Vətən sevgisinin təntənəsi
“Bizim xalqımız o günü heç vaxt unutmayacaqdır. Çünki o, ayrı-ayrı insanlara edilən qəsd, təcavüz deyildi, bu bütün Azərbaycan xalqına, Azərbaycan millətinə, Azərbaycan ölkəsinə edilən təcavüz idi. Bu təcavüz nəticəsində həlak olanlar xalq qəhrəmanlarıdır, onlar millətimizin qəhrəmanlarıdır”.
Heydər Əliyev,
Azərbaycan xalqının Ümummilli Lideri.
“20 Yanvarda sovet rejiminin hərbi, siyasi və mənəvi təcavüzünə məruz qalmış Azərbaycan xalqı öz tarixi qəhrəmanlıq ənənələrinə sadiq olduğunu bütün dünyaya nümayiş etdirdi. Azərbaycanda haqq-ədalətin müdafiəsi yolunda canlarından keçmiş Vətən övladları Qanlı Yanvarda xalqımızın qəhrəmanlıq salnaməsinə parlaq səhifə yazdılar”.
İlham
Əliyev,
Azərbaycan
Respublikasının Prezidenti.
Bütün xalqların tarixində elə insanlar olur ki,
bu dünyadan köçdükləri vaxtdan qərinələr,
əsrlər keçməsinə baxmayaraq onları heç kəs
unutmur və əziz xatirələri həmişə
böyük ehtiramla yad edilir. Belə insanlar milləti
və dövləti qarşısındakı misilsiz xidmətləri
ilə seçilən şəxslər və vətən
uğrunda, xalq yolunda canlarını fəda edən şəhidlərdir.
Bu gün Qanlı Yanvar hadisələrindən 31 il keçir. “20 Yanvar” tarixi
Ümumxalq Hüzn Günü olmaqla bərabər,
ümummilli qürur günüdür. 1990-cı il yanvarın 20-si Azərbaycanın müasir
tarixinə ən faciəli günlərdən biri, eyni zamanda,
xalqımızın qəhrəmanlıq səhifəsi kimi
daxil oldu və həmin gün azadlıq, istiqlal və istiqbal
uğrunda mübarizənin və qəhrəmanlığın
rəmzinə çevrildi. O gün ölkəmizə
qarşı əsassız ərazi iddiaları irəli sürən
Ermənistanın təcavüzkar hərəkətlərinə
və keçmiş SSRİ rəhbərliyinin Azərbaycana
qarşı qərəzli mövqe tutaraq onlara havadarlıq etməklə
təcavüzkar siyasəti açıq-aşkar dəstəklənməsinə,
eləcə də respublikanın o zamankı rəhbərliyinin
xəyanətkar mövqeyinə hiddətlənərək,
buna etiraz əlaməti olaraq Bakının küçə və
meydanlarına çıxan geniş xalq kütlələrinə
qarşı qanunları və beynəlxalq hüquq
normalarını kobud şəkildə pozmaqla sovet ordusunun hərbi
hissələri yeridilərək dinc əhaliyə divan tutuldu,
insanlar qətlə yetirildi, yaralandı və itkin
düşdü. Azərbaycanda, xüsusilə də Bakıda
misli görünməmiş faciə baş verdi
və qeyd olunan gün Azərbaycan xalqının tarixinə
Qanlı Yanvar günü kimi həkk olundu. Xalqımıza
qarşı həyata keçirilmiş hərbi təcavüz
nəticəsində Azərbaycan xalqının haqq-ədalətin
bərqərar edilməsi uğrunda səsini ucaldaraq imperiya
buxovlarından birdəfəlik qurtulmağa can atmasından təşvişə
düşən SSRİ rəhbərliyi, əslində sovet
totalitar rejiminin süqutunu daha da sürətləndirən
ağır cinayətə əl atdı. Azərbaycanda suveren,
demokratik bir dövlət yaratmaq amalı ilə ayağa
qalxmış xalqın inam və iradəsini qırmaq, milli mənliyini
aşağılamaq, azadlıq hərəkatını
boğmaq məqsədi ilə törədilən bu
çirkin əməllər silahlanmış hərbçilərin
cəza tədbirlərinə məruz qalan əliyalın
xalqımızı azadlıq uğrunda mübarizədən
döndərə və vətənpərvər insanların əzmini
sarsıda, məğrur övladların qürurunu qıra
bilmədi. Xalq həmin gün üstünə
şığıyan qorxunc sovet ordusuna qarşı sinəsini
sipər etməklə özünün mənliyini və mətnliyini
əyani şəkildə sübut etdi. Müqəddəs
Vətəninin suverenliyini, xalqının və dövlətinin
azadlığını, şərəf və ləyaqətini
hər şeydən uca tutan mərd Vətən
övladları ali amallar uğrunda
canlarından keçərək şəhidlik zirvəsinə
ucaldılar və bununla da haqq səsini bütün dünyaya
daha ucadan bəyan etmiş oldular. ümummilli
mənafelərin müdafiəsi naminə canlarından
keçərək şəhidlik zirvəsinə
ucalmış Vətən övladları misilsiz fədakarlıqları
ilə xalqımızın qəhrəmanlıq salnaməsinə
yeni parlaq səhifə yazdılar.
