VİCDAN SUSANDA*

(əvvəli 20 yanvar tarixli sayımızda)

 

Məlumata görə, 1990-cı il yanvarın 20-də Heydər Əliyevin çekist dostları general V.A.Şebarşinin və V.A.Kirpiçenkonun təkidilə yaradılmış “Antiterror” qrupunun üzvləri Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyindən 12 kq partlayıcı maddə götürərək, ətraf binalarda qərar tutan 16 nəfər erməni terrorçusunu həbs etdilər. Məhz bundan sonra Heydər Əliyevin sərbəst çıxışına təminat verildi... Bu, ermənilərin qanlı cinayətlərini ifşa edən ən güclü siyasi-hüquqi sənəd idi. Məlumata görə, həmin gün Heydər Əliyevə və onun ətrafına zərər verə biləcək D.S.Mirzoyan (hərbi kəşfiyyat mayoru), L.M.Bazuyan (istefada olan hərbçi), Q.M.Emilyan (tarixçi), F.M.Qalustyan (“ASALA”), E.D.Melikyants (“DRO”), M.D.Şanx (Cənubi Afrika vətəndaşı), R.B.Sarkisyan (Yerevanda yaradılmış “Krunk” təşkilatı), H.S.Samvel (bərpa olunmuş “Erməni Bürosu”nun üzvü) və başqa erməni terrorçuları həbs olundular (Bax: Moskva şəhər Təhlükəsizlik Xidmətinin zabiti M.İ.Bezrukovun “Azadlıq” radiosuna verdiyi müsahibədən. 1990-cı il, 21 yanvar).

 

1991-ci il iyulun 14-də, yəni Bakı qırğınlarından sonra Vaşinqtonda fəaliyyətə başlayan “Demokratik (Xalq) Cəbhə” ermənilərin yaratdıqları “Haydad”la birgə iş proqramını, “böyük Ermənistan” ideyasını birgə həyata keçirmələri haqqında Memorandumu imzaladılar. Fransada formalaşan “Orli təşkilatı” isə türk və azərbaycanlı gənclərə, onların təşkilatlarına qarşı açıq mübarizəyə hazırlaşdıqlarını elan etdilər. Məlumata görə, bu qrup “ASALA” erməni ordusunun bir qanadını təşkil edir və bu qrup ilkin olaraq Xankəndi, Sumqayıt və Bakı ərazilərində yaşayan erməni gənclərindən təşkil olunan “Yeni erməni Bürosu” adı ilə Bakıdan təqribən 25 km aralı olan “Nasosnı” deyilən təlim düşərgəsində iki aya yaxın, yəni 1989-cu ilin sentyabr-oktyabr aylarında Bakının, Gəncənin və Naxçıvanın strateji xəritələrini... öyrəniblər. Araşdırma materiallarına görə, 1990-cı il yanvarın 24-də “Nasosnı” təlim düşərgəsindən qalxan 09-2001 3q işarəli təyyarə Gürcüstan istiqamətinə start götürdü. Gürcüstan hərbi kəşfiyyatının polkovniki S.N.Qabriadze yerli telekanala bu faktla bağlı açıqlamasını verdi. Məlumata görə, 1990-cı il yanvarın 28-də Dəməşqdə ingilis dilində nəşr olunan “Suriya vaxtı” qəzeti  ikinci səhifəsində “Qafqazda baş verən hadisələrin icmalı” yazısında “ASALA” erməni silahlı birləşmələrinin Bakıda törətdikləri qanlı cinayətlərə haqq qazandıraraq yazır: “...Sovet İttifaqında vaxt dayandığından... o dağıldı. Yaxşı tanıdığınız ermənilər qədər bu diyarda əzab çəkən, öldürülən və günahsız yerə həbs olunan millət yoxdur. 1990-cı il yanvarın 20-də ermənilərin “Xilas dəstələri” (şübhəsiz, bu “ASALA” erməni ordusuna işarə idi) erməni bacı və qardaşlarını ölümdən xilas etmək üçün Bakıya ayaq basdılar. Yüzlərlə erməni ailəsi xilas olundu (?)...” (Bax: eyni mənbə). Yerli radionun müxbiri Cubran İsmayılın qələmə aldığı bu yazı fransız və ərəb dillərinə də tərcümə olunub, yayıldı. Başqa bir məlumatda isə bildirilir ki, bu yazı, eləcə də bu yazıya bənzər bir neçə yazı “Ermənilər üçün qırmızı xətt” kitabçası adı altında Strasburqda satışa çıxarıldı.

