ƏLİ MƏMMƏDOV

 

1988-ci ildə doğma vətənin üzərini qara buludlar aldığı bir zamanda, heç vaxt haqsızlıqla, ədalətsizliklə barışmayan Əli də özünün bir Azərbaycan övladı olaraq bu torpaqların müdafiəsinə qalxmağa borclu olduğunu hiss etdi. Doğma yurd yerlərimiz uğrunda yüzlərlə igid oğullarımız canlarını fəda edib, ən yüksək zirvəyə, şəhidlik zirvəsinə yüksəlib. Onlardan biri də Əli Hüseyn oğlu Məmmədovdur.

11 avqust 1955-ci ildə Naxçıvan şəhərində dünyaya göz açmışdır. Orta təhsilini Bakı şəhəri 255 saylı orta məktəbdə almışdır. Sonra Bakı Poliqrafiya Məktəbinə daxil olmuş və çapçı ixtisasına yiyələnmişdir. Bir müddət mətbəədə işləmişdir. 1975-ci ildə ordu sıralarına çağırılır və hərbi xidməti Macarıstanda keçir. 1978-ci ildə daxili işlər orqanlarında sıravi polis nəfəri kimi işə başlayır. 1982-ci ildə Polis Akademiyasına daxil olur. 1984-cü ildə təhsilini müvəffəqiyyətlə başa vurub, Bakının Binəqədi rayonunda sahə müvəkkili vəzifəsinə təyin edilir. 1987-ci ildə nümunəvi polis işçisi kimi onu Moskva Polis Akademiyasına ixtisasartırma kursuna göndərirlər. Sonra Binəqədi Rayon Polis İdarəsinin cinayət-axtarış şöbəsində polis kapitanı rütbəsində baş əməliyyat müvəkkili vəzifəsinə kimi yüksəlir.

Polis kapitanı Qarabağda və sərhəd bölgələrində gedən döyüşləri həyəcanla izləyir, həmin bölgələrə getməyə can atırdı. Nəhayət, 1992-ci ilin əvvəllərindən o, mütəmadi olaraq polis əməkdaşları ilə birlikdə cəbhə bölgələrinə göndərilir. 1992-ci il sentyabrın 24-də Əli yenidən döyüş bölgəsinə - Laçın rayonuna ezam olunur. Ermənilərin ələ keçirdiyi mühüm strateji əhəmiyyətə malik olan Qızartı yüksəkliyini almaq üçün kəşfiyyat planı hazırlanır. Əli də bu kəşfiyyat qrupuna daxil edilmişdi. Gecə yüksəklik düşməndən azad edilir, lakin oktyabrın 1-də sübh tezdən sayca qat-qat üstün olan düşmən əks-hücuma keçir. Əli qeyri-bərabər döyüşdə böyük şücaət göstərərək, yaralıların döyüş meydanından çıxarılmasına şərait yaradır. Son anadək mərdliklə vuruşan polis kapitanı başından ağır yaralanır. Bu, onun ömrünə son qoyur. İki övladı həyatda yadigar qalıb.

Azərbaycan Respublikası Prezidentinin 19 oktyabr 1992-ci il tarixli 273 saylı fərmanı ilə polis kapitanı Məmmədov Əli Hüseyn oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdir. Bakı şəhərində Şəhidlər xiyabanında dəfn edilmişdir. Bakının Rəsulzadə qəsəbəsindəki küçələrdən biri onun adını daşıyır.

Əlinin vaxtilə qəhrəmancasına şəhid olduğu Laçın rayonu da Ağdam və Kəlbəcər kimi bir güllə atmadan, bir şəhid vermədən işğalçılardan təmizləndi, azad olundu. Bu gün böyük qürur hissi ilə deyə bilərik ki, İkinci Qarabağ müharibəsi Azərbaycan dövlətinin inamlı qələbəsi ilə başa çatdı. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu böyük şücaət və yüksək döyüş hazırlığı göstərərək 44 günlük Vətən müharibəsində 30 ilə yaxın işğal altında olan torpaqlarımızı geri qaytardı. Azərbaycan əsgəri torpaqlarımızı mənfur düşmənin işğalından azad etdi, ərazi bütövlüyümüz təmin olundu. 2020-ci ilin 27 sentyabrı Azərbaycan xalqının yaddaşında uzun illər Qələbənin, Zəfərin başlanğıc tarixi kimi xatırlanacaq. Məhz həmin gün başlayan haqq savaşımız bizi sonda böyük Qələbəyə apardı.

Vətən müharibəsinin nəticəsi olaraq imzalanmış 10 noyabr Bəyanatına uyğun olaraq, 2020-ci il dekabrın 1-də Laçın rayonu erməni işğalından azad edildi. Şuşa şəhərinin azad edilməsinin ardınca noyabrın 9-da Azərbaycan Ordusu Laçının Güləbird, Səfiyan, Türklər kəndlərini də işğalçılardan təmizləmişdi. Müzəffər Azərbaycan Ordusunun Laçın rayonunun bir hissəsinə və digər mühüm strateji mövqelərə daxil olmasından, xüsusilə Şuşa şəhəri və onun ardınca 70-dən artıq kəndin azad edilməsindən sonra Ermənistan kapitulyasiya aktına imza atdı. Ermənistan silahlı qüvvələri Ağdam və Kəlbəcər rayonları kimi, Laçını da Azərbaycana təhvil verməli oldu. Beləliklə, Laçının azad edilməsi ilə Azərbaycanın ərazi bütövlüyünün bərpası prosesi başa çatdı.

Əlinin və onun kimi qəhrəmanlıqla döyüşən, şəhidlik zirvəsinə ucalan bütün igidlərimizin ömrü bu məmləkətdə nəsildən-nəslə insanlara ötürülən bənzərsiz bir örnək, əvəzsiz bir nümunə olacaqdır.

       

M.MİRZƏ

 

Respublika.- 2022.- 11 avqust.- S.7.