Bəşəriyyətin
təkamülü prosesləri və ya dünya düzənini
dəyişdirən hadisələr
(keçmişdən
indiyə)
İnsanlığın yaranışından bəri nə qədər vaxt keçsə də, tarixən baş verən bəzi hadisələr öz təsirini itirməyib və bəşəriyyətin formalaşmasında böyük rol oynayıb. Təkcə yaşandığı dövrlərlə məhdudlaşmayan sadədən mürəkkəbə, ibtidaidən aliyə inkişaf yolu keçən bu proseslər həm də keçmişdən gələcəyə dəyərli miras qoyub. Müəyyən şərtlər altında ortaya çıxan müharibələr, ixtiralar kimi, bəzi mühüm olaylar kəpənək effekti yaradaraq bütünlükdə tarixin gedişatına təsir etməklə dünyanın gələcəyini dəyişdirib. Təkərin, yazının ixtirasından sənaye inqilabına, Dünya müharibələrindən insanın Aya ilk ayaq basmasına və bu gün robototexnikadan tutmuş dron, çip, ağıllı cihazların inkişafına qədər bir sıra texnologiyaların istehsalı ilə əl əməyinin getdikcə sıradan çıxması həm bugünkü dünyanın nizamına, həm də həyat tərzimizə böyük təsir göstərib. Bəlkə də bu hadisələrin çoxu yaşanmasaydı və ya fərqli nəticələr versəydi, dünya indikindən daha fərqli olardı. Həyatımıza və sivilizasiyaya təsir edən təsadüfdənmi, yoxsa zərurətdən doğan bu hadisələrlə planetimizdə yaşamın haradan-haraya gəlməsinə nəzər salmaqla tarixə ekskurs edək...
Ənənəmizə uyğun olaraq bəşəriyyətin təkamülünə səbəb olmaqla tarixin gedişatını dəyişdirən ən mühüm hadisələrdən olan "Konfutsinin dünyaya gəlməsi"ni oxuculara təqdim edirik.
“Respublika”.
Konfutsinin dünyaya gəlməsi
Bəşərin yaranışından bəri dünya tarixinin axarını dəyişdirən, onun inkişaf mexanizmini müsbət istiqamətə yönləndirən bir çox şəxsiyyətlər dünyaya gəlib. Onların elmə verdiyi töhfələr bəşəriyyətin formalaşmasında mühüm rol oynayıb. Belə şəxsiyyətlərdən biri də Konfutsidir.
O nə kəşf etmişdi, nə də ki ixtira, lakin fəlsəfə tarixində böyük bir məktəb yaratmaqla düşüncələri, təlimləri ilə dünyanın nizamının dəyişməsində böyük rol oynamışdır. Avropada Konfutsi olaraq tanınan, Çində isə Kun Qiu adlandırılan bu filosofun təliminin əsas müddəaları qədim çinlilərin etik fikirləri, insanın xoşbəxtlik və rifaha təbii ehtiyacı idi.
Məşhur qədim Çin müdriki, "Jutszya" fəlsəfə məktəbinin yaradıcısı Konfutsi əsasən böyük filosof, konfutsizm fəlsəfi cərəyanının banisi kimi tanınır. Lakin o, təkcə xronoloji nöqteyi-nəzərdən deyil, eyni zamanda təhsilin və pedaqoji fikrin inkişafına verdiyi töhfələrin əhəmiyyətinə görə dünyanın ilk böyük pedaqoqudur. Məhz Konfutsinin sayəsində Çin müasir bəşər sivilizasiyasında qədim mədəniyyəti qoruyub saxlayan unikal ölkə kimi tanınır.
Konfutsinin 77-ci nəsildən törəməsi, professor Kun Teçen yazır: "Konfutsinin pedaqoji təlimi qədim ənənələrə əsaslanmış və gələcək nəsillər üçün yol açmışdır. O, təkcə Çinin intellektual tarixində deyil, həm də bəşər tarixində, bütövlükdə, dünyada mühüm yer tutur".