Məhz həmin hadisələr sübut
etdi ki, xalqımız pozulan hüquqlarının, ölkənin
ərazi bütövlüyünün, suverenliyinin və
müstəqilliyinin bərpa olunması uğrunda savaşmaq əzminə
malikdir. Xalqımız öz
azadlığı və müstəqilliyi uğrunda çox
sayda şəhid versə də, onun iradəsi
qırılmadı, qüruru sınmadı, milli ruhumuz
sarsılmadı və baş verənlərə baxmayaraq
imperiya qanlı əməlləri ilə Azərbaycan
xalqının azadlıq eşqini söndürə, müstəqillik
hərəkatını boğa bilmədi. Bu böyük faciə Azərbaycan xalqını
daha da sıx birləşdirdi, müstəqilliyə gedən
yolu yaxınlaşdırdı. Xalqımız
qanı və canı bahasına da olsa istəyinə -
azadlıq və müstəqilliyinə qovuşdu.
Baş verənlərə baxmayaraq, Azərbaycanın o
vaxtkı səriştəsiz, kölə psixologiyalı rəhbərlərinin
xalqla bir olmağa yenə də cəsarətləri
çatmadı və onlar sovet rəhbərliyinə sədaqətlə
xidmət etməyə davam etdilər. Onlardan fərqli olaraq, həmin vaxt
Moskvada yaşayan xalqımızın ümummilli lideri Heydər
Əliyev özünün və ailə üzvlərinin həyatını
təhlükəyə atmaqla, qətliamdan bir gün sonra,
yanvarın 21-də Azərbaycanın Moskvadakı Daimi
Nümayəndəliyinə gedərək Bakıda kütləvi
qırğın törətmiş SSRİ hakimiyyətini və
Azərbaycanın yarıtmaz rəhbərliyini kəskin ittiham
edən bəyanat verdi. Dahi şəxsiyyətin
bu bəyanatından sonra Azərbaycan xalqının məruz
qaldığı dəhşətli və amansız terroru
dünyanın mütərəqqi qüvvələri də qətiyyətlə
pislədi. Hər kəsə məlumdur
ki, o vaxta qədər Ulu Öndər Heydər Əliyevin fəal
siyasətlə məşğul olmaq niyyəti
olmamışdır. Bununla belə, vətənini
və xalqını canından çox sevən böyük
insan bu hadisəyə biganə qala bilməzdi və qalmadı
da. Onun sözügedən bəyanatla
çıxış etməklə, xalqının yanında
olduğunu bildirməsi, yeni tarixi epoxanın
başlanğıcında Heydər Əliyevin müstəqillik
uğrundakı mübarizəsinin eyhamı kimi Azərbaycanın
xoşbəxt gələcəyində müstəsna rol
oynadı.
