“Bar ağacından dar ağacına”

 

“Azərbaycanlıların öz dədə-baba torpaqlarından kütləvi deportasiyası İkinci Dünya müharibəsindən sonra başladı. Yüz minlərlə insan Azərbaycan Respublikasında yerləşdirildi.

 

O ki qaldı o dövrdə M.C.Bağırovun oynadığı rola, Mir Cəfər Bağırovun cəsarətli addımları olmasaydı, indi nə bu ərazidə azərbaycanlılar, nə də ki, Azərbaycan dövləti var idi”.

 

Heydər Əliyev.

 

 

 

Bu kitabda

 

Ermənistanın Azərbaycan xalqına qarşı irəli sürdüyü ərazi iddiaları və bu iddiaların rədd edilməsi məsələlərində Mir Cəfər Bağırovun atdığı qətiyyətli addımlar və digər milli məsələlərdə tutduğu mövqe öz əksini tapmışdır.

 

 

 

XX əsr Azərbaycan milli tarixində müstəsna yer tutur. Bu yüzillik Azərbaycan xalqının milli dirçəliş, mübarizə və dövlətçiliyimizin bərpası tarixidir. Məhz XX əsrin əvvəlində Azərbaycanın istər cənubunda, istərsə də şimalında getdikcə güclənən milli oyanış prosesi milli azadlıq hərəkatının başlanmasına, cənubda 1905-1911-ci illər Səttarxan və 1917-1920-ci illər Şeyx Məhəmməd Xiyabani hərəkatlarının baş verməsi ilə nəticələndi. Şimali Azərbaycanda isə Rusiya imperiyasının süqutundan sonra 1918-ci ilin mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti yaradıldı. Lakin nə Cənubda, nə də ki, Şimalda öz doğma torpaqlarında bu xalqın böyük itkilər hesabına yaratdığı dövlətlər yırtıcı transmilli neft şirkətlərinin əlində oyuncağa çevrilən imperialist dövlətlər tərəfindən de-yure tanınmadı və qan içində boğdurularaq məhv edildi. Şimal yenidən işğala məruz qaldı, onun fikir daşıyıcıları olan ziyalıları, hərbçiləri repressiyaya və güllələnməyə məruz qaldı.

 

Sual olunur: - Axı, bu xalqın, bu millətin günahı nə idi, kimin torpağına, sərvətinə göz dikmişdi? Bu sualın bir cavabı var: - Heç kimin! 200 il bundan əvvəl ərazisi işğal olunan, torpaqları tikə-parça edilən, onun sahibi olduğu bu torpaqlara iyrənc bir zehniyyətin - ermənilərin köçürülməsi və XX əsrin əvvəlində, daha doğrusu, 1918-ci il mayın 29-da Azərbaycan xalqının iradəsinin əksinə olaraq onun qədim şəhəri İrəvanı və onun ətrafında yerləşən 9 min kvadratkilometr ərazinin ermənilərə güzəştə gedilməsi, ondan iki il sonra isə Sovet Rusiyası tərəfindən işğal olunan Şimali Azərbaycanın 20,8 min kvadratkilometr ərazisinin 1921-1929-cu illərdə sorğusuz-sualsız Ermənistan SSR tərkibinə verilməsi, XX əsrin 30-cu illərində kütləvi repressiyaların təşkili, II Dünya müharibəsi illərində səfərbər olunan 709503 nəfər Azərbaycan SSR vətəndaşından 626 min nəfərinin geri qaytarılması, müharibədən sonra 1948-1953-cü illərdə öz tarixi torpaqlarından - Qərbi Azərbaycan (Ermənistan SSR - C.B.) ərazilərindən sürgün olunması faktları dərindən analiz edildikdə yalnız bir cavab alırsan: bu torpağın sahibi olan Azərbaycan xalqını məhv etmək, onun yeraltı və yerüstü sərvətlərini ələ keçirməyə nail olmaq üçün bu vəhşi zehniyyətdən - ermənilərdən bir ölüm aləti olaraq istifadə edilmişdir.

 

