Albert Aqarunov
Vətən oğullarının doğma el-obaya sədaqəti, mərdliyi və şücaəti Birinci Qarabağ müharibəsində özünü bir daha göstərdi. Vətən savaşında ölkəmizin ərazi bütövlüyü uğrunda igidlik göstərən, şəhidlik zirvəsinə yüksələn şahin oğullarımızın hər biri ən çətin məqamda erməni daşnaklarına qarşı mərdliklə vuruşmuş, hər qarış torpağı göz bəbəyi kimi qorumuşlar.
Düşmən gülləsinə sinəsini sipər edən, ərazi bütövlüyümüz uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksələn Vətən oğullarından biri də Aqarunov Albert Aqarunoviçdir.
Albert hələ uşaq yaşlarından kiçik ürəyində Vətənə, torpağa böyük sevgi bəsləmiş, onunla birgə ən böyük arzusu isə doğma torpaqlarımızın işğaldan azad edilməsi olmuşdu.
Elə bu amalla da Birinci Qarabağ savaşında odlu səngərlərə, ağır döyüşlərə atılmışdı.
Albert Aqarunov 25 aprel 1969-cu ildə Bakı şəhərində dünyaya göz açmış, Suraxanı rayonundakı 154 saylı orta məktəbin səkkizinci sinfini bitirdikdən sonra 101 saylı texniki-peşə məktəbində sürücü-mexanik peşəsinə yiyələnmişdir.
O, 1987-ci ildə valideynlərinin, doğmalarının xeyir-duası ilə əsgəri xidmətə yola düşmüş, Gürcüstanın Axalkalaki rayonunda hərbi xidmətə başlamışdır. Nümunəvi qulluğuna görə Albert tank komandiri təyin olunmuşdur. 1989-cu ildə ordudan tərxis olunduqdan sonra bir müddət Suraxanı Maşınqayırma Zavodunda işləmişdir.
Mənfur ermənilərin Qarabağın işğalı zamanı Albert Vətənin müdafiəsinə yollandı. Vətən qeyrəti, el təəssübünü çəkərək yurd savaşına qoşuldu. Özü də ürəklə, cəsarətlə. Döyüş yoldaşlarını haqq işi üçün mübarizəyə səslədi, yumruq tək birləşməyə çağırdı, dar ayaqda onlara mənəvi cəhətdən qol-qanad verdi.
Birinci Qarabağ müharibəsinin qızğın vaxtında Albert tankçı kimi döyüş meydanına atıldı. O zaman yenicə yaranmaqda olan Milli Ordumuzun yüksəkixtisaslı tankçılara böyük ehtiyacı vardı. Bir müddət keçdikdən sonra hərbi texnikanın sirlərinə mükəmməl yiyələnən Albert Aqarunov tank komandiri təyin edilərək Şuşa şəhərinin müdafiəsinə göndərildi.
Albertin tank briqadası tezliklə bütün cəbhə xəttində şücaəti, igidliyi ilə şöhrət qazanır. Cəsur tankçı Xankəndi, Daşaltı, Cəmilli istiqamətlərində gedən döyüşlərdə erməni quldurlarını dəfələrlə pərən-pərən salır, onlarla yaraqlını və xeyli hərbi texnikanı məhv edir.
...Şuşa-Laçın
yolu, 1992-ci il,
mayın 8-i. Səhər
tezdən düşmən
tankları görünür.
Ermənilər Laçına
gedən yolu kəsməklə Şuşa şəhərini
tam mühasirəyə almışlar.
Albert dərhal tankını həmin səmtə yönəltmək
əmri alır.
Düşmən tankları ilə
aradakı məsafə
getdikcə daralırdı.
Fürsəti əldən verməyən
Albert sərrast atəşlə
düşmənin öndə
gələn tankını
məhv edir. Bu uğurundan ruhlanaraq
daha bir tankı alova qərq edir. Ağır döyüşdə neçə-neçə
düşmən texnikası
sıradan çıxarılır.
Lakin texnika və canlı qüvvənin ardı-arası kəsilmək
bilmirdi. Albert yenidən
həmləyə keçməyə
can atırdı. Ancaq buna
macal tapmadı. Atılan mərmilərdən biri igid tankçını haqladı. Albert döyüş meydanında
qəhrəmancasına həlak
oldu. Şəhidlik zirvəsinə ucaldı.
Son mənzili Bakı şəhərindəki
Şəhidlər Xiyabanı
oldu.
Azərbaycan Respublikası
Prezidentinin 7 iyun
1992-ci il tarixli 833 saylı Fərmanı ilə Aqarunov Albert Aqarunoviç
ölümündən sonra
“Azərbaycanın Milli
Qəhrəmanı” fəxri
adına layiq görülmüşdür.
Vaxtilə təhsil aldığı
154 saylı məktəb
Albertin adını daşıyır. Məktəbin önündə büstü qoyulmuşdur.
Qədir ASLAN
Respublika 2022.- 24 aprel.- S.11.