Mingəçevir Dövlət
Universiteti: prioritetlər, nəticələr, hədəflər
Başa
vurduğumuz 2021-2022-ci tədris ili bir
çox əlamətdar hadisələrlə yadda
qalmışdır. Tarixi Qarabağ Zəfərinin birinci
ildönümü qeyd olunmuş, eləcə də ölkəmizdə
2022-ci il "Şuşa İli" elan
edilmişdir. Eyni zamanda, qlobal pandemiya şəraitində Azərbaycanda
COVID-19 infeksiyasına qarşı həyata keçirilən
effektiv mübarizə tədbirləri sayəsində
uzunmüddətli fasilədən sonra ötən tədris
ilində respublikamızın ali təhsil
müəssisələrində, o cümlədən Mingəçevir
Dövlət Universitetində (MDU) ənənəvi təhsil
müəyyən məhdudiyyətlərlə bərpa
edilmiş, tədris və təlim-tərbiyə prosesi
mövcud qaydalara uyğun təşkil edilmişdir. Dövlət
başçısının ali təhsil
sahəsində qarşıya qoyduğu vəzifələrdən
irəli gələrək hökumət tərəfindən qəbul
edilmiş yeni qaydalar və təlimatlar, Nazirliyin birbaşa dəstəyi
ilə ali təhsil müəssisələri tərəfindən
həyata keçirilən tədbirlər, həmçinin
universitetlərdə əldə edilən təcrübələr
və yaradılan yeni imkanlar tədris ilinin uğurla başa
çatdırılmasına və kadr
hazırlığının keyfiyyətinin yüksəldilməsinə
səbəb olmuşdur.
Strateji
olaraq yeni dövrün universitetinə çevrilməyi,
paytaxtın qabaqcıl universitetləri səviyyəsində ali təhsil xidmətləri göstərməyi,
ölkəmizin, o cümlədən regionun hərtərəfli
inkişafına davamlı töhfə verməyi hədəfləyən
MDU-da bütün fəaliyyətlər milli və beynəlxalq
ali təhsil məkanında müşahidə olunan inkişaf
trendləri, meydana çıxan yeni
çağırışlar və reallıqlar, eləcə
də mövcud potensial nəzərə alınaraq həyata
keçirilmişdir. Ali təhsilə dövlətin
yüksək diqqət və qayğısı, yerli və
xarici tərəfdaşların dəstəyi, universitetin tələbə
və müəllim kollektivinin əməyi, idarəetmədə
səmərəliliyin, çevikliyin və şəffaflığın
artırılması sayəsində MDU-nun potensialının
inkişafı və modernləşməsi istiqamətində
əhəmiyyətli nəticələr əldə
olunmuşdur. Hər şeydən əvvəl,
tədrisin hibrid formatda səmərəli təşkilinə
nail olunmuş, elmi fəaliyyətdə müsbət kəmiyyət
və keyfiyyət dəyişiklikləri baş vermiş,
sosial sahədə fəaliyyətlər genişlənmiş,
idarəetmənin strukturu müasir tələblərə
uyğun və tələbəyönümlülük
kontekstində daha da təkmilləşdirilmişdir.
Bununla yanaşı, yerli və beynəlxalq tərəfdaşlıqlar,
sənaye ilə işbirliyi gücləndirilmiş, səmərəli
ali təhsil mühitinin formalaşdırılması,
təhsilalanların və təhsilverənlərin hərtərəfli
inkişafı istiqamətində mühüm addımlar
atılmışdır. Eyni zamanda, hazırda
dövlətin hərtərəfli dəstəyi ilə
universitetin müasir tələblərə cavab verən yeni
kampusunun yaradılması istiqamətində müvafiq işlər
davam etdirilir.
MDU-da
struktur təkmilləşdirilməsi istiqamətində
görülən işlər çərçivəsində
İnformasiya Texnologiyaları fakültəsinin
yaradılması və Mühəndislik fakültəsinin
yenidən qurulması ilə bağlı müvafiq tədbirlər
həyata keçirilmiş, Pedaqoji fakültə Təhsil
fakültəsi adlandırılmış, Magistratura və
Doktorantura Təhsil Mərkəzi, Dayanıqlı
İnkişaf və Regional İnnovasiyalar Tədqiqat Mərkəzi
təsis edilmişdir. Universitetdə strateji fəaliyyətlərin
yeni çağırışlara
uyğunlaşdırılması və cəmiyyətlə
çevik kommunikasiyanın təmin edilməsi məqsədilə
2021-2022-ci tədris ilində MDU-da "Rektorla söhbət"
layihəsinə start verilmişdir. MDU üzvləri
ilə yanaşı, regionun təhsil, elm, innovasiya və
sahibkarlıq ekosisteminin nümayəndələri ilə
davamlı olaraq keçirilməsi nəzərdə tutulan
layihə çərçivəsində cari ildə
magistrantlarla, doktorant və dissertant əməkdaşlarla
görüşlər keçirilmişdir.