Bütün bunlara rəğmən Azərbaycan xalqı qədim və zəngin mədəniyyəti, dərin zəkası, müdrikliyi, uzaqgörənliyi və yenilməzliyi sayəsində öz içərisindən elə şəxsiyyətlər yetirdi ki, o insanlar ən böhranlı məqamlarda xalqının xilası üçün mühüm qərarlar verə bildilər. Əslində, XX əsrin I yarısı - yəni 50 illik bir dövr dünya xalqları tarixində, o cümlədən Azərbaycan xalqı tarixində çox mürəkkəb bir dövrdür və bu dövrün doğurduğu çoxsaylı sualların cavabı hələ də tapılmamışdır. Hərçənd ki, mənim üçün Azərbaycan tarixini tədqiq edən bir şəxs kimi bu sualların çoxunun cavabı aydındır.”Əgər neft kraliçadırsa, Bakı onun tacıdır - fikrini söyləyən Uinston Çörçillin nə məqsədlə belə söylədiyini dərindən düşünərək analiz etsək, əsas məqsədin nə olduğu aydın olar. Yaxud Sovet Rusiyasının rəhbəri V.İ.Leninin Ter-Qabreliyana vurduğu teleqramda: “Şəhəri əlinizdə saxlaya bilməsəniz, yandırın” tapşırığını verərkən nə üçün belə bir göstəriş verdiyini anlamaq heç də çətin deyil. Azərbaycan xalqı üçün bu ağır dövrdə bu cür cinayət üsullarına əl atmaqlarının mahiyyətini başa düşən, xalqı üçün hansı çirkin niyyətlərin planlaşdırıldığını anlayan sovet dövlət idarəçilik sistemində çalışan azərbaycanlılar da var idi. Lakin onlardan bir neçəsi, bolşevizm təbliğatının həqiqət olduğuna inanıb, öz xalqının xoşbəxtliyini sosializm quruluşunda əldə edəcəyini düşünürdü və onlar buna çox inanırdılar. Sovet Rusiyası tərəfindən yaradılan Azərbaycan SSR-ə rəhbərlik edən görkəmli dövlət xadimi Nəriman Nərimanov, Mir Cəfər Bağırov və bir neçə şəxs də belə düşünürdülər. Lakin real həyat bunun əksini göstərdi. Buna görə də müasir dövrdə o dövrün real həyatını özündə əks etdirən elmi, elmi-populyar, publisistik və bədii əsərlərin yazılmasına, sənədli və bədii filmlərin çəkilməsinə çox böyük ehtiyac vardır. Çünki o dövrün bütün siyasi xadimləri biri-birilərini çox yaxşı tanıyırdılar. Lakin onları biri-birindən fərqləndirən və ayıran əsas cəhətlər nə idi? Bu fakt da məlumdur ki, onların hamısını birləşdirən bir istək var idi - öz xalqını azad, müstəqil və xoşbəxt görmək! Amma bu istəyə aparan yollar müxtəlif idi. Ona görə də yazıçı Məmməd Əfşanın yazdığı “Bar ağacından dar ağacına” adlı publisistik romanı bu cəhətdən diqqəti cəlb edir.

 

İrihəcmli bədii əsər tarixi roman üslubunda qələmə alınmışdır. “Bar ağacından dar ağacına” romanı 1920-1926-cı illərdə Azərbaycan SSR FK-nın sədri olmuş, 1932-1953-cü illərdə isə Azərbaycan SSR-ə rəhbərlik etmiş görkəmli dövlət xadimi Mir Cəfər Abbas oğlu Bağırovun həyat və fəaliyyətinə həsr olunmuşdur. Əsər Mir Cəfər Bağırov haqqında ulu öndər Heydər Əliyevin sözləri ilə başlayır. O sözlər real tarixi faktı əks etdirən sözlərdir. Əsərin mətnindən göründüyü kimi, müəllif qəhrəmanının həyatını: uşaqlığından həyatının sonunadək diqqətlə izləmiş, tarixi sənədlərlə tanış olmuş, onun həyat və fəaliyyətini əks etdirən əsərləri oxumuş və onları saf-çürük edərək bu əsəri qələmə almışdır. Müəllif Mir Cəfər Bağırovun Qubada keçən uşaqlıq və yeniyetməlik illərini, 1920-ci ilə qədər olan həyatını bədii formada xronoloji ardıcıllıqla təsvir edə bilmişdir. Onun bolşevik partiyası sıralarına qəbul olunması, Nəriman Nərimanovla, ondan sonra isə Moskvaya gedərək Leninlə görüşlərini təsvir edir. Mir Cəfər Bağırovun Azərbaycan SSR Fövqəladə Komissiyasının sədri vəzifəsinə təyin edilməsi üçün Moskvaya gedərək təsdiq olunması faktının müəllif tərəfindən göstərilməsi Azərbaycan SSR-in müstəqil dövlət olmaması faktını təsdiq edir. Həmçinin əsərdə Mir Cəfər Bağırovun 1923-cü ildən 1926-cı ilədək Azərbaycan SSR-də Levon Mirzoyan və onun əlaltılarına qarşı mübarizəsindən bəhs edilir. Əsərdə Mir Cəfər Bağırovun Azərbaycan SSR FK-nın sədri vəzifəsindən uzaqlaşdırılması və yenidən respublikaya rəhbər vəzifəyə qaytarılması məsələlərinə toxunulur, onlara tarixi faktlara istinad edərək aydınlıq gətirilir. Qeyd etmək lazımdır ki, 21 il Azərbaycan SSR-ə rəhbərlik etmiş Mir Cəfər Bağırovun həyat və fəaliyyətini arxiv sənədləri ilə izlədikcə aydın olur ki, totalitar sovet hərbi rejimi şəraitində onun əsas məqsədi millətini cinayətkar sovet siyasi sisteminin cəngindən qoruyub saxlamaq olmuşdur. Bu sistemin cinayətkar olmasını onu yaradanlardan biri olan L.Trotskinin 1917-ci ilin oktyabrın əvvəlində söylədiyi fikir də təsdiq edir. O deyirdi: “...Biz əgər inqilabda qalib gəlsək, Rusiyanı elə bir səhraya döndərəcəyik ki, orada yalnız ağ zəncilər yaşayacaq. Biz elə bir qan axını yaradacağıq ki, bəşəriyyət bizim qarşımızda titrəyərək diz çökəcək. Bu işdə bizə okeanın o tayında olan bankirlər kömək edəcəklər”.