Konfutsi eramızdan əvvəl 551-ci ildə Lu çarlığında anadan olmuşdur. Lu o vaxtlar parçalanmış Çinin ən böyük və mədəni cəhətdən ən inkişaf etmiş çarlıqlarından biri idi. Konfutsi yoxsullaşmış aristokrat ailəsində böyümüşdür. Onun atası Şu Lyan-xe Konfutsi 3 yaşında olarkən dünyasını dəyişmişdir. Atasının ölümündən sonra o, anası Yan Çjen-Tszay ilə birlikdə Lu çarlığının paytaxtı Tsyuyfu şəhərinə köçmüş, onun tərbiyəsi ilə anası məşğul olmuşdur. Maddi vəziyyətinin çətinliyinə baxmayaraq, anası oğluna yaxşı təhsil verməyi bacarmışdır.
Hələ uşaqlıq illərindən Konfutsi yaşıdlarından sözəbaxan olması, böyüklərə ehtiram göstərməsi ilə fərqlənirmiş. O, xalq adət-ənənələrinə, mərasimlərinə böyük maraq göstərir və qədim kitablara, biliklərə hörmətlə yanaşırmış. Məktəbdə çalışqanlığı, uğurları və ciddiliyi ilə yaşıdlarını arxada qoyduğu üçün müəlliminin köməkçisi təyin olunmuşdur.
Konfutsi 17
yaşında olarkən anası vəfat edir. 19 yaşında
o, ailə qurur və bir ildən sonra oğlu dünyaya gəlir.
Onu Li adlandırırlar.
Gənclik
illərində məmur işləyən filosof dövlət
qulluğuna alışmadığından tezliklə istefa
verir. Onun yüksək mənəvi keyfiyyətləri praktik həyatın
reallıqları ilə uzlaşmadığı
üçün bu, onu siyasətdə uğursuzluğa gətirib
çıxarır. O, pedaqoji fəaliyyətə
başlamağa qərar verir. 22 yaşında müəllim
olan Konfutsi məhz bu sahədə böyük uğurlar
qazanır. Onun yanına qədim müdrikliklə (hikmət
elmi ilə) maraqlanan adamlar gəlməyə başlayır.
O, həyatının
böyük hissəsini fərdi müəllimliyə həsr
etmiş, 3 mindən çox şagirdə dərs vermiş,
onlardan 72-si isə sonralar görkəmli şəxsiyyət
kimi tarixə düşmüşdür. Konfutsi məşhur
"Yaz və payız" qeydlərini tərtib etmiş,
"Tarix kitabı", "Şeir və mahnı kitabı",
"Dəyişiklik kitabı" kimi klassik kitabların
redaktoru olmuşdur.
Konfutsi təkcə
varlığın ümumi məsələlərinin işlənib
hazırlanması ilə məşğul olmamış, həmçinin
dünyanın və insanın mənşəyi haqqında məsələni
də araşdırmağı qarşısına məqsəd
qoymuşdur. O, hər şeydən əvvəl ailənin, cəmiyyətin
əsasını təşkil edən etik-siyasi təlimin
müəllifidir.
Konfutsi
maarifçiliyə böyük diqqət yetirmiş, tədrisin,
toplanmış məlumatların dərk olunmasının əhəmiyyətini
xüsusi qeyd etmiş, insanları praktik fəaliyyətlərində
öz biliklərini əldə rəhbər tutmağa
çağırmışdır. Konfutsi belə hesab edirdi
ki, təlim-tədris prosesi insana əxlaqlı olmağı
aşılayır, onun çatışmazlıqlarını
düzəltməyə çalışır. Onun fikrincə,
ədəb qaydaları insanın əxlaqının,
davranışının əsasını təşkil edir və
ona görə də o, insanları hər şeydən öncə
əxlaq nöqteyi-nəzərindən qiymətləndirirdi.
O, düşünürdü ki, bütün insanlar təbiət
etibarilə bir-birlərinə yaxındır. Lakin onlar
müxtəlif vərdişlərə sahibdir. Bəziləri
yaxşı, mehriban və əxlaqlı, digərləri isə
pis, yaramaz və qəddardırlar.
Konfutsi və
onun ardıcılları belə hesab edirdilər ki, birinci
növbədə öz qohumlarını sevmək
lazımdır, sonra isə digərlərini. Buna görə də
oğulluq ehtiramı (hörməti) və qardaş məhəbbətinə
onlar tərəfindən insanpərvərlik
anlayışının vacib tərəfləri kimi
baxılırdı. Uşaqlar sözəbaxan olmalı və
valideynlərinə hörmət etməlidirlər. Valideynlər
də öz növbəsində uşaqlarını sevməli,
onlara münasibətdə iltifat, mərhəmət göstərməlidirlər.
