İRƏVANDA MİLLİ MƏTBUATIN YARANMASI

 

Mövcudluğu dövründə cəmi 56 nömrəsi işıq üzü görən “Əkinçi” qəzeti milli mətbuatımızın inkişafına güclü təkan verməklə yanaşı, xalqımızın mədəni, ictimai-siyasi tərəqqisində, milli özünüdərkin formalaşmasında əhəmiyyətli şəkildə böyük rol oynamışdır. “Əkinçi”nin uğurlu fəaliyyəti, qısa zaman ərzində artan nüfuzu, onun yayılma arealını daha da genişləndirmiş, Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən biri olan İrəvan şəhərini də əhatə etmişdir. İrəvanda yaşayıb-yaradan, ədəbi-mədəni həyatın önündə gedən, ədəbi-bədii sözün görkəmli xadimləri Məşədi İsmayıl Hacı Kazımzadə “Bəzmi” (1846-1888), Mirzə Kazım Qazi Əsgərzadə Axund Əhmədov “Mütəlle” (1832-1892), Hacı Seyid Rza Əmirzadə “Sabir” (1906) kimi şair və ziyalılar “Əkinçi”nin İrəvan üzrə təmsilçiləri olmaqla yanaşı, həm də müxtəlif janrlarda yazdıqları dəyərli bədii nümunələrini “Əkinçi”nin səhifələrində çap etdirməyə nail olurdular.

 

 

“Əkinçi” çar hakimiyyəti tərəfindən qapandıqdan sonra Tiflisdə meydana çıxan “Kəşkül” (1883-1891), “Ziya” (1879-1880), “Ziyayi-Qafqaziyyə (1880-1884), “Şərqi-Rus” (1903-1905), Bakıda nəşr edilən “İrşad” (1905-1908), “Təkamül” (1906-1907), “Füyuzat” (1906-1907), “Həyat” (1911-1912), “İqbal” (1912-1915), “Sovqat” (1912-1915), “Şəlalə” (1913-1914), “Dirlik” (1914-1916), “Açıq söz” (1915-1918), “Musavat” (1917), Şərqin müxtəlif ölkələrində nəşr edilən “Sürəyya” (Qahirə), “Həblül-mətn” (Kəlküttə), “Tərcüman” (Bağçasaray), Nasiri”, “Ənkəbud” (Təbriz) “Suri-İsrafil” (Tehran), “Nəsimi-şimal” (Rəşt) “Şeyda”, “Əxtər” (İstanbul) və başqa mətbuat orqanları da İrəvan ziyalıları arasında da geniş yayılmış, oxucu ruporuna çevrilmişdir. Müxtəlif dillərdə çıxan mətbuat orqanları da İrəvanda yayılmışdır. Məlumat üçün onu da bildirək ki, “Musavat” qəzetinin burada yayılmasında İrəvan şəhəri üzrə “Musavat” firqəsinin sədri Xəlil bəyin böyük xidmətləri olmuşdur. İrəvanda bədii fikrin, ictimai-siyasi mühitin canlanmasında və inkişafında bu mətbuat orqanlarının mühüm rolu olmuşdur. Onu da qeyd edim ki, İrəvanda Azərbaycan ədəbi-mədəni, ictimai-siyasi mühitinin inkişafında xidmətlər göstərən Mirzə Əlixan Şəmsül Hükəma “Ləli” (1845-1907) “Şərqi-Rus”, Mir Abbas Mir Bağırov isə “İrşad”, Cabbar Əsgərzadə “Kavkaz”, “Molla Nəsrəddin”, “Məzəli”, Mirzə Naseh İrəvaniYeni İrşad”, Əli Məhzun Rəhimov “Molla Nəsrəddin”, Mirzə Cabbar Məmmədov “Yeni İqdam” qəzetlərinin İrəvan üzrə ən fəal müxbirləri olmaqla yanaşı, həmin mətbu orqanların həm də bölgədə geniş oxucu auditoriyasına çatdırılmasında da mühüm rol oynamışdılar. İrəvanda yaşayan azərbaycanlı ziyalılar bu qəzet və jurnallardan geniş istifadə edərək onların vasitəsi ilə dövrün mədəni, sosial-siyasi, iqtisadi məsələləri ilə yaxından tanış olurdular. Digər tərəfdən isə bu mətbu orqanlar həm İrəvanda, həm də Azərbaycanda yaşayan, yazıb-yaradan sənətkarlar arasında qarşılıqlı ədəbi-mədəni əlaqələrin, yaradıcılıq əməkdaşlığının yaranmasında da böyük rol oynayırdı.

