Tarixin yaddaşı və yadigarı
olan abidələr həm də qədim mədəniyyət
nümunələridir
18 Aprel Beynəlxalq Abidələr
və Tarixi Yerlər Günüdür
18 Aprel Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü Tarixi Yerlər və Abidələrin Mühafizəsi Şurasının (ICOMOS) təklifi üzrə UNESCO tərəfindən 1983-cü ildə təsis olunmuşdur. Məqsəd insanların diqqətini abidələrin və tarixi yerlərin qorunmasına yönəltməkdir.
Təkcə XX əsrdə baş vermiş iki dünya müharibəsi zamanı saysız-hesabsız minlərlə abidə məhv olmuş, tarixi yerlər dağıdılmışdır. Ölkəmizin ayrılmaz tərkib hissəsi olan Qarabağda da 30 ilə yaxın davam edən işğal müddətində xalqımızın mədəni irsi məhv edilmiş, şəhərlərimiz, kəndlərimiz yer üzündən silinmişdir. Bu baxımdan, Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününün qeyd edilməsi böyük əhəmiyyətə malikdir.
Ölkəmiz dünyada bəşər sivilizasiyasının ilkin meydana gəldiyi ərazilərdən biridir. Əcdadlarımızın tarixən keçdikləri çətin və keşməkeşli yol qədim yaşayış məskənlərində, çoxsaylı abidələrdə öz əksini tapmış və bunu arxeoloji qazıntılar da sübut etmişdir. Bu günümüzə qədər gəlib çatan bu abidələr xalqımızın qiymətli mədəni irs nümunələri olaraq qorunub saxlanılır. Azıx mağarasından tapılmış və azıxantrop adlandırılan qədim insanın çənə sümüyü Azərbaycanın dünyada ən qədim ibtidai insan məskənlərindən biri olduğunu göstərir. Qobustanda aşkar edilmiş yaşayış məskənləri bu ərazidə qədim dövrlərdən insanların məskunlaşdığını təsdiqləyir. Ölkəmizin hər yerində yaşı əsrləri və minillikləri əhatə edən mağaralar, yaşayış yerləri, möhtəşəm qalalar, karvansaralar, məscidlər, körpülər, məbədlər, qayaüstü rəsmlər və türbələr mövcuddur. Bütün bunlar xalqımızın qədim keçmişindən, zəngin mədəniyyət tarixindən xəbər verir.
Azərbaycan ərazisində yerləşən abidələr dünya, ölkə və yerli əhəmiyyətli olmaqla təsnifatlandırılır. Bu gün Azərbaycan xalqının əsrlər boyu yaratdığı mədəni irs nümunələrindən olan Şirvanşahlar Sarayı, Qız Qalası və İçərişəhər, Qobustan Qaya Sənəti Mədəni Landıaftı və Şəki xan sarayı ilə birlikdə Şəkinin tarixi mərkəzi UNESCO-nun Ümumdünya Mədəni İrs Siyahısına daxil edilmiş və dünya mədəni irs xəzinəsinin bir hissəsi kimi qorunmaqdadır. Hazırda Bakıda, Qəbələdə, Qaxda, Şabranda, Qazaxda, Bərdədə, Şamaxıda və Şəmkirdə mövcud olan tarixi abidələrimizin Dünya Mədəni İrs Siyahısına daxil edilməsi üçün əməkdaşlıq müstəvisində beynəlxalq təşkilatlarla qarşılıqlı işlər aparılır.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin ölkəmizə rəhbərliyi dövründə xalqımızın tarixinin öyrənilməsi, tarixi və mədəni irsinin qorunub saxlanılması sahəsində mühüm işlər görülmüşdür. Mədəni irsimizi, abidələrimizi qorumağa yönəlmiş hüquqi-praktiki əsaslar yaradılmış, təsis edilmişdir.
Prezident İlham Əliyevin bu sahəyə xüsusi diqqət və qayğısı milli-mədəni irsimizin qlobal mahiyyətini və rolunu daha da aktuallaşdırmışdır. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 27 dekabr tarixli 195 saylı Sərəncamı ilə təsdiq edilmiş "Daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası, qorunması, tarix və mədəniyyət qoruqlarının fəaliyyətinin təkmilləşdirilməsi və inkişafına dair 2014-2020-ci illər üzrə Dövlət Proqramı"nın qəbul edilməsi bu prosesin məntiqi davamını təşkil etmişdir. Tarixi abidələrimizin qorunması və gələcək nəsillərə çatdırılması sahəsində dövlət başçımız İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi altında həyata keçirilmiş mühüm işlər və görülmüş tədbirlər hər kəs üçün ən gözəl örnəkdir.
Təkcə son bir neçə il ərzində Gəncə şəhəri Şah Abbas karvansarasında, Şəki şəhəri Gileyli məscidinin minarəsində və Bərdə şəhəri Nüşabə qalası ərazisində yerləşən Allah-Allah türbəsində, Qazax rayonu "Sınıq körpü" abidəsində bərpa-konservasiya işləri aparılmışdır. Bakı şəhərində Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı, Nizami Kino Mərkəzi, Azərbaycan Dövlət Musiqili Teatrı, Azərbaycan Milli İncəsənət Muzeyi, Heydər Əliyev adına Saray və s. abidələrdə də müasir tələblər səviyyəsində bərpa-yenidənqurma işləri aparılmış və hazırda bu binalar təyinatı üzrə istifadə olunur.
