Cəsur və mərd
oğullarla qürur duyuruq
Böyük bir tarixi olan Balakən rayonu əsrarəngiz təbiəti, geniş turizm potensialı ilə yanaşı, cəsur sərkərdələri və məğrur igidləri ilə də həmişə seçilib. Yazılı qaynaqların verdiyi məlumatlara görə, rayon bir vaxtlar qədim Albaniya dövlətinin ərazisinə daxil olmuşdur. Eramızdan əvvəl 65-ci ildə Roma və Alban qoşunları arasında Alazan (Qanıx) çayı sahilində baş verən döyüşdə iştirak edən qədim yunan tarixçisi Plutarx yazırdı ki, bu yerlərin əhalisi sakit təbiətli, məğrur, döyüşdə cəsurdurlar.
Balakən rayonunun sakinləri tarixi uğurları ilə fəxr etməklə, bügünkü igidləri ilə də qürur duyurlar.
Vətən müharibəsi başlayan kimi rayonda yaşayan iyirmidən çox millətin nümayəndəsi işğal altında olan torpaqlarımızın azad olunması üçün dəmir yumruq altında birləşib. Uzun illər boyu bu ərazidə mehriban bir ailə olduğunu əməlləri ilə təsdiqləyən azərbaycanlılarla yanaşı, avarlar, tatarlar, ruslar, ləzgilər, gürcülər, laklar, kumıklar, zaxurlar, ukraynalılar, farslar, türklər, kürdlər və başqaları qəhrəmanlıq tarixlərini zənginləşdirməyə çalışdılar. Məhz bu səbəbdən də rayon sakinləri ilə söhbətdə əsas mövzu vətənpərvərlik və igidlərin döyüş rəşadətindən oldu. Çünki onlar qəhrəmanlarının bu mərdliyindən qürur duyurlar.
Balakən rayonundan qismən
səfərbərliyin elan edilməsi ilə
əlaqədar müharibəyə 924 nəfər könüllü gedib. Onlardan 16 nəfəri
torpaqlarımızın işğaldan azad olunması uğrunda
gedən qanlı döyüşlərdə qəhrəmancasına
şəhid olub. Ümumilikdə isə
Balakən rayonundan
Vətən müharibəsində iştirak
etmiş 30 nəfər şəhidlik zirvəsinə
yüksəlib, 128 nəfər isə müxtəlif dərəcədə
yaralanıb.
Azərbaycan Respublikası Prezidenti, Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə Balakən rayonundan 5 nəfər - general-leytenant Mehdiyev İlham İsmayıl oğlu, polkovnik-leytenant Qebedov Elnur Ceerov oğlu, kapitan Əliyev Fərid Vaqif oğlu, kapitan Hudulov Ramazan İzzət oğlu və kiçik gizir Novruzov Amin Tacəddin oğlu (ölümündən sonra) “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülüb. Həmçinin ölümündən sonra Alqayev Harun Məhəmməd oğlu "Azərbaycan Bayrağı", Rəşidov Tural Fazil oğlu "Qarabağ", Əlisoltanov Vahid Tahir oğlu və Təmirov Yusif Azər oğlu 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunub.
“Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş Vətən müharibəsi qəhrəmanlarının adlarının əbədiləşdirilməsi barədə” Nazirlər Kabinetinin 4 noyabr 2021-ci il tarixli, 339 nömrəli Qərarına əsasən Balakən şəhəri Humanitar və texniki təmayüllü liseyə Vətən Müharibəsi Qəhrəmanı Amin Tacəddin oğlu Novruzovun adı verilib.
Rayon ərazisində indiyədək 22 bulaq inşa edilib. 3 nəfərin adları küçələrə verilib. Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə mütəmadi görüşlər keçirilir. Onları narahat edən problemlər yerində öyrənilir və rayon icra hakimiyyətinin səlahiyyətləri və imkanları daxilində həll olunur. Mənzil şəraitinin qənaətbəxş olmadığı nəzərə alınaraq bu il 2 nəfər şəhid ailəsi və 8 nəfər müharibə əlili rayon icra hakimiyyətində yaşayış sahəsinə ehtiyacı olan qismində mənzil növbəsinə alınıb. Ümumilikdə rayonda mənzil növbəsinə götürülən şəhid ailələri və müharibə əlillərinin sayı 53 nəfərdir.
Balakənlilər qəhrəmanları ilə qürur duyduqları kimi, onların qayğı və problemlərinin həllini də mənəvi borcları sayırlar.
Mikayıl
NƏRİMANOĞLU
Respublika.- 2022.- 11 avqust.- S.5.