FÜZULİ RAYONUNUN TALAN EDİLMİŞ KİTAB VƏ KİTABXANA MƏDƏNİYYƏTİ

 

Bu gün qalib ölkə kimi erməni saxtakarlığının qarşısının alınmasında, Qarabağın tarixi, iqtisadiyyatı, elm və təhsili, mədəniyyəti, baş vermiş münaqişələr, yerli əhaliyə qarşı törədilən vəhşiliklər haqda məlumatların, bütövlükdə Qarabağ həqiqətlərinin həm ölkə daxilində, həm də dünya ictimaiyyətinə ətraflı çatdırılmasında bir sıra sahələrin mütəxəssisləri kimi, kitabxanaçıların da qarşısında mühüm vəzifələr durur. Bir kitabxanaçı kimi üzərimizə düşən mühüm vəzifələrdən biri müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə şanlı Azərbaycan ordusunun qazandığı qələbə nəticəsində işğaldan azad edilmiş torpaqlarımızda tarixən mövcud olmuş maddi-mənəvi sərvətlərimiz, o cümlədən kitab, kitabxana, mütaliə mədəniyyəti barədə elmi tədqiqatların və araşdırmaların aparılmasıdır. Bu niyyətlə UNEC və ADA Universitetinin kitabxanaları olaraq silsilə elmi tədqiqatlarımıza ilk olaraq Füzuli Rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemindən başladıq.

 

 

Tarixə qısa nəzər salsaq, deyə bilərik ki, Füzuli rayonu Qarabağ dağ silsiləsinin cənub-şərq ətəklərindən Araz çayınadək sahəni əhatə edir, Cəbrayıl, Xocavənd, Ağcabədi, Beyləqan rayonları və Araz çayı boyunca İranla həmsərhəddir. Rayonun ərazisi 1993-cü il 23 avqust işğalına qədər 1386 kv.km olmuş, əhalisi təxminən 105 min nəfər təşkil etmişdir. Rayonun 1994-cü ilə qədər işğaldan azad olunmuş ərazisində 2020-ci ilin 17 oktyabr tarixinə qədər yeni salınan qəsəbələrlə birgə 17 qəsəbə və 22 kəndi mövcud idi. Birinci Qarabağ müharibəsində mənfur erməni işğalı nəticəsində 1100-dən çox füzulili şəhid olmuş, 113 nəfər girov götürülmüş, 1450 nəfər müxtəlif dərəcəli əlil olmuş, rayon əhalisi məcburən öz yurd-yuvalarından didərgin salınmışdır. Füzuliyə erməni təcavüzü nəticəsində 36361 nəfər uşaq zərər çəkmiş, onlardan 155 nəfəri yetim qalmış, 55 min nəfərə yaxın füzulili 27 il köçkün həyatı yaşamışdır. İşğal nəticəsində rayon ərazisindəki bütün kitabxanalar dağıdılmış və talan edilmişdir. Bütövlükdə rayon kitabxanalarına təqribi hesablamalara gorə 1 milyon 889 min manat həcmində maddi ziyan dəymişdir. Erməni vandallarının vurduğu mənəvi ziyanı isə rəqəmlərlə hesablamaq qeyri-mümkündür.

Füzuli rayonunda ilk kitabxana 1948-ci ildə yaradılmış və sonralar Füzuli Rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi (MKS) bu kitabxananın əsasında təşkil edilmişdir. Kitabxananın yaradılmasında və formalaşmasında xüsusi xidmət göstərmiş şəxslərdən biri Nabat Quliyeva idi. O, kitabxana fondunun zənginləşdirilməsinə, daim yeni nəşrlərlə komplektləşdirilməsinə diqqət yetirən, kitabı geniş təbliğ edən və heç zaman işləməkdən yorulmayan zəhmətkeş kitabxanaçılardan biri olmuşdur. XX əsrin 70-ci illərində keçmiş Bakı Kitabxanaçılıq Texnikumunda (indiki Bakı Humanitar Kolleci) təhsil almışdır. Əvvəlcə kitabxana müdiri vəzifəsində çalışmış, 1978-ci ildə Füzuli Rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi yaradılarkən Mərkəzi kitabxananın xidmət şöbəsinin müdiri vəzifəsində fəaliyyətini davam etdirmişdir. Nabat xanımla yanaşı, orada çalışan qocaman kitabxanaçılar ordusunun nümayəndələrindən İsmayılova Miniş, Tağıyeva Səlimə, Əliyeva Kübra, Bayramova Şairə, Şirinova Tahirə, Adıgözəlova Xatirə, Əliyeva Eldəniz, Məhərrəmova Nişanə və digərləri çiyin-çiyinə verib çoxsaylı oxuculara xidmət göstərmişlər.