Sosial rifahın dövlət siyasətinin mərkəzində
dayandığını, təhsil işçilərinin
sosial vəziyyətinin daha da
yaxşılaşdırılması prioritetini və MDU-nun
mövcud maliyyə imkanlarını əsas tutaraq ötən
tədris ilində universitetin professor-müəllim və
inzibati-texniki heyət üzvlərinin aylıq əməkhaqları
orta hesabla 20 faiz artırılmışdır.
Hazırda universitetdə iqtisadiyyat, mühəndislik və
pedaqoji profilləri əhatə edən 24 ixtisas (bakalavriat) və
14 ixtisaslaşma (magistratura) üzrə kadr
hazırlığı həyata keçirilir. Üç
fakültənin və on kafedranın mövcud olduğu
universitetdə 2021-2022-ci tədris ilində ümumilikdə
3000-ə yaxın tələbə və magistrant təhsil almışdır.
Bütövlükdə, 300-dən çox əməkdaşı
olan MDU-da 195 professor-müəllim heyəti
çalışır ki, onlardan 5 nəfərin elmlər
doktoru, 57 nəfərin isə fəlsəfə doktoru elmi dərəcəsi,
3 nəfərin professor və 43 nəfərin isə dosent elmi
adı vardır. Bundan əlavə, ötən tədris ilində
MDU-da Türkiyənin Qazi Universitetindən 2 professor fəaliyyət
göstərmişdir.
2021-2022-ci tədris ilində MDU-da ənənəvi tədrisə
qayıdış Nazirlər Kabinetinin müvafiq Qərarlarına,
Təhsil Nazirliyinin müvafiq əmrləri və təlimatlarına
əsasən həyata keçirilmişdir.
İmtahanların
şəffaf, obyektiv və mütəşəkkil
keçirilməsi məqsədilə universitetdə hər
bir struktur bölməyə konkret tapşırıqlar
verilmiş, dəqiq funksional iş bölgüsü
aparılmış və digər bütün zəruri
addımlar atılmışdır. Ötən
tədris ilinin payız və yaz imtahan sessiyalarının hər
birində 3000-dən çox tələbə və magistrant
900-dən çox imtahanda iştirak etmişdir. Mühazirə mətnləri, təqdimatlar, dərslik
və dərs vəsaitləri, imtahan sualları və
onların xülasə şəklində cavablarının
elektron formatda tələbələrə
çatdırılması tədris olunan fənlərin tələbələr
tərəfindən mənimsənilmə səviyyəsinin
yüksəlməsinə və onların akademik göstəricilərinin
daha da yaxşılaşmasına şərait
yaratmışdır. Son üç tədris
ilində MDU tələbələrinin müvəffəqiyyət
göstəricisi 95 faizdən çox olmuşdur. Keyfiyyət göstərcisi isə təqribən 40
faizə qədər yüksəlmişdir. Müqayisə
üçün qeyd edək ki, 2018-2019-cu tədris ilinin yaz
semestrində müvəffəqiyyət və keyfiyyət
göstəriciləri müvafiq olaraq, 78,9
və 18,7 faiz təşkil etmişdir.
Cari tədris ilində MDU-da tədrisin məzmununun təkmilləşdirilməsi
və kadr hazırlığının keyfiyyətinin yüksəldilməsi
məqsədilə müvafiq laboratoriyaların və digər
zəruri infrastrukturun yaradılması diqqət mərkəzində
saxlanılmışdır. Belə ki, cari ildə
universitetdə iki laboratoriya - "Kimya" və "Kiber Təhlükəsizlik"
laboratoriyaları istifadəyə verilmişdir. Kimya laboratoriyası kimya, fizika və ekologiya istiqaməti
üzrə spesifik tədqiqatların yerinə yetirilməsi,
aidiyyəti fənlərin tədrisi zamanı müvafiq texniki
və elmi təcrübələrin aparılması
üçün zəruri avadanlıqlarla təchiz
olunmuşdur. Kiber Təhlükəsizlik
laboratoriyası isə Nazirliyin qrantı əsasında həyata
keçirilən "Mingəçevir Dövlət
Universitetində Kiber Təhlükəsizliklə bağlı
Fənlərin Tədrisinin Təkmilləşdirilməsi"
layihəsi çərçivəsində
yaradılmışdır.
