Ecazkar və füsunkar
TƏBİİ
SƏRVƏTLƏRİMİZ
Azərbaycan çox zəngin yeraltı və yerüstü təbii sərvətlərə malikdir. Təbiətin yaratdığı və yaxud insan əməyinin məhsulu olan bu incilər dövlət tərəfindən xüsusi mühafizə olunur və davamlı tədbirlər həyata keçirilir. Park və qoruq yerlərinin əksəriyyəti təbii iqlim şəraitinə görə əlverişlidir. Təbiət yasaqlıqları da daxil olmaqla park və qoruqlar turist cəlbi baxımından da əhəmiyyətlidir.
Hazırda ölkəmizdə ümumi sahəsi 892546,49 hektar xüsusi mühafizə olunan təbiət əraziləri, o cümlədən 10 milli park, 11 dövlət təbiət qoruğu və 24 dövlət təbiət yasaqlığı fəaliyyət göstərir.
Dövlət təbiət qoruğu mövcud təbiət kompleksləri qorumaq, təbiət proseslərinin təbii hərəkətlərini öyrənmək üçün xüsusi qorunan təbiət ərazisidir.
Dövlət təbiət yasaqlığı təbiət komplekslərinin və onların komponentlərinin qorunması və ya bərpası, habelə ekoloji tarazlığın saxlanılması üçün əhəmiyyət daşıyan sahəsidir.
Milli Parkın yaradılmasında məqsəd ərazidə müxtəlif növ heyvanların qorunub saxlanması ilə yanaşı, ekoloji monitorinqin həyata keçirilməsi, əhalinin ekoloji cəhətdən maarifləndirilməsi və turizm üçün əlverişli şərait yaradılmasından ibarətdir.
Milli parklarımız Abşeron yarımadasında, ölkənin şimal, cənub və qərb hissəsində yerləşməklə rəngarəng biomüxtəliflik və landşaft komplekslərini əhatə edir. Milli parklar ekoloji, tarixi, estetik və digər əhəmiyyət daşıyan təbii komplekslərin yerləşdiyi və təbiəti mühafizə, istifadə olunan təbiəti mühafizə və elmi-tədqiqat idarələri statusuna malik olan ərazilərdir. Respublikamızın ərazisində yerləşən milli parkların hər biri landşaftına, flora və faunasına görə fərqlənir və maraq doğurur.
Qəzetimizin bu sayında Milli parklar seriyasından Göygöl Milli Parkı haqqında yazını dərc edirik.
Göygöl Milli Parkı
Göygöl öz zənginliyi və füsunkarlığı ilə dünyada məşhurdur. Azərbaycan ərazisində ilk qoruq olan Göygöl Dövlət Təbiət Qoruğu 1925-ci ildə yaradılmışdır. Sonralar ləğv edilən qoruq Azərbaycan SSR Nazirlər Sovetinin 14 iyul 1965-ci il tarixli Qərarına əsasən yenidən təşkil edilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2008-ci il 1 aprel tarixli Sərəncamı ilə Göygöl Dövlət Təbiət Qoruğunun bazasında və ona bitişik dövlət torpaqlarının hesabına ərazisi 12755 hektar olan Göygöl Milli Parkı yaradılmışdır.
Milli Park içməli su mənbəyi kimi Göygölün suyunun qorunub saxlanılması və təmizliyinin təmin edilməsi, Kiçik Qafqazın tipik landşaftının, flora və faunasının mühafizəsi və öyrənilməsi məqsədilə təşkil edilmişdir.
Göygöl Qafqaz sıra dağlarının şimal-şərq hissəsində, dəniz səviyyəsindən 1000-3060 metr hündürlükdə yerləşir. Milli Parkın ərazisində ümumilikdə 13 göl vardır ki, onlardan 7-si böyük göllər sırasına daxildir. Gözəlliyi ilə gözoxşayan Maralgöl parkın ərazisində yerləşir. Bu göl füsunkar gözəlliyi, xüsusilə də suyunun şəffaflığı ilə insanları heyran edir. Maralgölün eni və uzunu 1 kilometrdir. Yolboyu palıd, çökə, qovaq və s. ağaclar insanın zövqünü oxşayır. Dəniz səviyyəsindən 1902 metr yüksəklikdə yerləşən Maralgölün ətrafını Göygöldən fərqli olaraq uca dağ çəmənliyi əhatə edir. Burada hava çox sərin olur.
