VİCDAN SUSANDA*
“Vicdan
susanda insan hər cür rəzalət törətməyə
hazırdır”
Hegel
Vyanada (Avstriya) fəaliyyət göstərən “Erməniləri öyrənən strateji mərkəz”in direktor müavini, əslən Sumqayıt ermənisi olan E.D.Manukyan Dünya Erməni Diaspor rəhbərlərinə ünvanladığı çağırışda bildirirdi ki, nəyin bahasına olursa-olsun, dünya arxivlərindən, ən məxfi qovluqlardan erməniləri “cinayətkar” kimi tanıdan materiallardan, fakt və sənədlərdən təmizləmək vaxtıdır. Yeni yüz il bunu bizdən tələb edir. Yoxsa gələcək nəsillər bu “uydurmalara” inana bilər...
Artıq dünya kitabxana və arxivlərinin rəhbərlərinin bir qismi onu etiraf edir, çıxış yolu axtarırlar. Məsələn, araşdırma materiallarına görə, ötən yüzilliyin son illərinədək Sovet İttifaqının Xarici Kəşfiyyatına rəhbərlik edən general-leytenant Vadim Alekseyeviç Kirpiçenkonun şəxsi arxivində qoruyub saxladığı bir neçə qovluğu yoxa çıxıb.
V.A.Kirpiçenko Dövlət Təhlükəsizlik Komitəsinin sədri, Siyasi Büro üzvü, ordu generalı Vladimir Aleksandroviç Kryuçkova ünvanladığı məktubda qeyd edirdi: “...Mənim yanıma əslən Livandan olan, erməni mənşəli Emel Orduyan adlı birisi gəldi. Biz onunla Heratda tanış olmuşduq (xatırladaq ki, general Kirpiçenko həmin vaxt Moskvanın Kabildəki Daimi Nümayəndəliyinin rəhbəri idi). Özlərini Erməni Milli Azadlıq Ordusu hesab edən “ASALA” erməni terrorçularının silahlı birləşmələri Azərbaycana hücuma hazırlaşırlar. Bu terror dəstəsinin böyük bir qrupu, artıq Livanın Bəqa vadisində özlərinin döyüş taktikalarını sınaqdan çıxarırlar...” 11 gündən sonra kəşfiyyat generalı ikinci məktubu göndərir və qeyd edir: “...Birinci məktuba əlavə olaraq bildirirəm ki, “ASALA” erməni ordusunun Azərbaycana müxtəlif istiqamətlərdə hücumlarına hansı səbəbdənsə Moskva dəstək verib. Kreml Azərbaycana dərs vermək üçün “ASALA”nın hərbi-sursatla təminatını boynuna götürüb”. Rus generalı bunu da iddia edirdi ki, erməni diasporunun yaratdığı “ASALA” silahlı birləşməsinin tərkibində “Erməni Milli Assambleyası”nın üzvləri də var. Bu dəstəyə ABŞ-da həbsdə olan Murad Topolyanın başçılıq etməsi də maraq doğurmaya bilməz. Məlumata görə, “ASALA”nın yedəyində Bakıya girən bu silahlı dəstənin Baş Qərargahı Ohayo ştatındakı Bedfor şəhərində idi. Digər tərəfdən, o da məlum idi ki, silahlı terror dəstəsi ilkin hərbi hazırlıqlarını Massaçusets ştatındakı (ABŞ) “Hayastan” hərbi-təlim düşərgəsində keçib.
Araşdırma materiallarına görə, “Erməni Milli Assambleyası” silahlı erməni dəstəsi ABŞ Dövlət Departamentinin rəsmi sənədlərində terrorçu dəstəsi kimi qeyd olunur. Murad Topolyana gəlincə, o, hansısa səbəblərə görə Bakıda vuruşmaq üçün (?) Bedford həbsxanasından azad olunaraq “ASALA”nın sıralarında görünür. (Bax: “Jamanak” (ermənicə) qəzeti. Türkiyə. 1996,11). İndiyə qədər bu sualı heç kəs cavablandıra bilmir. Azərbaycana qarşı hazırlanmış soyqırım planında hər şey diqqətlə ölçülüb-biçilmişdi. “Erməni Milli Assambleyası” Bakıya hücum zamanı respublikanın Daxili İşlər Nazirliyinə, MK-nın binasına basqın edib, binaları dağıtmalı, tank mərmilərilə oraları yerlə yeksan etməli idilər.
