Dövlətimiz ərazi bütövlüyünün təmin olunmasında fədakarlıq göstərən hər bir vətəndaşının yanındadır

 

Müstəqil siyasət yürüdən Azərbaycan bu gün bütün sahələrdə ciddi irəliləyişlərə nail olub. Böyük inkişaf yolu keçən ölkəmizin beynəlxalq müstəvidə mövqeyi daha da möhkəmlənib. Dövlətçiliyimiz güclənib, dövlətimiz qüdrətlənib. Ölkəmiz iqtisadi cəhətdən yeni inkişaf mərhələsinə yüksəlib. Heç bir beynəlxalq təşkilatın, nüfuzlu qurumun yardımı, yaxud da dəstəyi olmadan təkbaşına, siyasi iradəsi, diplomatiyası sayəsində ərazi bütövlüyünü təmin edən Azərbaycan artıq öz gücünü, potensialını vətəndaşlarının rifah halının yüksəldilməsinə, əhalisinin güzəranının yaxşılaşdırılmasına yönəldib. İnsan amili, xalqın rifahı və milli maraqlar dövlət siyasətinin strateji prioritetinə çevrilib. Həyata keçirilən genişmiqyaslı, gələcəyə hədəflənmiş layihələr, aparılan köklü islahatlar ölkəmizin sürətli inkişafını, tərəqqisini şərtləndirir.

44 günlük Vətən müharibəsində düşməndən geri alınan torpaqlarımızı bərpa edərək yenidən quran, şəhər və kəndlərimizi abadlaşdıran dövlət başçımızın rəhbərliyi ilə 30 ilə yaxın doğma yurdundan qaçqın düşmüş vətəndaşlarımızın yurd yerlərinə qayıtması üçün ölkəmizdə əhəmiyyətli layihələr reallaşdırılır. Müharibədən yeni çıxmasına və işğaldan azad etdiyi əraziləri sürətlə yenidən qurmasına baxmayaraq, Azərbaycan iqtisadi cəhətdən gündən-günə inkişaf edir. İqtisadisiyasi müstəqilliyə nail olan ölkəmiz xoş gələcəyə doğru inamla, qürurla irəliləyir.

Ölkə başçısının rəhbərliyi ilə reallaşdırılan sosial islahatlar vətəndaş rifahı və məmnunluğunun təminatı istiqamətində mühüm addımların atılmasına, sosial müdafiə və sosial təminat, məşğulluq, əmək münasibətləri, tibbi-sosial reabilitasiyas. sahələrdə əhəmiyyətli irəliləyişlərə səbəb olub. Dövlətin bu qayğısı davamlı xarakter alıb. Ölkəmizdə bütün sahələrdə irəliləyiş, müsbət dinamika müşahidə olunur. Belə ki, hərbi sahənin inkişafı istiqamətində mühüm islahatlar aparılır, bir sıra dövlətlərlə əhəmiyyətli müqavilələr bağlanır və icrası həyata keçirilir. Yeni silahların, texnikaların alınması, yeni qoşun növü - komandoların yaradılması ordu quruculuğu sahəsində atılan mühüm addımlardır. Bu istiqamətdə aparılan işlər sırasında hərbçilərin sosial müdafiəsi məsələləri xüsusi yer tutur, onların sosial müdafiəsi yüksək səviyyədə təmin olunur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyul ayının 15-də bu ilin altı ayının yekunlarına həsr olunan müşavirədə bu barədə demişdir: "Əlbəttə ki, müharibədə qəhrəmanlıq göstərmiş hərbçilərin sosial problemləri daim diqqət mərkəzindədir və müvafiq göstərişlər verilmişdir... Müharibədə əlil olmuş demək olar ki, bütün hərbçilər artıq ən müasir protezlərlə təmin olundular. Dördüncü nəsil protezlər - o protezlər ki, insan rahat yaşaya bilər, gəzə bilər, hətta futbol oynaya bilər, qaça bilər. Biz bunu edirik. Bu, çox bahalı texnikadır və o texnologiya elədir ki, vaxtaşırı dəyişdirilməlidir. Biz bunu edirik və edəcəyik. Çünki öz sağlamlığını itirmiş hərbçilər dövlət tərəfindən daim qayğı ilə əhatə olunmalıdır".

