İstedadlı alim, yorulmaz tədqiqatçı
ADPU-nun İbtidai təhsil fakültəsinin dekanı, pedaqoji elmlər doktoru, professor, Əməkdar elm xadimi Fərrux Rüstəmov Azərbaycan pedaqoq-alimləri içərisində öz dəst-xətti, yaradıcılıq üslubu və elmi məhsuldarlığı ilə seçilən tədqiqatçılardandır. Mükəmməl pedaqogika tarixçisi olan prof. Fərux Rüstəmov Əhməd Seyidov, Mehdi Mehdizadə, Mərdan Muradxanov, Hüseyn Əhmədov elmi məktəbinin ənənələrini peşəkarlıqla inkişaf etdirərək, məzmununu, elmi əhatə dairəsini genişləndirməklə daha yüksək zirvəyə qaldırmağa nail olmuşdur. İşgüzarlığı, yaradıcılıq əzmi, geniş erudisiyası, elmi prinsipiallığı, təvazökarlığı, səmimiyyəti, dövlətçiliyə sədaqəti və məhsuldar elmi yaradıcılığı ilə seçilən prof. Fərrux Rüstəmov çağdaş pedaqoji mühitimizdə bəlli elmi mövqeyə və səlahiyyətli söz sahibinə malik alimdir. Professor Misir Mərdanovun təbirincə desək, o, gənc yaşlarından Azərbaycan təhsilinin tarixinə və tarixçisinə çevrilib.
Fərrux Abbas oğlu Rüstəmov 1 yanvar 1961-ci ildə Qərbi Azərbaycanın Göyçə mahalının Cil kəndində dünyaya gəlib. Orta təhsilini doğma kəndlərində, ali təhsilini indiki ADPU-da alıb. Tələbəlik illərində təhsil əlaçısı kimi tanınıb, fakültə Əlaçılar şurasının və Tələbə Elmi Cəmiyyətinin sədri olub, “Əla təhsilə görə”, “Əla təhsilə və ictimai işə görə” SSRİ Ali və Orta İxtisas Təhsili Nazirliyinin, ÜİLKGİ-nin döş nişanları, Azərbaycan SSR Ali və Orta İxtisas Təhsili Nazirliyinin I-II dərəcəli diplomları (tələbə elmi tədqiqat işinə görə), ÜİLKGİ-nin və institut rektorluğunun Fəxri fərmanları ilə təltif olunub. Təhsil əlaçısı, bacarıqlı tədqiqatçı və ictimaiyyətçi tələbə kimi Lenin təqaüdünə layiq görülüb. İnstitutu fərqlənmə diplomu ilə başa vuran F.Rüstəmov təyinatla Quba rayonunun Rəngidar kənd səkkizillik məktəbində müəllim və məktəb direktoru (1982-1985-ci illər) işləyib.
Bundan sora o, ADPİ-nin pedaqogikanın nəzəriyyəsi və tarixi ixtisası üzrə əyani aspiranturasına daxil olub. Prof. H.Əhmədovun elmi rəhbərliyi ilə “Azərbaycan sovet pedaqoji elminin inkişafı (1961-1981-ci illər) (1989)” mövzusunda namizədlik dissertasiyası müdafiə edib, SSRİ EA-nın Sovet Sosioloqları Assosiasiyasının üzvü seçilib (1988).
ADPU-nun “Şagirdlərin peşəyönümü” elmi-tədqiqat laboratoriyasında kiçik elmi işçi kimi fəaliyyətə başlayan F.Rüstəmov az sonra ümumi pedaqogika kafedrasına çalışıb. Burada müəllim (1992-1995), dosent (1996-2004), professor (2004-2006) kimi geniş elmi-pedaqoji fəaliyyətlə məşğul olub. Müxtəlif vaxtlarda “Şagirdlərin peşəyönümü” elmi-tədqiqat laboratoriyasına (1996-2000), “Dədə Qorqud” elmi-tədqiqat laboratoriyasının Pedaqogika, psixologiya, fəlsəfə bölməsinə (2000-2004), Bakı Qızlar Universitetinin pedaqogika kafedrasına (1998-2006), ADPU-nun İbtidai təhsilin pedaqogikası kafedrasına (2007-2011) və “Pedaqoji təhsilin problemləri” elmi-tədqiqat laboratoriyasına (2008-2011) rəhbərlik edib.
2003-cü ildə “Azərbaycanda pedaqoji elmin inkişaf yolları (1920-1991-ci illər)” mövzusunda doktorluq dissertasiyası müdafiə edərək pedaqoji elmlər doktoru elmi dərəcəsi alan Fərrux Rüstəmov 2006-cı ildən ADPU-nun İbtidai təhsilin pedaqogikası kafedrasının professorudur. 2007-ci ildən ADPU-nun İbtidai təhsil fakültəsinin dekanı, fakültə elmi şurasının sədri, Universitet Elmi Şurasının üzvüdür.