 

Araşdırma materiallarına görə, 1990-cı il fevralın 19-da Kabildən (Əfqanıstan) Moskvaya qayıdan general-leytenant, məşhur kəşfiyyatçı V.A.Kirpiçenko onun göndərdiyi məktub və teleqramları cavabsız qoyan Siyasi Büronun üzvü, Dövlət Təhlükəsizlik Komitəsinin sədri, ordu generalı V.A.Kryuçkovla görüşür. (Bax: RF. Arxiv MO. QN. 304/2. L.M.Vlasovun qovluğu. O vaxt kəşfiyyat mayoru L.M.Vlasov ordu generalı Kryuçkovun təhlükəsizlik dəstəsində idi və generalla qohumluq əlaqələrinə malik idi). Bu vaxt Birinci Baş İdarəyə, Heydər Əliyevin silahdaşı general Leonid Vladimiroviç Şebarşin başçılıq edirdi. Kəşfiyyat generalı 1990-cı il fevralın 26-da məktubları əsasında Siyasi Büroya “Xüsusi Arayış”ını hazırlayır. Məlumata görə, general Siyasi Bürodan aydınlaşdırmağa çalışırdı ki, nə üçün Əfqanıstanda əslən Livandan olan “Sarvar” adlı agentindən əldə etdiyi məlumatlar işlənməmiş qalıb. General soruşurdu: “Siyasi Büro millətləri və xalqları parçalayan, insanları məhv edən ölkə ərazisində qeyri-qanuni fəaliyyət göstərən “ASALA” separatçı erməni ordusu ilə bağlı hansı tədbirləri işləyib?” Daha sonra, general sorğularının birində qeyd edirdi: 1990-cı il yanvarın 20-də Azərbaycan xalqına edilən silahlı erməni basqınlarının təşkilatçılarına Kremldə dəstək verənlər kimlərdir? Bakı həmişə strateji əhəmiyyətinə görə xarici kəşfiyyat üçün əlçatmaz olub. Qapıları açan kimlərdir?

 

Faktiki olaraq general V.A.Kryuçkov yəqin etmişdi ki, Moskva, Leninqrad, Stavropol, Rostov əraziləri erməni emissarları ilə doludur. Yoxlama materiallarına görə, təkcə Rostov ərazisinə Afrika ölkələrindən 1989-cu ilin sentyabr ayında 407 nəfər erməni gəlmişdi. Bu ermənilər tədricən İttifaq ərazisindəki erməni silahlı qruplaşmalarında görünürdülər. Maraqlı məqamlardan biri bu idi ki, 1989-cu il noyabrın 20-dən xarici ölkələrdən gələn ermənilər Bakıda məskunlaşaraq “ASALA” silahlı erməni ordusunun yolunu gözləyirdilər. Bu fakt ordu generalının kəşfiyyat materiallarından biri idi. Araşdırma materiallarına görə, “Andres Kastro” deyilən silahlı qrup 1989-cu ilin dekabr ayının ortalarında Bakıda göründü. Bu terror təşkilatının üzvləri, məlumata görə, artıq “ASALA” terror təşkilatı üçün kiçik bir plan cızmışdı.