Rus kəşfiyyatının təcrübəli, səriştəli simalarından sayılan V.A.Kirpiçenkonun məktubları baş verə biləcək çox ciddi hadisələrdən xəbər verirdi. Onun “ərəb dostu” Emel Orduyanın məlumatları başqa mənbələrdən, istiqamətlərdən əldə olunan kəşfiyyat məlumatlarında da öz təsdiqini tapırdı. General V.Kirpiçenkonun məktubları buna baxmayaraq, hələ də cavabsız qalmışdı.
Həmin vaxt ABŞ-ın yeni seçilən prezidenti
(1989-1990) Corc Herbert Uolker Buş idi. Prezidentlikdən əvvəl
o, ABŞ-ın MKİ-nin Direktoru olmuşdu. C.Buş Moskvadakı rezidenturasında
çalışan polkovnik Hell Harvini Bakıya tələsdirirdi.
Görünür Ağ Ev də “ASALA”nın
terror planları haqqında geniş və hərtərəfli
məlumatlara malik idi. Üçüncü məktubda isə
general V.A.Kirpiçenko artıq, “ASALA”nın
Azərbaycanda törədə biləcəyi qanlı cinayətin
vaxt və zamanından danışırdı. “...Məktublarıma
əlavə olaraq bildirirəm; “ASALA” erməni ordusu Azərbaycan
sərhədlərini 1990-cı il
yanvarın 19-dan 20-nə keçən gecə, saat 00:15-də
pozacaq. Onlar artıq kiçik dəstələr şəklində
Livandan, Suriyadan, İraqdan, Bəhreyndən, Sudandan, CAR-dan,
Fransadan, İngiltərədən, Bolqarıstandan... Moskvaya,
Leninqrada, Rostova, Stavropola... uçurlar. Onlar
Sovet Qoşunlarının kontingentində hissələrə
bölünüblər. Verilən
materialları araşdırmanızı xahiş edirəm”.
(Bax: 366-cı alayın kəşfiyyat zabiti
A.S.Mamontovun “Alman dalğası” radiosuna verdiyi müsahibədən.
1992-ci il, 28 fevral).
Araşdırma
materiallarına görə, C.Buşun, Vaşinqtonun
Moskvadakı rezidentlərindən olan Hell Harvi 1990-cı il mayın 17-də təcili olaraq Bakıya gəlir.
Məlumatlarda bildirilir ki, Hell Harvi
İrandakı erməni icmasının gənclərini də
bu plana qoşmağa təhkim olunmuşdu. Onun missiyası bu işdə başa çatmalı
idi. Lakin bu məsələnin
alınıb-alınmaması sual altında idi.
Digər
bir məlumatda isə bildirilir ki, “ASALA” erməni silahlı
terror birləşmələri özünün yaranma tarixinin
yubileyini Bakıda, görünməmiş qanlı cinayətlərilə
qeyd etməli idi... Belə bir qərar 1989-cu ilin
iyulun 15-də Beyrutda keçirilən 19 ölkənin erməni
diaspor təşkilatlarının Beynəlxalq konfransında
çıxarılan yekun qərarın nəticəsi idi.
Sadəcə, bu qərar icra olunmalı idi.
Qərarın icrası isə uzun müddət
Moskvanın Təhlükəsizlik Orqanlarında
çalışan, Azərbaycana qarşı həmişə
qərəzli mövqedə dayanan, ehtiyata buraxılmış
kəşfiyyat generalı M.S.Ovanesyana tapşırıldı.
Azərbaycanda isə hakimiyyətə yiyələnmək
uğrunda mübarizə gedirdi. Bütün
bunlar bəziləri üçün gözlənilməz olsa
da, bu, fakt olaraq qalır.
Məlumata
görə, “ASALA” 1975-ci il yanvarın 20-də
Beyrutda (Livan) avtomobil qəzasında ölən bir erməninin
- Qraç Sadafyanın məzarı üstündə
yaranıb. Faktiki olaraq, bu günədək “ASALA”nın heç bir nizamnamə sənədi
yoxdur. (Məlumata görə, “ASALA” 1993-cü
ilin iyununda “Sadval” seperatçı ləzgi təşkilatı
ilə birlikdə RF-nin Ədliyyə Nazirliyində “Azad,
Demokratik bir təşkilat” kimi qeydə alınıb.)
