Taleyimizin Qanlı Yanvarı
Azərbaycan xalqının tarixində ən kədərli və eyni zamanda şanlı səhifə olan 20 yanvar qırğınının 31-ci ili tamam olur. Azərbaycanın dövlətçilik tarixində 20 Yanvar qanlı bazar günü xalqımızın milli azadlıq, milli müstəqillik uğrunda apardığı çoxillik mübarizəsinin heç zaman unudulmayacaq tarixi səhifələrindəndir. Sovet cəza dəstələrinin qanlı cinayətinə baxmayaraq bu müstəqillik hərəkatı xalqın yetkin siyasi şüuru və azadlığa olan möhkəm inamı sayəsində özünün şərəfli adını dünya azadlıq mübarizəsinin tarixinə yazdı. Xalqımız BMT tərəfindən ilin xalqı elan edildi. Ağır yanqı ilə onu da qeyd etməliyik ki, bu qanlı hadisə azərbaycanlılara qarşı törədilmiş son 100 ilin ən ağır beynəlxalq cinayətlərindən biridir.
20 yanvar hadisələrinə ilk növbədə Azərbaycana qarşı əsassız ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar niyyətlərinə təkan verən keçmiş SSRİ rəhbərliyinin havadarlığı və bilavasitə təşəbbüsü ilə Bakıya sovet ordusu hərbi hissələrinin yeridilməsi ilə nəticələnən silahlı təcavüz aktı kimi yanaşmaq lazımdır. Buna qədər isə 1989-cu il dekabrın 1-də Ermənistan SSR Ali Soveti Azərbaycanın Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistan SSR ilə “birləşdirilməsi” haqqında anti-konstitusion akt qəbul etdikdə Moskva buna göz yumdu. Qorbaçovun köməkçisi Aqanbekyanın, “Daşnaksütyun” partiyası ideoloqlarının təhriki ilə ictimai şüura açıq-aşkar ideoloji uydurmalar yeridilir, ermənilərin separatçılığını sovet hakimiyyəti illərində guya Azərbaycan hökuməti tərəfindən törədilən “sıxışdırmalara”, “təhqirlərə” və “ayrı-seçkiliyə” qarşı məcburi etiraz hərəkəti kimi qələmə verilirdi. XX əsrin axırlarında sovet rəhbərliyi bir tərəfdən, ermənilərin ərazi iddialarının təmin olunması, digər tərəfdən azərbaycanlıları daha da sıxışdırmaq məqsədi ilə onların yaşadıqları ərazilərin kiçildilməsi siyasətinin davam etdirilməsi üçün cinayətkar məqsədli ardıcıl addımlar atdılar. Bu hadisələr azərbaycanlılara qarşı iki əsr ərzində davam edən soyqırımı, deportasiya, Azərbaycan ərazisinin zorla qoparılıb Ermənistana verilməsi siyasətinin məntiqi davamı idi. Həmin illər xalqımız ayaqda idi. Həm Dağlıq Qarabağda erməni separatizminin meydan sulamasının qarşısının alınmasını, həm də azərbaycanlıların qədim Oğuz yurdu Ermənistandan kütləvi surətdə divan tutularaq zorakılıqla qovulmasını dayandırmağı Moskvadan tələb edirdi. Bu Azərbaycan xalqının haqlı konstitusion tələbi idi və sovet rəhbərləri 1990-cı ilin yanvarın 19-dan 20-nə keçən gecə bu haqlı tələbə misli görünməmiş qəddarlıq və cinayətkarlıqla cavab verdi.