Konfutsinin
etik-siyasi təlimində əsas prinsiplər "Jen" (insanpərvərlik,
insanlıq) və "li" (normalar, əxlaq qaydaları) tərbiyə
və təlimlə sıx şəkildə
bağlıdır. 2500 illik tarixi olan Konfutsi təliminin əbədiyaşarlığının
əsas səbəbi də bundan qaynaqlanır. Bundan başqa,
tədqiqatçıların qənaətinə görə,
Konfutsi elə mötəbər bir pedaqoji məktəb
yaratmışdır ki, onun ənənələrinin özəyini
əxlaqi kamilləşmə və mədəniyyətin
simvolik dil dəyərlərini təşkil edir.
Şəxsi
meyil və istəklərinin necə olmasına baxmayaraq,
Çin hökmdarlarının heç biri mədəniyyətdən
və əxlaqi tərbiyədən yüksəkdə duran
siyasət və ideologiya ortaya qoya bilməmişlər. Məhz
buna görə də, Konfutsi irsini rədd etmək cəhdləri
həmişə uğursuzluqla nəticələnmişdir.
Belə cəhdlərdən biri ilk Çin imperatoru Tsin
Şixuandinin çarlığı vaxtında olmuş və
sülaləni süquta uğratmışdır. Son dəfə
"mədəni inqilab" dövründə Mao-Tsezedun da
Konfutsi təlimini "basdırmağa" cəhd
etmişdir.
Konfutsi
belə hesab edirdi ki, hökmdarlar xalqın maariflənməsi
üçün çalışmalıdırlar. Bunun
üçün məktəb və digər təlim-tərbiyə
müəssisələrinin şəbəkəsini genişləndirmək
lazımdır. O, təlim və tərbiyədə
ayrı-seçkiliyə qarşı çıxmış və
Çində sosial vəziyyətindən asılı olmayaraq
bütün insanların təhsil ala biləcəyi ilk
xüsusi məktəb yaratmışdır. O, deyirmiş ki,
"təlimdə insanlar arasında fərq olmamalıdır".
Konfutsi öz məktəbini Lu çarlığının
paytaxtı Tsyuyfu (indiki Şandun əyaləti) şəhərində
yaratmışdı. Məktəb öz ərazisinə
görə böyük olmaqla iki binadan ibarət idi:
"Tan" adlanan yerdə şagirdlər tədrislə məşğul
olur, "Ney"də isə yaşayırmışlar.
Yaxşı havada məşğələlər həyətdə,
Konfutsinin çox sevdiyi ərik ağacının altında
keçirilərmiş. Məktəb özünün "Sin
tan" ("ərik mehrabı") adını da buradan
almışdır.
Məktəb
böyüklər üçün idi. Konfutsi öz
şagirdləri sırasına sosial mənşəyindən
asılı olmayaraq biliklərə can atanların hər
birini qəbul edirdi. O deyirdi: "Əgər adam bilik almaq
arzusu ilə yanmırsa, onda mən onu öyrətməyəcəyəm".
O, öz
məktəbində vaxtı və tədris məşğələlərinin
məzmununu reqlamentləşdirmirdi, mühazirələr
oxumurdu, onların biliyini yoxlamırdı. Təlim və tərbiyə
adətən evristik xarakter daşıyır, sərbəst,
azad söhbət prosesində aparılırdı. Konfutsi
öz şagirdləri üzərində müşahidələr
aparır, onları öyrənir, daim onlarla kontaktda olur, hətta
səyahət zamanı məşğələlər də
keçirdi.
Çin
xalqının ən yaxşı və öncül
insanları həmişə Konfutsi təliminin pozitiv tərəflərini
xatırlamış, onun maarifçilik ideyalarını,
insanların həyatına və işlərinə
marağını qiymətləndirmişlər. 2500 il ərzində
çinlilər əmin olmuşlar ki, Konfutsi təlimi ölməzdir,
Konfutsinin biliklərə, həqiqətə olan davamlı cəhdi,
onun humanizmi və yüksək mənəvi ideallar uğrunda
mübarizəyə çağırışları nəinki
çinlilərə, bütünlükdə bəşəriyyətə
çox böyük töhfələr vermişdir.
Hazırladı:
Elenora
HƏSƏNOVA
Respublika.- 2022.- 12 avqust.- S. 5.