Emin Quliyev

 

1995 -ci il mart ayında müstəqilliyimizə qəsd etmək istəyənlərin məkrli niyyətləri bu gün də insanların yaddaşından silinməyib. Bir qrup xəyanətkar insan ətrafına topladığı qeyri-qanuni silahlı birləşmələr vasitəsilə müstəqilliyimizə qəsd etməyə cəhd göstərmişdi. Ölkədə yaradılmış ciddi nizam-intizama tabe olmaq istəməyən dağıdıcı qüvvələr Azərbaycanın beynəlxalq aləmdə getdikcə artan nüfuzundan təşvişə düşərək, xarici himayədarlarının təhriki ilə dövlət çevrilişinə cəhd etmişdilər. Ulu öndər Heydər Əliyev Azərbaycan həqiqətlərini, dövlətin mövqeyini dünyaya çatdırmış, bununla da, ölkəmizə diqqət və maraq güclənmişdir. Qısa bir zamanda, ölkədə ictimai-siyasi sabitlik yaradılmış, qanunçuluğun bərqərar edilməsi istiqamətində ciddi addımlar atılmışdır.

Belə ağır zamanda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev vətəndaş qarşıdurmasına səbəb ola biləcək hadisənin qarşısını aldı və ölkədə davam edən hakimiyyət böhranına, anarxiya və özbaşınalığa son qoydu. Həmin hadisələr bir daha göstərdi ki, Azərbaycan xalqı və onun ordusu ölkə daxilində qarşıdurma yaratmaq istəyənləri dəstəkləmir və onları müdafiə etmir.

Vətənə və torpağa sədaqətli olan adamlar, hər zaman olduğu kimi, 1995-ci ilin mart hadisələri zamanı bu dəfə də ulu öndər Heydər Əliyevin ətrafında sıx birləşdilər. Vətənə xəyanət edən cinayətkar ünsürlərin həbs olunmasını, törətdikləri bəd əməllərə görə cəzaya layiq görülməsini istədilər. Nəticədə, respublikamızın müstəqil dövlətçiliyinə qəsd etmək xülyasına düşənlərin arzuları gözlərində qaldı. Qəsdin qarşısı vaxtında və qətiyyətlə alındı. Bu qanlı olaydan uzun illər keçsə də heç kim yaddan çıxmır, unudulmur. Vətənin bütövlüyünü, onun müstəqilliyini arzulayıb sevənlərin və bu müqəddəs amal uğrunda mübarizə aparanların ürəklərində bir yaddaş nümunəsi kimi qalıb. Çünki bu olaylar qaragüruhçu qüvvələr tərəfindən müasir dövlətçilik tariximizə vurulan qara ləkə, dövlətçiliyimizə namərdcəsinə endirilən xəyanət qəsdi idi.

Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra ölkəmizə qarşı törədilən bir sıra cinayətlərə, xüsusilə də erməni təcavüzü və terrorizminə qarşı xalqımız səfərbər olub vətən və millət naminə düşmənə qarşı ölüm-dirim mübarizəsinə qalxdı. Onların bu igidlik və rəşadəti xalqımızın qəlbində əbədi bir məşələ çevrilərək gələcək nəsillərin yolunu işıqlandırır. 1995-ci ilin 13-17 mart hadisələri zamanı Eminqanunsuz silahlı dəstənin zərərsizləşdirilməsində iştirak edirdi. Silahlı dəstənin zərərsizləşdirilməsi üçün neçə-neçə igidlər dövlətimiz naminə, birliyimiz naminə canlarından keçdilər. Bunlardan biriEmin Quliyev oldu...

Quliyev Emin Ələkbər oğlu 12 avqust 1976-cı ildə Bakının Qaradağ rayonunun Sahil qəsəbəsində doğulmuşdur. 1983-cü ildə 228 saylı orta məktəbə getmiş, 1993-cü ildə 273 saylı məktəbin onuncu sinfini bitirmişdir. 25 avqust 1994-cü ildə Qaradağ Rayon Hərbi Komissarlığı tərəfindən Milli Orduya çağırılmışdır. O, Yalamada hərbi təlim keçdikdən sonra 776 saylı hərbi hissəyə göndərilir. O, idmanın bir neçə növü ilə məşğul olurdu. Bu da ona bütün döyüş tapşırıqlarını bacarıqla yerinə yetirməyə imkan verirdi.

Emin xidmət etdiyi batalyonun əsgərləri 1995-ci ilin fevral ayının əvvəllərində Şubanıya ezam olundu. Artıq bu ərəfədə ölkədə siyasi sabitlik pozulmuşdu. Bir dəstə hakimiyyət hərisi dövlət çevrilişinə can atırdı. 13-17 mart 1995-ci ildə çağırışlara tabe olmayan bu dəstənin zərərsizləşdirilməsi zamanı yaranan qarşıdurmada Emin qəhrəmancasına həlak oldu. Məzarı doğulduğu Sahil qəsəbəsindəki Şəhidlər xiyabanındadır.

Azərbaycan Respublikası Prezidentinin 4 aprel 1995-ci il tarixli fərmanı ilə Quliyev Emin Ələkbər oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdir. Qəhrəmanlar heç vaxt ölmür, ölümləri ilə ölümsüzlüyə qovuşurlar. Onlar həmişə bizim qəlbimizdə, qan yaddaşımızdadırlar. Onlar dövlətin və bəşəriyyətin rifahı üçün əlindən gələni edən, bu yolda canından keçməyə hazır olan insanlardır.

Bakının Qaradağ rayonundakı 9 nömrəli xüsusi internat məktəbi, bir küçə və park Milli Qəhrəmanın adını daşıyır.

 

M.MIRZƏ

 

Respublika.- 2022.- 12 avqust.- S.4.