bir heykəl hazırlayacağam deyir Sənan Eynullayev. Hazırda üzərində işlədiyi
layihələri var. Eyni
zamanda Qırğızıstanda
və Bakıda
panorama muzeyi qurmaq haqqında təkliflər
aldığını söyləyir
həmyerlimiz. Türkiyədə dəfələrlə mükafatlara
layiq görülüb.
Sonuncu mükafatı Eskişəhərdə
“Koç Holding”in rəhbərlərindən biri
olan İnan Kıraçın təltif
etdiyi Yunus Əmrə mükafatıdır.
Yorulmadan
işləyir, yaşayır-yaradır.
Öz sənətinə, rənglər
aləminə həmişə
sadiqdir. Bir oğlu
var, o da rəssamdır. İstanbul Bahçeşehir
Universitetində dizayner-rəssam
ixtisası üzrə
təhsil alıb və hazırda Sənan müəllimlə
bərabər işləyir.
Eyni məkanda çalışırlar,
ata-oğul, müəllim-tələbə,
simsar həmkar kimi.
Esmira Yazkan Aslanova,
“Respublika”qəzetinin
Türkiyə üzrə müxbiri.
Respublika.- 2021.- 10 yanvar.- S.3.