Ölkənin və regionun inkişafına töhfə
verən, səmərəli və nəticəyönümlü
elmi fəaliyyətin həyata keçirilməsini diqqət mərkəzində
saxlayan MDU-da son dövrdə elmi potensialın inkişaf
etdirilməsi sahəsində görülən işlər nəticəsində
müsbət keyfiyyət dəyişiklikləri müşahidə
edilmiş və yeni meyillər meydana
çıxmışdır. MDU-da akademik heyət
üzvlərinin tədqiqat bacarıqlarının
artırılmasına və elmi fəaliyyətlərinin təşviq
edilməsinə xüsusi diqqətin göstərilməsi,
elmi nəşrlərdə dərc edilən əsərlərə
görə əməkdaşların
mükafatlandırılması universitetdə elmi fəaliyyətin
genişlənməsinə və nüfuzlu beynəlxalq elmi
jurnallarda dərc edilən məqalələrin sayının
artmasına səbəb olmuşdur. 2019-cu ildən 2022-ci
ilin yarısınadək MDU əməkdaşlarının "Web
of Science" bazasında indekslənən elmi nəşrlərdə
dərc olunan məqalələrinin sayı (20 ədəd)
1991-2018-ci illər üzrə müvafiq göstəricidən
(8 ədəd) 2,5 dəfə çox
olmuşdur. Ümumilikdə, bu günə qədər
sözügedən bazaya daxil olan jurnallarda universitetin akademik
heyət üzvlərinin 28 məqaləsi dərc
olunmuşdur. Bununla yanaşı, MDU
tarixində ilk elmi jurnal hesab edilən "Dayanıqlı
inkişaf" multi dissiplinar elmi jurnalının birinci və
ikinci buraxılışları çap olunmuş və
elektron variantda universitetin rəsmi saytında yerləşdirilmişdir.
Jurnal Beynəlxalq Standart Seriya Nömrəsi (ISSN) və E-ISSN
kodu almış, "Academic Resource Index ResearchBib" beynəlxalq
xülasələndirmə və indeksləşdirmə
bazasına, eləcə də Ali Attestasiya Komissiyasının
iqtisad elmləri üzrə Azərbaycan Respublikasında məqalələrin
dərc olunması tövsiyə edilən dövri elmi nəşrlərin
siyahısına daxil edilmişdir.
MDU-da
yerli və xarici tərəfdaş ali təhsil
müəssisələrinin doktoranturasında universitetin gənc
əməkdaşları və məzunlarının təhsil
almasına xüsusi diqqət yetirilmişdir. Hazırda
universitetin 31 əməkdaşı fəlsəfə doktoru
proqramı, 6 əməkdaşı isə elmlər doktoru
proqramı üzrə ölkəmizin müxtəlif ali təhsil müəssisələrində və
AMEA-nın sahə institutlarında dissertant və
doktorantdırlar. 2021-2022-ci tədris ilində
universitetin 5 əməkdaşı fəlsəfə doktoru
elmi dərəcəsini almaq üçün dissertasiya
işlərini uğurla müdafiə etmiş, 8 doktorant və
dissertant dissertasiya işlərini başa vurmuş və
müdafiə ərəfəsindədir.
Azərbaycan
Respublikası Təhsil və İqtisadiyyat nazirliklərinin,
Mingəçevir Şəhər İcra Hakimiyyətinin,
BMT-nin Azərbaycandakı Rezident Əlaqələndirici
ofisinin, tərəfdaş yerli və xarici universitetlərin dəstəyi
ilə "Davamlı
inkişaf strategiyası: qlobal trendlər, milli təcrübələr
və yeni hədəflər" mövzusunda MDU tarixində
ilk beynəlxalq elmi konfrans keçirilmiş və
konfransın materialları ikicildlik məcmuə şəklində
dərc edilmişdir. Eyni zamanda, MDU "Mühəndislikdə
süni intellekt və tətbiqi riyaziyyat" mövzusunda
4-cü beynəlxalq konfransa və "Dayanıqlı
ağıllı kənd təsərrüfatı və islam
maliyyəsi" mövzusunda 2-ci Karatay Beynəlxalq İslam
İqtisadiyyatı və Maliyyəsi Konfransına tərəfdaşlıq
etmişdir.
