Azərbaycan və Türkmənistanın qardaşlıq, dostluq münasibətləri yeni, böyük perspektivlər açır

 

Bunu iki qardaş ölkə arasında mühüm tarixi sənədin - Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənilməsi haqqında Anlaşma Memorandumunun imzalanması bir daha təsdiq edir.

 

Ölkələrimiz  arasında münasibətlərin ildən-ilə daha da dərinləşməsinin əsas rəhni həm də xalqlarımızın tarixi-mədəni ortaq köklərə malik olmasından irəli gəlir. Son illərdə bu münasibətlərin uğurlu inkişafı üçün Ali səviyyədə qarşılıqlı səfərlərin həyata keçirilməsi mühüm əhəmiyyətə malikdir. Azərbaycan və Türkmənistan prezidentlərinin ötən bir neçə ildə 5 qarşılıqlı səfəri çərçivəsində 50-dən çox sənəd imzalanıb. Müqayisə üçün qeyd edək ki, Azərbaycan-Türkmənistan  münasibətlərinin bütün tarixi ərzində 100-dən çox sənəd imzalanıb. Göründüyü kimi, bu sənədlərin yarısı son bir neçə ildə imzalanıb.

 

Azərbaycan Prezidenti cənab İlham Əliyev Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənilməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumunun imzalanması ilə bağlı Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov arasında videokonfrans formatında keçirilən görüşdə bildirib ki, bugünkü imzalama Xəzərin karbohidrogen resurslarının mənimsənilməsində yeni səhifə açır: “Bu layihə ölkələrimizin, habelə qonşularımızın enerji təhlükəsizliyinin möhkəmlənməsinə şərait yaradacaq. Bu layihə ixrac üçün böyük imkanlar açır, ona görə də xalqlarımızın rifahının yüksəlməsinə şərait yaradacaq”.

 

Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı və istismarı üzrə hökumətlər arasında Anlaşma Memorandumunun imzalanması hər iki dövlət arasında, eləcə də Xəzər dənizi bölgəsində əməkdaşlığın genişləndirilməsi, habelə enerji təhlükəsizliyinin möhkəmləndirilməsinin bariz nümunəsidir. Razılaşmanın əldə edilməsi  eyni zamanda, Xəzər dənizinin sülh, mehriban qonşuluqdostluq dənizi  olmasını möhkəmləndirir, Xəzərdə əməkdaşlıq  və qarşılıqlı etimad mühitinin gücləndirilməsinə töhfədir.

 

Məlumat üçün  bildirək ki, 2020-ci ilin mart ayında Türkmənistan Prezidentinin Bakıya rəsmi səfəri zamanı Azərbaycanın dövlət başçısı ilə birlikdə Xəzər dənizində energetika sahəsində ikitərəfli əməkdaşlıq imkanları ətraflı müzakirə və təhlil edilmişdi. Nəticədə Xəzərdə iri karbohidrogen resursları yataqlarından birində birgə barədə razılaşma əldə edilmişdi. Bu fəaliyyətin  əsas prinsipləri həmrəylik, qarşılıqlı hörmət və dəstək idi. Bütün bunları öz çıxışında xatırladan prezident Qurbanqulu Berdiməhəmmədov bildirib ki, buna  görə də həmin yatağı “dostluq” adlandırmaq barədə bizim ümumi qərarımız dərin rəmzi məna daşıyır: “Şübhəsiz ki, Memorandumun imzalanması Xəzərdə Türkmənistan ilə Azərbaycan energetika sahəsində əməkdaşlığında prinsipcə yeni mərhələ deməkdir. Möhkəm beynəlxalq hüquqi bazaya əsaslanan birgə üçün yeni imkanlar açılır, bizim regiona sistemli və uzunmüddətli, əsasda iri  xarici investisiyalar axını üçün əlavə ciddi stimullar yaranır, ölkələrimizin milli iqtisadiyyatlarının inkişafına və dinamik artımına, yəni yeni yerlərinin yaradılmasına, insanların həyat səviyyəsinin və keyfiyyətinin yüksəlməsinə güclü təkan verilir”.

 

Hazırda ölkələrimiz arasında siyasi, iqtisadi, enerji, nəqliyyat-logistika, mədəni-humanitar və digər sahələrdə qarşılıqlı faydalı əməkdaşlıq uğurla davam etdirilir.

 

Memorandumun imzalanmasını ölkələrimizin, suverenliyinin, iqtisadi potensialının möhkəmləndirilməsi üzrə çoxillik gərgin fəaliyyətin nəticəsi kimi dəyərləndirən Prezident  İlham Əliyev bildirib ki, bu gün Türkmənistan və Azərbaycan beynəlxalq arenada tam əsasla müstəqil xaricidaxili siyasət barədə danışa bilən ölkələrdi. Ölkələrimiz öz milli, mənəvi, əxlaqi ənənələrinə möhkəm sadiqdirlər. Bu, bizi irəliyə aparan əsasdır.

 

Şükür ƏLİZADƏ

 

Respublika.- 2021.- 28 yanvar.- S.4.