Zamanında dərindən araşdırılmayan və
adekvat qiymət verilməyən faciəyə yalnız bir
neçə ildən, məhz xalqımızın ümummilli
lideri Heydər Əliyevin Azərbaycan rəhbərliyinə
qayıdışından sonra rəsmi münasibət
bildirildi. Belə ki, ölkəmizin ərazi
bütövlüyü, xalqımızın azadlığı
və dövlətimizin müstəqilliyi yolunda
canlarını fəda etmiş həmvətənlərimizin
- günahsız Qanlı Yanvar qurbanlarının əziz xatirəsini
uca tutan Ulu Öndərin təşəbbüsü ilə
sözügedən faciəyə dövlət səviyyəsində
siyasi-hüquqi qiymət verildi. “20 Yanvar faciəsinin
4-cü ildönümünün keçirilməsi
haqqında” Azərbaycan Respublikası Prezidentinin 5 yanvar
1994-cü il tarixli Fərmanında, həmçinin,
Milli Məclisə 20 Yanvar hadisələrinə tam
siyasi-hüquqi qiymətin verilməsi, bu məqsədlə
parlamentin xüsusi sessiyasının keçirilməsi məsələsinə
baxılması da tövsiyə edildi. Adı çəkilən
Fərmanda deyilirdi: “...Xalqımızın tarixinə Qanlı
Yanvar faciəsi kimi daxil olmuş 1990-cı ilin yanvarın 20-də
Azərbaycan öz azadlığı və müstəqilliyi
uğrunda ilk şəhidlərini vermişdir. Tarixin
yaddaşına qanla yazılmış həmin gündən
bizi 4 illik zaman məsafəsi ayırır. Təəssüf
ki, 4 il ərzində 20 Yanvar hadisələrinə dövlət
səviyyəsində lazımi siyasi-hüquqi qiymət verilməmişdir...”. Milli Məclisin 1994-cü il martın 29-da qəbul
etdiyi Qərarda 20 Yanvar faciəsinin günahkarları konkret
qeyd olundu və bu qanlı aksiya Azərbaycanda milli azadlıq hərəkatını
boğmaq, xalqın inamını, iradəsini qırmaq
üçün totalitar kommunist rejimi tərəfindən
törədilmiş hərbi təcavüz və cinayət
kimi qiymətləndirildi. Beləliklə, Milli Məclisdə
müzakirələrin yekunu olaraq 1994-cü il
martın 29-da qəbul edilən qərarda 1990-cı ilin
qanlı 20 Yanvar faciəsinə dövlət səviyyəsində
tam siyasi-hüquqi qiymət verildi. Eyni zamanda 20
Yanvar - Ümumxalq Hüzn Günü elan edildi.
Bir
müddət sonra Ulu Öndər Heydər Əliyevin 31 mart
1998-ci il tarixli Fərmanı ilə 20 Yanvar faciəsi
zamanı şəhid olanlara “20 Yanvar şəhidi” fəxri
adı verildi, həmçinin şəhid ailələrinin,
20 Yanvar hadisələrində əlil olan şəxslərin
sosial müdafiəsi və pensiya təminatı da gücləndirildi.
Qeyd olunmalıdır ki, Bakı şəhərinin ən
hündür və mənzərəli yerində yerləşən
Şəhidlər Xiyabanında Azərbaycanın
azadlığı uğrunda mübarizədə şəhid
olanların xatirəsinə ucaldılmış möhtəşəm
“Əbədi məşəl” abidə-kompleksi də
ümummilli lider Heydər Əliyevin sərəncamına əsasən
layihələndirilmiş və tikilmişdir.
Vurğulanmalıdır
ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də 20 Yanvar
şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi,
adlarının uca tutulması, o cümlədən onların
ailələrinin sosial müdafiəsinin gücləndirilməsini
daim diqqət mərkəzində saxlayaraq, bu istiqamətdə
mühüm tədbirlər həyata keçirmişdir. Dövlət başçısının təşəbbüsü
ilə Bakı şəhərinin Yasamal rayonundakı “20
Yanvar” dairəsində 20 Yanvar şəhidlərinin əziz
xatirəsinə abidə-kompleksi inşa edilmişdir.
