ƏN ALİ QÜRUR MƏNBƏYİMİZ

 

Vətənin, millətin yolunda şüurlu surətdə canlarını fəda edənlər hər zaman hörmətlə, qürurla anılırlar. Tarixi və əbədi torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olmuş Vətən müharibəsi şəhidi Mirzəyev Şirzad Mirzə oğlunun doğum günü ilə bağlı Göygöl rayon Şəhidlər xiyabanındakı məzarı başında anım mərasimi keçirilib.

Şəhid Mirzəyev Şirzad Mirzə oğlu 1 avqust 1996-cı ildə Göygöl rayonunun Qarabulaq kəndində anadan olmuşdur. 2003-cü ildə Qarabulaq kənd tam orta məktəbinin 1-ci sinfinə qəbul edilmişdir. 2014-cü ildə həmin məktəbin 11-ci sinfini bitirmişdir. 2014-cü ilin oktyabr ayından 2016-cı ilin aprel ayınadək "N" saylı hərbi hissədə həqiqi hərbi xidmət keçmişdir. 2020-ci ildə "N" saylı hərbi hissədə müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi xidmətə başlamışdır. 27 sentyabr 2020-ci ildə 44 günlük Vətən müharibəsi başlayan zaman hərbi döyüşlərdə fəal iştirak etmişdir. Şəhid Şirzad Mirzəyev 2 oktyabr 2020-ci il tarixdə Kəlbəcər rayonu istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur.

Ölkə Prezidentinin Sərəncamı ilə ölümündən sonra "Vətən uğrunda", "İgidliyə görə" və "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif edilib. Ailəli idi. Bizə əmanət 1 övladı var.

Ziyarətçilər şəhidin məzarına tər qərənfillər düzərək, ruhuna dualar oxuyub və əziz xatirəsini anıblar. Mərasimdə şəhidimizin ailə üzvləri, Göygöl Rayon İcra Hakimiyyəti başçısı Elvin Paşayev, YAP rayon təşkilatının sədri Vüqar İsayev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, Vətən müharibəsi qaziləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Mərasimdə çıxış edənlər şəhidin keçdiyi şərəfli ömür yolundan danışıb və onun kimi şəhidlərimizin qanının yerdə qalmadığını bildiriblər. Göygöl Rayon İcra Hakimiyyəti başçısı Elvin Paşayev Azərbaycan Ordusunun qüdrətindən, şəhidlərimizin döyüş zamanı göstərdiyi qəhrəmanlıqlardan, şücaətindən ətraflı söz açaraq bildirdi ki, ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və müzəffər ordumuzun qüdrəti ilə qəhrəman oğullarımız sonsuz cəsarət və qəhrəmanlıq göstərərək, həyatları bahasına torpaqlarımızı düşməndən təmizlədi. Üçrəngli bayrağımız respublikamızın bütün guşələrində olduğu kimi, işğaldan azad edilmiş torpaqlarımızda da əzəmətlə dalğalanmaqdadır. Şəhidin atası Mirzə Mirzəyev göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə minnətdarlığını bildirdi. Göygöl şəhər 1 nömrəli tam orta məktəbin şagirdləri şəhidlərə həsr olunmuş bədii kompozisiya ilə çıxış ediblər.

 

Zabit XƏLİLOV

 

Respublika.- 2022.- 13 avqust.- S. 9.