 

Araşdırma materiallarına görə, 1990-cı ilin qanlı yanvar faciəsindən sonra general V.A.Kryuçkovun göstərişilə ölkənin təhlükəsizlik xidməti sıralarından milliyyətcə erməni olan və bilavasitə “ASALA” erməni ordusunun qurulmasında iştirak edən, ermənilərin silah və digər hərbi sursatlarla təmin olunmasında, Gürcüstandakı, Stavropoldakı və Rostovdakı hərbi bazaların, qoşun kontingentinin, tank diviziyalarının və hərbi vertolyotların onların istifadəsinə verilməsində ittiham edilən 28 kəşfiyyat zabiti, Müdafiə Nazirliyinin tabeliyində olan Baş Kəşfiyyat İdarəsinin yüksək rütbəli 43 nəfər əməkdaşı işdən qovuldular. Çünki 1990-cı il 20 Yanvar basqını ilə bağlı hərbiləşdirilmiş erməni terror birləşmələrinin törətdikləri cinayətlər haqqında Bakıdan heç bir operativ kəşfiyyat materialı göndərilməyib və yaxud göndərilən şifroqramlar və açıq mətnli teleqramlar məhv edilib. Bu gün bu istiqamətdə RF-nin kəşfiyyat idarələrində açılan “Məlumat qovluqları” bomboşdur (?).

 

Araşdırmalara görə, 1990-cı il yanvarın 20-də ümumən respublika ərazisindəki doğum evlərində 460 nəfər hamilə qadın atılan güllələrdən, günahsız qırğınlardan və qəfil məlumatlardan stress vəziyyətinə düşüb. Bu vəziyyətə düşən hamilə qadınların böyük bir qismi (bəzi məlumatlara görə, onların sayı 270 nəfər olub) doğum zamanı öz övladlarını itirib. Məlumata görə, 35 hamilə qadın vəfat edib. Doğulan uşaqların böyük bir qismi isə şəkər, qan təzyiqi, ürək-damar və baş-beyin xəstəliklərindən bu gün də əziyyət çəkir (Bax: İRNA-nın “Xəbərlər bülleteni” (İran). 1990-cı il, 1-28).

 

Araşdırma materiallarına görə, “ASALA” erməni ordusunun Bakıya basqını haqqında ən ciddi və məxfi materialları RF-nin MN-nin Baş Kəşfiyyat İdarəsində üstündə “Məxfidir: 45 dərəcə bucaq altında” sözləri yazılmış qovluqda saxlanılır. Kəşfiyyat polkovniki Boris Qriqoryeviç Bondarenkonun iddiasına görə, o vaxt Moskvada yaşayan, Siyasi Büro və şəxsən M.S.Qorbaçov və onun erməni general dostları tərəfindən sıxışdırılan Heydər Əliyevin gözlənilməz, amma düşünülmüş və qəti addımı həmin qovluqda saxlanılan “ASALA”nın yarımçıq qalmış planlarını alt-üst etdi.

 

Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinin qapıları açılanda, nümayəndəlikdən matəm bayraqları asılanda hər şey dəyişdi. Heydər Əliyev cəsarəti dünyanı silkələdi. O vaxt Moskvanı,  şəxsən ölkəyə başçılıq edən M.Qorbaçovun önündə... göz-gözə ittiham etmək, onu cinayətkar və cani adlandırmaq asan məsələ deyildi. Ruslar bir qayda olaraq xarici mətbuat səhifələrində, beynəlxalq telekanallarda iddia edirdilər ki, azərbaycanlılar bu kütləvi qırğınlarda rusları günahkar bilməsinlər. Rusiyanı və rusları Beynəlxalq Cinayətə sürükləyən, onun imicinə öldürücü zərbələr vuran M.Qorbaçovu ittiham edirdilər. (Ən acınacaqlı və dəhşətlisi bu idi ki, Bakı neftini sovurub aparan və milyardlara sahib olan Nobelin adına Beynəlxalq Sülh Mükafatına layiq görülən M.Qorbaçov abırsız və həyasız mövqeyindən əl çəkmədi). Sual olunur: hansı səbəbə görə Qorbaçovlar ailəsi (Mixayıl Sergeyeviç və Raisa Maksimovna) 1985 və 1989-cu illərdə “ASALA” erməni silahlı terror birləşməsinin Beyrutdakı təlim düşərgəsi üçün bir milyon dollar yardım ayırmışdılar. Məlumata görə, general V.A.Kirpiçenko bütün bunları araşdırarkən Siyasi Büroya və Təhlükəsizlik Şurasına sorğu ünvanlasa da, cavabsız qalmışdı (Bax: “Ararat” qəzeti, Beyrut (Livan). 1995, II-3).

