İsmayıl Səmədov
Tarixə 44 günlük Zəfər salnaməsi adı ilə daxil olan Vətən müharibəsində, İkinci Qarabağ savaşında qazanılan qələbə heç də asan başa gəlmədi. 2020-ci ildə qətiyyətli sərkərdə İlham Əliyev öz siyasi müdrikliyi ilə Ermənistanı diz çökməyə məcbur etdi. Son onilliklərdə bəşər tarixində bir çox müharibələr baş versə də, Azərbaycanın Ermənistan üzərində qələbəsi öz unikallığı ilə fərqləndi. İgid oğullarımız 30 ilə yaxın erməni işğalı altında olan torpaqlarımızı azad etdi. Tarixin axarına yeni nizam verən bu Şanlı Qələbə iki yüz ildə itirilən torpaqlarımızın geri qayıdış Zəfəri, eyni zamanda xalqın həmrəyliyinin, milli birliyinin, ölkə rəhbərinə inamın ifadəsi oldu.
2020-ci il sentyabrın sonlarında Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu əks-hücum əməliyyatına başlayanda Azərbaycanın bütün qəhrəman oğulları kimi, Zaqatala rayonunda doğulub boya-başa çatmış kapitan İsmayıl Səmədov da döyüş meydanına atıldı. Vətən torpağını göz bəbəyi kimi qorudu...
Adı Azərbaycanın hərb tarixinə yazılmış İsmayıl Səmədov 9 avqust 1990-cı ildə yurdumuzun dilbər guşələrindən olan Zaqatala rayonunun Lahıc kəndində dünyaya göz açmışdır. 1996-2005-ci illərdə Q.Qocayev adına Lahıc kənd orta məktəbini bitirmiş, 2005-2007-ci illərdə isə Kimya-Biologiya Təmayüllü Liseydə təhsilini davam etdirmişdir. İsmayıl 2007-2011-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində oxumuş, istedadlı bir gənc kimi formalaşmışdır. O, 2007-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin Mingəçevir şəhərində yerləşən "N" saylı hərbi hissədə qulluq edirdi.
2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində sonra könüllü olaraq iştirak etmək istəyənlərin sayı artdı. Bu, xalqımızın yüksək vətənpərvərlik hisslərinə malik olduğunu, mətinliyini, mübarizliyini nümayiş etdirdi. Vətənini canından çox sevən İsmayıl Səmədov da silaha sarılaraq Vətənin müdafiəsinə, ölüm-dirim savaşına yollandı.
İsmayılın döyüş yolu Füzulidən başladı. O, bir zabit tək üzərinə düşən vəzifəni uğurla yerinə yetirdi, ən çətin məqamlarda düşmənə ağır zərbələr endirməyi bacardı. Neçə-neçə erməni hərbçisini zərərsizləşdirdi. Əmin idi ki, tezliklə faşist xislətli erməni vandalları ağır məğlubiyyətlə üzləşəcək, Sarkisyanın, Koçaryanın bütün planları alt-üst ediləcəkdir. Tale elə gətirdi ki, oktyabrın 11-də Füzuli uğrunda gedən qanlı döyüşlərdə İsmayılın sinəsi düşmən gülləsinə tuş gəldi, onu ölümün pəncəsindən qurtarmaq mümkün olmadı.
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad edilməsi zamanı göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirərkən igidlik və mərdlik nümayiş etdirməsinə görə, Azərbaycan Prezidenti İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən İsmayıl Səmədova ölümündən sonra "Vətən Müharibəsi Qəhrəmanı" adı verilmişdir.
İgid döyüşçü İsmayıl Səmədov "Cəbrayılın azad olunmasına görə", III dərəcəli "Qüsursuz xidmətə görə" və "Vətən uğrunda" medallarına da layiq görülmüşdür.
Xalqımız qəhrəman oğlu İsmayıl Səmədovun parlaq xatirəsini həmişə uca tutacaq, onun məzarı xalqımızın and yeri olacaqdır.
Qədir ASLAN
Respublika.- 2022.- 9 avqust.- S.5.