MİLLİ BİRLİK, VƏTƏNPƏRVƏRLİK SİMVOLU

 

Yenidən müstəqilliyini əldə edən Azərbaycan xalqı çox ağır, əzablı mübarizə yolu keçmiş, böyük faciələrlə üzləşmiş və hədsiz qurbanlar vermişdir. 1990-cı ilin 20 Yanvar faciəsi də o dövrdə kütləvi itkilər günüeyni zamanda, qəhrəmanlıq salnaməsi kimi tarixi yolun başlanğıcı sayılır. Həmin qanlı hadisələrdən 31 il keçməsinə baxmayaraq, bu gün ölkəmizin hər yerində əbədiyaşar ömür qazanmış 20 Yanvar şəhidləri yad edilir.

 

Keçmiş sovet dövlətinin rəhbəri Mixail Qorbaçovun əmri ilə həmin gün Azərbaycan xalqına qarşı həyata keçirilən hərbi təcavüz XX əsrdə insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi yaddaşlarda qalacaqdır. Milli azadlıq və ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə silahlı təcavüz nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi.

 

Sovet Ordusunun xüsusi təyinatlı bölmələrinin və daxili qoşunların Bakıya yeridilməsi xüsusi qəddarlıq və görünməmiş vəhşiliklə müşayiət edildi. SSRİ 1956-cı ildə Çexoslovakiyaya, 1968-ci ildə Macarıstana qarşı həyata keçirdiyi hərbi müdaxiləni, hətta o zamankı Sovet İttifaqının müttəfiq respublikalarından biri olan Azərbaycanda da təkrarlamaqdan çəkinmədi. Heç şübhəsiz, 1990-cı il yanvarın 20-də Bakıda baş verən hadisələri Qarabağdakı erməni təcavüzündən ayrıca təhlil etmək düzgün olmazdı. Çünki Azərbaycan həmin dövrdə qonşu Ermənistanın təcavüzünə də məruz qalmışdı. Belə bir şəraitdə sovet rəhbərliyi nəinki münaqişənin qarşısını almaq üçün qəti tədbirlər görməmiş, əksinə, Azərbaycana yeridilən ordu hissələrinin tərkibinə Stavropol, KrasnodarRostovdan səfərbərliyə alınan xüsusi təlim keçmiş erməni əsgər və zabitləri, eləcə də sovet hərbi hissələrində xidmət edən ermənilər, hətta erməni kursantlar da daxil edilmişdi.

 

Əslində 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusu erməni quldur dəstələri ilə birgə Azərbaycan xalqına qarşı terror aktı həyata keçirdi. Sovet qoşunlarının qanunsuz yeridilməsi nəticəsində Bakıda və digər şəhər, rayonlarda 146 nəfər öldürülmüş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs olunmuşdur; hərbi qulluqçular tərəfindən 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları, yandırıcı güllələrin törətdiyi yanğın nəticəsində dövlət əmlakı və şəxsi əmlak məhv edilmişdir. Həlak olanların arasında qadınlar, uşaqlarqocalar, həmçinin təcili yardım işçiləri və milislər olmuşdur. Qara Yanvar faciəsi nəticəsində SSRİ Konstitusiyası və Azərbaycan SSR Konstitusiyası kobudcasına pozulmuş, Azərbaycan Respublikasının suveren hüquqları tapdalanmışdır.

 

Ancaq bu cür qırğın və faciələrlə dolu hadisələr Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi. Həmin ağır günlərdə Azərbaycan xalqına qarşı soyqırımı aktının həyata keçirildiyini ilk dəfə cəsarətlə bütün dünyaya bəyan edən Heydər Əliyev oldu. Ulu öndər 1990-cı il yanvarın 21-də Moskvadakı Azərbaycan nümayəndəliyinə gələrək SSRİ rəhbərliyinin törətdiyi bu cinayəti qətiyyətlə ittiham etmişdir. Heydər Əliyev həmin bəyanatı ilə dünya azərbaycanlılarını ayağa qaldırdı, xalqın siyasi iradəsini ifadə etdi.