Professor Fərrux Rüstəmovun elmi yaradıcılığı çox zəngindir. İndiyə kimi onun 35 monoqrafiya, kitab və kitabçası, 31 tədris proqramı, 250-dən çox elmi məqaləsi, 40 tezisi, 180-dən artıq elmi-pedaqoji və publisistik qəzet məqaləsi işıq üzü görüb. 15 kitabın tərtibçisidir. 100-ə yaxın kitabın elmi redaktoru və rəyçisi olub. Onun “Pedaqogika” (prof.Ə.Paşayevlə birgə) (2002), “Şərqdə pedaqogika tarixi” (2002), “Qərb pedaqogika tarixi” (2003), “Yeni dövrün pedaqogika tarixi” (2004), “Ən yeni dövrün pedaqogika tarixi” (2005), “Pedaqogika tarixi” (2006, 2011), “Ali məktəb pedaqogikası” (2007), “Azərbaycan pedaqogikaşünaslığı” (2016), “Karl Rocers və şəxsiyyətyönümlü təhsil konsepsiyası” (2016) tələbələrin stolüstü kitabıdır. Əsərləri Bakı, Moskva, Səmərqənd, Ceboksarı, Tehran, Təbriz, İstanbul, Astana, Sankt-Peterburq və Tbilisi şəhərlərinin nüfuzlu jurnallarında və elmi məcmuələrində Azərbaycan, rus, türk, özbək dillərində çap edilmişdir.
Akademik Hüseyn Əhmədov öz yetirməsinin yaradıcılığını səciyyələndirərkən yazırdı ki, belə bir əsərləri yazmaq igidlikdir, elmə xidmətdir, böyük zəhmətin nəticəsidir... Fərrux muəllim təkcə “Azərbaycan pedaqogikaşünaslığı” (2016, 888 s.) kitabı ilə özünə sağlığında abidə ucaltmışdır. Professor Yaqub Babayevə məxsus fikirlərdi: “XX əsrin əvvəllərində F.Köçərlinin Azərbaycan ədəbiyyatı tarixi üçün təkbaşına gördüyü işi Fərrux müəllim pedaqogika tarixi üçün XXI yüzilliyin əvvəllərində eyni həvəs və zəhmətlə yerinə yetirmişdir.
Rusiya Təhsil Akademiyası prof. F.Rüstəmovun akademik Hüseyn Əhmədovla birgə yazdığı “Müasir dövrdə Azərbaycanda təhsilin inkişafının əsas istiqamətləri” (Moskva, 2000) əsərini nəşr etmişdir. İlk pedaqoq alimdir ki, 2010-cu ildə Tehranın “Xorşidafərin” nəşriyyatı onun “Pedaqoji (təlim və tərbiyə) tarixi Şərqdə” kitabını nəşr etmişdir. “Yarımçıq ömrün sahibi” (2000) və “Professor Əmrulla Paşayev” (2015), “Pedaqoji fakültə-50” kitablarının tərtibci-müəllifi olan prof. F.Rüstəmov elmi pedaqogikanın banisi Y.A.Komenskinin “Böyük didaktika” əsərinə geniş “Ön söz” yazaraq latın qrafikası ilə nəfis şəkildə nəşr etdirmişdir (2012). “Azərbaycan Milli Ensiklopediyası”nın “Azərbaycan cildi”ndə pedaqogika elmi haqqında xüsusi oçerkin yazılmasının Fərrux müəllimə həvalə edilməsi onun yüksək nüfuzunun, intellektual səviyyəsinin təsdiqi kimi dəyərləndirilməlidir.
Son illərdə professor Azərbaycan Dövlət Pedaqoji Universitetinin tarixini araşdırmaqla məşğuldur. Bu mənada onun “Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektorları”
(2019), “Ali Pedaqoji İnstitutun
salnaməsi” (2020), “Azərbaycan
Ali Pedaqoji İnstitutu”
(2020) kitabları nəşr
olunmuş, “Azərbaycan
Dövlət Pedaqoji Universitetinin professorları”
və “Azərbaycan Dövlət Pedaqoji
Universiteti-100” kitabları isə
çapa hazırlanır.
Professor F.Rüstəmov müxtəlif vaxtlarda Rusiya, Yunanıstan, Albaniya, İtaliya, Finlandiya, İsveç, Norveç, Danimarka, Estoniya, İspaniya və Portuqaliyada keçirilən Beynəlxalq
konfranslarda iştirak etmişdir.
Prof. F.Rüstəmovun elmi rəhbərliyi ilə 18 nəfər fəlsəfə doktoru elmi dərəcəsi almış, 5 nəfər
isə müdafiə ərəfəsindədir. Elmi məsləhətçiliyi
ilə 2 nəfər pedaqoji elmlər doktoru elmi dərəcəsi
almaq üçün
doktorluq dissertasiyası
müdafiə etmişdir.
