İstanbulda 20 Yanvar faciəsinin
ildönümü ilə bağlı anım mərasimləri
təşkil edilib
Azərbaycan
xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil
olmuş 1990-cı ilin 20 Yanvar hadisələrindən artıq
31 il keçir. Keçmiş
sovet dövlətinin hərb maşınının həmin
gün Azərbaycan xalqına qarşı həyata
keçirdiyi hərbi təcavüz insanlığa
qarşı törədilmiş ən ağır cinayətlərdən
biri kimi qalacaqdır. Azərbaycanın
azadlığı və ərazi bütövlüyü
uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi
kimi daxil olmuş həmin faciəli günlərdə öz
ölkəsinin, xalqının azadlığını, şərəf
və ləyaqətini hər şeydən uca tutan mərd Vətən
övladları canlarından keçərək şəhidlik
zirvəsinə ucaldılar. Böyük itkilərlə,
günahsız insanların qətli ilə nəticələnən
20 Yanvar faciəsi Mixail Qorbaçov başda olmaqla cinayətkar
imperiya rəhbərliyinin Azərbaycana qarşı xəyanətkar
siyasətinə dözməyən, öz
azadlığına, müstəqilliyinə can atan Azərbaycan
xalqının həm də mübarizliyini, əyilməzliyini,
məğrurluğunu nümayiş etdirdi.
Bu qanlı cinayət insanların azadlıq eşqini
söndürə bilmədi, xalqımız qanı bahasına
olsa da, öz dövlət müstəqilliyinə qovuşa
bildi. Aradan illər keçməsinə baxmayaraq, bu tarixi
gün dünyanın harasında yaşamasından
asılı olmayaraq hər bir azərbaycanlının qan
yaddaşına əbədi həkk olunub. Hər il 20 Yanvar günü
torpaqlarımızıın bütövlüyü və
müstəqilliyimiz uğrunda mübarizədə qurban
getmiş şəhidlərin xatirəsi böyük ehtiramla
anılır, fotosərgilər keçirilir, konfranslar təşkil
olunur.
Keçmiş Sovet imperiyasının Bakıda törətdiyi
qanlı qırğının 31-ci ildönümü ilə əlaqədar
İstanbulda da anım mərasimləri keçirilib. Azərbaycanın
İstanbuldakı baş konsulluğunda 20 Yanvar faciəsi ilə
əlaqədar fotosərgi təşkil edilib.Tədbirdə
ölkəmizin İstanbuldakı baş konsulu Nərminə
Mustafayeva, diplomatik nümayəndəliyin əməkdaşları
və media nümayəndələri iştirak ediblər.
Anım mərasimində çıxış
edən baş konsul 20 Yanvar tarixinin Azərbaycanın müstəqilliyi
yolunda atılan mühüm addım olduğunu bildirib. Bu qanlı gecənin ölkəmiz üçün
hüzn və azadlıq rəmzi olduğunu deyən
N.Mustafayeva bildirib ki, illər ötsə də, Azərbaycan
xalqı bu faciəni, eləcə də Vətən
müharibəsi zamanı şəhid olmuş qəhrəmanlarımızı
heç vaxt unutmayacaq. 44 günlük Vətən
müharibəsi nəticəsində tarixi Azərbaycan
torpaqlarının uzun illər davam edən işğaldan azad
olunduğu barədə danışan baş konsul Müzəffər
Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan
Silahlı Qüvvələrinin qəhrəmanlığı
və şəhidlərimizin qanı bahasına qazanılan Zəfərin
şəhidlərimizin ruhunu şad etdiyini bildirib.
Tədbirdə 20 Yanvar faciəsinin dəhşətlərini
əks etdirən fotolar nümayiş olunub. Bu fotoşəkillər
1990-cı il yanvarın 19-dan 20-nə
keçən gecə keçmiş sovet hakimiyyəti rəhbərliyinin
qərarı ilə Azərbaycana qoşun yeridilməsinin
acı nəticələri, Qanlı Yanvar hadisələrinin dəhşətləri
ilə bağlı əyani təsəvvür yaradır.
20 Yanvar qətliamının 31-ci ildönümü ilə
əlaqədar İstanbulda daha bir konfrans keçirilib. Onlayn formatda
keçirilən “Müstəqilliyə gedən yol- 20 Yanvar”
adlı konfrans İstanbul Türkiyə-Azərbaycan Dərnəyinin
(İSTAD) təşkilatçılığı ilə
baş tutub. Tədbirdə Türkiyə-Azərbaycan
parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil
Ayrım, İSTAD-ın rəhbəri Səfər Qaraqoyunlu və
İSTAD-ın sədrinin müavini sosial elmlər üzrə
ekspert, türkiyəli yazıçı Mətin
Yıldırım çıxış ediblər.
20 Yanvarın Azərbaycanın milli qəhrəmanlıq
günü olduğunu deyən
çıxışçılar bu tarixin Azərbaycan
xalqının yaddaşına əbədi
yazıldığını vurğulayıblar. Bildirilib ki,
1918-ci ildə Şərqin ilk demokratik respublikası olaraq qurulan
Azərbaycan sonradan sovet hakimiyyəti tərəfindən
işğal edilib. 70 il davam edən
bu əsarət Azərbaycan xalqında olan müstəqillik
ruhunu əsla yox edə bilməyib və 20 Yanvar bunun ən
böyük sübutudur. Müstəqillik
eşqi ilə yaşayan azərbaycanlılar o Qanlı Yanvar
gecəsində əliyalın tankların qarşısına
çıxıb, canları bahasına uzun illər gözlənilən
azadlığa qovuşublar. Azərbaycanın
müstəqilliyini tanıyan ilk ölkənin Türkiyə
olduğunu xatırladan çıxışçılar bu
iki respublika arasında əsrlərə dayanan qardaşlıq
bağlarının dünya üçün bir nümunə
olduğunu vurğulayıblar. Bildirilib ki, daim birlikdə
hərəkət edən iki qardaş ölkə 44 gün
davam edən Vətən müharibəsində Azərbaycanın
əldə etdiyi Qələbə münasibətilə
Bakıda keçirilən paradda da bu birliyi bir daha
bütün dünyaya nümayiş etdirdi.
Konfransda Azərbaycanın və Türkiyənin
ümummilli liderləri Heydər Əliyevin “bir millət, iki
dövlət” və Mustafa Kamal Atatürkün “Azərbaycanın
kədəri kədərimiz, sevinci sevincimizdir” kəlamları
səsləndirilib. Tədbir çərçivəsində
20 Yanvar faciəsini əks etdirən fotoşəkillərdən
ibarət sərgi nümayiş etdirilib.
Esmira Yazkan
ASLANOVA,
“Respublika” qəzetinin
Türkiyə üzrə müxbiri.
Respublika.- 2021.- 22 yanvar.- S.5.