Şuşa regionun ən
gözəl məkanlarından birinə çevriləcək
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Şuşanın Azərbaycan üçün müstəsna əhəmiyyətini yüksək qiymətləndirərək bildirmişdir ki, Şuşasız Qarabağ, Qarabağsız isə Azərbaycan yoxdur. Ulu öndərin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev də Vətən savaşı zamanı müsahibələrinin birində “Şuşasız bizim işimiz yarımçıq olar” demişdi. Prezident İlham Əliyev bu vədini də yerinə yetirdi. Xalqımızın tarixində, mədəniyyətində, qəlbində xüsusi yeri olan, Qarabağın tacı sayılan Şuşa şəhərinin işğaldan azad edildiyi günün - 8 Noyabrın Azərbaycanda Zəfər Günü kimi təsis edilməsi haqqında Sərəncam imzaladı. Bu qərar bütün ölkədə sevinclə qarşılandı. “Bu gün müstəqil Azərbaycan dövləti özünün ən şanlı dövrünü yaşayır. Çünki Azərbaycan tarixdə heç vaxt bu qədər güclü olmamışdır. Bu gün bu, siyasi gücdür, iqtisadi gücdür, xalq-iqtidar birliyidir, hərbi gücdür və bizim regionda oynadığımız müsbət roldur. Biz bu gücdən istifadə edərək qarşımızda duran əsas vəzifəni şərəflə yerinə yetirdik” - deyən müzəffər Ali Baş Komandan bir daha bəyan etdi ki, işğalçı, cinayətkar Ermənistan ordusu 44 gün ərzində darmadağın edildi, demək olar ki, bu ordu yoxdur. Ermənistan silahlı qüvvələri faktiki olaraq tam dağıdılıb, məğlub edilib və biz istədiyimizə çox qısa müddət ərzində nail ola bilmişik.
Bəli, biz Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı rayonlarını, keçmiş Hadrut rayonunu, Xocavənd rayonunun böyük hissəsini, Suqovuşan qəsəbəsini, Murovdağ silsiləsini və Şuşa şəhərini hərbi yollarla azad etdik. Bütövlükdə, 300-dən çox yaşayış məntəqəsi hərbi yollarla işğaldan azad edildi. Bunun nəticəsində Ermənistan faktiki olaraq diz çökdü, məcbur olub noyabrın 10-da kapitulyasiya aktına imza atdı. Beləliklə, Ağdam, Laçın və Kəlbəcər rayonları bir güllə atmadan, bir şəhid vermədən geri qaytarıldı.
Bu Qələbə tarixdə əbədi qalacaqdır.
Vətən müharibəsində xalqımız tarixində olmadığı dərəcədə yüksək birlik, həmrəylik nümayiş etdirdi, daxildəki həmrəylik, milli birlik, vahid amal uğrunda birləşdi. Ay yarım davam edən bu savaş xalq-iqtidar birliyindən güc alan Azərbaycanın qüdrətinin, milli birliyinin sarsılmazlığının göstəricisi oldu. Eyni zamanda Azərbaycan xalqının qazandığı zəfərin möhtəşəmliyi ölkə başçısı İlham Əliyevin mümkünsüzü mümkünə çevirmək qüdrətindən bəhrələndi. Böyük qələbə son əsrlərin ən böyük torpaq qazancı, münaqişənin birdəfəlik bitməsi, Qarabağla yanaşı, Naxçıvanın Vətənimizin Şərq torpaqlarına birləşməsi, dünya Azərbaycanlılarının bir yumruq kimi bir olması ilə tarixə yazıldı. 28 il yarım işğal altında qalan Şuşanın işğaldan azad olunması, ulu öndər Heydər Əliyevin “Azərbaycan üzükdür, Şuşa onun qaşı” sözləri yenidən öz dəyərinə qovuşdu. Qətiyyətli Azərbaycan Ordusunun gücü, qüdrəti ilə bu qədim şəhər öz sahiblərinə qaytarıldı. Dövlət başçımızın qeyd etdiyi kimi, Şuşada yenə də azan səsi eşidiləcəkdir. Sənətkarlar beşiyi olan bu qədim şəhərdə artıq Azərbaycan bayrağı dalğalanır.