Həm akademik və inzibati heyət üzvlərinin, həm
də təhsilalanların hərtərəfli
inkişafının təmin edilməsi, onların bilik və
bacarıqlarının artırılması məqsədilə
müvafiq layihələrin, təlimlərin və maarifləndirici
tədbirlərin keçirilməsinə MDU-da xüsusi diqqət
yetirilmişdir. Bu istiqamətdə həyata keçirilən
bir çox layihələrə MDU-da yeni yaradılan KİM təşkilatçılıq
etmişdir. Konkret olaraq, universitetdə davam etdirilən
"Peşəkarla görüş" layihəsi, karyera
planlaşdırma, sahibkarlıq, xarici dil, rəqəmsal,
pedaqoji və tədqiqat bacarıqlarının
artırılması məqsədilə tanınmış
ekspert və mütəxəssislər tərəfindən
MDU-da keçirilən təlimlər xüsusi maraqla
qarşılanmışdır.
Regional innovasiya ekosisteminin başlıca aktorlarından
birinə çevrilməyi hədəfləyən MDU-da kadr
hazırlığının keyfiyyətinin yüksəldilməsi,
tədrisin məzmununun təkmilləşdirilməsi və tədqiqatların
nəticəyönümlüyünün artırılması
məqsədilə müxtəlif formatlı təhsil-sənaye
əməkdaşlığının inkişaf etdirilməsinə
xüsusi əhəmiyyət verilir. MDU SOCAR və Azərbaycan
Sahibkarlar Konfederasiyası ilə əməkdaşlıq əlaqələri
qurmuşdur. Mingəçevir Peşə Məktəbi
və "Azmade Group" MMC şirkəti arasında
"universitet-peşə məktəbi-sənaye"
formatında üçtərəfli əməkdaşlıq,
"Azərbaycan İES" MMC, "Atəşgah"
Sığorta Şirkəti, "Kapital Bank" ASC və
Mingəçevir Sənaye Parkı ilə işbirliyi çərçivəsində
təlim-təcrübə proqramı, elmi konfrans, nəzəri-praktiki
seminar, "dəyirmi masa", infotur və digər müxtəlif
formatlı tədbirlər keçirilmişdir.
MDU-da tələbəyönümlü təhsil
mühitinin yaradılmasına, tələbə gənclərin
hərtərəfli inkişafına, onların universitet idarəçiliyində
fəal təmsil olunmasına, çoxşaxəli
könüllülük fəaliyyətinə cəlb edilməsinə
və tələbə təşkilatlarının fəaliyyətinin
gücləndirilməsinə xüsusi diqqət yetirilir. Universitetin tələbə
və magistrantları əlamətdar günlərə və
tarixi şəxsiyyətlərə həsr olunan tədbirlərdə,
elmi konfranslarda, müvafiq təbliğat və maarifləndirmə
işlərində, iməciliklərdə, startap və
könüllülük fəaliyyətlərində, müxtəlif
bilik, yaradıcılıq, idman müsabiqələri və
yarışlarında yüksək fəallıq
nümayiş etdirmiş və uğurlu nəticələrə
nail olmuşlar. Qardaş Türkiyənin ən böyük
aerokosmik və texnologiya festivalı olan "TEKNOFEST
2022"-nin final mərhələsində MDU-nun 13 tələbə
və mentorun daxil olduğu 3 komanda ilə fəal təmsil
olunduğunu xüsusi qeyd etmək olar.
Ali təhsilə dövlətin yüksək diqqət və
qayğısı, yerli və xarici tərəfdaşların
dəstəyi, universitetin tələbə və müəllim
kollektivinin əməyi, idarəetmədə səmərəliliyin,
çevikliyin və şəffaflığın
artırılması sayəsində MDU-nun potensialının
inkişafı və modernləşməsi istiqamətində
əhəmiyyətli nəticələr əldə
olunmuşdur.
