Milli Qəhrəmanın xatirəsi ehtiramla anılıb

 

Birinci Qarabağ müharibəsində igidliyi ilə tarix yazan qəhrəman oğullardan biri olan Azərbaycanın Milli Qəhrəmanı Cavanşir Rəhimovun şəhadətə yüksəlməsinin ildönümü ilə əlaqədar Qax rayonunun Şəhidlər xiyabanında anım tədbiri keçirilib.

Şəhidin ailə üzvlərinin, yaxınlarının, döyüş yoldaşlarının və rayon ictimaiyyətinin iştirak etdiyi tədbir iştirakçıları əvvəlcə xiyabanda şəhidlərin məzarlarını ziyarət edərək üzərinə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad edib, ruhlarına dualar oxuyublar.

Mərasimdə rayon icra hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vəfa Heydərova, YAP Qax rayon təşkilatının sədri Natiq Allahverdiyev, Vətən Müharibəsi Qəhrəmanı İzzət Balacayev və başqaları çıxış edərək, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi sayəsində 44 günlük Vətən müharibəsində qazanılan Qələbədən danışıb, Azərbaycanın Milli Qəhrəmanı Cavanşir Rəhimovun döyüş yolundan, mübarizliyindən söz açıb, şəhidlərin əziz xatirəsinin daim əbədi olacağını vurğulayıblar.

Milli Qəhrəmanın anası Lalə xanım Vətən uğrunda canını qurban verən igid övladı ilə hər zaman qürur duyduğunu deyərək onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildirib.

Anım tədbiri daha sonra qəhrəmanın doğulduğu Qaşqaçay kəndində davam etdirilib.

Cavanşir Rəhimov 1973-cü il iyunun 5-də Qax rayonunun Qaşqaçay kəndində anadan olub. Uşaq yaşlarında olarkən ailəsi Bakının Qaraçuxur qəsəbəsinə köçüb. Suraxanı rayonundakı 104 saylı orta məktəbdə təhsil alan Cavanşir karate idman növünə maraq göstərib, idman ustası normativini ödəyib. 1992-ci ildə hərbi xidmətə çağırılan Cavanşirin taleyinə yenicə yaranmağa başlayan Azərbaycan Hərbi Hava Qüvvələrində xidmət etmək düşüb. O, hərbi vertolyotun bort atıcısı kimi torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə iştirak edib, sərrast atəşlə düşmənin xeyli canlı qüvvəsini məhv edib. 1992-ci il avqustun 6-da növbəti döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına həlak olub. Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin 1994-cü il 16 sentyabr tarixli Fərmanı ilə Cavanşir Rəhimova ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilib. Azərbaycanın ən gənc Milli Qəhrəmanıdır. Bakı şəhərində Şəhidlər xiyabanında dəfn edilib. Suraxanı rayonundakı 146 saylı tam orta məktəb Cavanşir Rəhimovun adını daşıyır. Qaraçuxur qəsəbə parkında onun büstü qoyulub.

 

 M.NƏRİMANOĞLU

 

Respublika.- 2022.- 13 avqust.- S. 9.