Baş verənlər 20 yanvar ərəfəsində Azərbaycanda ciddi hakimiyyət böhranı yaranması ilə birgə müşayiət olunurdu. Azərbaycan Kommunist Partiyasının birinci katibi Əbdürrəhman Vəzirovun anlaşılmaz və səriştəsiz idarəçilik siyasəti respublikada siyasi vəziyyəti dalana dirəmişdi. Bakıda siyasi gərginlik getdikcə pik nöqtəsinə çatırdı. Yanvarın 10-dan sonra SSRİ rəhbərliyinin nümayəndələri və güc qurumlarının nazir müavinləri Bakıya gəlməyə başladılar. SSRİ Ali Soveti İttifaq sovetinin sədri Y.Primakov və Sov.İKP MK katibi A.Girenko, müdafiə naziri, marşal Yazov Mixail Qorbaçov tərəfindən Bakıya ezam edilmişdilər. Xalq şairi Bəxtiyar Vahabzadə 1997-ci ildə “Respublika” qəzetinə verdiyi müsahibədə o zamankı vəziyyəti belə təsvir edirdi: “Bir qrup ziyalı - rəhmətlik İsmayıl Şıxlı, mən, Nurəddin Rzayev, Şeyxülislam Allahşükür Paşazadə və Həsən Həsənov yanvarın 17-də Əbdürrəhman Vəzirovun yanına getdik. Kabinetə girəndə Primakovla Girenkonu da orada gördük. Mən dərhal Primakovun üstünə hücum çəkdim ki, bizdən nə istəyirsiz, niyə əl çəkmirsiz? Sizə nə pisliyimiz keçib?
Bunu görən Vəzirov qalxıb məni qucaqlayıb sakitləşdirməyə çalışdı. Bu zaman Allahşükür Paşazadə məndən də kəskin şəkildə Primakova hücum çəkdi və sərt şəklidə “xalqıma qarşı təhlükə olan yerdə mən heç kəsi tanımıram. Düzünü de görüm, ordu şəhərə girəcək? Qırğın olacaq, ya yox?” dedi. Onlar bizi sakitləşdirməyə çalışdılar ki, qırğın olmayacaq. Amma Vəzirov bilirdi ki, şəhərə hücum olacaq. Bunu biz də hiss etdiyimiz üçün kabinetdən çıxanda Həsən Həsənov dedi ki, qırğın olacaq. Şeyx də o fikirdə olduğunu bildirdi”.
Tanınmış jurnalist Nadejda İsmayılova həmin günlərdə siyasi rəhbərliyin çarəsizliyini öz yazılarında qeyd edib. N.İsmayılova yazır ki, 14 yanvarda Ə.Vəzirov Mərkəzi Komitənin iclasını çağırdı. Axşama yaxın ikinci iclas Moskvadan gəlmiş Primakovun iştirakı ilə keçirildi. Primakov kəskin suallardan qaçaraq çıxış edənlərin sözünü kobud formada kəsirdi. Ali Sovetin sədri Elmira Qafarova bildirirdi ki, vəziyyət çox kritikdir. Spiker deyirdi ki, Xalq Dağlıq Qarabağ probleminin həllini tələb edir. Bu problem həll edilsə, qarşılıqlı anlaşma əldə olunacaq. Primakov isə cavabında “Dağlıq Qarabağdan danışmayın! Deyin görək Bakıdakı ekstremistlərlə nə edək?” soruşurdu. İclasda Büro üzvləri Primakova deyiblər ki, meydana çıxan xalqın yalnız bir tələbi var: Qarabağda vəziyyəti normallaşdırmaq. Primakov isə qəzəbli halda etiraz edib: “Onlar hakimiyyəti devirməyə çalışırlar. Nə üçün buna göz yumursunuz?”.
Buradan aydın görünür ki, Moskvadan göndərilənlər yerli hakimiyyətlə situasiyanı müzakirə etməyə, çıxış yolu tapmağa yox, öz qanlı niyyətlərini həyata keçirmək üçün gəliblər.
17 yanvar 1990-cı ildə SSRİ Ali Soveti İttifaq sovetinin sədri Y.Primakov və Sov.İKP MK katibi A.Girenko partiya rəhbərləri, AXC nümayəndələri və ziyalılarla görüşürlər. Onlar görüşdə qoşunların şəhərə girməyəcəyi barədə vədlər verirdilər. Mərkəz paralel şəkildə başqa vasitələrə də al atırdı. Sovet rəhbərliyi dünya birliyini çaşdırmaq üçün Azərbaycanda islamçı fundamentalistlərin hakimiyyəti ələ keçirməsi haqda məlumat yayırdı.