“Qarabağ Azərbaycandır və nida işarəsi” ifadəsini qələbəmizin rəmzinə çevirən Prezident, Ali Baş Komandan İlham Əliyevin fəxrlə söylədiyi söz həyatda həllini tapdı. Prezident İlham Əliyevin noyabrın 10-da xalqa verdiyi Ermənistan üzərində tam və qəti qələbə xəbəri illərdən bəri aparılan məqsədyönlü siyasətin, xalq-iqtidar birliyinin nəticəsi olaraq bütün Azərbaycan xalqını qürurlandırdı. “Əgər bu birlik olmasaydı, milli həmrəylik olmasaydı, biz heç vaxt torpaqlarımızı işğalçılardan azad edə bilməzdik. Bu illər ərzində bizə qarşı aparılan qara piar kampaniyası, qarayaxma, şər-böhtan kampaniyasının da əsas məqsədi o idi ki, bizi əsas vəzifəmizdən uzaqlaşdırsınlar, biz uzaqlaşaq, daxili problemlər içində boğulaq və işğal edilmiş torpaqlar işğalçıların əlində əbədi qalsın. Güclü siyasi iradə, xalq-iqtidar birliyi bu planları da alt-üst etdi”, söyləyən dövlət başçımız İlham Əliyev diplomatik uğurları ilə də sübut etdi ki, Dağlıq Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır.
Bu ilin yanvarın 5-də Prezident İlham Əliyev Şuşa ilə bağlı növbəti mühüm qərarını açıqladı, Şuşa şəhərini Azərbaycan mədəniyyətinin paytaxtı elan etdi. Ölkə rəhbəri bu qərarı ilə Şuşaya xüsusi önəm verdiyini növbəti dəfə nümayiş etdirdi: “Mən Şuşa şəhərini Azərbaycan mədəniyyətinin paytaxtı elan edirəm. Şuşa şəhəri buna layiqdir. Hesab edirəm ki, nəinki Azərbaycanın, bölgənin mədəni paytaxtı sayıla bilər”.
Azərbaycan Prezidenti İlham Əliyevin möhkəm iradəsi nəticəsində rəşadətli ordumuz 30 illik Ermənistan təcavüzünə birdəfəlik son qoydu. Uzun illərdir erməni işğalı altında qalan əzəli torpaqlarımız düşməndən təmizləndi. İndi isə işğaldan azad edilmiş ərazilərimizə yeni nəfəs gəlməsinin vaxtıdır. Bu məqsədlə 2021-ci il dövlət büdcəsindən işğaldan azad edilmiş ərazilərimizin dirçəldilməsinə 2,2 milyard manat vəsaitin ayrılması nəzərdə tutulub.
İşğaldan azad edilmiş və Qarabağın incisi olan Şuşanın milli tariximizdə mühüm yeri vardır. Dövlətimizin başçısı bu şəhəri mədəniyyətimizin paytaxtı elan etməklə Şuşanın tarixi kimliyini bir daha özünə qaytardı. Yanvarın 14-də Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Azərbaycanın işğaldan azad edilən mədəniyyət paytaxtı Şuşa şəhərində olublar. Şuşa şəhəri mübaliğəsiz Azərbaycanın mədəniyyət beşiyidir. Bu şəhər Azərbaycanın bir çox ziyalılarının, o cümlədən şairlərin, yazıçıların vətəni olub. Şuşadakı Yuxarı Gövhər ağa, Aşağı Gövhər ağa, Saatlı məscidləri və görkəmli opera müğənnisi Bülbülün ev-muzeyinə ziyan dəyib, Xurşidbanu Natəvanın evi erməni təcavüzkarları tərəfindən yandırılıb. Heç şübhəsiz, Şuşa şəhərinin mədəniyyətimizin paytaxtı elan edilməsi qarşıya qoyulan hədəflərə nail olmağımızı sürətləndirəcəkdir.
Yanvarın 14-də Prezident İlham Əliyev Füzuli rayonunda Füzuli-Şuşa yolunun və hava limanının təməlini qoyub, Şuşa şəhərinə səfəri zamanı demişdir: “Biz qalib xalqıq. Mən Şuşaya son dəfə 39 il bundan əvvəl gəlmişəm. 39 il bundan əvvəl iki dəfə gəlmişəm və birinci dəfə yanvarın 14-də gəlmişəm. Bax, bu gün, yanvarın 14-də yenə də buradayıq. Bu dəfə müzəffər Azərbaycan Ordusunun, qalib Azərbaycan Ordusunun Ali Baş Komandanı kimi gəlmişəm. Düşmənin belini qıran Ordunun Ali Baş Komandanı kimi gəlmişəm və burada müqəddəs bayrağın altında, qəhrəman hərbçilərin önündə deyirəm ki, biz bu torpaqlarda əbədi yaşayacağıq! Biz Şuşanı və dağıdılmış bütün başqa şəhər və kəndlərimizi bərpa edəcəyik. Dağıdılmış bütün tarixi abidələrimizi bərpa edəcəyik. Ermənistan saxtakarlıq edərək bütün dünyaya Şuşa haqqında uydurmalar çatdırırdı ki, guya Şuşa onların qədim şəhəridir. Pənahəli xanın saldığı şəhər necə erməni şəhəri ola bilər?! Axı, bu, yaxın tarixin işidir, hadisələridir. Əgər onlar bu şəhəri öz şəhəri hesab edirdilərsə, nə üçün belə bərbad vəziyyətə qoydular, nə üçün bütün binaları dağıtdılar? Görün, nə gündədir bu şəhər?! Daş üstə daş qalmayıb 30 il ərzində, ancaq özləri üçün villalar tikdiriblər, özləri üçün şərait yaradıblar.
