Sizə qürur yaraşır, şəhid anası...
Şirvan şəhərində şəhid anaları ilə görüş keçirildi. Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasovun şəhid anaları ilə keçirdiyi görüşə Salyan rayonundan gələn bir qrup şəhid anaları da qatıldı. Görüşdə Milli Məclisin deputatı İltizam Yusifov, Şirvan Apelyasiya Məhkəməsinin sədri Vəli Abdullayev, Dövlət Təhlükəsizliyi Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi Təhmasib Gözəlov, Şirvan Şəhər Polis Şöbəsinin rəisi Fizuli Əhmədov, YAP şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış Xidmətinin şəhər şöbəsinin rəisi İlkin Məmmədov, Şirvan Bələdiyyəsinin sədri Kürdoğlu Muradov, Şirvan Şəhər İcra Hakimiyyətinin başçısının müavinləri, şəhər icra hakimiyyətinin şöbə müdirləri və məsul əməkdaşları, şəhid valideynləri və din xadimləri iştirak etdilər.
Şəhər qəbiristanlığında uyuyan şəhid məzarları, Şirvan şəhərindən olan Milli qəhrəmanların büstləri və Şirvan Şəhidlər Xiyabanında şəhid məzarları ziyarət edildi. Şəhid analarının şərəfinə ucaldılan “Şəhid Anası” memorial abidə kompleksi önünə gül çələngləri və tər qərənfillər qoyulub, şəhidlərin ruhuna dualar oxundu. Şəhər icra hakimiyyətinin başçısı İlqar Abbasov qəhrəman övladlar yetişdirən şəhid analarına təşəkkürünü və minnətdarlığını bildirdi. İcra başçısı Azərbaycan Prezidenti, Qalib Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimizin erməni təxribatlarına və təcavüzünə qarşı 27 sentyabr 2020-ci il tarixdən başlayan və 44 gün davam edən Vətən müharibəsində əsgər və zabitlərimizin göstərdikləri qəhrəmanlıqdan, sıldırım qayaları keçərək Şuşanı azad etmələrindən, dövlət başçısının dünyanın ən nüfuzlu 30-dan artıq televiziya kanallarına verdiyi müsahibələrdən, qərəzli mövqe ilə fərqlənən beynəlxalq qurumları susdurmasından, hazırda işğaldan azad edilmiş tarixi torpaqlarımızda aparılan abadlıq, quruculuq işlərindən, yol və digər infrastruktur layihələrin uğurla həyata keçirilməsindən, dünyada analoqu olmayan “Ağıllı şəhər”, “Ağıllı kənd” layihələrinin icra edilməsindən, “Ağıllı kənd” layihəsi çərçivəsində Zəngilan rayonunun Ağalı kəndinin yenidən qurulmasından, kəndə köçürülən sakinlərin yaşadıqları sevinc və qürur hissindən söz açdı. İşğaldan azad edilmiş digər ərazilərin də tezliklə yenidən qurulacağına və sakinlərinin doğma yurd-yuvalarına qayıdacaqlarına inamını ifadə etdi. Ölkəmizdə şəhid ailələrinə və qazilərə dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan danışdı. Bu qayğının yerlərdə də, o cümlədən Şirvan şəhərində də davam etdiyini bildirdi.
Respublikamızda ilk dəfə olaraq Şirvan şəhərinin mərkəzində quraşdırılan monitorda Şirvan şəhərindən olan şəhidlərin fotoşəkillərinin, barələrində məlumatların mütəmadi təbliğ edildiyini, Şirvan Şəhidlər Xiyabanında şəhid anaları şərəfinə “Şəhid Anası” memorial abidə kompleksinin ucaldıldığını, əsaslı təmir edilən M.Füzuli adına Mədəniyyət və İstirahət parkında qəhrəman əsgər və zabitlərimiz şərəfinə “Zəfər” abidəsinin qoyulduğunu, qələbəmizin şərəfinə “Zəfər” və “Qarabağ” xiyabanının salındığını, orden və medallara layiq görülən Şirvan şəhidlərinin adlarının küçələrə və məktəblərə verilməsi istiqamətində görülən işləri qeyd etdi.
Tədbirdə həyata keçirilən dövlət siyasətinin mühüm məqamlarından, əldə olunan uğurlardan, şəhid ailələrinə və qazilərə dövlət səviyyəsində göstərilən qayğıdan danışıldı. Çıxış edənlər fikirlərini bu sonluqla bitirdilər: “Sən, qürurla yaşa, şəhid anası, sizə qürur yaraşır”.
Tədbirdə Şirvan şəhərindən və Salyan rayonundan olan şəhid ailələrinin nümayəndələri şəhidlərə verilən yüksək qiymətə, şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıya görə, Azərbaycan Respublikasının Prezidenti, Qalib Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin təşəkkürlərini və minnətdarlıqlarını ifadə etdilər.
Tofiq HÜSEYN
Respublika.- 2022.- 7 avqust.- S. 4.