Bütün bunlara baxmayaraq, 1906-cı il aprel ayının 7-də işıq üzü görən “Molla Nəsrəddin” jurnalı Azərbaycan mətbuatı, ictimai-siyasi və bədii fikrinin inkişafı tarixində yeni bir mərhələ təşkil etdi. “Molla Nəsrəddin”in nəşrindən sonra onun təsiri altında çıxan “Bəhlul” (1907), “Zənbur” (1909-1910), “Arı” (1910-1911), “Kəlmiyyət” (1912-1913), “Mirat” (1910), “Məzəli” (1914-1915), “Babayi-Əmir” (1915-1916), “Tuti” (1914-1917) və sair satirik jurnallar yaranaraq fəaliyyət göstərmişdir. Bu mətbuat orqanlarında İrəvanın ictimai-siyasi, ədəbi-mədəni həyatından bəhs edən xeyli felyetonlar, məqalələr, xəbərlər, satirik şeirlər, elanlarbaşqa səpkili yazılar da dərc edilmişdir. Demək olar ki, bu satirik jurnalların əksəriyyəti İrəvanda azərbaycanlı ziyalıların müntəzəm istifadə etdikləri mətbuat orqanlarına çevrilmişdir. Amma bu mətbuat orqanlarının heç biri İrəvanda “Molla Nəsrəddin” qədər özünə möhkəm yer tuta bilməmişdi. “Molla Nəsrəddin” təkcə İrəvanda deyil, Zəngibasar, Vedibasar, Ağbaba, Basarkeçər və digər bölgələrdə də oxucu tribnasına çevrilmişdir. “Molla Nəsrəddin” təkcə Cənubi Qafqazda deyil, Yaxın Şərqdə satirik mətbuatın yaranmasına güclü təsir göstərmişdir. Onun təsiri altında meydana gələn satirik jurnallardan biri də 22 fevral 1914-cü il tarixdə ilk nömrəsi işıq üzü görən “Lək-Lək” (“Leylək”) satirik jurnalıdır.

Bir sıra tədqiqatlarda, məqalələrdə, əsərlərdə İrəvanda Azərbaycan mətbuatının yaranmasını 22 fevral 1914-cü ildən “Lək-Lək”in nəşr edildiyi tarixdən başlandığını qeyd edirlər. Bütün bunlara baxmayaraq, İrəvanda ilk milli mətbuat orqanı nə vaxt yaradılmışdır. Apardığımız araşdırmalar, əldə etdiyimiz mənbələr, faktlar isə İrəvanda Azərbaycan mətbuatının nə vaxt yaranması haqqında fikirlərə aydınlıq gətirir.

İrəvanda Azərbaycan mətbuatının ictimai-siyasi, bədii fikrinin aparıcı simaları Cabbar Əsgərzadə, Əli Məhzun, Mir Məhəmməd Mir Fətullayev, Əli Məhzun Rəhimov, Mirzə Əlixan Şəmsül Hükəma “Ləli”, Hacı Seyid Rza Əmirzadə “Sabir”, Məşədi İsmayıl Hacı Kazımzadə, Mirzə Kazım Qazi Əsgərzadə Axund Əhmədov, Mir Abbas Mir Bağırov, qabaqcıl maarifçi Abbas Razi Məmmədzadə, Mirzə Naseh İrəvani, Mirzə Əli Məhəmməd, Xəlilov, Axund Məhəmməd Bağır Qazızadə, Mirzə Cabbar Məmmədzadə, Mirzə Əli Məhəmməd, Məmmədəli Nasir, Mirzə Məhəmməd Axundovburada yaşayıb-yaradan onlarca bu kimi ədəbi ziyalı qüvvəsi Cənubi Qafqazda ana dilində ilk dərsliklərin müəllifləri olan İrəvan ziyalıları ana dilində qəzet, jurnal yaratmağın vacibliyini dərk edirdilər.

