Rasim İbrahimov

 

Vətən uğrunda ölmək böyük xoşbəxtlikdir. Bu xoşbəxtlik hər kəsə nəsib olmur, hər kəsin qismətinə düşmür. Qürur hissi ilə qeyd etmək lazımdır ki, Azərbaycanın neçə-neçə cəsur, qorxmaz oğulları istər Birinci Qarabağ savaşı, istərsə də 2020-ci ildə başlamış 44 günlük Vətən müharibəsində faşist xislətli erməni daşnaklarına qarşı mərdi-mərdanə vuruşmuş, ən çətin məqamlarda düşmənə sarsıdıcı zərbələr endirmiş, çoxları ölüm-dirim savaşında şəhidlik zirvəsinə ucalmış, adları Azərbaycanın müharibə tarixinə qızıl hərflərlə yazılmışdır.

 

Qəlbində Vətən sevgisi yaşadan Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən qəhrəman oğullardan biri də cəsur komandir Rasim Səxavət oğlu İbrahimov olub. O, torpağımız, ərazi bütövlüyümüz uğrunda şəhidlik zirvəsinə yüksəlib.

 

Rasim bir kərə yüksələn bayrağımızın bir daha enməməsi üçün əbədiyyətə qovuşdu. Şəhid oldu ki, körpələrin gülüşləri dodaqlarında donmasın...

 

Rasim Səxavət oğlu İbrahimov 18 aprel 1962-ci ildə Bakı şəhərinin Xəzər rayonunun Çilov adasında neftçi ailəsində dünyaya göz açmışdı.

 

Uşaqlıq illəri mavi Xəzərin nəğməli sahillərində keçmişdi. Rasim 1969-cu ildə birinci sinfə getmiş, səkkizinci sinfədək 131 saylı məktəbdə təhsil almış. Arzusu hərbçi olmaq idi. Elə bu məqsədlə də o, 1977-ci ildə Cəmşid Naxçıvanski adına Hərbi Məktəbə daxil olmuşdu. 1979-cu ildə hərbi məktəbi müvəffəqiyyətlə bitirərək, təhsilini Bakı Hərbi Ümumqoşun Komandirlər Məktəbində davam etdirmiş, bütün təlimlərdə fəal iştirak etmiş, zabitlik peşəsinin sirlərini və hərbi texnikanı həvəslə və inamla öyrənmişdi.

 

Rasim İbrahimov 1983-cü ildə ali təhsilini başa vurduqdan sonra Almaniyaya hərbi xidmətə göndərilmişdi. Motoatıcı taqımın komandir müavini kimi xidmətə başlayan gənc azərbaycanlı zabit Vətəndən uzaqda olmasına baxmayaraq çalışırdı ki, xalqının adını həmişə uca tutsun. O, hərbi xidmətini başa vurduqdan sonra 1988-ci ildə Azərbaycana qayıtdı. Bir müddət Respublika Hərbi Komissarlığında işlədikdən sonra Ağsu rayon hərbi komissarının müavini vəzifəsinə təyin olundu. Burada işlədiyi müddətdə Baş Qərargahın Saratov şəhərindəki 3 aylıq kursunda oxudu. Sonra isə Füzuli rayonunda hərbi komissarın müavini oldu.

 

Həmin vaxtlar erməni silahlı birləşmələri tez-tez Azərbaycanın sərhəd bölgələrinə hücum edir, öz mənfur niyyətlərini reallaşdırmaq üçün şəhərləri, kəndləri atəşə tuturdular. Rasim İbrahimov bu çətin, qarışıq vaxtlarda Füzuli rayonunun mərd oğulları ilə birlikdə könüllü özünümüdafiə taborunu yaratdı. Təcrübəli zabit tabora komandir təyin edildi. Ağır döyüşlərdə göstərdiyi şücaətə görə Rasim İbrahimova mayor rütbəsi verildi.

 

1992-ci il iyunun 26-da Tuğ kəndi uğrunda gedən döyüşlərdə düşmənə ağır zərbələr vurulurbir neçə mühüm döyüş nöqtəsi ələ keçirilir. Onlar Tuğ kəndinin 5 kilometrliyinə qədər irəliləyirlər. Lakin vaxtında kömək göndərilmədiyinə görə tabor mühasirəyə düşür. Cəsur komandir döyüşçülərinin mühasirədən çıxması üçün öz canını fəda edir. O, ayağından ağır yaralansa da, döyüşə rəhbərliyi davam etdirir. Düşmənə təslim olmamaq üçün cəsur komandir son anda əl qumbarası ilə özünü həlak edir. Rasim qəhrəmanlıqla şəhidlik zirvəsinə ucalır. Son mənzili Bakı şəhərindəki Şəhidlər Xiyabanıdır. Yurdunda isə bir qızı və bir oğlu yadigar qalıb.

 

Azərbaycan Respublikası Prezidentinin 16 sentyabr tarixli 1994-cü il 203 saylı Fərmanı ilə Rasim Səxavət oğlu İbrahimov ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adına layiq görülmüşdür.

 

Ümummilli lider Heydər Əliyev Azərbaycanın Milli Qəhrəmanının “Qızıl Ulduz” medalını Rasim İbrahimovun atasına təqdim etmişdir.

 

Vaxtilə təhsil aldığı 131 saylı orta məktəb indi Rasim İbrahimovun adını daşıyır. Çilov adasında abidəsi ucaldılmış, adına xatirə bağı salınmışdır.

 

Qədir ASLAN

 

Respublika  2022.- 17 aprel.- S.7.