 

Bəzi mənbələrdə qeyd olunur ki, Bakıda törədilən qırğınlara SSRİ Müdafıə naziri D.Yazov başçılıq edirdi. Məlumata görə, 1990-cı il yanvarın 28-də Bağdadda ermənilərin hakim olduqları, lakin 1979-cu ildən ölkədənkənar çap olunan “Yeni fikir” qəzeti yazırdı: “...Bağdadda keçirilən “Erməni diaspor rəhbərlərinin konfransı” başa çatdı. Konfransda Yaxın Şərq regionlarında tanınan, erməni xalqının generalları M.O.Şagiyan, D.T.Simon (Simonyan) da iştirak edirdilər. Onlar Bakıda erməni millətinə qarşı amansız mövqe tutan azərbaycanlılara qarşı hərbi əməliyyatlarda iştirak edib...”. Fransada nəşr olunan “Vi” (“Həyat”) qəzeti isə 1990-cı il fevralın 2-də xəbər yaydı ki, 1990-cı il 20 Yanvar qırğınlarında üç erməni generalı öldürülüb”. Mən hələ də qarşımda açıq qalan suallara cavab tapa bilmirəm. Amma fakt bu idi ki, “...baş verən Bakı qırğınlarında iki yüksək rütbəli erməni iştirak edib...”.

 

Bütün bunlar, artıq məlum idi. “45 dərəcə bucaq altında” keçirilən əməliyyatın Bakı qırğınlarında Sovet Qoşun kontingentində yüksək dərəcədə hərbi təlim görmüş erməni generalları “ağıllı məsləhət verməklə məşğul idilər”. Məlumata görə, Heydər Əliyev baş verənlərdən artıq xəbərdar idi. Bütün bunlara görə də Heydər Əliyev 20 Yanvar faciəsinə siyasi qiymət verdi, xalqın hüquqa, demokratiyaya, humanizmə zidd mövqe tutanlarını ifşa etdi, onların tutduğu yolu kobud və səhv siyasi bir yol olduğunu göstərdi.

 

Araşdırma materiallarına görə, Beynəlxalq Erməni Diaspor Təşkilatları hələ də “ASALA” erməni silahlı qoşun birləşməsini, “Azadlıq mücahidləri” kimi qələmə verir. Xocalıda törətdikləri qırğınları inkar etmək kampaniyası keçirməklə məşğuldular. Şübhəsiz, bu qanlı faciələrdə Sovet Qoşun Kontingentindəki stress vəziyyətində, müsəlmanlara qarşı qisasçılıq hissilə Əfqanıstandan qayıdan rus əsgər və zabitlərinin fəaliyyətləri yaddan çıxarılmamalıdır. Bu istiqamətdə istintaq yarımçıq getsə də, “ASALA” istiqamətində qovluqlarda heç bir istintaq materialı yoxdur. Hansı səbəbdənsə dünyanın KİV-i bütün tədqiqatı Moskva istiqamətinə yönəltdilər, erməni faktoruna kölgə saldılar. Məhz bütün bunlara görə də istintaq yarımçıq qaldı. Ən azından məsələlərə aydınlıq gətirmək üçün Ermənistanın Moskvadakı Daimi Nümayəndəliyinin binasında keçırilən məxfi iclas və yığıncaqlar haqqında məlumatları rusların kəşfiyyat mərkəzlərində toplanmış qovluqları oxumaq, onlarla tanış olmaq lazım idi. Bu isə olmadı.

