Müqəddəs
vətən borcu
Xalqımızın mərd, igid, qeyrətli Vətən övladlarının misilsiz şücaəti, qanı, canı bahasına 30 ilə yaxın erməni dığaların tapdağına dönən Qarabağımız 44 günə azad edildi. Qazanılan bu şanlı zəfər tariximizə 1995-ci ildə Lerik rayonunun Cənginəvud kəndində anadan olmuş Ceyhun Akif oğlu Səfərovun adı da yazıldı. O, Vətəninin şərəfi naminə şəhidlik zirvəsinə ucalmaqla müqəddəs bir ömür yaşadı. Dövlət tərəfindən layiq görüldüyü “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə” medalları da qəhrəmanın döyüş meydanında yağıya qarşı göstərdiyi şücaətdən bir nümunə oldu.
Ceyhun Səfərov orta məktəbi bitirib bir müddət təsərrüfatla məşğul olur. Sevdiyi işdə böyük həvəslə, vəcdlə çalışır. El-obaya fayda verməklə bərabər ailəsinə də yaxşı qazanc aparır. Günləri maraqlı, mənalı keçsə də, düşmən işğalında qalan Qarabağın taleyinə çox yanır...
Yurdunun torpağına, daşına sevdalı olan Ceyhun 2013-cü ildə Ordu sıralarına gedir. İlk gündən cəbhə bölgəsində Vətənin keşiyində durmağı özünə şərəf sayır. Əsgərlərə, komandirlərə bildirir ki, yağı düşməndən qisas almamış ürəyim rahatlıq tapmaz. Xidmət etdiyi müddət ərzində Ceyhunun Vətən, torpaq sevgisinə hamı əhsən deyir. Həqiqi hərbi xidməti başa vuranda onun cəsurluğu, igidliyi, mərdliyi dillərdə qəhrəmanlıq nəğməsinə dönür.
Doğma kəndinə qayıdan Ceyhun yenidən zəhmət meydanına atılır. Onun halal əməyi, saf əməlləri el-obaya sevinc gətirir. İllərin səfində insanların gözündə ucalan Ceyhun öz xoşbəxtliyini xalqına gərək olmaqda, bir də Qarabağın azadlığında görür. Odur ki, İkinci Qarabağ müharibəsinə könüllü qatılır. Vətənin haqq savaşının birinci günündən əlinə silah alıb dığalarla döyüşür. Həmişə də odun-alovun içinə qalib gəlmək istəyi ilə atılır. Füzuli, Cəbrayıl, Zəngilan döyüşlərində böyük şücaət göstərir, sözün əsl mənasında dığalara qan uddurur.
Vətən sevdalısı 20 oktyabr 2020-ci ildə Cəbrayıl istiqamətində gedən ağır haqq savaşımızda şəhid olub əbədiyyətə qovuşur. Son nəfəsdə də Zəfər günümüzə inamla erməni dığalardan qisas ala bilir.
Zəfər
ORUCOĞLU
Respublika.- 2022.- 7 avqust.- S.4.