Düşməni
diz çökdürən qəhrəmanlar
Vətən müharibəsinin qələbə ilə başa çatmasından bir il səkkiz aya yaxın vaxt keçib. Torpaqlarımızın işğalçılardan azad edilməsinin sevinci hələ də bitib-tükənmir. Qəhrəman oğulların şücaəti, canını Vətən uğrunda fəda edən şəhidlərin parlaq xatirəsi, qazilərə göstərilən dövlət qayğısı, xalqın sarsılmaz birliyi, Qalib Ali Baş Komandanın qətiyyəti və fədakarlığı, Azərbaycan ordusunun peşəkarlığı, döyüş qabiliyyəti müasir tariximizin ən şərəfli səhifəsinə çevrilib. Müzəffər ordumuz torpaqlarımızı işğal edərək otuz ilə yaxın əsarətdə saxlayan Ermənistana sarsıdıcı zərbələr vuraraq doğma yurd yerlərimizi işğalçılardan xilas edib. Düşməni diz çökdürən oğullar öz qanı bahasına xalqımıza Zəfər bayramı yaşatdılar. Sərkərdə, xalq və ordu birliyi çox qısa bir vaxtda Azərbaycanın ərazi bütövlüyünü təmin etdi.
Vətən müharibəsində yüzlərlə gənc qəhrəmanlıq və fədakarlıq nümayiş etdirib. Belə oğullardan biri də Elnur Quliyev olub. Elnur 1984-cü il iyulun 25-də Füzuli rayonunda dünyaya göz açıb. Doqquz yaşı olanda Ermənistanın hərbi təcavüzü nəticəsində valideynləri ilə birlikdə məcburi köçkün taleyi yaşayıb. Yurd-yuvasından didərgin düşən ailə Beyləqan rayonunun Qəhrəmanlı qəsəbəsinə pənah gətirib. Elnur burada orta məktəbi bitirib. Hərbçi olmaq arzusu onu 2002-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə gətirib. Kursant Elnur Quliyev hərbi məktəbdə fiziki və döyüş hazırlığını artırıb, verilən tapşırıqları yüksək səviyyədə yerinə yetirib və uğurla artilleriya ixtisası üzrə akademiyanı bitirib.
2007-ci ildə "N" saylı hərbi hissədə xidmətə başlayıb. Elnur hərbin sirlərinə dərindən bələd olur, peşəkarlığını artırır, nümunəvi xidməti ilə hörmət qazanır. Mayor hərbi rütbəsinə layiq görülən Elnur divizion komandirinin şəxsi heyətlə iş üzrə komandir müavini vəzifəsində çalışıb. Vətənin igid oğlu əlahiddə kəşfiyyat taborunda komandirin şəxsi heyətlə iş üzrə müavini vəzifəsinə təyin edilib. Nümunəvi xidmətinə görə Elnur dəfələrlə fəxri fərmanla və medallarla təltif olunub.
Vətən müharibəsi başlayan gündən kəşfiyyat qrupları ilə döyüşlərə atılıb. Qeyd edək ki, Füzuli uğrunda gedən döyüşlər hərb tariximizin ən şərəfli səhifəsi olub və hərbi gücümüzü dünyaya nümayiş etdirib. Elnur Füzuli və Cəbrayıl rayonlarının, bir sıra kənd və yüksəkliklərin azad edilməsində iştirak edib. Füzuli uğrunda gedən döyüşlərin birində mühasirəyə düşən şəxsi heyəti xilas etmək üçün tabor komandiri Elnur dörd nəfər döyüş yoldaşı ilə qeyri-bərabər döyüşə girərək düşmən səngərinə daxil olub. İgid döyüşçülər düşmənin xeyli sayda canlı qüvvəsini məhv edərək şəxsi heyəti xilas ediblər. Həm də uzun müddət düşmənin irəliləməsinin qarşısını almağa müvəffəq olublar. Elnur 2020-ci il oktyabrın 2-də ağır döyüşlərin birində qəhrəmancasına həlak olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi qəhrəmanlıq nümunəsinə görə mayor Elnur Quliyev ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni, "Vətən uğrunda" və "Füzulinin azad edilməsinə görə" medalları ilə təltif olunub. Ailəli idi, 2 övladı yadigar qalıb. Şəhid ailəsi dövlət tərəfindən himayə olunur.
Vətən müharibəsi şəhidi, mayor Elnur Quliyevin doğum günündə məzarı ziyarət olunub, ruhuna dualar oxunub və əziz xatirəsi ehtiramla anılıb. Anım mərasimində şəhidin ailəsi ilə yanaşı, dostları, hərbçi yoldaşları, Füzuli Rayon İcra Hakimiyyətinin nümayəndələri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon şöbəsinin əməkdaşları, veteranlar və qazilər iştirak ediblər.
Mərasimdə
çıxış edənlər 44 günlük
Vətən müharibəsində qazanılan parlaq
qələbədən, Vətənin igid
oğullarının qəhrəmanlığından,
torpaqlarımızın işğalçılardan azad edilməsində qanını və
canını əsirgəməyənlərin şücaətindən
söz
açıblar. Döyüşlərdə öz qəhrəmanlığı ilə
seçilən və torpaqlarımızın
azadlığı uğrunda aparılan
mübarizədə son damla
qanına qədər döyüşərək həlak olan Elnurun şərəfli
həyat yolu haqqında həmyerliləri qürurla danışıb, onunla
fəxr etdiklərini bildiriblər.
Salman ALIOĞLU
Respublika.- 2022.- 11 avqust.- S.5.