Yanvarın 18-də Moskvadan gələn nümayəndələr başda olmaqla rəhbərlik Mərkəzi Komitənin qarşısında keçirilən mitinqə gəlib və Primakov mitinqçilər qarşısında çıxış edərək deyib ki, Bakı şəhərində fövqəladə vəziyyət tətbiq edilməyəcək və şəhər ətrafında toplanmış ordu Bakıya yeridilməyəcək. Eyni sözü həmin gün Sov.İKP MK milli münasibətlər şöbəsi müdirinin müavini V.Mixaylov respublika televiziyası ilə çıxışında təkrar edib. Bu zaman artıq Zaqafqaziya, Moskva, Leninqrad və digər hərbi dairələrdən gətirilmiş 50 minlik ordu hissələri şəhəri işğal etmək üçün hərbi hazırlıq işlərini başa çatdırmışdı. Bütün qoşun növlərindən ibarət olan hərbi hissələr, DTK-nın 7-ci idarəsinin “Alfa” qrupu müxtəlif istiqamətlərdən Bakıya doğru hərəkət üçün start vəziyyətdə idi.
Yanvar ayından etibarən mərkəzi sovet mətbuatında azərbaycanlıların islam fundamentalizminə yuvarlandıqları barədə materiallar dərc olunmağa başladı. Bu məsələdə “Pravda” və “İzvestiya” qəzetləri daha fəal və qərəzli idilər. Onlar həyasızcasına iddia edirdilər ki, islam fundamentalistləri əksər binaların üstündə snayper və pulemyot silahları yerləşdiriblər. Moskva başqa variantlara da əl atırdı.
Bu baxımdan Primakovun QMİ sədri Allahşükür Paşazadəyə respublikada hakimiyyəti ələ alması təklifi də bu təxribatların tərkib hissəsi idi:
“Şeyx həzrətləri, təklif edirəm ki, siz hakimiyyəti əlinizə alıb ölkəyə rəhbərlik edəsiniz!” Bu açıq-aşkar Azərbaycandakı hadisələrə dini görkəm vermək istəyən Moskvanın fitnəsi idi.
Moskvadakı KİV-lər isə durmadan təkrarlayırdılar: “Sovet ordusu Bakıya Azərbaycanda islam fundamentalizminin qarşısını almaq üçün daxil olub”. Moskva bu ittihamla ərazi bütövlüyünün pozulmasına qarşı mübarizəyə qalxmış Azərbaycan xalqını geopolitik oyunun qurbanına çevirmək məqsədi güdürdü. Cəmi 123 mollası olan 7 milyonluq ölkənin “islam təməlçiliyi ilə ittiham etmək gözü dönmüş Moskvanın reallıq hissinin bütünlüklə itirməsi demək idi. O zaman kifayət qədər sekulyarlaşmış və ateizmə meyilli Azərbaycanın dini cameəsi çox məhdud idi. 1985-ci ildə Azərbaycanda qeydiyyatdan keçmiş cəmi 18 məscid və 53 dini icma fəaliyyət göstərirdi. 1982-ci ildə aparılmış rəsmi qeydiyyata əsasən, ölkədə cəmi 123 molla vardı. Onlardan yalnız 16 nəfərinin dini təhsili var idi. Buxaradakı “Mir Ərəb” mədrəsəsinin və Daşkənd İslam Universitetinin məzunları olan bu ruhanilərin hamısı Qafqaz Müsəlmanlar İdarəsində və Bakı şəhərinin məscidlərində işləyirdilər. Bu səbəbdən Moskvanın islam amilindən istifadəyə cəhdi fitnə-fəsaddan başqa bir şey deyildi.
Onu da vurğulamaq yerinə düşərdi ki, Azərbaycanda “islam təhlükəsi” barədə iddialar elə xalq hərəkatının başlandığı vaxtdan etibarən səsləndirilirdi. Bu tipli ittihamlar hətta Sov. İKP-də Mərkəzi Komitənin dəhlizlərində müzakirə olunurdu. Məsələn, Mixail Qorbaçovun köməkçisi olmuş Çernyayev özünün memuarlarında yazırdı ki, “Bakıda küçələrə yaşıl bayraqlarla və Xomeynin portretləri ilə çıxırlar”. Moskva beləcə ağ yalanla Azərbaycandakı etirazlara dini rəng verməklə Qarabağ ermənilərinin “əlinə oynayır”, eyni zamanda respublikamızı SSRİ-də başlanmış demokratik hərəkatdan təcrid etməyə çalışırdı.