Biz bu şəhəri bərpa edəcəyik. Mənim göstərişimlə böyük bir qrup ezam edildi, bütün təhlil aparıldı. Dünən mənə ilk dəfə olaraq məruzə edildi, artıq müvafiq göstərişlər verilibdir. Yaxın zamanlarda biz Şuşanın bərpasını planlı şəkildə təmin edəcəyik. Əlbəttə ki, bundan sonra biz Şuşanı göz bəbəyi kimi qorumalıyıq. Bizim hərbçilərimiz, bizim qəhrəman övladlarımız Şuşanı qoruyacaqlar ki, düşmən heç bu tərəfə baxmağa özündə cəsarət tapmasın. Mən demişəm ki, əgər kimsə Ermənistanda revanş haqqında düşünürsə, o, bizim dəmir yumruğumuzu bir daha görəcək. Bu dəmir yumruq onların belini qırdı, onların başını əzdi. Əgər bizə qarşı hər hansı bir təxribat törədilərsə, cavabımız çox sərt olacaq, çox peşman olacaqlar və yenə də acı məğlubiyyətlə üzləşəcəklər. Heç kim bizim qabağımızda dura bilməz. Bundan sonra həmişə belə olacaq. Azərbaycan Ordusu, xüsusi təyinatlılar, bizim qəhrəman övladlarımız, hərbi birləşmələrin döyüşçüləri Şuşanı və azad edilmiş bütün torpaqları göz bəbəyi kimi qorumalıdırlar ki, düşmən bir daha belə cəhd etməsin. Cəhd edərsə, axırı lap pis olacaq”.
Azərbaycan dövlət başçısının 39 il sonra elə eyni tarixdə, 14 yanvar tarixində Şuşaya səfərini tarixi səfər, tarixi Zəfər adlandırmaq olar. Uzun illər sürən işğala son qoyan, tarixi ədaləti bərpa edən Ali Baş Komandanımızın Şuşa səfəri xalqımızı yenidən o torpaqlara qayıtmağa ruhlandırdı.
Diqqəti cəlb edən məqamlardan biri də cənab Prezidentin, eləcə də Mehriban xanımın və Leyla xanımın Şuşada olan müqəddəs yerləri, məscidləri ziyarət etməsi, eyni zamanda xristian dini məbədinə baş çəkməsidir. Bununla mesaj verildi ki, Şuşadakı Aşağı və Yuxarı Gövhər ağa məscidləri və Qarabağda olan Qafqaz Albaniyası mədəniyyətinin nümunələri, o cümlədən Qazançı məbədi bundan sonra Azərbaycan dövlətinin tam qoruması, nəzarəti altında olacaq. Heydər Əliyev Fondu indiyə kimi yüzlərlə tarixi və dini abidənin bərpası, qorunması və dünyaya tanıdılması istiqamətində çoxlu işlər görüb. Şuşa şəhərinin Azərbaycan mədəniyyətinin paytaxtı elan edilməsi, tarixi şəhərimizin ilkin və tarixi simasının bərpa olunması, azad olunmuş torpaqlarımızda məscidlərimizin əsaslı şəkildə təmir edilib öz simasına qaytarılmasına dair verilən göstərişlər isə bir daha onu göstərir ki, dövlətimiz, xalqımız tarixi keçmişinə, milli mədəniyyətinə, mənəvi və dini dəyərlərinə olduqca bağlıdır. Dövlət başçımızın və birinci xanımımızın Şuşadakı məscidlərə Qurani-Kərim hədiyyə etmələri əslində dünyaya bir mesaj idi.
Dövlət başçısı Füzuli rayonunda Füzuli-Şuşa yolunun və hava limanının təməlini qoyub, Şuşa şəhərinə səfəri zamanı demişdir: “Noyabrın 8-i xalqımızın tarixində əbədi qalacaq. Noyabrın 8-də qədim Şuşa şəhərimizi düşməndən azad edərək Azərbaycan parlaq qələbə qazandı. Şuşanın işğaldan azad edilməsi böyük qəhrəmanlıq, peşəkarlıq, milli ruh tələb edirdi. Azərbaycan hərbçiləri bütün bu ülvi xüsusiyyətləri nümayiş etdirmişdir. Mən Şuşaya Qələbə yolu ilə gəlmişəm. O yol indi açılıbdır, yol yox idi. Dağlardan, meşələrdən, dərələrdən keçərək, onlarla kilometr məsafəni qət edərək qəhrəman Azərbaycan hərbçiləri yol boyunca kəndləri, qəsəbələri düşməndən azad edib, Şuşa şəhərinə yaxınlaşıb, Daşaltı kəndini azad edib və ondan sonra Şuşanı işğalçılardan azad edib.
