Gənclər bugünün və sabahın dayaqlarıdır

 

2 fevral Gənclər Günüdür

 

Ölkəmizdə aparılan genişmiqyaslı sosial quruculuq işlərində Şəki gənclərinin də əməyi çoxdur. Şəhər Gənclər və İdman İdarəsinin rəisi Daşqın Mikayılov bölgə müxbirimizlə bu barədəki söhbətində demişdir:

- Hər bir ölkədə dövlətçiliyin, müstəqilliyin daha da möhkəmləndirilməsi, gələcəyin etibarlı təminatı intellektual səviyyəli potensial kadrların yetişdirilməsindən, onların aparıcı qüvvəyə çevrilməsindən çox asılıdır. Ölkəmizdə də gənclərlə sahəsində görülən tədbirlər onların cəmiyyətdə özlərini layiqincə təsdiq etməsində böyük rol oynamışdır. Ulu öndər Heydər Əliyevin ikinci dəfə ölkə rəhbərliyinə qayıdışı gənclərin qarşısında duran problemlərə və onların həlli yollarına münasibəti kökündən dəyişməyə imkan yaratmış, gənc nəslə diqqət və qayğı dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilmişdir. Ümummilli liderimiz qeyd edirdi ki, “Azərbaycanın müstəqilliyinin dönməz və əbədi olmasının mənbəyi və təminatçısı məhz Azərbaycan gəncləridir”.

1994-cü ildə yaradılmış Gənclər və İdman Nazirliyi qısa müddətdə dövlət gənclər siyasətinin istiqamətlərini müəyyənləşdirərək uğurla həyata keçirməyə başlamışdır. Ümummilli lider Heydər Əliyevin gənclər forumunun təşkili ilə bağlı 1995-ci ildə irəli sürdüyü təşəbbüsdən sonra 1996-cı ildən başlayaraq Azərbaycan gənclərinin forumları keçirilmişdir. Həmin forumlarda gənclərin vəzifələri müəyyənləşdirilmiş, gənc nəslin hərtərəfli inkişafı, problemlərinin həlli bir nömrəli vəzifə kimi qarşıya qoyulmuşdur.

Bu gün ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş müasir milli gənclər siyasətini möhtərəm Prezidentimiz cənab İlham Əliyev uğurla davam etdirir. Prezident İlham Əliyevin 2006-cı ildə imzaladığı Gənclər və İdman Nazirliyinin yenidən təşkil edilməsi haqqında fərmanın dövlət gənclər siyasətinin uğurla həyata keçirilməsində və inkişafında mühüm rolu olmuşdur. Ölkəmizdə məqsədyönlü şəkildə həyata keçirilən işlərin nəticəsi olaraq bu gün müasir Azərbaycan gəncliyi yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Prezident İlham Əliyevin gənclərin potensialından tamdüzgün istifadə olunması, onların dövlət idarəçiliyi sistemində iştirakının təmin edilməsi məqsədilə imzaladığı müvafiq sərəncamlarla təsdiq edilmiş “Gənclər siyasəti haqqında” Qanun, gənclərlə bağlı digər qanunlar və Azərbaycan Gəncliyi Dövlət proqramları gənclərə göstərilən diqqətin və dövlət qayğısının bariz nümunəsidir.

Ölkə başçımızın rəhbərliyi ilə gəncliyə yaradılan gözəl imkanları Şəki gəncləri də ürəkdən alqışlayır, vətənimizin daha da inkişaf etməsi, çiçəklənməsi işində öz qüvvələrini əsirgəmirlər. Dövlətin gənclər siyasəti Şəki şəhərində də uğurla icra edilir. Şəki Şəhər Gənclər və İdman İdarəsinin illik tədbirlər planı hər ilin sonunda növbəti il üçün hazırlanır və müvafiq qaydada təsdiq edildikdən sonra icrasına başlanılır. Şəki Şəhər Gənclər və İdman İdarəsi rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatlarla qarşılıqlı əməkdaşlığa xüsusi diqqət yetirir. Şəhər təhsil şöbəsi, regional mədəniyyət idarəsi, QHT-lər və digər təşkilatlarla birgə müxtəlif səpgili tədbir və layihələr həyata keçirilir, əlamətdar günlər, anım mərasimləri və milli bayramlarımız qeyd olunur. Gənclərin problemləri, qayğıları öyrənilir, onlarda vətənpərvərlik hisslərinin artırılması, siyasi maariflənmələri və asudə vaxtlarının səmərəli təşkili istiqamətində seminarlar, “dəyirmi masalar, idman yarışları, bilik müsabiqələri və sair tədbirlər həyata keçirilir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə 2020-ci il “Könüllülər ilielan edilmişdi. Şəki Şəhər Gənclər və İdman İdarəsi tərəfindən “Könüllülər ili” ilə bağlı da müxtəlif səpgili tədbirlər təşkil edilib, həyata keçirilən tədbirlərdə könüllülərin iştirakı təmin olunub.