Tanınmış siyasi araşdırmaçı Tomas de Vaal özünün “Qarabağ” kitabında qeyd edir ki, Azərbaycan Kommunist Partiyasının ikinci katibi, Əfqanıstandan Bakıya bu posta gətirilən Viktor Polyaniçko siyasi manipulyasiyaya meyilli idi və islam faktorundan istifadədən çəkinmirdi. Bir dəfə Polyaniçko AXC fəallarından ikisini öz yanına görüşə dəvət edərək, qəribə təkliflə onları təəccübləndirmişdi. Polyaniçko israr edirdi ki, AXC-nin proqramına radikal islam təməlçiliyinin prinsipləri də salınsın. “Nyu-York Tayms” qəzetinin müxbiri Bill Keller bir mənbəyə isnad edərək yazmışdır: “Polyaniçkonun kabinetində Quran var idi. O kitabı vərəqlədi və dedi: “Quran yaxşı kitabdır”. Daha sonra bildirdi: “Bakı üçün avropasayağı hərəkətlər yaxşıdır. Amma kəndlərdə müsəlman inancı çox güclüdür. Siz gərək islam faktorun nəzərə alasınız”. Kommunist məmurundan belə təklif şübhəli və provokasion idi.
Məsələdən hali olanlar yaxşı bilirlər ki, dini amildən öz təxribatçı məqsədləri üçün istifadə etmək həmişə sovet sisteminin arsenalındakı ideoloji təxribat vasitələrindən olub və bu gün də bir sıra ölkələrin praktikasında qalmaqda davam edir. Ciddi sovet ideoloji tezisləri ilə böyümüş Azərbaycan vətəndaşları üçün din daha çox nənə-babalarının bağlı olduğu bir məsələ idi. Bəs sovet rəhbərliyi qondarma “islam təhlükəsi” yarlığından nə üçün istifadə etməyə can atırdı? Zaqafqaziya Müsəlmanları İdarəsinin yaydığı bəyanatda deyilir:
“Zaqafqaziya müsəlman ruhaniləri siyasi mübarizədə və millətlərarası münaqişələrdə dini ideyalardan istifadə olunmasını yolverilməz hesab edirlər. Regionda vəziyyətin hətta ən gərgin anlarında biz zəkaya, dincliyə, mehriban qonşuluğa çağırmışıq. Məhz buna görə də sabitliyi guya “islam amilinin” pozduğunu iddia etmək xüsusilə hiddət doğurur. Açıq-aşkar görünür ki, bunu iddia edənlər tamamilə məlum bir niyyət güdürlər - müsəlmanları xristianlara qarşı qoymaq, millətlərarası münaqişəni daha da şiddətləndirmək və milli-dini zəmində kəskin münaqişələr yaratmaq”.
Əslində isə bu bölgədə hadisələrin gərginləşməsi ermənilərin məkrli niyyətlərindən qaynaqlanırdı. 1988-ci ildə erməni separatçılarının “Miatsum” adı altında başladığı Qarabağ hərəkatı Azərbaycanda çox böyük etiraz doğurdu. Xalq xain qonşuların tarixi torpaqlarımıza həyasız iddialarına hiddətlə etirazını bildirdi. Bugünkü Azadlıq meydanından vüsət almış milyonluq etiraz mitinqləri bir ildən sonra Azərbaycanın müstəqillik uğrunda mübarizəsinin əsas bazasına çevrilməkdə idi.
Ölkəmizdə milli ideologiyanın sürətlə özünə dayaq tapdığını müşahidə edən Qorbaçov və SSRİ rəhbərliyi bu hərəkatın genişlənərək bütün ittifaq dövlətinin qəbirqazıyanına çevriləcəyindən qorxmağa başladılar. Dindarından tutmuş sekulyarına qədər vahid milli ideya ətrafında birləşmiş xalq öz mütəşəkkil birliyini ortaya qoymaqla Azərbaycanı digər ittifaq respublikaları üçün də azadlıq mayakına çevirirdi.
Moskvanın Qarabağ probleminin həllində tutduğu birtərəfli və ədalətsiz mövqeyi xalqın səbrini tükəndirirdi. Belə vəziyyət isə getdikcə ciddi böhranın əsasını qoymağa başladı. Bakıda DTK tərəfindən təşkil olunmuş erməni talanları, SSRİ-İran sərhədinin sökülməsi, Naxçıvan və Qarabağda erməni silahlılarının dinc azərbaycanlılara hücumları, 220 mindən çox soydaşımızın ata-baba torpaqları olan Ermənistandan barbarcasına qovulması və bu zaman 150-dən çox insanın həlak olması siyasi böhranı kəskinləşdirən detenator rolunu oynayırdı.