2009-cu ilin oktyabr ayında tikintisinə başlanan abidə-kompleksin
20 yanvar 2010-cu il tarixdə
açılışı olmuşdur. Abidə
kompleksinin üzərində 20 Yanvar faciəsi zamanı həlak
olmuş və yaralanmış insanların adları və
soyadları, eləcə də ümummilli lider Heydər
Əliyevin Qanlı Yanvar hadisələri ilə bağlı
dediyi “1990-cı il yanvarın 20-si Azərbaycanın tarixinə
ən faciəli günlərdən biri, eyni zamanda
xalqımızın qəhrəmanlıq səhifəsi kimi
daxil olmuşdur”- sözləri həkk olunmuşdur.
Bundan başqa, 2007-ci ildə cənab Prezident İlham
Əliyevin müvafiq Sərəncamına əsasən Şəhidlər
Xiyabanı rekonstruksiya olunarkən “Əbədi məşəl”
abidəsinin sütunları daha da hündürləşdirilmiş,
abidədəki səkkizguşəli ulduz və məsamələri
müasir üslubda işlənmişdir.
20 Yanvar
şəhidlərinin anım günü olduğundan bu hissəyə
qədər yalnız o haqda bəhs etsəm də, təbii
ki, hər bir şəhidimizin unudulmaz xatirəsi mənim və
xalqımız üçün eyni dərəcədə əziz
olduğundan bütün şəhidlərimiz barədə
söz açmaq zəruridir. Çünki 20
Yanvar şəhidlərindən danışılarkən digər
şəhidlərimizi də yad etmək hər birimizin
borcumuzdur. Tarix boyu Azərbaycan xalqı və
dövləti yolunda şəhid olan vətən
övladları olmuşdur ki, onların da heç birini millətimiz
unutmayacaqdır. Müasir Azərbaycan
tarixində ən çox şəhidlər birinci və
ikinci Qarabağ müharibəsində verilmişdir ki, sonuncu
müharibədə şəhid olan vətənpərvər
insanların vurduğu yaralar hələ də qaysaq
bağlamamışdır. Təbii ki,
bütün şəhidlərimizin nisgili son nəfəsimizədək
qəlbimizdə qalacaq, ancaq 44 günlük Vətən
müharibəsi şəhidlərinin ağrı-acısı
hələ də canımızı ağrıdır, ruhumuza
rahatlıq vermir. Fəqət bütün şəhidlərimizin,
o cümlədən II Qarabağ müharibəsi şəhidlərinin
canlarını müqəddəs amallar uğrunda fəda
etdiklərini, ən uca məqama yüksəldiklərini, məkanlarının
cənnət olduğunu, adlarının Azərbaycan tarixinə
qızıl hərflərlə yazıldığını, əbədi
olaraq zamanın yaddaşında və xalqın qəlbində
qalacaqlarını xatırladıqca cismimiz dincəlir, ruhumuz
rahatlıq tapır.
Vətən
müharibəsindən söz düşmüşkən, Ali
Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə
hərbçilərimizin şanlı tarix yazaraq düşmən
üzərində möhtəşəm qələbəmizi
təmin etməsini, nəticədə 30 ilə yaxın
işğal altında olan dədə-baba
torpaqlarımızın hərbi və siyasi yolla azad edilərək,
ərazi bütövlüyümüzün bərpa olunmasını,
bununla da Azərbaycan tarixinə növbəti parlaq səhifələr
yazıldığını xüsusi vurğulamaq
lazımdır.
