Medallar şəhidlərin analarına təqdim olunub

 

Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov 5 nömrəli orta məktəbdə sakinlərlə səyyar qəbul-görüş keçirdi. Görüşdə Milli Məclisin deputatı İltizam Yusifov, Səfərbərlik Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi vəzifəsini icra edən İlkin Məmmədov, xidmət təşkilatlarının rəhbərləri iştirak etdi. Mənalı, şərəfli ömrünü Azərbaycan xalqına müstəqil dövlətimizin hərtərəfli inkişafına həsr edən ulu öndər Heydər Əliyevin ölkəmizin ərazi bütövlüyü, suverenliyi tarixi torpaqlarımızın azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olan şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olundu.

Şəhər icra hakimiyyətinin başçısı ölkəmizin hər yerində olduğu kimi, Şirvan şəhərində geniş abadlıq-quruculuq işlərinin aparıldığını, küçələrin işıqlandırıldığını, su təchizatı kanalizasiya sisteminin yenidən qurulduğunu, sosial layihələrin uğurla həyata keçirildiyini, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Bizim həyət" layihəsi çərçivəsində paytaxtdan kənarda ilk dəfə olaraq Şirvan şəhərində iki nümunəvi məhəllənin salındığını diqqətə çatdırdı.

Görüşdə dövlət səviyyəsində görülən işlərin, atılan addımların vətəndaş məmnunluğunun artmasına, əhalinin sosial rifah halının yaxşılaşmasına xidmət etdiyi bildirildi. Şəhər ərazisində mənzilə ehtiyacı olan aztəminatlı ailələrin sayının artdığını nəzərə alaraq Mənzil İnşaat Agentliyinə 8 hektardan çox torpaq sahəsinin ayrıldığını, tikintinin aparılması istiqamətində zəruri tədbirlərin görüldüyü qeyd olundu. Vətən müharibəsində xüsusi xidmətləri ilə fərqlənən şəhid müharibə iştirakçılarının xidmətlərinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən bu gün layiqincə dəyərləndirildiyi vurğulandı. Sonra Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə Vətən müharibəsində xidmətlərinə görə şəhid Qarayev Elnur Qalib oğlunun təltif olunduğu 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordenini şəhidin anası Mahirə Qarayevaya, şəhid, baş leytenant Bağırov Fuad Allahverdi oğlunun layiq görüldüyü "Vətən uğrunda" medalını şəhidin anası Fəridə Bağırovaya, Vətən müharibəsi iştirakçısı Xudaverdiyev Valeh Vaqif oğluna təltif olunduğu "Qubadlının azad olunmasına görə", "Zəngilanın azad olunmasına görə", "Laçının azad olunmasına görə" medallarını təqdim etdi.

 

Tofiq HÜSEYN

 

Respublika.- 2022.- 11 avqust.- S.5.