Şəhidlər

 

 

 

Qatil gülləsinə qurban gedirkən,

 

Gözünü sabaha dikdi Şəhidlər.

 

Üçrəngli bayrağı öz qanlarıyla,

 

Vətən torpağına çəkdi Şəhidlər...

 

 

 

Zalım öyünməsin zülümləriylə,

 

Min bir böhtanıyla, min bir şəriylə.

 

Həqiqət uğrunda ölümləriylə,

 

Ölümü kamına çəkdi Şəhidlər...

 

 

 

O şənbə gecəsi, o qətl günü, -

 

Mümkünə döndərdik çox namümkünü,

 

Xalqın qəlbindəki qorxu mülkünü,

 

O gecə dağıdıb sökdü Şəhidlər...

 

 

 

Tarixi yaşadıb diləyimizdə,

 

Bir yumruğa döndük o gecə biz .

 

Yıxıb köləliyi ürəyimizdə

 

Cəsarət mülkünü tikdi Şəhidlər...

 

 

 

Onlar susdurulan haqqı dindirər,

 

Qaraca torpağı qiymətləndirər.

 

Donan vicdanları qeyrətləndirər,

 

Axı, el qeyrəti çəkdi Şəhidlər...

 

 

 

Bilirik, bu bəla ilkdi, son,

 

Ölürkən uğrunda bu Ana yurdun.

 

Quzu cildindəki o qoca qurdun,

 

Doğru, düz cildini çəkdi Şəhidlər...

 

 

 

Dözdü hər zillətə, dözdü hər şeyə,

 

Dünyada mənim haqqım var”, - deyə

 

Kütləni xalq edən müqaviləyə,

 

Qanıyla qolunu çəkdi Şəhidlər...

 

 

 

İnsan insan olur öz hünəriylə.

 

Millət, millət olur xeyri, şəriylə,

 

Torpağın bağrına cəsədləriylə,

 

Azadlıq tumunu əkdi Şəhidlər.

 

 

Bəxtiyar VAHABZADƏ

 

Respublika.- 2021.- 20 yanvar.- S.5.