“ASALA” erməni silahlı ordu birləşmələri
Azərbaycan torpaqlarında özlərinin yaranma tarixinin 15
illiyini qanlı cinayətlərilə qeyd etdilər.
Dünyada
bir sıra cinayətlərin iştirakçısı olan
“ASALA”nın 15 illiyini, yəni 1990-cı
ilin 20 yanvarını həm Azərbaycanın, həm
Türkiyənin və həm də İranın bir sıra ərazilərində
məskunlaşan ermənilər də qeyd ediblər. “ASALA”ya Bakıda yaşayan ermənilər “xilaskar
ordu” kimi baxırdılar. Məlumata
görə, həmin gecə ermənilər üçün
Bakıdakı Erməni Kilsəsi (bugünkü Fəvvarələr
meydanı ərazisi) ən güclü istehkamlardan birinə
çevrilmişdi. Maraqlısı bu idi ki, kilsədəki
telefon “qovşağı”ndan sərbəst şəkildə
Eçmiədzinlə, Yerevanla, Moskva ilə, Parislə,
Tel-Əvivlə, Vaşinqtonla, Londonla, Tehranla, Ankara ilə...
nəhayət, 366-cı alayla danışmaq mümkün idi. Sadəcə çəhrayı rəngli telefonun dəstəyini
qaldırmaq kifayət idi. Həmin vaxt
ABŞ Dövlət Departamenti tərəfindən maliyyələşdirilən
“Azadlıq” radiosu qan içində boğulan, tənha və
kimsəsiz qalan Azərbaycanı “...ipə-sapa yatmayan”
şotlandlara bənzədirdi. Hamı
ölüsünü, itkin düşənini axtarırdı.
Demokratiya pərdəsi altında
ayrı-ayrı daxili və xarici şəxslər tərəfindən
törədilmiş cinayətlərin günahkarları hələ
də məsuliyyətə cəlb olunub mühakimə edilməmişlər.
Araşdırma
materiallarına görə, “ASALA” erməni silahlı ordu birləşmələri
Bəşəriyyətin Cinayət aləmində öz qanlı aksiyalarını bir
qayda olaraq “Qurgen Yanikyan”, “Üç oktyabr təşkilatı”,
“9 iyun təşkilatı”, “September Frans”, “Orli təşkilatı”,
“DRO” adları ilə icra edir. Məlumata görə, ötən
əsrin 90-cı illərinədək “ASALA” öz
kadrlarını, silahlı terror birləşmələrini
Beyrutdakı Fələstin Azadlıq Təşkilatının,
Səudiyyə Ərəbistanının, Bəhreynin,
Fransanın, ABŞ-ın, bir sıra Şərqi Avropa ərazilərindəki
hərbi-hazırlıq bazalarında, təlim düşərgələrində...
hazırlayırlar. Hələ 1983-cü ildə
buna işarə edərək “The Times” jurnalı mart
sayında yazırdı: “...Son on ildə Türkiyənin
ayrı-ayrı ölkələrdə çalışan 36
diplomatı (dördü ABŞ ərazisində) “ASALA” erməni
ordusunun əsgərləri tərəfindən
öldürülüb. “ASALA” 1975-ci ildən -
yarandığı tarixdən Beyrutdakı Fələstin
Azadlıq Təşkilatının hərbi-təlim
düşərgəsində təlim məşqləri
keçirir...”.
Məlumata
görə, “ASALA” Bakıda törətdikləri
qırğınlardan iki gün sonra, yəni yanvarın 22-də
(1990-cı il) “Hayastan” jurnalının (16
dildə) nəşrinə başladı. ABŞ-dakı
erməni diasporu “Erməni Xalq Hərəkatı” adlı yeni
bir təşkilatın nizamnaməsini yaydı. Nizamnaməni
təhlil edən erməni terror birləşmələrinin
Bakı bürosunun lideri, uzun müddət sərhəd
qoşunlarında çalışmış kəşfiyyat
mayoru M.Q.Gevorkov iddia edir ki, biz “ASALA”nın
ildönümünü Bakıda təntənə ilə (?)