“Zəhmətkeşlərin kommunist tərbiyəsində və elmi-texniki tərəqqidə kitabxanaların rolunu artırmaq haqqında” 1974-cü il tarixli qərara əsasən, ölkədə kitabxanaların mərkəzləşdirilməsinə başlanıldı. 1978-ci ildə rayondakı 1 Mərkəzi və 90 kütləvi (4 şəhər, 1 uşaq kitabxanası) kitabxana birləşdirilərək Füzuli Rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi kimi fəaliyyətə başladı. O vaxtlar Mərkəzi kitabxana şəhərin “Sovet” küçəsində, M.Füzulinin heykəli ilə üzbəüz binada yerləşirdi. Mərkəzi kitabxanada Xidmət şöbəsi (gənclər şöbəsi, abonement şöbəsi, oxu zalı, səyyar şöbə), Metodikabiblioqrafiya şöbəsi, Komplektləşdirmə və kitabişləmə şöbəsi, Vahid kitab fondu fəaliyyət göstərirdi. Rayonun ali təhsilli kadrlarından olan Raya Abdullayeva MKS-nin direktoru vəzifəsinə təyin edilmiş və ümumilikdə 171 nəfər kitabxanaçı ilə uzun müddət Füzulidə əhalinin mütaliə mədəniyyətinin formalaşmasına, əhalinin müxtəlif sahələr üzrə informasiya tələbatının ödənilməsinə xidmət etmişdir. O, 2007-ci ilə qədər kitabxananın rəhbəri vəzifəsində çalışmışdır.

1992-ci ilin məlumatına görə, rayon MKS-nin kitab fondu 389 min nüsxə (bəzi mənbələrdə 659 min nüsxə), oxucuların sayı 45 min 620 nəfər olmuşdur. Kitabxana fondunda Azərbaycanın və rayonun tarixini, mədəniyyətini, elmi, təhsili, ictimai-siyasi həyatını, iqtisadiyyatını əhatə edən dəyərli elmi əsərlər, nadir nüsxələr var idi. Rayonda əsasən üzümçülük, taxılçılıq, pambıqçılıq, baramaçılıq, heyvandarlıq sahələri inkişaf etmişkitabxanalarda da bu sahələr üzrə ədəbiyyatlar geniş yer almışdı. Mərkəzin uğurlu fəaliyyətində, oxucu auditoriyasının genişlənməsində Səyyar kitabxana xidməti mühüm rol oynayırdı. 3000-ə yaxın fondu olan Səyyar kitabxananın işçiləri rayonda fəaliyyət göstərən bir sıra idarə və təşkilatlara, təhsil və mədəniyyət ocaqlarına gedərək kitab aparır, 10 gündən sonra həmin kitabları yeniləri ilə əvəz edirdilər. Həmin müəssisələrdə artıq Mərkəzi kitabxananın “məntəqə”ləri yaranmışdı. Kəndlərdə isə ferma, pambıq tarlası, üzüm plantasiyalarına xüsusi avtobuslarla kitab aparılır və kitabxanaya yeni daxil olan nəşrlər təbliğ edilirdi. Bu kitabxanaavtokitabxana” adlandırılırdı. Rayonda çıxan “Araz” qəzetində kitabxananın fəaliyyəti, qabaqcıl kənd kitabxanaları, fəal kitabxanaçılar haqqında vaxtaşırı məqalələr dərc edilirdi. Qəzetin 1979-cu il 9 iyun tarixli sayında kitabxanada fəaliyyət göstərən “Kitabsevənlər” dərnəyinin işindən söz açılırdı. Qeyd edilirdi ki, dərnəkdə ayda bir dəfə rayonun kitab həvəskarları, “bibliofillər”i toplaşır və yeni kitabların müzakirəsi keçirilirdi. Bu məlumatlar onu deməyə əsas verir ki, Qarabağda əhali hər zaman təhsilə, biliyə, elmə xüsusi qiymət vermiş, kitab mütaliəsi əhali arasında geniş yayılmışdır. 1979-cu ilin məlumatına görə, MKS-nin oxucularının sayı 42 minə çatmışdı. Bu isə təxminən əhalinin 40 %-i demək idi. Uzun müddət kitabxananın fəal oxucuları olmuş rayon ziyalılarından tarixçi Bəhram Məmmədov, filoloq Vəfa Əliyev, yazıçı Mahmud Qacar, müharibə veteranı Məmməd Məmmədov, eləcə də Ehtiram Səfərov, Umud Rəhimov, Telman Məmmədov, Alıkişi Səfərov, Sima Səfərova, Hafiz Səfixanov, Namiq Seyidov və başqalarını qeyd etmək olar. Tam əminliklə demək olar ki, rayonda uşaqdan-böyüyə hər kəsdə kitaba məhəbbət, kitabxanaya, kitabxanaçıya xüsusi hörmət hissi formalaşmışdı. Təbii ki, bu işdə ən böyük məsuliyyət kitabxanaçıların üzərinə düşürdü. Çəkdikləri zəhmətə və kitabın təbliği istiqamətində yorulmaz xidmətlərinə görə onlar hər zaman dövlət tərəfindən yüksək qiymətləndirilmiş, “Əməkdar mədəniyyət işçisi” adına, fəxri diplomlara, ordenmedallara, digər həvəsləndirici mükafatlara layiq görülmüşlər.