Koronavirusla mübarizədə idarəmizin təşkilatçılığı ilə də bir sıra tədbirlər həyata keçirilmişbu indidavam etdirilir. Ümummili lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr olunmuş onlayn inşa, şeir və rəsm müsabiqəsi, “YAP veteranları ilə gənclərin görüşü” adlı onlayn görüş, “Heydər Əliyev müstəqil Azərbaycan Respublikasının banisidir” adlı onlayn konfrans pandemiyanın tələblərinə uyğun keçirilmişdir. Bundan əlavə 15 may - Beynəlxalq Ailə Günü münasibətilə “Sağlam ailə sağlam cəmiyyətdir” adlı videokonfrans, “Sağlam həyat tərzi və reproduktiv sağlamlıq” adlı onlayn maarifləndirici seminar, “Heydər Əliyev fenomeni və Azərbaycanda insan hüquqları” mövzusunda videokonfrans, 15 iyun - Milli Qurtuluş Gününə həsr olunmuşUlu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası”adlı onlayn konfrans, 26 iyun - Silahlı Qüvvələr Günü münasibətilə onlayn tədbir, “Vətənpərvərlik milli-mənəvi dəyərimizdir” adlı onlayn konfrans, “Pandemiyaya qarşı mübarizədə könüllülərin rolu” adlı onlayn konfrans və digər tədbirlərdə də bu məsələyə ciddi riayət olunmuşdur.

Şəki şəhərində koronavirusla mübarizəyə könüllülər də cəlb edilmiş, onların iştirakı ilə bir sıra qabaqlayıcı tədbirlər həyata keçirilmişdir. Şəki Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə tikilən tibbi maskaları Şəki Şəhər Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə könüllü gənclər Şəki şəhərində sakinlərə pulsuz olaraq paylanılmış, müxtəlif mənbələrdən toplanmış yardımlar İdarəmizin təşkilatçılığı ilə könüllü gənclər vasitəsilə Şəki şəhərində yaşayan ehtiyac sahibi sakinlərin evlərinə gedilərək verilmişdir. Könüllü gənclər karantin dövründə çölə çıxmağa icazəsi olmayan yaşlı sakinlərə onların evlərinə gedərək lazım olan ərzaq və digər məhsulların alınmasında köməklik etmişlər.

Şəkidə də koronavirus infeksiyasının yayılmasının qarşısının alınması və sosial təcridin gücləndirilməsi məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən tətbiq olunmuş xüsusi karantin rejiminin tələblərinə, habelə sanitar epidemioloji normalara əməl olunması üçün mobil qruplar tərəfindən şəhərin ayrı-ayrı məhəllələrində, kənd və qəsəbələrdə reydlər keçirir, əhalinin sıx toplaşdığı yerlərdə və ticarət, ictimai-iaşə və xidmət obyektlərində izahetmə-xəbərdarlıq işləri aparılmış, “Evə zəng” kampaniyası çərçivəsində şəhər sakinləri ilə telefon əlaqəsi saxlanılaraq maarifləndirici söhbət aparılmış, Şəki Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə hazırlanmış, üzərində maarifləndirici ifadələr olan posterlər şəhərin müxtəlif yerlərində, əhalinin görə biləcəyi yerlərdə yerləşdirilmişdir.

2020-ci il sentyabrın 27-dən başlanmış Vətən müharibəsində qazanılan tarixi qələbədə Şəki gənclərinin də böyük rolu olmuşdur. Müharibədə iştirak etmək üçün yüzlərlə şəkili gənc müraciət edərək könüllü döyüşlərə yollanmışdır. Vətən müharibəsinin fatehi Ali Baş Komandan İlham Əliyevin qətiyyəti və müzəffər ordumuzun qəhrəmanlığı sayəsində qazanılan qələbədə 3000 nəfərə yaxın hərbçimiz şəhid olmuşdur. Müharibədə şəhid olanlardan 54 nəfəri şəkilidir. Qələbəmizlə bitən müharibədən sonra Şəki Şəhər Gənclər və İdman İdarəsinin əməkdaşları könüllü gənclərlə birgə şəhid ailələrini, qazilərimizi ziyarət edir, onları daim diqqətdə saxlayır, problemləri ilə maraqlanırlar. Hazırda Şəki Şəhər Gənclər və İdman İdarəsi tərəfindən şəhidlərimizin unudulmaması üçün “Qəhrəmanlarımızı unutmayaq” adlı layihə həyata keçirilir. Hər bir şəhidimiz haqqında şəkil və onun haqqında məlumat olan poster hazırlanır və sosial şəbəkələrdə paylaşılır.

 

Söhbəti qələmə aldı:

Rasim Amanov

 

Respublika.- 2021.- 28 yanvar.- S.6.