Milli-mədəni irsimizin qorunması və gələcək nəsillərə çatdırılması, eləcə də Azərbaycanın qədim mədəni irsinin öyrənilməsi və dünya miqyasında təbliği daim dövlətin diqqət mərkəzində saxlanılır. Bunu son illər ərzində Heydər Əliyev Fondunun xətti ilə qədim tarixi abidələrin bərpası və qorunması sahəsində aparılan işlər bir daha sübut edir. Belə ki, Bakı şəhərində Bibiheybət məscidi, Şamaxı şəhərində Cümə məscidi, Dəmirçi kənd məscidi, Gəncə şəhərində İmamzadə və Nizami Gəncəvi Məqbərəsi komplekslərinin bərpası, Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksinin və Quba şəhərində Soyqırımı Memorial Kompleksinin yaradılması Fondun təşəbbüsü və dəstəyi ilə həyata keçirilmişdir. Bütün bunlar tarixi keçmişimizin qorunub saxlanılmasına, ölkəmizin turizm mərkəzlərindən birinə çevrilməsinə xidmət edir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin fəaliyyətinin təkmilləşdirilməsi haqqında 22 oktyabr 2019-cu il tarixli Fərmanına əsasən dövlət mühafizəsində olan daşınmaz tarix və mədəniyyət abidələrinin qorunması sahəsində nəzarəti gücləndirmək, idarəetmənin səmərəliliyini təmin etmək məqsədilə Dövlət Xidmətinin 5 regional idarəsi fəaliyyətə başlayıb. Eyni zamanda, ölkə başçısının "Tarix-mədəniyyət qoruqlarının yaradılması haqqında" 2019-cu il 22 oktyabr tarixli Sərəncamına uyğun olaraq "Çıraqqala-Şabran", "Qədim Şəmkir Şəhəri" və "Orta Əsr Ağsu Şəhəri" dövlət tarix-mədəniyyət qoruqları yaradılmışdır.
44 günlük Vətən müharibəsində əldə etdiyimiz möhtəşəm Zəfərimizin nəticəsi olaraq işğaldan azad edilmiş ərazilərimizdə tarixi mədəniyyət abidələrinin bərpa olunması, 2022-ci ilin Prezident İlham Əliyev tərəfindən "Şuşa İli" elan edilməsi qarşımızda yeni məqsədlər qoymuşdur. Belə ki, ötən il ərzində Şuşa şəhərində yerləşən abidələrin elektron xəritəsi tərtib edilmiş, Şuşada aparılan monitorinq çərçivəsində 45 tarixi abidənin üzərinə məlumat lövhələri quraşdırılmışdır. Eyni zamanda, Şuşa şəhərində dövlət qeydiyyatına alınmış tarix-memarlıq abidələrinin kataloqu tərtib edilmişdir. Hazırda "Şuşa - Azərbaycan mədəniyyətinin paytaxtı" adlı nəşrin çap olunması ilə bağlı işlər aparılır. 2021-ci il ərzində Şuşa şəhərində yerləşən abidələrin elektron xəritəsi tərtib edilmiş və Şuşa şəhərində dövlət qeydiyyatına alınmış tarix-memarlıq abidələrinin inventarlaşdırılması başa çatdırılmışdır.
Bundan əlavə, Şuşa şəhərində abidələrin "Bərpa təlimatı" hazırlanmışdır. Sənəddə işğalın nəticələri və səbəb olduğu dağıntılar, abidələrin monitorinqi və inventarlaşdırılması, bərpası və regenerasiyası, bərpa prosesi, abidələrin identifikasiya və lokalizasiya məlumatları, tikililərin tipologiyası və xüsusiyyətləri, abidələrin bərpa statusu və risk faktorları, onların qorunması üçün təcili mühafizə tədbirləri, tarixi-memarlıq tədqiqatları və memarlıq tipologiyası öz əksini tapıb. Şuşa qoruğunun fəaliyyəti ilə bağlı sənədlər müvafiq tapşırığa uyğun olaraq Mədəniyyət Nazirliyi tərəfindən hazırlanaraq təqdim edilib.
Onu da qeyd edim ki, işğaldan azad olunmuş şəhər və rayonlarda tarix-mədəniyyət abidələrinin qorunması və bərpası ilə əlaqədar "yol xəritəsi" hazırlanaraq aidiyyəti üzrə təqdim olunmuşdur. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin müraciəti əsasında Şuşa, Ağdam və Füzuli rayonlarının Baş planı ilə bağlı müvafiq rəy də hazırlanmışdır. Eyni zamanda, Xocavənd rayonunda "Azıx-Tağlar mağara düşərgələri" Dövlət Tarix-Arxeoloji Qoruğunun təsis edilməsi məsələsi ilə bağlı müzakirələr aparılmış və müvafiq sənədlər razılaşdırılması məqsədilə hazırlanaraq aidiyyəti üzrə təqdim edilmişdir.
Azad olunmuş ərazilərdə Ermənistanın törətdiyi müharibə cinayətlərini dünyaya çatdırmaq üçün dağıdılmış yaşayış məntəqələrinin bir hissəsində işğal muzeylərinin yaradılması nəzərdə tutulur. Bununla bağlı artıq müvafiq işlər də həyata keçirilir.
Abidələr təkcə tarixin yaddaşı və yadigarı deyil, həm də maddi-mədəniyyət nümunələridir. Ona görə də onların qorunması və gələcək nəsillərə çatdırılması olduqca vacib məsələdir.
Azad CƏFƏRLİ,
Mədəni İrsin Qorunması,
İnkişafı və Bərpası üzrə
Dövlət Xidmətinin rəisi.
Respublika 2022.- 17 aprel.- S.6.