1990-cı ildə kitabxana üçün yeni bina tikilməsi planlaşdırılmışdı. Lakin mənfur erməni ordusu tərəfindən rayonun işğalı zamanı kitabxanalar fondları ilə bərabər tamamilə məhv edilmişdir. Bir il sonra Mahmudlu-2 kəndindəki şəxsi evlərdən birində, kiçik kitab fondu ilə Mərkəzi kitabxananın fəaliyyəti çətinliklə bərpa olunmuşdu. Ancaq MKS-nin 46 filialı fəaliyyətini bərpa edilmiş binalarda və şəxsi evlərdə tədricən davam etdirmişdir (22 kənd və qəsəbədə). Onlardan 1-i Mərkəzi kitabxana, 6-sı şəhər kitabxanası, 2-si qəsəbə kitabxanası, 37-si isə kənd kitabxana filiallarıdır. 45 kitabxananın fəaliyyəti isə dondurulmuşdur. Həmin kitabxanalarda 186 işçi çalışır ki, onların 112 nəfəri kitabxanaçı (20-si ali təhsilli), 74-ü isə texniki işçidir.

Düşmən tərəfindən məhv edilmiş zəngin kitabxana fondlarını yenidən bərpa etmək üçün 1994-cü ildən sonra rayonun ictimai fəalları, ziyalıları, görkəmli şair və yazarlarının təşəbbüsü ilə kitabxanaya kitablar toplanmışdır. Eyni zamanda Mədəniyyət Nazirliyinin göstərişi ilə digər rayon MKS-lərindən əvəzsiz olaraq alınan kitabjurnallar, Kitabxana Kollektorundan, Prezident Aparatından daxil olan kitablar hesabına fond tədricən yenidən formalaşmağa başlamışdır.

Bir müddət Mahmudlu-2 kəndində yerləşən Mərkəzi kitabxana, binanın qəzalı vəziyyətdə olması səbəbinə görə 1 -ci Zobucuq qəsəbəsindəki klub icma mərkəzinə köçürülmüş və hazırda fəaliyyətini orada davam etdirir. 2009-cu ildə ali təhsilli Lətifə Xudaverdiyeva Füzuli rayon MKS-yə direktor təyin edilir. Hazırda onun rəhbərliyi ilə Gülbuta Camalova, Tamella Ələkbərova, Qətibə Ağamirova, Tünzalə Ağayeva, Raya Abdullayeva, İradə Şahbazova, Sahilə Quliyeva, Tamella Paşayeva, Bəsti Paşayeva, Bəsirə Quliyeva və digər işçilər yorulmadan çalışır, oxuculara operativ xidmət göstərirlər.