 

“ASALA” erməni silahlı qoşun birləşməsinin “Eçmiədzin”lə bağlılığına gəlincə, bu çox ciddi bir məsələ kimi həmişə diqqət mərkəzində olmalıdır. Məsələn, bu gün Eçmiədzində və onun digər yaşayış məntəqələrində 255 nəfər (xüsusi xidmət orqanlarından könüllü çıxaraq) təhlükəsizlik zabiti vəzifəsində çalışır. Məlumata görə, Eçmiədzin Ermənistanda və Azərbaycanda işləmək üçün hər il 120 nəfər kəşfıyyat zabiti hazırlayır.

 

“ASALA” - Eçmiədzin əlaqələri isə, təəssüflər olsun ki, Azərbaycanda, eləcə də dünyada nə dərəcədə təhlükə mənbəyi olmasına baxmayaraq, az tədqiq olunan məsələdir. Məsələn, 1990-cı il 20 Yanvar təcavüzündən sonra Bakıda, eləcə də Azərbaycanın digər yaşayış ərazilərində azərbaycanlıları məhv edən, onları güllələyən 21 nəfər “ASALA” üzvünə “Eçmiədzin”in xüsusi mükafatları - üstündə qızıl xaç olan “Vətən Ordeni” (?) verildi. Başqa bir məlumatda isə bildirilir ki, bu ordeni alanların içində iki nəfər (ər və arvad) azərbaycanlı da var. Bu gün onlar erməni adı altında Noyanberyan yaşayış məntəqəsində yaşayırlar (?). Əlbəttə, biz bu faktı gərəksiz bilib, tam araşdırmadıq. Digər tərəfdən, biz bu araşdırmanı yarımçıq saxladıq. Çünki faktlar və məlumatlar bizi tamam başqa yerə aparıb çıxartdı. Məlum oldu ki, bu adamlar arasında heç bir ər-arvad münasibəti olmayıb və onlar elə Azərbaycan ərazisində yaşayırlar... Düşünürəm: belə şəxslər olmasaydı, “ASALA” Bakının heç bir strateji nöqtəsini asanlıqla əldə edə bilməzdi, Şuşa, Laçın... işğal olunmazdı, düşmən Qartal yuvalarına gedib çıxa bilməzdi. Bütün bunlar azmış kimi, düşmən yolunun üstündə dayanan bu adamların Eçmiədzin tərəfdən Bakıdakı Erməni kilsəsində işləmək üçün təyinatları da verilib.

 

Bəziləri elə zənn etməsinlər ki, bunlar insan təxəyyülünün bir məhsuludur. Tam əksinə, bütün sadalananlar dəqiq və təkzibolunmaz faktlara söykənən reallıqdır.

 

Araşdırma materiallarına görə, 1990-cı il 20 Yanvar qırğınlarından bir gün sonra Bakıda yaşayan erməni qadınlarından 12 nəfərinin Azərbaycan xalqına müraciətləri dərc olundu. Müraciəti imzalayan erməni qadınları Azərbaycan xalqına başsağlığı verir, bütün bu hadisələrdə erməni xalqını günahlandırmamağa çağırırdılar. Erməni qadınları öz müraciətlərində erməni terror təşkilatlarını, “böyük Ermənistan” arzusu ilə millətləri, xalqları qarşı- qarşıya qoyan... erməni millətinə nifrət hissini alovlandıran diaspor təşkilatlarını lənətləyirdilər. Amma bütün bu görüntülər baş verən qanlı hadisələrdən sonra idi. Yəni heç kəsə,... heç tarixin özünə də lazım olmayan bir müraciət idi.