Gənclərin xalqına, vətəninə və
dövlətinə bağlı layiqli vətəndaş kimi
yetişdirilməsini əsas vəzifələrindən biri
kimi diqqət mərkəzində saxlayan MDU-da təhsilin məzmununda
vətənpərvərlik tərbiyəsinin önəminin
daha da yüksəldilməsi istiqamətində mühüm
addımlar atılmışdır.
Yeni
dövrün universitetinə çevrilməyi strateji hədəflərindən
biri olaraq müəyyənləşdirən MDU-da mövcud
potensialın gücləndirilməsi, idarəetmə, tədris
və tədqiqat fəaliyyətlərinin müasir tələblərə
uyğun təkmilləşdirilməsi məqsədilə beynəlxalq
əlaqələr inkişaf etdirilmiş, müvafiq dövlət
qurumları, paytaxtın qabaqcıl universitetləri və
regionda yerləşən təhsil müəssisələri
ilə əməkdaşlığa xüsusi önəm
verilmişdir.
Paytaxtın
qabaqcıl ali təhsil müəssisələrindən olan
Bakı Dövlət Universiteti, ADA Universiteti, Azərbaycan
Texniki Universiteti, Azərbaycan Dövlət İqtisad
Universiteti və Azərbaycan Dövlət Pedaqoji Universiteti ilə
əlaqələrin inkişafı istiqamətində əhəmiyyətli
tədbirlər həyata keçirilmişdir.
Cari tədris ilində MDU ilə Mərkəzi Aran
Regional Təhsil İdarəsi (RTİ) arasında əməkdaşlıq
çərçivəsində birgə fəaliyyətlərə
başlanılması regionda təhsilin keyfiyyətinin yüksəldilməsinə
və insan kapitalının inkişafına töhfə verilməsinə
hədəflənmişdir. MDU və Bərdə
Peşə Liseyi arasında imzalanmış Anlaşma
Memorandumu qarşılıqlı maraq doğuran əməkdaşlıq
istiqamətləri üzrə ortaq fəaliyyətlərin həyata
keçirilməsini özündə ehtiva etmişdir.
MDU beynəlxalq
əməkdaşlığını daha da genişləndirmiş,
Türkiyə, Ukrayna, Qazaxıstan, Belarus və Almaniyanın
qabaqcıl universitetləri ilə əlaqələrini
inkişaf etdirmiş, Erasmus+ proqramında fəal təmsil
olunmuş, Kəmər və Yol Universitet Alyansına üzv qəbul
edilmişdir.
MDU qardaş Türkiyənin nüfuzlu, zəngin ənənələrə
və modern infrastruktura malik Qazi Universiteti ilə işbirliyini
uğurla davam etdirmişdir. Cari tədris ilində
Qazi Universitetinin elektrik-elektronika mühəndisliyi və informasiya
təhlükəsizliyi üzrə professorları Cemal
Yılmaz və Ercan Nurcan Yılmaz MDU-da fəaliyyət
göstərmişlər. Onlar tədrisin
keyfiyyətinin yüksəldilməsi, elmi fəaliyyətin səmərəliliyinin
artırılması, Mühəndislik fakültəsinin yenidən
qurulması, İnformasiya texnologiyaları fakültəsinin,
Magistratura və Doktorantura Təhsil Mərkəzinin
yaradılması üzrə müvafiq işçi
qruplarına rəhbərlik etmişlər. Eləcə
də, "MDU-da kiber təhlükəsizliklə bağlı
fənlərin tədrisinin təkmilləşdirilməsi"
layihəsi üzrə Təhsil Nazirliyinin qrantının
qazanılması və layihənin icrasında, əməkdaşların
tərəfdaş Türkiyə universitetlərinə təlim
və təcrübəyə göndərilməsində,
"TEKNOFEST Azərbaycan"da iştirakın təmin edilməsində
fəal rol oynamış, universitetdə çoxsaylı təlimlər
və seminarlar keçirmişlər.
Bununla yanaşı, MDU-nun 5 əməkdaşı Qazi
Universitetində bir aylıq təlim və təcrübə
keçmişdir. Hazırda Qazi Universitetinin Eğitim
fakültəsinin dekanı professor Mahmut Selvi MDU-nun
"Dayanıqlı inkişaf" multidisiplinar elmi
jurnalının redaksiya şurasının üzvü olaraq
universitetin elmi fəaliyyətinə dəstək göstərir.