Göygölün ərazisində yerləşən Güzgü gölü ətrafdakı mənzərəni güzgü kimi özündə əks etdirir. Göl iki hövzədən ibarətdir. Birinci hövzənin sahəsi 1 hektar, dərinliyi isə 6-8 metrdir. Qayalıq ərazidə dərinliyi 10-16 metrə qədərdir. Dibində olan bütün daşlar görünür. İkinci hövzə meşəliyin arasında yerləşir. Gün işığı düşdüyü zaman parıldadığından göl Güzgü gölü adlanır.
Göygöl Milli Parkının əsas hissəsinin relyefi üçün dərin dərələr, uzun suayırıcıları, müxtəlif meyillikli yamaclar səciyyəvidir. Ərazidə qışı quraq keçən soyuq və qışı quraq keçən mülayim-isti iqlim tipləri hakimdir. Havanın orta illik temperaturu 4-10 dərəcə arasında dəyişir. İllik yağıntının miqdarı 600-900 millimetrdir. Kiçik Qafqazın şimal yamaclarının subalp zonasının bir hissəsi və orta dağlıq meşələri, Göygöl, Maral, Zəli göllərinin ekosistemi parkın əsas mühafizə olunan obyektlərindəndir.
Göygöl Milli Parkının əsas hissəsi zəngin bitki örtüyünə malikdir. Burada dağ-meşə, dağ-bozqır, subalp və alp dağ-çəmən bitki ekosistemləri yayılmışdır. 1100-2200 metr hündürlükləri əhatə edən meşələri çox zəngin bitki örtüyünə və 80-ə qədər ağac və kol növünə malikdir. Meşələrin əsas hissəsini kiçikyarpaqlı ağaclardan - Şərq fıstığı, Şərq palıdı, Qafqaz vələsi, tozağacı, adi göyrüş, itiyarpaqlı ağcalardan isə qarmaqvari şam təşkil edir. Kol bitkilərindən zoğal, böyürtkən, itburnu, yabanı fındıq, gərməşov, əzgil və s. yayılmışdır. Ot bitkilərindən Qafqaz bənövşəsi, Alp dişəsi, Steven zəncirotu, zəngçiçəyi, çobanyastığı, şırımlı topal, qırtıc və digərlərini göstərmək olar. Bu növlər ən çox subalp çəmənliyində yayılıb.
Milli Parkın ərazisinin 2000 metrə qədər hündürlükdə olması müxtəlif bitki formasiyalarının bir-birini əvəz etməsi burada heyvanlar aləminin də zənginliyinə şərait yaradıb. Ərazidə məməli heyvan növlərindən Qafqaz maralı, Avropa cüyürü, qonur ayı, dağ keçisi, porsuq, meşə pişiyi, vaşaq, daşlıq dələsi, adi kirpi, tülkü, quş növlərindən bildirçin, meşə göyərçini, adi qur-qur, meşə cüllütü, göl qağayısı, çil qaratoyuq, qara ağacdələn, sarıköynək və s. yayılıb. Ərazidə məskunlaşan heyvanlardan Şərqi Qafqaz təkəsi və Zaqafqaziya qonur ayısının adı "Qırmızı Kitab"a düşüb. Ərazidə nadir növlər olan Qafqaz maralı, Göygöldə isə farel balığı qorunur.
2015-ci ildə İDEA İctimai Birliyinin təşəbbüsü ilə "Göygöl Milli Parkı" adlı sənədli film çəkilmişdir. Göygöl Milli Parkında təbiət gözəlliyinin rəngarəngliyi, bitki və heyvanlar aləminin zənginliyi ekoturizmin inkişafına, o cümlədən əraziyə böyük sayda yerli və xarici turistlərin cəlb edilməsinə şərait yaradır.
Kamil İSMAYIL
Respublika.- 2022.- 13 avqust.- S. 11.