 

Bakıya “dərs vermək” üçün gələn “ASALA” erməni qoşun birləşməsinin tərkibindəki “Qarabağın Müdafıə Ordusu”nun silahlı dəstəsi isə Naxçıvanda, Gəncədə, Lənkəranda, Şəmkirdə, Sumqayıtda qanlı əməliyyatlarda iştirak edirdilər. Məsələn, silahlı birləşməyə başçılıq edən general-mayor Vitaliy Balansyan daha əcayib işlərə əl atırdı.

 

Bakı qırğınları Moskvanın ən nüfuzlu hökumət və dövlət strukturlarında müzakirə mövzusu idi. Digər bir araşdırma materialında isə “ASALA”nın lideri olan general Levon Kazançiyan əlavə 23 döyüş aparan qrupu ilə Bakıda göründü... Məlumata görə, 1990-cı il yanvarın 22-də general Levon Kazançiyan Moskvadan, kəşfıyyat generalı Leonid Şebarşindən çox ciddi və təsirli bir teleqram alır. Əldə olunan digər bir məlumatda bildirilir ki, general V.A.Şebarşin general Levon Kazançiyanı “əbləh və vicdanını itirmiş erməni” adlandıraraq, təcili Bakını tərk etməyi tələb edir. Kəşfiyyat generalı V.A.Kirpiçenko isə Heydər Əliyevə etdiyi telefon zəngində vicdan əzabı çəkdiyini etiraf edir. V.A.Kirpiçenko 1990-cı il yanvarın 22-də Azərbaycan xalqına ünvanladığı məktubda bildirirdi: “...Baş verənlərə görə, bir rus zabiti kimi həmişə əzab çəkəcəyəm. Çünki mən bu xalqı, onun ədəbiyyatını, tarixini, adət-ənənəsini çox sevirəm. Azərbaycan xalqı tarixdə yeri olan bir xalqdır...”.

 

Məlumata görə, MN-nin generalları A.S.Manilov, N.A.Xakimov, S.S.Aleksandrov, kəşfiyyat generalları V.V.Dmitriyev, V.A.Kirpiçenko, V.A.Şebarşin Siyasi Bürodan, şəxsən M.Qorbaçovdan tələb edirdilər ki, ölkə daxilində geniş meydan sulayan “ASALA” və onun kimi erməni silahlı birləşmələrinin hər cür fəaliyyəti qadağan edilsin. Azərbaycanda baş verən qanlı cinayətə rəvac verən, arxa duran digər məsul şəxslər tapılıb, ifşa edilsin, İstintaq Komissiyası yaradılsın.

 

“ASALA” erməni silahlı qoşun kontingenti və onların havadarları 1990-cı il yanvarın 20-də Azərbaycan tarixinə özünün qanlı möhürünü vurdu.

 

Əldə etdiyimiz məlumata görə, Ermənistanın hökumət və dövlət nümayəndələri arasında 39 nəfər “ASALA”ya üzvlük haqqı verən məmur var. Bu haqda məlumatı Beyrutda erməni diasporunun keçirdiyi “ASALA”nın 15 illiyində, vaxtilə Ermənistan Dövlət Təhlükəsizlik Komitəsində çalışan mayor Eduard Saakyan məlumat verib. Bu mövzu bizim üçün maraqlı olduğundan, bu istiqamətdə tədqiqatımızı davam etdiririk. Başqa bir məlumatda bu da bildirilir ki, hazırda Avropa Şurasında Ermənistanı təmsil edən üç nəfər erməni deputatı “ASALA”nın Bakı hücumlarında bilavasitə iştirak ediblər. Onlar gecə-gündüz çalışırlar ki, Avropa Şurasının sənədlərində Ermənistan işğalçı dövlət kimi qeyd olunmasın.

 

Rövşən NOVRUZOĞLU,

 

politoloq.

 

Respublika.- 2021.- 22 yanvar.- S.6.