Qisas qiyamətə qalmadı...

 

Otuz ilə yaxın işğal altında qalan torpaqlarımızın düşməndən azad edlilməsi uğrunda başlanan müqəddəs Vətən müharibəsi şanlı qələbəmizlə başa çatdı. Böyük coşqunluq, kütləvi vətənpərvərliklə müşayiət olunan bu qalibiyyət xalq-ordu-iqtidar birliyinin canlı nümayişinə çevrildi. Yaşından, məşğuliyyətindən asılı olmayaraq hər kəs müqəddəs savaşa öz töhfəsini verməyə çalışdı. Müzəffər ordumuzun igid əsgər və zabitlərinin sıralarına qoşulan, qəlbində illərlə torpaq həsrəti, vətən qübarı yaşadan oğullarımız bu mübarizədən kənarda qalmadılar. Ali Baş Komandanın çoxdan gözlənilən əmri onları bir araya gətirdi. Bir yumruq şəklində birləşən bu oğullar səfərbərlik və hərbi xidmətə çağırış şöbələrində qeydiyyatdan keçdilər. İllərlə düşmən tapdağında inləyən torpaqlarımızı yağılardan təmizlədilər. Bu yolda heç kəs heç nədən çəkinmədi - kimi canını qoydu, şəhidlik səadətinə qovuşdu, kimiyaralanaraq qazi oldu, doğmalarının yanına alnıaçıq, başıuca döndü. Belə qazilərimizdən biriHüseynli Rəsul Ənvər oğludur. Rəsul müharibədə sonadək iştirak edə bilmədi. Döyüşlərin ilkin mərhələsində gözlərindən ağır yaralanaraq geri dönməli oldu...

Birinci Qarabağ müharibəsi başa çatandan, yəni atəşkəs barədə razılaşmadan cəmi iki il sonra anadan olmuşdu Rəsul. Yeni dünyaya gələn minlərlə, on minlərlə uşağın taleyinə müharibənin xalqımıza vurduğu acılarla, gətirdiyi sonsuz məhrumiyyətlərlə, verdiyi mənəvi əzablarla yaşamaq, birgə böyümək düşmüşdü. Rəsul da beləcə... İllər biri-birini əvəz etdikcə, yaş üstüyaş gəldikcə ailələrində, böyüklərinin 20 Yanvar faciəsi, Qarabağ müharibəsi, Xocalı qırğını haqqında eşitdiyi söhbətlər uşaq yaddaşında dərin iz salır, qəlbini ağrıdırdı. Sonralar orta məktəbdə oxuyarkən bu barədə daha ətraflı məlumata malik oldu. Qəlbində düşmənə nifrət hissi yaranmağa başladı. Böyüyəndə mütləq işğal altına düşmüş torpaqlarımızın azad olunmasında iştirak etmək, düşməndən qisas almaq istəyi də getdikcə güclənirdi.

Şirvan şəhərində anadan olan Rəsul orta təhsilini Bakıdakı 171 N-li məktəbdə alıb. Ali təhsilə yiyələnib - Azərbaycan Kooperasiya Universitetini bitirib. Elə həmin il də əsgərliyə yollanıb. Hərbi xidmət borcunu layiqincə yerinə yetirib. Tərxis olunaraq evlərinə qayıdıb. Bir müddət sonra işə düzəlib - Bakı Hövsan Beynəlxalq Dəniz Limanında. Lakin bundan əvvəl, yəni iyul ayında Tovuz istiqamətində düşmənin törətdiyi təxribatla əlaqədar yaranan könüllülər hərəkatına qoşulub, qeydiyyatdan keçib. Rəsul cəmi 11 gün işə gedib. Nəhayət, sentyabrın 27-si - müqəddəs Vətən müharibəsinin başlandığı gün... Səfərbərlik və hərbi xidmət şöbəsinin çağırışı ilə Rəsul ertəsi gün bir qrup könüllü ilə ön cəbhəyə yola düşdü. Onları Goranboya gətirdilər. Rəsul xatırlayır:

- Hərbi hissəyə gecə saat 1-də çatdıq. Artilleriya atəşinin səsi aydın eşidilirdi. Üç gün orada qaldıq. Bütün bu müddətdə atəş ardıcıl davam edirdi. Vurulma ehtimalına görə bizi Bərdəyə apardılar. Bir neçə gün sonra ixtisaslara bölündük, yenidən Goranboya - əvvəl xidmət etdiyim hərbi hissəyə qayıtdıq. Artilleriya atəşi kəsilmək bilmirdi. Vurulma ehtimalına görə yenə bir neçə dəfə yerimizi dəyişməli olurduq. 2 gün belə keçdi. Sonra əmr gəldi ki, Talış kəndinə getməliyik. Silah-sursat ehtiyatımızı götürüb maşınla yola düşdük. Yolboyu düşmənin atəş zərbəsi ara vermirdi. Kəndin girəcəyində bir dəstəmiz atəşə məruz qaldı. 20 nəfərimiz yaralanmışdı... Biz kəndə gecəyarısı çatdıq. Oktyabrın 11-də göstəriş verildi ki, kömək üçün 12 nəfərlik 2 dəstə hazırlanmalıdır. Əməliyyata getməliydik. Ertəsi gün səhər tezdən artilleriyamız düşmən mövqelərinə zərbərlər endirməyə başladı. Atəş 1 saat davam etdi. Bir qədər sonra isə düşmən cavab atəşi açmağa başladı. Bizim manqa bir evin kənarında silahları təmizləyir, növbəti döyüş tapşırığını gözləyirdi. Elə bu vaxt... bir mərmi lap yaxınlığımıza düşdü. Mən üç yoldaşım yaralandıq. Qəlpələr üz-gözümüzü tutmuşdu. Mən heç nəyi görmürdüm. Qulağım da batmışdı, səslər sanki lap uzaqdan gəlirdi...

Rəsul sözünə davam edərək deyir:

- Mənim üzümdə indi qəlpələr qalmaqdadır. Gözümün birində 4 kiçik çınqıl parçası var, çıxarmaq risklidir. Görməyimə hələlik elə problem yaratmır. Amma sağ gözümün zədəsi böyük idi: daş bəbəyimi cırdığından infeksiya da düşmüşdü. Hospitalın göz şöbəsinin müdiri Səlahəddin həkim məni diqqətlə müayinə etdi görmə qabiliyyətimin bərpa olunacağını dedi. Sonra Zərifə Əliyeva adına Göz Xəstəxanasına göndərilməyimi məsləhət bildi...

Rəsul ikinci dəfə burada əməliyyat olundu. Söhbət zamanı tibb işçilərinin göstərdiyi qulluqdan çox böyük razılıqla danışdı, Sitarə xanımın, İradə xanımın qayğıkeşliyindən söz açdı. Xüsusən hər iki gözünü yüksək peşəkarlıqla müalicə edən Müşfiq həkimə sonsuz minnətdarlığını bildirdi.

Beləliklə, üçüncü əməliyyatdan sonra Rəsul evlərinə buraxıldı. Hələ ki, sağ gözünün görmək imkanı yoxdur. Yalnız zamanla vurulan qaz mayesinin təsirindən yarımgörmələr mümkün olur. Dördüncü əməliyyatın müsbət nəticəsinə böyük ümid bəsləyir.

Rəsul Hüseynli söhbətini belə tamamladı:

- Şükür edirəm ki, evimizdə, ailəmizin yanındayam. Bir gözümlə də olsa görürəm. Torpaqlarımızın bütövlüyü uğrunda başladığımız Qələbə yürüşünün sonuna kimi gedə bilməsəm də, ordumuzun igid əsgər və zabitlərinin cəsurluğu sayəsində ali məqsədimizə çatdıq, Zəfər qazandıq. Düşməndən qisasımızı aldıq. Bu yolda şəhid olan qardaşlarımıza uca Tanrıdan rəhmət diləyir, qazilərimizə şəfqət arzulayıram. Dövlət başçımız, qüdrətli sərkərdə kimi adını şanlı tariximizin səhifələrinə yazan Ali Baş Komandan İlham Əliyevə təşəkkürümü bildirirəm ki, o, Azərbaycan dövlətinin gücünü bir daha dünyaya nümayiş etdirdi. Bir də, minnətdarlığımı bildirirəm ki, məni “Cəsur Döyüşçü” medalına layiq gördü. Doğma Qarabağımızın doğma Azərbaycanımıza qovuşması isə bütün xalqımızın sözlə ifadə oluna bilməyən ən böyük mükafatıdır!..

 

Səfər MAHMUDZADƏ,

 

Respublika.- 2021.- 28 yanvar.- S.6.