MDU-nun 1 əməkdaşı və 1 məzunu isə
Türkiyənin Qazi Universitetində müvafiq olaraq "Təhsilin
idarə edilməsi" və "Kompüter elmləri"
ixtisasları üzrə doktorantura təhsili alırlar.
Regional innovasiya ekosisteminin başlıca aktorlarından
birinə çevrilməyi hədəfləyən MDU-da kadr
hazırlığının keyfiyyətinin yüksəldilməsi,
tədrisin məzmununun təkmilləşdirilməsi və tədqiqatların
nəticəyönümlüyünün
artırılması məqsədilə müxtəlif
formatlı təhsil-sənaye əməkdaşlığının
inkişaf etdirilməsinə xüsusi əhəmiyyət
verilir.
Türkiyənin
yenilikçi və müasir ali təhsil
müəssisələrindən biri olan Ankara Hacı Bayram
Veli Universiteti (AHBVU) ilə qurulan əməkdaşlıq əlaqələri
əsasən MDU-nun İqtisadiyyat və idarəetmə fakültəsinin
potensialının gücləndirilməsinə, xüsusilə
turizm təhsilinin inkişafına töhfə verilməsinə
hədəflənmişdir.
Türkiyənin
sənaye mərkəzlərinin birində yerləşən və
müasir kampus məkanına sahib olan KTO Karatay Universiteti ilə
əməkdaşlıq çərçivəsində MDU
2022-ci ilin 17-18 iyun tarixlərində KTO Karatay Universitetində
"Dayanıqlı ağıllı kənd təsərrüfatı
və islam maliyyəsi" mövzusunda keçirilən 2-ci
Karatay Beynəlxalq İslam İqtisadiyyatı və Maliyyəsi
Konfransına tərəfdaşlıq etmişdir. Konfransın açılışında MDU-nun
rektoru çıxış etmiş, bölmə
iclaslarında universitetin akademik heyət üzvləri elmi məruzələrini
təqdim etmişlər.
MDU isə İstanbul Gedik Universiteti arasında əməkdaşlığın
əsası 2021-ci ilin dekabrın 13-də müvafiq protokolun
imzalanması ilə qoyulmuşdur. Qarşılıqlı
maraq doğuran sahələrdə əməkdaşlığın
yaradılmasını və inkişaf etdirilməsini nəzərdə
tutan protokol tələbə və akademik heyətin mübadiləsi,
birgə elmi tədqiqatlar, universitet-sənaye əməkdaşlığı
çərçivəsində ortaq fəaliyyətləri əhatə
edir. MDU-nun 3 əməkdaşı
İstanbul Gedik Universitetində bir həftəlik təlim və
təcrübədə olmuşlar.
2022-ci il mart ayının 11-də MDU Siegen
Universitetində "Keçid iqtisadiyyatlı ölkələrdə
sahibkarlıq" mövzusunda onlayn formatda təşkil edilən
beynəlxalq seminarda təmsil olunmuşdur. Bundan əlavə,
2022-ci ilin aprelində Siegen Universitetinin professoru tərəfindən
MDU-nun akademik heyət üzvləri, tələbə və
magistrantlarının iştirakı ilə "Sahibkarlıq
ekosistemi" mövzusunda seminar keçirilmişdir.
Ukraynanın Kiyev Milli İqtisadiyyat Universiteti (KNEU) və
Kiyev Milli Texnologiya və Dizayn Universiteti (KNUTD) arasında əməkdaşlıq
inkişaf etdirilmişdir. 2021-ci ilin
oktyabrında MDU rektoru Kiyevdə KNEU və KNUTD rektorları ilə
anlaşma memorandumları imzalamışdır. Potensial əməkdaşlığın inkişaf
etdirilməsini nəzərdə tutan memorandumlar tələbə
və müəllim mübadiləsi, ortaq təhsil
proqramları, tədqiqatlar, elmi konfranslar, forumlar və digər
istiqamətlərdə birgə fəaliyyətləri nəzərdə
tutur.