 

Doğrudan da XX əsrin 20-30-cu illərində SSRİ deyilən dövlətdə həyata keçirilən anti-insani siyasət bu fikri təsdiq edir. Azərbaycanla bağlı isə 1937-ci ildə keçmiş SSRİ DTN və XDİN-dən gələn teleqram bu fikrin əyani sübutudur. Teleqramda deyilir: “Azərbaycan SSR xalq düşmənlərini üzə çıxarmaq planını yerinə yetirmir”. Bu faktın özü Mir Cəfər Bağırovun nə qədər çıxılmaz bir vəziyyətə düşdüyünü təsdiq edir. Belə vəziyyətdə o, öz vəzifəsindən istefa verə bilməzdi, əks-təqdirdə onun özü repressiyaya məruz qalacaqdı. Kitabı vərəqlədikcə Mir Cəfər Bağırovun 1932-ci ildən başlayaraq respublika rəhbəri kimi fəaliyyətinin bütün tərəfləri göz qabağında canlanır. 1941-1945-ci illər müharibəsi dövründə Azərbaycan xalqını səfərbər etməsinin, həmin illərdə respublikanın hər hansı bir səhvə yol verməməsi üçün böyük qüvvə sərf etdiyinin, Azərbaycan xalqına qarşı hazırlanmış siyasi təxribatların qarşısının alınması istiqamətində atdığı addımların, milli diviziyaların təşkili və digər məsələlərə Mir Cəfər Bağırovun diqqət göstərdiyinin şahidi olursan. Onun respublika iqtisadiyyatının hərbi tələblərə uyğun şəkildə qurulması üçün atdığı addımlar, ideoloji işin təşkili üçün qəbul etdiyi qərarlar xronoloji ardıcıllıqla müəllif tərəfindən verilməklə bərabər, həm də Mir Cəfər Bağırovun bütün məsələlərdə qətiyyətli milli mövqe nümayiş etdirdiyini göstərir. Bu baxımdan romanda Mir Cəfər Bağırovun Cənubi Azərbaycan məsələsi ilə bağlı tutduğu mövqe, onun Sovet Azərbaycanına birləşdirmək üçün atdığı addımlar mənbələrə istinadən müəllif tərəfindən düzgün olaraq verilmişdir.

 

Romanda müəllif, müharibədən sonrakı dövrdə Mir Cəfər Bağırovun respublikanın siyasi, iqtisadi və ictimai həyatında oynadığı rola da diqqətlə yanaşmışdır. 1946-1953-cü illərdə Mir Cəfər Bağırovun rəhbərliyi ilə Azərbaycan SSR ərazisində Sumqayıt, Şirvan, Daşkəsən, Mingəçevir kimi şəhərlərin salınması, dəniz neftçıxarma sənayesi sahəsinin (Neft Daşları - C.B.) yaradılması və istifadəyə verilməsi kimi məsələlər öz əksini tapmışdır. XX əsrin 40-cı illərinin II yarısında erməni faşizminin yenidən baş qaldırması nəticəsində Ermənistanın Azərbaycan xalqına qarşı irəli sürdüyü ərazi iddiaları və bu iddiaların rədd edilməsi məsələlərində onun atdığı qətiyyətli addımlar və digər milli məsələlərdə tutduğu mövqe öz əksini tapmışdır. Qeyd etmək lazımdır ki, romanda müəllif baş qəhrəmanın - Mir Cəfər Bağırovun tutduğu milli mövqeyinin son nəticədə sovet rejimi tərəfindən onun dar ağacına aparılmasına səbəb olmasını göstərə bilmişdir.

 

Yuxarıda qeyd etdiyim kimi, tariximizin hər bir səhifəsini öyrənmək, oxumaq, onu necə varsa, gələcək nəsillərə çatdırmaq bizim hər birimizin - alimin, yazıçının, şairin, jurnalistin müqəddəs borcudur. Yazıçı, hörmətli Məmməd müəllim Əfşanın “Bar ağacından dar ağacına” adlı publisistik romanı çox sanballı əsərdir, çox gözəl bədii dili vardır və kitabın nəşr olunması tariximizin müəyyən dövrünü öyrənməkdə oxuculara yardım edəcəkdir. Bütün bunları nəzərə alaraq, yazıçı Məmməd Əfşanın “Bar ağacından dar ağacına” adlı əsərinin çap olunmasını məqsədəuyğun sayıram.

 

C.Ə.BƏHRAMOV,

AMEA A.A.Bakıxanov adına

Tarix İnstitutunun Elmi işlər üzrə

direktor müavini, t.ü.f.d., dos.

 

Respublika.- 2021.- 27 yanvar.- S.5.