Sirr deyil
ki, 27 sentyabr 2020-ci il tarixdə səhər saatlarında Ermənistan
silahlı qüvvələrinin genişmiqyaslı təxribat
törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan ordusunun mövqelərini
və yaşayış məntəqələrini
iriçaplı silahlar, minaatanlar və müxtəlif
çaplı artilleriya qurğularından intensiv atəşə
tutması ordumuzu mənfur düşmənin layiqli
cavabını verməyə vadar etdiyindən Azərbaycan
Silahlı Qüvvələri əks-hücum əməliyyatları
həyata keçirdi və bununla da ikinci Qarabağ müharibəsi
başladı. Ermənistanın növbəti təxribatlarının
qarşısını almaq və düşməni sülhə
sövq etmək məqsədi ilə gedən 44 günlük
müharibədə müdrik və qətiyyətli Ali Baş
Komandanın rəhbərliyi ilə qüdrətli Azərbaycan
Silahlı Qüvvələrinin hərbçiləri xarüqələr
yaratdı. Elə ilk günlərdən düşmənə
sarsıdıcı zərbələr vuran qəhrəman
övladların qısa zamanda ardıcıl zəfərlər
qazanmaqla kəndlərimizi, qəsəbələrimizi,
yaşayış məntəqələrimizi, eləcə də
şəhərlərimizi, o cümlədən 4 oktyabrda Cəbrayıl,
17 oktyabrda Füzuli, 20 oktyabrda Zəngilan,
25 oktyabrda Qubadlı və nəhayət
8 noyabrda Şuşa şəhərini işğaldan azad etməsi
Ermənistanı sülhə sövq etdi və bu biçarə
düşmənin kapitulyasiya aktını imzalaması ilə
nəticələndi, ardınca 20 noyabrda Ağdam, 25 noyabrda Kəlbəcər
və 1 dekabrda Laçın işğaldan azad olundu. Bununla da, haqq mübarizəsi hərbi-siyasi qələbəmizlə
başa çatdı və Azərbaycanın ərazi
bütövlüyü ilə bərabər, ədalət də
bərpa olundu. Təbii ki, bütün bunlar müzəffər
Ali Baş Komandanın mükəmməl siyasətinin və
sarsılmaz iradəsinin, dövlətimizin qüdrətinin,
Silahlı Qüvvələrimizin gücünün, hərbi
qulluqçularımızın qəhrəmanlığının
və xalqımızın mübarizliyinin sıx vəhdətinin
nəticəsində mümkün olmuşdur. Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin
müvafiq fərman və sərəncamları ilə Anım
və Zəfər günlərinin, müxtəlif orden, medal və
fəxri adların təsis edilməsi, II Qarabağ müharibəsi
iştirakçılarının, o cümlədən şəhidlərimizin
müxtəlif orden, medal və fəxri adlarla təltif edilməsi,
Vətən müharibəsi memorial kompleksi və Zəfər
muzeyinin yaradılmasına başlanılması, eləcə
də şəhidlərin əziz xatirəsinin uca
tutulması, onların adlarının əbədiləşdirilməsi,
şücaətlərinin yüksək qiymətləndirilməsi
və qəhrəmanlıqlarının təbliğ edilməsi
ilə bağlı müvafiq tədbirlərin görülməsi,
Azərbaycanın ərazi bütövlüyünün təmin
edilməsi, Ermənistan Respublikası tərəfindən
işğal olunmuş tarixi ərazilərimizin azad edilməsi
uğrunda aparılan döyüşlərdə əsl qəhrəmanlıq
nümunəsi, misilsiz şücaət və rəşadət
göstərmiş vətən oğullarına, o cümlədən
işğalçı düşmənə qarşı həyata
keçirilən əməliyyatlar zamanı şəhid
olmuş, sağlamlığını itirmiş xalqın bir
sıra igid övladlarına dövlət səviyyəsində
verilən yüksək dəyərin təcəssümüdür.
Qürurverici və sevindiricidir ki, Azərbaycan
Respublikasında şəhid ailələrinin və müharibə
əlillərinin sosial müdafiəsi və onların
rifahının yaxşılaşdırılması daim
dövlət siyasətinin əsas tərkib hissəsi
olmuş, bu istiqamətdə geniş dövlət dəstəyi
mexanizmləri formalaşdırılmışdır. Ölkəmizdə
şəhid ailələrinə və müharibə əlillərinə
hər zaman dövlət səviyyəsində böyük
diqqət və qayğı göstərilmiş, onlar müxtəlif
növ dövlət təminatı ilə təmin edilmişlər.
Bu diqqət və qayğının təməli
xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən
qoyulmuşdur.