SSRİ rəhbərliyinin bütün cidd-cəhdlərinə baxmayaraq 1990-cı ilin yanvarında Bakıda baş vermiş amansız qətliamı dünyadan gizlətmək mümkün olmadı, bu hərbi təcavüzü ört-basdır etmək üçün SSRİ rəhbərliyinin bəyan etdiyi qəribə ittihamlar sabun köpüyü kimi dağıldı. Sovet qoşunların qanunsuz yeridilməsi nəticəsində Bakıda və Azərbaycan rayonlarında 146 nəfər öldürülüb, 744 nəfər yaralanıb, 841 nəfər qanunsuz həbs olunub. Hərbi qulluqçular tərəfindən 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları, yandırıcı güllələrin törətdiyi yanğın nəticəsində dövlət əmlakı və şəxsi əmlak məhv edilib. Həlak olanların arasında qadınlar, uşaqlar və qocalar, həmçinin təcili yardım işçiləri və milislər olub. Qara Yanvar faciəsi nəticəsində SSRİ Konstitusiyası və Azərbaycan SSR Konstitusiyası kobudcasına pozulub, Azərbaycan Respublikasının suveren hüquqları tapdalanıb. Qabaqcadan hazırlanan bu təcavüzkarlıq aksiyası Azərbaycan xalqının demokratiya və milli azadlıq uğrunda mübarizəsini boğmaq, xalqı təhqir edərək ona mənəvi zərbə vurmaq məqsədi daşıyıb. Azərbaycan xalqı bu faciəni heç zaman unutmayacaq.
Təəssüf ki, həmin dövrdə bu acınacaqlı faktlara dünya ictimaiyyətinin də mövqeyi birmənalı olmamışdır. Bəzi Qərb ölkələri bu cinayətkar hərəkətləri SSRİ-nin daxili işi hesab edərək, baş vermiş insan hüquq pozuntularına öz siyasi maraq və mənafeləri prizmasından yanaşmaqla, laqeyd və seyrçi mövqedə dayanmışlar. Məsələn, Böyük Britaniya və İtaliyanın XİN-i bəyanat verərək, Azərbaycanda yaranmış vəziyyəti “SSRİ-nin daxili işi” kimi qiymətləndirirdi. ABŞ isə Dövlət Departamentinin nümayəndəsi Marqaret Tatuaylerin şəxsində bəyanat vermişdi ki, ABŞ Azərbaycanı dəstəkləmir və Bakıdakı yanvar hadisələrini şərh etməyi lazım bilmir. Dövlət Departamenti M.Qorbaçovu açıqca dəstəkləyərək hesab edirdi ki, onun səyləri azərbaycanlılarla ermənilər arasında silahlı toqquşmanın dayandırılmasına yönəldilmişdir.
Həmin dövrün geosiyasi mənzərəsi fonunda bu sualın cavabı maraqlıdır: 1989-cu ildə ABŞ Panamaya müdaxilə etdi. Ardınca SSRİ tərkibində olan Şərqi Avropa ölkələrində Moskvaya qarşı etirazlar başladı. Vaşinqtondan SSRİ xarici işlər naziri Eduard Şevardnadzeyə müraciət daxil oldu ki, Moskva baş verən etirazlara müdaxilə edərsə, ABŞ bu məsələdə neytral qalacaq. Kreml Vaşinqtonun bu müraciətini özünün Panama müdaxiləsinə haqq qazandırmaq üçün etdiyini anlayırdı. Ona görə də etirazlara qarşı silah işlədilmədi. Lakin bu, Kremlin Bakı müdaxiləsinə zəmin yaratdı. 1989-cu ildən cəmi bir il sonra Bakıda Qanlı Yanvar hadisələri törədildi və Vaşinqton susdu. Bu fakt 20 Yanvar faciəsinə görə, ABŞ-ın da məsuliyyət daşıdığı fikrinə haqq qazandırır. 1990-cı il, 20 Yanvar qırğınından bir gün öncə. Yanvarın 19-da Moskvada ABŞ Senatının xarici məsələlər üzrə alt komissiyasının sədri Kleyborn Pell ilə SSRİ xarici işlər naziri Şevardnadze arasında görüş keçirilir. Pell bildirir ki, Sovet rəhbərliyi “Azərbaycana Qarabağ üzərində” nəzarəti həyata keçirməkdə davam etməyə icazə verməməlidir.