Prof. F.Rüstəmov 1997-2009-cu illərdə Azərbaycan
Respublikası Prezidenti
yanında AAK-ın Təhsil İnstitutunda və ADPU-da fəaliyyət göstərən
ümumi pedaqogika, pedaqogika və təhsil tarixi ixtisası üzrə Dissertasiya Şurasının
üzvü olmuşdur. 2009-2016-cı
illərdə ADPU-da fəaliyyət göstərən
Dissertasiya Şurasının
sədr müavini olmuşdur. Hazırda Dissertasiya Şurasının
üzvü, həmin şuranın nəzdində
fəaliyyət göstərən
elmi seminarın rəhbəridir.
Təhsillə bağlı normativ-hüquqi
sənədlərin hazırlanmasında
yaxından iştirak edən prof. F.Rüstəmov Azərbaycan
Respublikası Milli Məclisinin “Elm və Təhsil Məsələləri
Daimi Komissiyası”nın
təhsil haqqında Azərbaycan Respublikasının
Qanununu hazırlayan işçi qrupunun, Azərbaycanda müəllim
kadrları hazırlığının
strategiya və konsepsiyasını hazırlayan
işçi qrupunun, Fasiləsiz Pedaqoji Təhsil üzrə Koordinasiya Şurasının,
Dərslikləri Qiymətləndirmə
Şurasının üzvü,
“Həyat bilgisi” fənn kurikulumunu hazırlayan işçi komissiyasının sədri
olmuşdur.
Prof. Fərrux Rüstəmovun
çoxşaxəli elmi-pedaqoji
fəaliyyəti dövlət
və ictimai təşkilatlar tərəfindən
yüksək qiymətləndirilmişdir. Azərbaycan Respublikası
Prezidenti İlham Əliyevin sərəncamı
ilə 2006-cı ildə
“Tərəqqi” medalına
layiq görülmüş,
2011-ci ildə isə ona “Əməkdar elm xadimi” fəxri adı verilmişdir.
1998-ci ildə Moskva Beynəlxalq Pedaqoji Akademiyasının
həqiqi üzvü,
2010-cu ildə isə Pedaqoji və Sosial Elmlər Akademiyasının həqiqi
üzvü (akademiki) seçilmişdir. Azərbaycan
Jurnalistlər Birliyinin
üzvü, akademik “Mehdi Mehdizadə”, “Gənc alimlər” və “Qızıl qələm” mükafatları
laureatıdır. “Avropa
Nəşr Mətbu evi” komissiyasının qərarı ilə “Ən yaxşı vətənpərvər tədqiqatçı
alim” qızıl medalı (2009), Təhsil Nazirliyinin Kollegiyasının
qərarı ilə “Azərbaycan Respublikasının
qabaqcıl təhsil işçisi” (2010) döş
nişanı ilə təltif edilmiş, “Vektor” Beynəlxalq Elmi Mərkəzi Mükafat Komissiyasının
qərarı ilə
“XXI əsr Azərbaycan
ziyalıları”, ADPU-da
“İlin muəllimi”
(2007), “İlin alimi”
(2011, 2013, 2015) müsabiqələrinin qalibi olmuşdur.
Professor F.Rüstəmov akademik Hüseyn Əhmədovun 50 nəfər
yetirməsindən biri
olsa da, atamın ona xüsusi hüsn-rəğbəti
vardı. Atam Fərrux müəllimin
hər uğuruna sevinir, kitablarına həvəslə ön söz yazır, onun yaradıcılığını
təqdir edir, xüsusən də publisistikasını bəyənirdi.
Seçdiyi peşənin, mənsub
olduğu elmin layiqli təmsilçisinə
çevrilən Fərrux
müəllimi H.Əhmədov
keçən əsrin
80-ci illərində pedaqogika
elminə gələn
tədqiqatçıların birincisi hesab edir, yetirməsi ilə daim qürur
duyurdu.
Mən Fərrux
müəllimi gəncliyimdən
tanıyıram. İndi əziz dostumun
60 yaşı tamam olur. Onun ömür yolu
uğurlu və məhsuldar keçmiş,
özünün zəhməti
və istedadı nəticəsində xeyli nailiyyətlər qazanmışdır.
Əziz dostumu və həmkarımı 60 illik
yubileyi münasibətilə
ürəkdən təbrik
edir, ona yeni yaradıcılıq uğurları arzulayıram.
Hümeyir ƏHMƏDOV,
pedaqogika üzrə
elmlər doktoru,
professor,
Rusiya Təhsil Akademiyasının
xarici üzvü,
RF Əməkdar elm və təhsil
xadimi.
Respublika.- 2021.- 12 yanvar.- S.6.