Vətən müharibəsindən sonra mütəmadi olaraq Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişi ilə geniş istiqamətləri əhatə edən sosial dəstək proqramları icra olunur. Mühüm sosial dəstək tədbirlərindən biri kimi şəhid ailələri və müharibə əlilləri mənzillərlə təmin edilir. Ümumilikdə bu günədək Birinciİkinci Qarabağ müharibəsi şəhidlərinin ailə üzvlərinə və müharibə əlillərinə 12 min 500 mənzil verilmiş, onlar üçün yaradılmış reabilitasiya mərkəzləri ən müasir texnologiyalarla təchiz edilmişdir.

Ölkəmizdə şəhid ailələri, müharibə əlilləri və qazilərə xüsusi həssaslıqla yanaşılır, onların yaşayışı, sağlamlıq məsələləri dövlətin nəzarətində saxlanılır. Onu da qeyd etmək lazımdır ki, dövlət qayğısı yalnız İkinci Qarabağ müharibəsində şəhid olanların ailə üzvlərini, əlilləri, qaziləri deyil, onlarla yanaşı, Birinci Qarabağ müharibəsi şəhidlərinin ailə üzvlərini, əlillərini və qazilərini də əhatə edir. Ölkə başçısı İlham Əliyev Vətən uğrunda canından keçən, sağlamlığını itirən heç kəsi unutmur, hər zaman onların yanında olaraq diqqət və qayğısını onlardan əsirgəmir. Əhalinin həssas qruplarının hər bir çətinliyi dövlətimizin müvafiq qurumları tərəfindən həll edilir. Belə ki, Prezident İlham Əliyevin 2019-cu ilin yanvar ayında imzaladığı müvafiq fərmana əsasən mühüm sosial müdafiə proqramı icra edilmiş, 1997-ci il avqustun 2-dək ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olmuş hərbi qulluqçuların, daxili işlər orqanlarının əməkdaşlarının - 12 min şəhidin 18 mindən çox vərəsəsi 11 min manat məbləğində birdəfəlik ödəmə ilə təmin olunmuşdur.

Bu günlərdə Prezident İlham Əliyevin müharibə əlillərinə xüsusi qayğısını əks etdirən növbəti sosial dəstək proqramı həyata keçirilmiş, Nazirlər Kabinetinin yeni təsdiq etdiyi Qaydaya uyğun olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Birinci Qarabağ müharibəsi əlillərinə birdəfəlik ödəmələrin verilməsinə başlanılmışdır. Dövlət başçısının 23 dekabr 2021- ci il tarixli Fərmanı əsasında 1997-ci il avqustun 2-dək olan xidmət dövründə ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar hərbi xidmət vəzifələrini yerinə yetirərkən ya hərbi xidmət dövründə xəsarət alması və ya xəstələnməsi nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçulardaxili işlər orqanları əməkdaşlarının, onlardan vəfat etmiş şəxslərin vərəsələrinin də birdəfəlik ödəmə ilə təminatı nəzərdə tutulmuşdur. Proqram çərçivəsində bu hüquqa malik olan şəxslər - 1-ci dərəcəli əlilliyə görə - 8800 manat, 2-ci dərəcəli əlilliyə görə - 6600 manat, 3-cü dərəcəli əlilliyə görə - 4400 manat məbləğində birdəfəlik ödəmə almışlar.

Ölkə başçısının rəhbərliyi ilə şəhid ailələrinin, müharibə əlillərinin, qazilərin sosial rifahının yaxşılaşması, onların təminatının gücləndirilməsi istiqamətində mütəmadi olaraq tədbirlər həyata keçirilir. Prezident İlham Əliyev hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsinin və layiqli həyat səviyyəsinin təmin olunması qayğısına qalır. Əhalinin həssas qrupuna aid olan vətəndaşların rifahının yaxşılaşdırılmasına yönəlmiş layihələrin miqyası isə olduqca genişdir. Vətənin müdafiəsində, ərazi bütövlüyünün təmin olunmasında fədakarlıq göstərən və bu yolda həyatını qurban verən, yaxud da sağlamlığını itirən hər bir vətəndaşın vətənə xidməti yüksək qiymətləndirilir, onların sosial rifahının gücləndirilməsi, məişət şəraitinin yaxşılaşdırılması, maddi təminatının artırılması üçün dövlət tərəfindən bütün zəruri tədbirlər görülür.

 

Mehparə ƏLİYEVA

 

Respublika.-g 2022.- 11 avqust.- S. 4.