FƏXR VƏ QÜRUR MƏNBƏYİMİZ

 

Ölkə rəhbərinin siyasətinin əsasını təşkil edən vətəndaş amili regionlarda da daim diqqət mərkəzində saxlanılır. Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, Goranboy RİH başçısının müavini Mirvari Ağamalıyeva və icra hakimiyyətinin digər məsul əməkdaşları Azərbaycanın Milli Qəhrəmanı Məhəmməd Həsənovun doğum günündə, onun ailə üzvləri ilə birgə məzarını ziyarət etdilər, tər qərənfil düzdülər və xatirəsini böyük ehtiramla andılar.

Mərasimdə Vətən müharibəsində qəhrəmanlıqla döyüşərək, şücaət göstərmiş qəhrəman oğullarımızdan, o cümlədən şəhid, Azərbaycanın Milli Qəhrəmanı Məhəmməd Həsənovun fədakarlığından, vətənpərvərliyindən, onların tarixi qəhrəmanlıqlarından söz açıldı, şərəfli döyüş yoluna nəzər salındı.

Qeyd olundu ki, şəhid ailələri daim dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin yüksək diqqət və qayğısı ilə əhatə olunmuşdur. O cümlədən də Azərbaycanın Milli Qəhrəmanı Məhəmməd Həsənovun ailəsi də bu qayğıdan kənarda qalmamışdır, həmişə dövlət himayəsindədir.

Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

 

Zabit XƏLİLOV

 

Respublika.- 2022.- 14 avqust.- S. 5.