qeyd etdik. 1980-ci ilin aprelin 24-də erməni
diaspor təşkilatları Dəməşq konfransında qərara
gəlmişdilər ki, 1990-cı ilin yanvarın 22-də və
23-də həm Bakıda və həm də Moskvada yaşayan
Azərbaycanın elita nümayəndələrinə sui-qəsdlər
edilsin. “ASALA” “Nor Serund” qəzeti vasitəsilə
bütün erməni diaspor təşkilatlarını
“Haydad”ın ildönümünə hazırlaşmağa
çağırdı və yeni bir şüar irəli
sürdü: “Əzabkeş xalqın inqilabi həmrəyliyinə
eşq olsun!..” (Bax: “Haydad” qəzeti. Dəməşq
(Suriya). 1990.11-10).
Araşdırma
materiallarına görə, “ASALA”nın Bakıya silahlı
hücumundan sonra Fransada formalaşan Erməni Milli Hərəkatı,
Böyük Britaniyada qərar tutan “Erməni Təşkilatı”
(1991-ci ildən təşkilatın adından “Silahlı”
sözü çıxarıldı), ABŞ-da “Böyük və
mütəşəkkil erməni qruplaşması” “ASALA” erməni
silahlı ordusunu dünya ictimaiyyətinə “Demokratik (Xalq) Cəbhə”
kimi təqdim etməyə başladılar. (Burda
“ASALA” zahirən özünü parçalanmış kimi təqdim
etməyə cəhd edirdi. Guya Bakı hadisələrindən
sonra “ASALA” müxtəlif qanadlara ayrılmışdı...)
Kəşfiyyat polkovniki Q.B.Smirnov baş verən
qanlı Bakı hadisələrini araşdırarkən
göstərir ki, ermənilər hücumdan əvvəl Azərbaycanla
bağlı çox güclü və hərtərəfli təhlil
olunmuş, dəqiq və təkzib olunmayan strateji kəşfiyyat
məlumatlarına malik olublar. Polkovnik haqlı olaraq belə bir
sualı ortaya qoyur: “Kim idi bütün bunların arxasında
dayanan? Təəssüflər olsun ki, Azərbaycan
tərəfi bütün bu məsələlərin
kökünə getməkdə, dünyaya, bəşəriyyətə
hər şeyi olduğu kimi tanıtmaqda o vaxt nədənsə
acizlik göstərdi. “ASALA” silahlı erməni
ordusunun Bakıya soxularaq dinc insanları qırması
dünyada yeni səlib yürüşünün
başlanğıcına bənzəyirdi. Mən buna təəssüf edirəm”. (Bax:
Q.Smirnov. “Mənim çap olunmayan araşdırmaların...”. M.,1993. S.16).
Polkovnik
belə bir qənaətə də gəlir ki, Bakı
qırğınlarını törədən “ASALA”nın tərkibində
ABŞ-ın Florida ştatında geniş hərbi düşərgələrə
malik, bilavasitə erməni narkobaronlarının
yaratdıqları “Bubi” terror təşkilatının üzvləri
də var idi. (“Bubi” beynəlxalq narkoticarət
qrupu işğal olunmuş ərazilərimizdə -
Dağlıq Qarabağ torpaqlarında narkoplantasiya sahibidirlər.
Bununla bağlı RF-in narkotik
qaçaqmalçılıqlarına qarşı mübarizə
departamentində sənədlər var.) “Bubi”
təşkilatı narkoticarətdən ildə dörd milyard
dollar gəlir əldə edir və “ASALA” erməni silahlı
ordusuna güclü maliyyə dəstəyi ayırır.
Polkovnik daha sonra yazırdı: “...Mən həmişə baş verən terror hadisələrini araşdırmışam. Əgər təcrübəli kəşfiyyat generalı, ölkənin ictimai-siyasi durumuna ciddi bələd olan Heydər Əliyev öz möhtəşəm və dünyanı sarsıdan çıxışında cəmi yarım saat geciksəydi... onun və onun ətrafında olanların həyatını xilas etmək mümkün olmayacaqdı...” (Bax: eyni mənbə, s. 96).
(davamı növbəti saylarımızda)
R.NOVRUZOĞLU,
politoloq.
Respublika.- 2021.- 20 yanvar.- S.6.