Apardığımız araşdırmalardan məlum olur ki, İrəvanda yaşayan azərbaycanlı ziyalılar 1880-ci illərdə maarifi, mədəniyyəti, ədəbiyyatı inkişaf etdirmək, milli mətbuat orqanları yaratmaq üçün bu yolda ardıcıl mübarizə aparmışdılar. Onlar mütərəqqi ideyaları təbliğ edən, xalqın istək və arzularını ifadə edə bilən bir mətbuat orqanının yaradılması yönündə ciddi səy və fədakarlıq göstərmişdilər.. Bunu həm də mövcud dövrün ədəbi-mədəni, ictimai-siyasi proseslərində baş verən mütərəqqi dəyişikliklər də zəruri edirdi. İrəvanda belə bir qəzetin nəşrinə ilk dəfə 1905-ci ildə Mirzə Cabbar Əsgərzadə təşəbbüs edir. O uzun illər həyata keçirmək istədiyi bu arzusunun 1905-ci ildə ermənilərin azərbaycanlılara qarşı törətdikləri qətliamlar, qırğınlar zamanı öz xalqının hüquqlarını qətiyyətlə müdafiə etdiyinə görə bir neçə aylığa həbsə atıldığı həbsxanada “Molla Nəhib” və “Mollabaşı” adlı həftəlik dərğilər nəşr etdirərək gerçəkləşdirməyə nail olur. Bütün istedadını, yaradıcılıq qüvvəsini İrəvanda yeni ədəbi-mədəni hərəkatın inkişafına sərf edən C.Əsgərzadə dərğilərə yazıları özü yazar, rəsmləri də özü çəkərmiş. Onun yaradıcılığına nəzər saldıqda rəssamlıq sahəsində güclü istedad sahibi olduğu nəzərə çarpır. Hətta dərğilərin bir neçə nüsxəsini müxtəlif vasitələrlə həbsxanadan çıxarıb, satışını da təmin edir. O, həbsxanada olduğu müddətdə “Molla Nəhib” dərğisinin iki, “Mollabaşı” dərğisinin isə bir nömrəsini çıxarmağa müvəffəq ola bilmişdir. C.Əsgərzadə özü də xatirələrində bu haqda məlumatları xüsusi qeyd etmişdir. Bundan əlavə Məmmədriza Ələrdəbilinin “Mirzə Cabbar Əsgərzadə Bağçabanonun ana dilimizdə yaratdığı bədii əsərlərdən örnəklər” adlı iri həcmli əsərində yer alan faktlarda İrəvanda Azərbaycan mətbuatının yaranması tarixinə bir daha aydınlıq gətirir. Onu da qeyd edim ki, C.Əsgərzadənin son dövrlərə qədər qızı Səminə xanım tərəfindən mühafizə edilən zəngin arxivindəki materiallar da bunu bir daha təsdiq edir. Böyük alimimiz, professor Abbas Zamanovun Səminə xanımla olan yazışmalarında da bu barədə maraqlı məlumatlar əldə etmək olar.

Araşdırmalarımız nəticəsində faktlar mətbuat tariximizin düyün düşmüş səhifələrinin açılmasına, öyrənilməsi yoluna yeni bir işıq saçmaqla yanaşı, həm də onları İrəvanda milli mətbuatımızın yaranması tarixində ilk nümunə kimi qəbul etmək olar.

 

Cəlal ZƏNGİ (ALLAHVERDİYEV),

filologiya üzrə fəlsəfə doktoru, dosent.

 

 

Respublika.- 2021.- 24 yanvar.- S.2.