Əminəm ki, Şuşa əməliyyatı aparıcı beynəlxalq hərbi məktəblərin dərsliklərinə salınacaqdır. Artıq məndə məlumat var ki, inkişaf etmiş bir çox ölkələrin mütəxəssisləri 44 günlük Vətən müharibəsinin hər bir gününü təhlil edirlər. Çünki 44 günlük müharibənin hər bir günü qələbə, zəfər günüdür. Şuşanın işğaldan azad edilməsi düşmənə vurulan ən böyük zərbə idi. Çünki düşmən hesab edirdi ki, Şuşanı azad etmək mümkün deyil və yəqin ki, müəyyən dərəcədə haqlı idi. Çünki Pənahəli xan bu şəhəri elə salmışdır ki, hər tərəfdən sıldırım qayalar və təbii landşaft Şuşanı mühafizə edir. 1992-ci ilin mayında o vaxtkı Azərbaycan rəhbərliyinin və hakimiyyət uğrunda mübarizə aparan AXC-Müsavat cütlüyünün xəyanəti nəticəsində Şuşa işğal altına düşdü. O vaxt ermənilər öz dırnaqarası əməliyyatına bir ad vermişdilər - dağlarda toy. Halbuki heç əməliyyat da keçirilməmişdi. Şuşa şəhəri boşaldılmışdı. O vaxtkı müdafiə naziri demişdi ki, Şuşa əldən getsə, başıma güllə çaxacağam, qorxaqcasına Şuşadan qaçmışdı. Ondan sonra isə ermənilər guya bu əməliyyat haqqında əfsanələr uydurmuşdular - dağlarda toy. İndi biz onlara elə toy tutmuşuq ki, onlar bu dərsi əbədi yadda saxlayacaqlar. Qəhrəman Azərbaycan övladları mükəmməl hərbi əməliyyat keçirərək cəsarət, rəşadət, qəhrəmanlıq, güc, milli ruh nümayiş etdirərək Şuşanı işğalçılardan azad etmişlər və uzun fasilədən sonra noyabrın 8-də Şuşada Azərbaycan bayrağı qaldırılmışdır”.
Azərbaycan xalqının tapdanmış qürurunu və heysiyyatını dirçəltməyi, dahi şəxsiyyətlərimiz Xan qızı - Xurşidbanu Natəvanın, Üzeyir Hacıbəylinin və Bülbülün erməni vəhşiləri tərəfindən güllələnmiş büstünü doğma vətənlərinə qaytarmağı, qan yaddaşımızda daşlaşmış Cıdır düzündə öz qəhrəman əsgərlərini salamlamağı yalnız Ali Baş Komandan kimi cənab İlham Əliyev bacara bildi. Şuşa əsrlər boyu qədim mədəniyyətin beşiyi, Qarabağın incisi olub. Təsadüfi deyil ki, Şuşanı “Şərqin konservatoriyası” adlandırırlar. Bu müqəddəs torpaq Azərbaycana bir çox görkəmli sənətkarlar, mədəniyyət, incəsənət xadimləri, pedaqoqlar, alimlər bəxş edib. Şuşa həm də mərdlik, cəsarət, hünər, qəhrəmanlıq rəmzidir. Bu səfər zamanı dahi bəstəkarımız Üzeyir Hacıbəylinin, korifey sənətkarımız Bülbülün və xan qızı Natəvanın abidələri bərpa olundu. Vaxtilə işğal altında olan bu abidələr düşmən gülləsi ilə dəlik-dəlik edilmişdi. Bu abidələr Bakıya gətirilərək xarici qonaqlara nümayiş etdirilirdi ki, onlar erməni vandalizmini görsünlər. Bu gün isə həmin abidələr məxsus olduğu Şuşaya qaytarıldı. Əminəm ki, dahi Üzeyirin, Bülbülün, xan qızı Natəvanın ruhları şaddır.
Bu gün sözsüz ki, Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında işğaldan azad olunmuş bölgələrdən olan insanlar doğma yurdlarına qayıdacaqları günü səbirsizliklə gözləyirlər. Həmin rayonlar yenidən qurulacaq, insanlarımız xoşbəxt, firavan öz torpaqlarında yaşayacaqlar.
Vəli
ALBƏNDOV,
“Qarabağ-E.R.” MMC-nin direktoru,
Respublikanın Əməkdar mühəndisi,
YAP üzvü.
Respublika.- 2021.- 20 yanvar.- S.9.