 

7 mart 1991-ci il tarixdə Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında çıxış edən xalq deputatı Heydər Əliyev 20 yanvar hadisəsini növbəti dəfə çox sərt şəkildə şərh etmişdi: “...1990-cı il yanvarın 20-də İttifaq dövləti tərəfindən Azərbaycan xalqına qarşı hərbi təcavüz edilmişdir. Heç bir əsas olmadan, xəbər vermədən, dövlət qanunlarını kobudcasına pozaraq, Bakı şəhərinə müasir silahlı sovet ordusunun qoşun hissələri yeridilmiş, onlar vəhşilik, qəddarlıq etmiş, nəticədə nahaq qan tökülmüş, yüzlərlə adam həlak olmuş, xəsarət almış, itkin düşmüşdür”.

 

Baş verən hadisələri hüquqa, demokratiyaya, hüquqi dövlət quruculuğu prinsiplərinə zidd hesab edən Heydər Əliyev yüzlərlə insanın qətlə yetirilməsini Azərbaycan xalqına qarşı cinayət adlandıraraq hadisəyə siyasi qiymət verilməsini tələb edirdi.

 

1990-cı ilin yanvarından sonra hakimiyyətdə olan qüvvələrin bu məsələdə ilk vəzifəsi faciəni təhlil etmək, günahkarları üzə çıxarmaq və dövlət səviyyəsində siyasi-hüquqi qiymət vermək olsa da, respublika əhalisinin təkidli tələblərinə baxmayaraq, bununla bağlı 1993-cü ilə qədər faktiki olaraq, heç bir tədbir görülməmişdi. 1990-cı il yanvar ayının 22-də çağırılan Azərbaycan Ali Sovetinin fövqəladə sessiyası öz işini yarımçıq qoymuş və sonrakı sessiyalarda bu məsələnin müzakirəsini davam etdirməmişdi. Ali Sovetin yanvar hadisələrini tədqiq etməli olan komissiyasının işi başa çatdırılmamış qalmışdı.

 

Yalnız Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra 1990-cı ilin qanlı Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verildi. “20 Yanvar faciəsinin 4-cü ildönümünün keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 5 yanvar 1994-cü il tarixli fərmanında deyilirdi: “Xalqımızın tarixinə qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı ilin yanvarın 20-də Azərbaycan öz azadlığı və müstəqilliyi uğrunda ilk şəhidlərini vermişdir. Tarixin yaddaşına qanla yazılmış həmin gündən bizi 4 illik zaman məsafəsi ayırır. Təəssüf ki, 4 il ərzində 20 Yanvar hadisələrinə dövlət səviyyəsində lazımi siyasi-hüquqi qiymət verilməmişdir”.

 

Fərmanda Milli Məclisə 20 Yanvar hadisələrinə tam siyasi-hüquqi qiymətin verilməsi, bu məqsədlə parlamentin xüsusi sessiyasının keçirilməsi məsələsinə baxılması tövsiyə edilirdi. Milli Məclisdə müzakirələrin yekunu olaraq 1994-cü il martın 29-da qəbul edilən qərarda, nəhayət ki, 1990-cı ilin Qanlı 20 Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verildi. Qərarda 1990-cı ilin 20 Yanvar hadisələri Azərbaycanda vüsət almış milli azadlıq hərəkatını boğmaq, suveren bir dövlət amalı ilə ayağa qalxan xalqın inam və iradəsini qırmaq, belə bir yola qədəm qoyan xalqa sovet hərb maşınının gücünü nümayiş etdirmək məqsədilə totalitar kommunist rejimi tərəfindən hərbi təcavüz və cinayət kimi qiymətləndirildi.

 

Sənəddə Sovet İttifaqı Kommunist Partiyasının, sovet dövləti və hökumətinin, şəxsən Mixail Qorbaçovun Azərbaycana qarşı ağır cinayət törətdikləri, Əbdürrəhman Vəzirovun, Viktor Polyaniçkonun, Vaqif Hüseynovun xalqımıza xəyanət etdikləri siyasi-hüquqi müstəvidə öz əksini tapdı. Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri Elmira Qafarovanın, Azərbaycan Kommunist Partiyası Bakı Şəhər Komitəsinin birinci katibi Müslüm Məmmədovun bu qanlı faciənin törədilməsində məsuliyyət daşıdıqları və digər məsələlər də sənəddə qeyd olundu.