Son illərdə
ölkəmizdə əhalinin, xüsusilə Qarabağ
müharibəsi əlillərinin və şəhid ailələrinin
sosial müdafiəsinin daha da gücləndirilməsi, o
cümlədən bu qəbildən olan insanların
sağlamlıq, reabilitasiya və yaşayış şəraitinin
yaxşılaşdırılması üçün
mühüm tədbirlər həyata keçirilmiş və
bu istiqamətdə işlər uğurla davam etdirilmişdir.
Azərbaycan Respublikasının ərazi
bütövlüyünün, müstəqilliyinin və
konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil
olmuş şəxslərin və şəhid ailələrinin
sosial-məişət şəraitinin
yaxşılaşdırılması, eləcə də,
şəhid ailələri üçün verilən Prezident
təqaüdünün artırılması məqsədi ilə
qısa zaman ərzində cənab Prezidentin ard-arda bir
neçə fərman və sərəncam imzalaması bu
zümrədən olan insanlara göstərilən diqqət və
qayğının bənzəri olmayan ən yüksək
göstəricisi olmuşdur.
Hər kəsə məlumdur ki, şəhid ailələrinə
diqqət və qayğı dövlət
başçısının bu gün həyata keçirdiyi
siyasi kursun mühüm istiqamətlərindən biridir. Cənab Prezident İlham
Əliyev şəhid ailələri ilə görüşdə
demişdir: “Şəhid ailələrinə diqqət mənim
fəaliyyətimdə daim prioritet təşkil edir. Son illər ərzində şəhid ailələri
ilə çoxsaylı görüşlərim bunu bir daha
sübut edir. Biz sizinlə birlikdə bir
çox evlərin açılışlarında iştirak
etmişik. Mən şəhid ailələrinə
mənzillərin, avtomobillərin açarlarını şəxsən
təqdim etmişəm və bunu özüm üçün
borc bilirəm. Bu, mənim borcumdur, xalqa
xidmət etmək mənim ən böyük vəzifəmdir.
Mənim üçün bu, böyük şərəfdir
ki, sizə bu istiqamətdə xidmətimi göstərim.”. Təsadüfi deyil ki, dövlət
başçısının 2018-ci il
prezident seçkilərindən sonra imzaladığı ilk Fərman
da şəhid ailələrinin sosial müdafiəsi ilə
bağlı olmuşdur.
Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin və
Birinci vitse-prezident Mehriban xanım Əliyevanın mütəmadi
olaraq, o cümlədən 28 yanvar 2019-cu il tarixdə, 21 iyul
2020-ci il tarixdə şəhid ailələri və müharibə
əlilləri ilə görüşmələri, onların
qayğı və problemləri ilə maraqlanmaları, onlara hərtərəfli
dəstək göstərmələri, mənzil və
avtomobillər təqdim etmələri bu qəbildən olan
insanlara dövlət səviyyəsində verilən yüksək
dəyərin və göstərilən böyük
qayğının təzahürüdür.
Fərəhləndirici və qürurvericidir ki, şəhid
ailələrinin və Vətənin müdafiəsində
iştirak edən şəxslərin maddi-sosial vəziyyətinin
yaxşılaşdırılması daim vətəndaş cəmiyyətinin
də diqqət mərkəzindədir. Azərbaycan xalqı
xeyirxahlıq, fədakarlıq və humanizm prinsiplərini rəhbər
tutaraq, həmvətənlərinə təmənnasız
kömək ənənələrini davam etdirərək, vətəndaşlarımız,
xarici ölkələrdə yaşayan soydaşlarımız,
sahibkarlar, humanitar və digər təşkilatlar şəhid
ailələrinin, müharibə əlillərinin və hərbi
əməliyyat iştirakçılarının müvafiq
ehtiyaclarının təmin edilməsinə, maddi, tibbi və
digər sosial xərclərinin ödənilməsinə
yardım sahəsində həmrəylik nümayiş etdirirlər.
Dövlət
başçısının 08 dekabr 2020-ci il
tarixli müvafiq fərmanı ilə Azərbaycan
Respublikasının ərazi bütövlüyünün
müdafiəsi ilə əlaqədar yaralananların və
şəhid ailələrinin təminatına dəstək
fondunun (“YAŞAT” Fondu) yaradılması bu istiqamətdə
görülən işlərə böyük töhfə
oldu.
