Tarix yazan tarix müəllimi

 

44 günlük Vətən müharibəsi Azərbaycan gənclərində torpaq, Vətən sevgisinin nə qədər güclü olduğunu ortaya qoydu. Gənclərimiz döyüş meydanında vətənpərvərlik hisslərini nümayiş etdirdilər. Müzəffər Ali Baş Komandan İlham Əliyevin "İrəli, Azərbaycan əsgəri!" çağırışına cavab verən gənclərimiz böyük ruh yüksəkliyi ilə silaha sarılaraq torpaqlarımızı işğaldan azad edərək, üçrəngli bayrağımızı dalğalandırdılar. Azərbaycan əsgəri yazdığı yeni tarixlə xalqımızın qürurunu özünə qaytardı. Həmin gənclərdən biridir Elgün İslam oğlu Quliyev. Elgün 17 sentyabr 1992-ci ildə Şamaxı rayonu Göylər kəndində anadan olub. 1998-ci ildə Göylər kənd T.Kərimov adına 2 saylı tam orta məktəbin 1-ci sinfinə gedib. 2005-ci ildə İsmayıllı rayon Natiq Behdiyev adına kənd orta məktəbində təhsilini davam etdirib. 2009-cu ildə 11-ci sinfi bitirərək elə həmin ildə Sumqayıt Dövlət Universitetinin tarix müəllimliyi ixtisasına qəbul olub.

"Müharibə Elgünlə bərabər bizimbütün arzularımızı yarıda qoydu. Gedəndən bizə harada olduğunu demirdi. Narahat olmayın, yerim rahatdır, - söyləyirdi. Sən demə, odun-alovun tən ortasındaymış. Müharibənin son günü Elgünbir neçə əsgər Şuşaya top mərmisi qaldırırmış. Bu zaman Xankəndi tərəfdən hücum olub və atılan mərmi parçası onun ayağının arxa hissəsindəki şah damarına tuş gəlir. Qanaxmadan həyatını itirir", - anası Qənirə Quliyeva söyləyir.

Bacısı Günel Manafova onun gülərüz, xoş sima, zarafatcıl və çox vətənpərvər olduğunu deyir: "Elgün hələ 2016-cı ildə Aprel döyüşləri vaxtı Müdafiə Nazirliyinə könüllü olaraq müraciət etmişdi. Həmin vaxtdan müharibəyə getdiyi müddətə kimi Bakıdakı restoranlardan birində işləyirdi. Sonra ölkədə karantin rejiminin başlaması ilə kəndə qayıtdı. Özü imtahanlara hazırlaşdı. MİQ (Müəllimlərin İşə Qəbulu) imtahanında 52 bal yığaraq Lerik rayonunun Sors kəndinə tarix müəllimi təyin olundu. İxtisası üzrə işləyəcəyini biləndə çox sevinmişdik. Amma qisməti şəhidlik imiş".

Tarixcoğrafiya fakültəsinin dosenti Cavid Məmiyev tələbəsi Elgün Quliyev haqqında danışaraq, onun vətənpərvər, nümunəvi tələbə olduğunu bildirir. Elgün Quliyevin - "Tarix müəllimi olmadıq, tarix yazarıq" ifadəsi onun nə qədər Vətənə, torpağa bağlı olduğunu bir daha göstərdi. Cavid Məmiyev onu da qeyd edir ki, Sumqayıt Dövlət Universiteti hər zaman öz şəhidləri ilə fəxr edir, onlarla qürur duyur. şəhidlərimizin əziz xatirəsi daim anılır və onların ailələri vaxtaşırı ziyarət edilir, maddi-mənəvi problemləri ilə maraqlanılır.

Elgün Füzuli, Xocalı, Xocavənd, Şuşa uğrunda gedən döyüşlərdə iştirak edib. Noyabrın 9-da isə Şuşada şəhidlik zirvəsinə ucalıb.

2020-ci il noyabr ayının 12-də böyüyüb, boya-başa çatdığı Şamaxı rayonunun Dağ Göylər kəndinin kənd qəbiristanlığında dəfn olunub. Son nəfəsində "mən zirvəyə ucalıram, digər yaralılara kömək edin", deyən, 3 bacının 1 qardaşı, tarix müəllimi kimi çalışa bilməsə də, könüllü olaraq qatıldığı cəbhədə qəhrəmanlığı ilə tarix yazan, müqəddəs "Qurani-Kərim" kitabını əzbər bilən nəslinin yeganə davamçısı idi şəhidimiz.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamları ilə Elgün Quliyev ölümündən sonra "Şuşanın azad olunması uğrunda", "Vətən uğrunda" və "Döyüşdə fərqlənməyə görə" medalları ilə təltif edilib.

Qürur hissi ilə deyə bilərik ki, İkinci Qarabağ müharibəsi Azərbaycan dövlətinin inamlı qələbəsi ilə başa çatdı. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu böyük şücaət və yüksək döyüş hazırlığı göstərərək 44 günlük Vətən müharibəsində 30 ilə yaxın işğal altında olan torpaqlarımızı geri qaytardı.

Bu gün Elgün Quliyevin ruhu şaddır. Vətən müharibəsində şanlı qələbə qazanılmaqla Azərbaycan ərazi bütövlüyünü bərpa etdi. Onun azad görmək istədiyi Qarabağımızda üçrəngli Azərbaycan bayrağı vüqarla dalğalanır.

Azərbaycan xalqı şəhidlik zirvəsinə yüksəlmiş igidlərimizi unutmur, daim yad edir. Ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi, dövlətimizin suverenliyi və xoşbəxt gələcəyi uğrunda canlarını fəda etmiş Elgün kimi qəhrəman oğullarımız müasir gənclik üçün ən gözəl vətənpərvərlik nümunəsidir. Xalqımızın azadlığını hər şeydən uca tutan, bu yolda həyatlarını qurban verərək ən uca zirvəyə - Şəhidlik məqamına ucalanların xatirəsini hər zaman anmağa borcluyuq. Onların adları, xatirəsi yaddaşlarda əbədi yaşayacaq!

 

 M.MİRZƏ

 

Respublika.- 2022.- 11 avqust.- S.5.