 

Heydər Əliyev şəhidləri və şəhid ailələrini heç vaxt diqqətdən kənar qoymurdu. 20 Yanvar faciəsinin bütün ildönümlərində şəxsən Şəhidlər xiyabanını ziyarət edən ümummilli lider, şəhid ailələrinə müraciətlə bütün Azərbaycan xalqı adından onlara başsağlığı verir, problemləri ilə yaxından maraqlanırdı. Ulu öndər bu faciəni böyük bir tarixi hadisə kimi qiymətləndirmiş və qəhrəman övladlarımızın özünü qurban verərək Azərbaycan xalqının milli azadlığı, ölkəmizin, müstəqilliyi üçün yol açdıqlarını ifadə etmişdir.

 

Bu gün Şəhidlər xiyabanında ucalan “Əbədi məşəl” abidə-kompleksi də məhz Heydər Əliyevin təşəbbüsü ilə şəhidlərin xatirəsinə ehtiram əlaməti olaraq inşa olunub. Ulu öndər 31 mart 1998-ci il tarixdə “20 Yanvar şəhidi” fəxri adının təsis edilməsi haqqında fərman imzalayıb. 29 dekabr 1998-ci ildə “20 Yanvar şəhidi” fəxri adı haqqında əsasnamə təsdiq edilib. Ulu öndər Heydər Əliyevin 2000-ci il yanvarın 17-də imzaladığı fərmanla 1990-cı ilin faciəli yanvar günlərində şəhid olmuş oğul və qızlarımıza “20 Yanvar şəhidi” fəxri adı verilib.

 

Ümummilli lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyev də şəhidlərin xatirəsinin uca tutulmasına, şəhid ailələrinin sosial məsələlərinin yoluna qoyulmasına xüsusi diqqət göstərir, hər il yanvarın 20-də Şəhidlər xiyabanını ziyarət edərək “Əbədi məşəl” abidə-kompleksinin önünə əklil qoyur. Dövlət başçısı 20 Yanvar faciəsi ilə bağlı çıxışlarının birində bildirirdi ki, Azərbaycan övladları 1990-cı il yanvarın 20-də xalqımızın qəhrəmanlıq salnaməsinə parlaq səhifə yazdılar: “20 Yanvarda sovet rejiminin hərbi, siyasi və mənəvi təcavüzünə məruz qalmış Azərbaycan xalqı öz tarixi qəhrəmanlıq ənənələrinə sadiq olduğunu bütün dünyaya nümayiş etdirdi. Azərbaycanda haqq-ədalətin müdafiəsi yolunda canlarından keçmiş vətən övladları Qanlı Yanvarda xalqımızın qəhrəmanlıq salnaməsinə parlaq səhifə yazdılar. Sovet hakimiyyətinin süqutundan və Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsindən sonra bir müddət başları hakimiyyət uğrunda mübarizəyə qarışmış Azərbaycan rəhbərləri xalqımıza qarşı törədilmiş bu ağır cinayətin səbəblərinin araşdırılması, ona siyasi-hüquqi qiymət verilməsi və cinayətkarların müəyyən edilməsi istiqamətində məqsədyönlü aparmadılar. Onlar bu məsələdə heç maraqlı da deyildilər, çünki həmin cinayətin törədilməsinin məsuliyyəti buya digər dərəcədə onların da üzərinə düşürdü. Yalnız Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışından sonra, 1994-cü ildə 20 Yanvar hadisələrinin mahiyyəti məhz onun təşəbbüsü və bilavasitə iştirakı ilə açıqlandı, onlara siyasi-hüquqi qiymət verildi və cinayəti törədənlərin adları ictimaiyyətə çatdırıldı”.

 

Prezident İlham Əliyev 1990-cı ilin yanvarında şəhid olmuş oğul və qızlarımızın xatirəsinin əbədiləşdirilməsi, adlarının uca tutulması, onların ailələrinin, övladlarının sosial müdafiəsinin gücləndirilməsi üçün mühüm qərarlar vermişdir. Dövlət başçısının 19 yanvar 2006-cı il tarixli “20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” fərmanı ilə şəhid ailələrinə təqaüd verilir. Prezident İlham Əliyevin “1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlil olmuş şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” 19 yanvar 2011-ci il tarixli fərmanı ilə isə 20 Yanvar hadisələri ilə əlaqədar əlil olmuş şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü verilir.

 

Milli birlik və vətənpərvərliyin simvoluna çevrilmiş 20 Yanvar faciəsi xalqımızın öz suverenliyi uğrunda apardığı mübarizənin şərəfli tarixidir. Hər il faciənin ildönümündə milyonlarla insan paytaxtın ən yüksək nöqtəsində salınan Şəhidlər Xiyabanını ziyarət edir, qəhrəmanlarının xatirəsini anır.