Lakin hər şey bundan ibarət deyilmiş və ortaya çıxan bir sıra sənədlər azərbaycanlıların vəhşicəsinə qətlə yetirilməsində, buna paralel olaraq, Dağlıq Qarabağ münaqişəsi və ermənilərin Azərbaycana qarşı təcavüzkar siyasətində Ağ Evin indi demokratiya adı altında hər kəsin gözünə soxduğu barmağının olduğunu göstərir...
Senatın Qorbaçova ünvanladığı məktubda deyilir: “Sizdən xahiş edirik ki, erməni azlığının qətlə yetirilməsinin, eləcə də regionda digər zorakılıqların qarşısını almaq üçün tədbir görəsiniz. Ümid edirik ki, sovet rəhbərliyi vətəndaş sülhü ilə yanaşı, vətənlərinə dönmək istəyən ermənilərin təhlükəsizliyini təmin edəcək. Ona da ümid edirik ki, Qarabağın və Ermənistanın iqtisadi mühasirəsini yaracaqsınız. Orada zəlzələ zonasında çoxlu sayda amerikalı və digər xaricilər işləyir. Azərbaycanda dəhşətli zorakılığın baş verməsi Dağlıq Qarabağın 160 minlik (əslində 65 minlik) erməni əhalisinin Ermənistanla birləşməsinin vacibliyini bir daha təsdiq edir. Azərbaycan hakimiyyəti 70 il ərzində Dağlıq Qarabağ əhalisinin 60 faizini təşkil edən ermənilərin iqtisadi və mədəni hüquqlarını pozub. Sizdən təkidlə xahiş edirik ki, Qarabağ xalqına özünün gələcək siyasi və mədəni mənsubiyyətini müəyyən etmək hüququnu vermək yolu ilə Sovet dövləti çərçivəsində baş verən faciənin qarşısını alasınız”.
Bu müraciət ABŞ-ın 20 Yanvar faciəsi və Azərbaycan torpaqlarının ermənilər tərəfindən işğal edilməsində hansı dərəcədə rol oynadığını göstərir.
Əlbəttə, belə mövqelər həmin dövrün geosiyasi şərait və amilləri ilə sıx bağlı idi. Çünki, Qərb dövlətləri anlayırdı ki, bu cür millətlərarası münaqişələr SSRİ-ni daxildən zəiflədərək parçaladığı üçün, 20 yanvar hadisələri kimi analoji faktlar onların “soyuq müharibə” planlarına və strateji məqsədlərinə tamamilə uyğun idi.
1990-cı il yanvarın 19-20-də Bakı şəhərində baş vermiş hadisələrin ilkin təhqiqi haqqında Azərbaycan SSR Ali Soveti İstintaq Komissiyasının 11 fevral 1990-cı il tarixli Bəyanatında isə qeyd olunurdu ki, İttifaq hakimiyyət orqanları ölkənin qanunlarını və beynəlxalq hüquq normalarını saya salmadan, Azərbaycan SSR-in suveren hüquqlarına məhəl qoymadan, SSRİ-nin yaradılması haqqında müqavilənin şərtlərini, SSRİ Konstitusiyasını və Azərbaycan SSR Konstitusiyasını kobudcasına pozaraq, respublikanın ali dövlət hakimiyyəti orqanlarının razılığı və fövqəladə vəziyyəti tənzimləyən qanunvericilik aktı olmadan Azərbaycan Sovet Sosialist Respublikasına qeyri-qanuni surətdə qoşunlar yeritmiş və onun paytaxtı Bakı şəhərində fövqəladə vəziyyət elan etmişlər.
Elə bu səbəbdən də Bakı şəhərində fövqəladə vəziyyətin ləğv edilməsi haqqında Azərbaycan SSR Ali Sovetinin 22 yanvar 1990-cı il tarixli qərarının 1-ci maddəsində qeyd olunur: “Bakıda fövqəladə vəziyyət haqqında SSRİ Ali Soveti Rəyasət Heyətinin 19 yanvar 1990-cı il tarixli fərmanı Azərbaycan SSR-in suverenliyinə qarşı təcavüz, bu fərmanın Bakı və onun ətrafında kütləvi qırğına səbəb olmuş icrasına sərəncam vermiş SSRİ ali hakimiyyət orqanlarının və ali vəzifəli şəxslərin hərəkətləri isə Azərbaycan xalqına qarşı cinayət kimi qiymətləndirilsin”.