2022-ci
ilin iyulunda MDU rektoru Qazaxıstanın dünya universitetlərinin
QS reytinqində yer alan nüfuzlu ali təhsil
müəssisələrində - Ahmet Yesevi Universiteti (AYU),
Abay adına Qazax Milli Pedaqoji Universiteti (Abay Universiteti) və
Qazax Milli Aqrar Tədqiqat Universitetində (KazNARU) olmuşdur. Ziyarət çərçivəsində AYU və
Abay Universiteti ilə MDU arasında anlaşma memorandumları
imzalanmışdır. Memorandumlar universitetlər
arasında tələbə və müəllim mübadiləsi,
birgə tədqiqatların aparılması, tədris-metodiki fəaliyyət
sahəsində təcrübə mübadiləsi, akademik və
inzibati heyət üzvlərinin ixtisaslarının
artırılması, ortaq konfrans və seminarların
keçirilməsi, qarşılıqlı mühazirələrin
təşkili, beynəlxalq layihələrdə birgə
iştirak və digər istiqamətlərdə əməkdaşlığın
yaradılmasını nəzərdə tutur. Eləcə
də, KazNARU-da keçirilən görüşlərdə
universitet idarəçiliyi və beynəlxalq reytinqlərdə
iştirakla bağlı təcrübə mübadiləsi,
ekologiya, ətraf mühitin mühafizəsi, bərpaolunan
enerji sahəsində birgə tədqiqatların və layihələrin
həyata keçirilməsi, ortaq yay məktəblərinin təşkili
və digər sahələrdə əməkdaşlıq məsələləri
müzakirə olunmuşdur.
MDU Avropa İttifaqının Erasmus+ proqramı çərçivəsində
həm potensialın gücləndirilməsi, həm də tələbə
və müəllim mübadiləsi layihələrində
iştirak etmişdir. Bu proqram çərçivəsində
cari tədris ilində MDU-nun bir tələbəsi
Rumıniyanın Transilvaniya Braşov Universitetində bakalavr,
bir əməkdaşı isə Sloveniya Respublikasının
Nova Gorica Universitetində doktorantura təhsilini davam
etdirmişdir. Eyni zamanda, hazırda MDU
"Sahil ekosistemlərinin iqlim dəyişikliyinə
uyğunlaşması üçün geoməkan mühəndisliyi
üzrə yeni kurslar" (GEOCLIC) adlı Erasmus+ layihəsində
fəal iştirak edir.
Bunlarla yanaşı, MDU 2022-ci ilin 22-24 martında Birləşmiş
Ərəb Əmirliyinin Dubay şəhərində təşkil
edilən 5-ci MENA Ali Təhsil Liderlik Forumunda təmsil
olunmuşdur.
Forumun "Ali təhsilin yenidən qurulması: rəqəmsallaşma
və universitetlərin gələcəyi" adlı bölməsində
MDU rektoru "Yeni dövrün universitetinə
çevrilmək yolunda: Mingəçevir Dövlət
Universiteti təcrübəsi" mövzusunda təqdimatla
çıxış etmişdir.
Eləcə
də, cari tədris ilində Belarus Respublikasının
Baranoviç Dövlət Universiteti ilə
reallaşdırılan layihə çərçivəsində
MDU-nun təcrübəli akdemik heyət üzvləri tərəfindən
keçirilən mühazirələr bu ali
təhsil müəssisəsinin tələbə və
magistrantlarının böyük marağına səbəb
olmuşdur.
Beləliklə, dövlətin və tərəfdaşların
dəstəyi ilə MDU-da baş verən keyfiyyət dəyişiklikləri
yeni inkişaf mərhələsində olan universitetin strateji
hədəflərinə yaxınlaşmasına böyük zəmin
yaratmışdır.
Cari ilin iyunun 28-də nazir Emin Əmrullayevin MDU-ya gəlişi
universitetə göstərilən diqqət və dəstəyin
ifadəsi, eləcə də əldə edilən
uğurların məntiqi nəticəsi kimi dəyərləndirilə
bilər.
Nazir universitetə ziyarəti çərçivəsində
MDU-da Kiber Təhlükəsizlik Laboratoriyasının
açılışında, magistrantların "Poster
Sessiyası"nda və "Məzun Günü 2022" tədbirində
iştirak etmiş, yeni kampus üçün
ayrılmış əraziyə baxış və kollektiv
üzvləri ilə görüş keçirmişdir.
Beləliklə, dövlətin və tərəfdaşların
dəstəyi ilə MDU-da baş verən keyfiyyət dəyişiklikləri
yeni inkişaf mərhələsində olan universitetin strateji
hədəflərinə yaxınlaşmasına böyük zəmin
yaradır.
Şahin BAYRAMOV,
Mingəçevir Dövlət
Universitetinin rektoru
Respublika.- 2022.- 9 avqust.- S.6.