 

Ötən il sentyabrın 27-də Ermənistanın törətdiyi təxribata cavab olaraq Prezident, Ali Baş Komandan İlham Əliyevin əmri ilə Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı. 44 gün davam edən bu əməliyyat nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin qarşısına qoyulan bütün vəzifələr həyata keçirildi. Şanlı ordumuzun əsgər və zabit heyəti yüksək peşəkarlıq və rəşadət nümayiş etdirərək düşmənin 30 ilə yaxın bir müddətdə yaratdığı güclü mühəndis-texniki istehkamlarını dağıtdı, hərbi texnikasını və canlı qüvvəsini məhv etdi.

 

Azərbaycan torpaqları qarış-qarış, kənd-kənd işğaldan azad edildi. 44 gün ərzində 5 şəhər, 4 qəsəbə, 286 kənd, çoxsaylı strateji yüksəkliklər işğaldan azad olundu, Silahlı Qüvvələrimiz Cəbrayıl, Qubadlı, Zəngilan, Füzuli rayonlarını, Xocavəndin böyük hissəsini, Laçın rayonunun kəndlərini işğaldan azad etdi. Uzun illərdən sonra doğma torpaqlarımızda yenidən üçrəngli şanlı bayrağımız ucaldıldı.

 

8 noyabr isə Qarabağın tacı, ölkəmizin ən dilbər guşələrindən biri, muğamımızın beşiyi Şuşa mənfur düşmən tapdağından qurtuldu. Həmin gün xalqımız tərəfindən böyük coşqu ilə qarşılandı. Hər kəs müqəddəs üçrəngli bayrağımıza bürünərək küçələrə axışdı, sevincini bir-birilə bölüşdü.

 

10 noyabr gecəsi isə Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyev doğma xalqını böyük zəfər xəbəri ilə müjdələdi: “Bu gün ölkəmiz üçün tarixi bir gündür. Bu gün Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə son qoyulur. Hesab edirəm ki, indicə imzalanmış üçtərəfli bəyanat məsələnin həlli istiqamətində son nöqtə olacaqdır”. Bəli, o gün Dağlıq Qarabağ münaqişəsinə nöqtə qoyulduğu gün oldu. 30 illik münaqişə 44 gündə Azərbaycanın qələbəsi ilə bitdi. Vətən müharibəsi Ali Baş Komandanın, Azərbaycan Ordusunun, xalqımızın zəfəri ilə başa çatdı. Altı həftəlik haqq savaşımız Azərbaycan tarixinə qızıl hərflərlə əbədi yazıldı.

 

Azərbaycan 44 günlük Vətən müharibəsində rəsmən 2841 nəfər şəhid vermişdir. Bu rəqəmlərin arxasında düşmənin güllə və mərmisinə tuş gəlmiş, yarımçıq qalmış bir gənc, bir insan taleyi durur. Sözsüz ki, onların hər biri qəhrəmandır və bu igidləri kitablarda, filmlərdə, məqalələrdə vəsf etmək lazımdır. Qoy, xalq qəhrəmanlarını tanısın və qaytarılan torpaqlara görə kimə minnətdar olduğunu əbədi yaddaşında saxlasın.

 

20 Yanvardan başlayaraq Vətən uğrunda canından keçən şəhidlərin əziz xatirəsini dərin ehtiramla yad edərkən ümummilli liderimiz Heydər Əliyevin bu fikirləri bir daha yada düşür: “20 Yanvar faciəsində həlak olanlar xalq qəhrəmanlarıdır, onlar millətimizin qəhrəmanlarıdır. Onların həlak olması bizim üçün, xalqımız üçün böyük itkidir. Ancaq eyni zamanda onların şəhid olması xalqımızın qəhrəmanlıq rəmzidir. Onların tökülən qanı bütün xalqımızın qanıdır. O qanın hər damcısında xalqımızın qüdrəti, qəhrəmanlığı var, xalqımızın milli azadlıq, müstəqillik arzuları vardır. O gecə tökülən qanlar Azərbaycanın müstəqilliyini nümayiş etdirən milli bayrağımızın üstündəki qandır”.

 

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

 

 

 

Fuad MƏMMƏDOV,

Sumqayıt Apelyasiya Məhkəməsinin

hakimi.

 

Respublika.- 2021.- 20 yanvar.- S.4.