Dərin
minnətdarlıq hissləri ilə xüsusi
vurğulanmalıdır ki, 31.12.2020-ci il tarixdə şəhid
ailələri və 20 Yanvar şəhidlərinin ailələri,
Əfqanıstanda sovet qoşunlarının tərkibində
beynəlmiləl borcunu yerinə yetirərkən həlak olan,
itkin düşmüş və məhkəmə qaydasında
ölmüş elan edilən hərbi qulluqçuların ailələri
üçün Prezidentin təqaüdünün məbləğinin
artırılması haqqında imzalanan ölkə rəhbərinin
müvafiq fərmanlarına əsasən, həmin ailələr
üçün Prezidentin aylıq təqaüdünün məbləği
artırılaraq 300 manatdan 500 manata
çatdırılmışdır. Dövlət
başçısının eyni gündə
imzaladığı daha bir Fərmanı isə müharibə
və 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar
əlilliyi olan şəxslərin rifah halının
yaxşılaşdırılmasına xidmət etmişdir.
Fərmanla bu kateqoriyadan olan şəxslər, həmçinin
müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə
bərabər tutulanlar (hərbi xidmət vəzifələrini
yerinə yetirməklə və Çernobıl AES-də hərbi
xidmətlə əlaqədar əlilliyi olan şəxslər)
üçün Prezidentin təqaüdünün məbləği
orta hesabla 50%-dən çox artırılmışdır.
İkinci Qarabağ müharibəsində möhtəşəm
Zəfərimizin qazanılmasına mühüm töhfələr
vermiş Vətən müharibəsi qəhrəmanlarının
sosial müdafiəsi də Prezidentin diqqətindən kənarda
qalmamışdır. Dövlət başçısının həmin gün
imzaladığı yeni Fərmanla sosial təminat sistemində
yeni təqaüd növü kimi, Vətən Müharibəsi
Qəhrəmanı üçün Prezidentin aylıq təqaüdü
də təsis olunmuşdur.
Azərbaycan dövlətinin ərazi
bütövlüyünün, müstəqilliyinin və
Konstitusiya quruluşunun müdafiəsi üçün
mübarizəyə qalxmaqla mərdlik göstərərək
əlil olmuş şəxslərə və canlarını
qurban verməklə şəhidlik zirvəsinə
ucalmış vətən övladlarının ailələrinə
mənəvi və maddi dəstək göstərilməsi
üçün tədbirlər müntəzəm olaraq
uğurla davam etdirilir. Bu müqəddəs missiyanın həyata
keçirilməsində prokurorluq, o cümlədən hərbi
prokurorluq orqanlarının əməkdaşları da
iştirak edir.
Göründüyü
kimi, bu gün bütün şəhidlərimizin, o cümlədən
Vətən müharibəsində tarixi qələbənin əldə
edilməsində misilsiz fədakarlıq göstərməklə
ölkəmizin ərazi bütövlüyü yolunda
canlarından keçərək hər birimizə sonsuz sevinc
və qürur hissləri yaşadan qəhrəman
övladlarımızın əziz xatirəsi qədirbilən
millətimiz tərəfindən dərin ehtiramla yad edilir,
onların ailə üzvləri və müharibə əlilləri
dövlətin, eləcə də xalqın diqqət və
qayğısı ilə əhatə olunur. Bu onun göstəricisidir
ki, istər dövlətimiz, istərsə də xalqımız
üçün bütün şəhidlərimizin xatirələri
son dərəcə əziz, onların ailələri və
müharibə əlilləri isə doğmadır. Əminəm ki, bu münasibət əbədi olaraq
dəyişməz qalacaqdır. Uca ALLAHdan
şəhidlərimizə rəhmət, qazilərimizə
şəfa diləyirəm.
Vətən
var olsun!
Firad
Əliyev,
Azərbaycan
Respublikası
Hərbi
prokurorunun böyük köməkçisi - Azərbaycan
Respublikası
Hərbi
Prokurorluğunun
Mətbuat
Xidmətinin rəhbəri,
ədliyyə müşaviri.
Respublika.- 2021.- 20 yanvar.- S.7.