Hazırda Mərkəzləşdirilmiş Kitabxana Sisteminin ümumi fondu 52345 nüsxə ədəbiyyatdan ibarətdir ki, bunlardan 50628 nüsxə Azərbaycan dilində, 1252 nüsxə rus dilində, 465 nüsxə isə digər xarici dillərdədir. Ötən il MKS-də oxucuların sayı 19149 nəfər, kitab verilişi 128464 nüsxə, tədbirlərin sayı isə 5281 olmuşdur. Halbuki, 2005-ci ildə kitabxananın fondu 23518 nüsxə, kitab verilişi 19637, oxucuların sayı isə 5102 nəfər olmuşdur.

2010-cu ildən MKS-nin veb-saytı və elektron poçt ünvanı yaradılmış, 2012-ci ildə Avtomatlaşdırılmış Kitabxana İnformasiya Sistemi ilə təchiz edilmiş, kitabxanalar müasir informasiya daşıyıcıları ilə təmin edilərək elektron kitablar (CD və DVD) alınmış, kitabxanaların maddi-texniki bazası möhkəmləndirilərək inventar və avadanlıqlarla təchiz edilmişdir.

Azərbaycan Respublikasının Nazirlər Kabinentinin 11 oktyabr 2011-ci il tarixli 162 N-li Qərarına əsasən Mərkəzi kitabxanada 2 yeni şöbə: Kitabxana-biblioqrafiya proseslərinin avtomatlaşdırılması və İnformasiya-resurs şöbələri yaradılmışdır ki, bu şöbələr kitabların, ölkəşünaslıq, diyarşünaslıq məlumatlarının elektron kataloqlaşdırılması, gündəlik mətbuatın elektron kartotekasının bazalara yerləşdirilməsi işlərini həyata keçirir. MKS üzrə kitabxanada 22 kompüter var ki, bunun da 11 -i Mərkəzi kitabxanada, qalan hissəsi isə filiallarda yerləşir. Füzuli rayon MKS-nin veb səhifəsi (fuzuli.cls.az) kitabxananın fəaliyyətini işıqlandırır. İnanırıq ki, 2021-ci ildən etibarən kitabxana öz fəaliyyətini tam tərkibdə əzəli torpağımız olan doğma Füzuli rayonunda yenidən davam etdirəcək.

Füzuli rayon kitabxanasının keçdiyi tarixi inkişaf yoluna nəzər salmaqda məqsədimiz Qarabağ zonasında yerləşən rayonların mənəvi-mədəni sərvətinin dağıdılması və talan edilməsi barədə məlumatları geniş ictimaiyyətə təqdim etməkdir. 389 000 dəyərli, unikaltarixi nəşrin məhv edilməsi - bir regionun tarixi, mədəniyyəti, elmi, təhsili və bütövlükdə milli-mənəvi dəyərlərinin yağmalanması deməkdir. Tarix üzrə fəlsəfə doktoru, dosent Cavid Cəfərov “Erməni biblioklazmının qısa tarixi” məqaləsində haqlı olaraq qeyd edir ki, “...ermənilərdə “biblioklazm”, “kitabyandırma” mərəzi heç də əsassız yerə yaranmamışdır. Onların oğru instinkti həmişə çox yaxşı anlamışdır ki, öz keçmişlərini uydura bilmək, faktları saxtalaşdırmaq üçün ilk növbədə, erməni psevdo-tarixinin qol-qanad açmasına maneə törədən həqiqətləri, sənədləri, kitab və kitabxanaları, bir sözlə, əsl mənbələri məhv etmək lazımdır”. Və mənfur erməni quldurları Qarabağda təkcə ictimai, kütləvi kitabxanaları deyil, şəxsi kitabxanaları da yandırmış, evlərdə saxlanılan qiymətli kitablar, əlyazmalar, nadir nüsxələr də tamamilə məhv edilmişdir. Təəssüf ki, məhv edilmiş şəxsi kolleksiyaların heç bir statistikası, maddi və mənəvi dəyərləndirilməsi aparılmamışdır. 2020-ci ildə əldə etdiyimiz möhtəşəm zəfərdən sonra əminliklə deyə bilərik ki, cənab Ali Baş Komandanın qətiyyətli siyasəti nəticəsində ermənilər Qarabağda törətdikləri bütün digər vəhşiliklər kimi, mədəni talanın da cavabını verəcəklər.

 

Adilə ABDULLAYEVA,

UNEC Kitabxana-İnformasiya Mərkəzinin direktoru.

Elçin MƏMMƏDOV,

ADA Universiteti Kitabxanasının direktoru.

 

Respublika.- 2021.- 24 yanvar.- S.3.