İgidlik və hünər dastanı...

 

AltayElgün qardaşdırlar. Lerik şəhərində əsl azərbaycanlı adət-ənənələri üzərində qərar tutan Mövlanovlar ailəsində dünyaya göz açıblar. Ailənin böyüyü Tahir kişi elinə bağlı, halal süfrəli dəyərli bir insandır. İkinci Qarabağ müharibəsi başlananda Tahir kişinin dağ vüqarlı, dağ qürurlu oğlanlarının ikisi də əlinə silah alıb müharibənin ən qızğın yerində haqq savaşımıza atılırlar. Şiddətli döyüşlər zamanı hər iki qardaş erməni faşistlərinə qan uddurur, onların qəhrəmanlığı, mərdliyi əsgər yoldaşlarına da nümunə olur. Qardaşlar Vətənin, millətin xoş gələcəyi naminə döyüşə-döyüşə şərəfli şəhidlik zirvəsinə ucalırlar.

Qardaşlardan Altayın yaşının 22-ci ilinin tamamında Lerik camaatı müqəddəs saydıqları Tahir kişinin halal ocağına toplaşdı. Rayon icra hakimiyyətinin başçısı Əkbər Abbasov, Yeni Azərbaycan Partiyası Lerik rayon təşkilatının sədri Malik Mirzəyev, hüquq-mühafizə orqanları, ictimaiyyət nümayəndələri, şəhid ailələri, müharibə veteranları ilk öncə şəhid AltayElgün Mövlanov qardaşlarının adına inşa olunan bulaq kompleksini ziyarət etdilər. Sonra qəhrəmanların əziz xatirəsinə ehtiram əlaməti olaraq məzarlarına baş çəkdilər, onları tər gül dəstələrinə bürüdülər.

Tahir kişinin evində ziyarətçilər ailənin qayğı və problemləri ilə maraqlandı, qardaşların şərəfli döyüş yollardan danışdılar, onu da bildirdilər ki, bütöv bir xalqın qəhrəmanlıq simvoluna dönən qardaşlar heç zaman yaddaşlardan silinməyən xoş xatirələrdə yaşayacaqlar. Qəhrəmanlar atası Tahir kişi isə dedi: "Oğlanlarım həyatı dərk edən gündən Vətənə, onun daşına, torpağına ürəkdən bağlandılar. Mənə çətin olsa da, onların Vətən yolunda şəhid olması böyük bir xalqa başucalığı gətirdi... Şəhid ailələrinə yüksək diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevdən, Birinci vitse-prezident Mehriban xanım Əliyevadan çox razıyam".

 

Zəfər ORUCOĞLU

 

Respublika.- 2022.- 13 avqust.- S. 9.