Bakı qırğını Mixail Qorbaçovun siyasi bioqrafiyasına qara hərflərlə yazıldı. Uzun illər bu barədə verilən suallardan qaçan sabiq prezident yalnız SSRİ-nin süqutundan sonra Bakıya ordu yeridilməsinin səhv olduğunu etiraf etməyə özündə cəsarət tapa bilmişdi. O, yazdığı “Həyat və islahatlar” kitabındakı memuarlarında sovet ordusunun 20 yanvarda Bakıya qanlı müdaxiləsi barədə mövqeyini qeyd edərkən yazır: “Bu faciəli hadisədən dərs götürdüm. Hakimiyyət ekstremal situasiyada güc tətbiqindən imtina edə bilməz. Ancaq bu aksiya mütləq olaraq əsaslandırılmalı və çox sərt tədbirlərlə bağlı addım məhdudlaşdırılmalıdır. Problemin həlli yalnız siyasi yolla tapılmalıdır”.
Onun ruhi sarsıntısını isə arvadı Raisa Qorbaçova yazdığı “Mən ümid edirəm ki...” kitabında göstərib: “Mən gecə zənglərin birini xatırlayıram: 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə evə gələn zəngi... Bakıda hadisələrin baş verdiyi o gecəni... Yadımdadır, 20 yanvar günü səhər tezdən mən Mixail Qorbaçovu tanımadım: Ağappaq ağarmış, boz sifət, ruhi sarsıntı və ürək böhranı...”.
SSRİ rəhbəri Mixail Qorbaçovun Qərbdə populyar olması onun bu qanlı əməlinin dünya liderləri tərəfindən pislənməsinin qarşısını ala bildi.
Böyük Britaniya XİN-i bəyanat verərək, Azərbaycanda yaranmış vəziyyəti “SSRİ-nin daxili işi” kimi qiymətləndirirdi. İtaliyanın xarici işlər naziri D.Mikels də bəyan etmişdi ki, Bakıda baş vermiş hadisələr SSRİ-nin daxili işidir. Onun dediyinə görə, SSRİ hökuməti öz milli mənafelərini qorumalı və Azərbaycan Xalq Cəbhəsinin radikal əhval-ruhiyyəli millətçilərinin qarşısını almalı idi. Həmin günlər “Amerikanın səsi” radiosu məlumat yaymışdı ki, Bakıya qoşun yeridilməsi üçün Azərbaycanda islam fundamentalizminin baş qaldırması ilə qorxudulan ABŞ prezidenti Corc Buş iki gün ardıcıl olaraq Qorbaçovu müdafiə edib. Amma sonradan onlar da səhv etdiklərinin fərqinə vardılar.
Bu ağır günlərdə baş verənlərə öz qəti etirazını bildirən, Azərbaycanın Moskvadakı nümayəndəliyində hadisə ilə bağlı mətbuat konfransı keçirən görkəmli dövlət xadimi Heydər Əliyev oldu. Siyasi hakimiyyətin bütün maneələrinə baxmayaraq paytaxt Moskvada mətbuat konfransı keçirən Sovet İttifaqı Kommunist Partiyasının Siyasi Bürosunun sabiq üzvü, SSRİ Nazirlər Soveti sədrinin sabiq birinci müavini Heydər Əliyev bu qanlı qırğına görə Mixail Qorbaçovu ittiham etdi.
Sovet rəhbərliyinin islam təhlükəsi barədə şişirdilmiş yalanı yerimədi. Bütün dünya az sonra Azərbaycan xalqının milli azadlıq uğrunda mübarizəsinin yeni səhifəsinin şahidi oldu. “Qanlı Yanvar” hadisəsindən iki ay sonra Azərbaycanın SSRİ-dən ayrılması, dövlət müstəqilliyi uğrunda mübarizəsi başlandı. Bir il sonra - 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında” Konstitusiya Aktı yekdilliklə qəbul edildi. Bu həm də SSRİ-nin dağılması, “Müstəqilliklər paradının” başlanğıcı oldu.
Qabil HÜSEYNLİ,
fəlsəfə elmləri doktoru, professor
Respublika.- 2021.- 19 yanvar.- S.7.