Cəsurluğu və peşəkarlığı ilə hər kəsə nümunə

 

Milli və dini mənsubiyyətindən asılı olmayaraq hər bir əsgər və zabit istər Birinci Qarabağ müharibəsində, istərsə də Vətən savaşında olduğu kimi, erməni faşizminə qarşı əsl qəhrəmanlıq nümunələri göstərdilər. Ölkəmizin ərazi bütövlüyünün bərpası, suverenliyinin möhkəmlənməsi, güc-qüdrətinin daha da artması naminə canlarından keçməyə hazır olduqlarını döyüşlərdə göstərdiyi fədakarlıqlarla sübuta yetirdilər. Ölkəmizdə müxtəlif millətləri - ləzgiləri, yəhudiləri, talışları, çaxurları və b. təmsil edən yüzlərlə gənc Azərbaycan Ordusu sıralarında işğalçıya qarşı azərbaycanlı, qarabağlı kimi mərdi-mərdanə mübarizə apardı, düşmənlə cəsarətlə döyüşdülər. Onların bu torpağa qəlbən bağlanması hər birinin Azərbaycanı doğma Vətəni kimi sevməsi 2020-ci il sentyabrın 27-də başlanan müharibədə də bir daha öz təsdiqini tapdı.

Vətəni canı bahasına qoruyan daha bir qəhrəmanımız haqqında danışacağıq. Alqayev Harun Məhəmməd oğlu 1992-ci il iyulun 14-də Balakən rayonunun Gərəkli kəndində anadan olub. 1998-2006-cı illərdə Balakən şəhərində Nəsimi adına 2 nömrəli tam orta məktəbdə, 2007-2010-cu illərdə isə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb. 2010-2014-cü illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində ali hərbi təhsilə yiyələnib. 2014-cü ildə təhsilini bitirdikdən sonra Ali Hərbi Məktəbin Təlim-Tədris Mərkəzində 1 il təhsil almış və 2015-ci ildə leytenant rütbəsi alaraq Goranboy rayonunda "N" saylı hərbi hissədə kəşfiyyat taqım, 2016-cı ildə isə müşahidə kəşfiyyat taqım komandiri vəzifəsində çalışmışdır. 2018-ci ildə Harun Alqayev baş leytenant rütbəsini almış, 2020-ci ilin mart ayında "N" saylı hərbi hissənin kəşfiyyat bölüyünün komandiri vəzifəsinə təyin olunmuşdur. 2 ay bu vəzifədə çalışdıqdan sonra Harun arzusunda olduğu Xüsusi Təyinatlı Qüvvələrin heyətinə qoşulmuş və heyətində olduğu qrupun baş kəşfiyyatçısı vəzifəsini layiqincə yerinə yetirmişdir. İgid kəşfiyyatçımız orduda nümunəvi xidmətlərinə görə, Müdafiə nazirinin 2013-cü ildə "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)", 2019-cu ildə "Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)" yubiley medalı ilə təltif olunmuşdur.

Harun Alqayevdə kəşfiyyatçı üçün zəruri olan bütün keyfiyyətlər cəmləşirdi. İşinin peşəkarı idi. Buna sübut kimi onun erməni və rus dillərini mükəmməl bilməsini, dəfələrlə kəşfiyyat məqsədilə işğal altında olan torpaqlarımıza sızaraq çox əhəmiyyətli məlumatlar əldə etməsini, idarə etdiyi dronla çəkiliş etməsi və həmin çəkilişlərə əsaslanaraq döyüş planı xəritələri çəkməsini misal göstərmək olar. Dəfələrlə düşmən tərəfə sızan Harunun bu fəaliyyəti sonradan düşmənin əks-kəşfiyyatına məlum olmuş və adı türk adına bənzədiyindən düşmən tərəfi Harunu "Türk Harun" adlandırmışdır. Düşmən tərəfi Harunu tapmağa nə qədər çalışsalar da buna nail olmamışlar. Harun qızğın döyüşlər vaxtı dronu çox gözəl idarə edirmiş. Onunla eyni hərbi hissədə xidmət edən polkovnik Süleyman Əliyevin söylədiklərinə görə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində gənc zabitlərin yetişdirilməsində dərslik kimi məhz Harunun çəkdiyi dron çəkilişləri və xəritələrdən də istifadə olunur.

Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin baş leytenantı Harun Alqayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağın, Kəlbəcərin, Cəbrayılın, Xocavəndin və Füzulinin azadlığı uğrunda gedən şiddətli döyüşlərdə qəhrəmancasına savaşıb. Harun Alqayev 2020-ci ilin oktyabrın 10-da Xocavənd rayonu uğrunda gedən döyüşlər zamanı Hadrut qəsəbəsində düşmənin snayper atəşi nəticəsində şəhidlik zirvəsinə ucalıb. Balakən şəhərinin Şəhidlər xiyabanında dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Harun Alqayev ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni və "Vətən uğrunda", "İgidliyə görə", "Kəlbəcərin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilmişdir.

Harun unudulmaz qəhrəmanlığı, şücaəti ilə əbədiyyətə qovuşdu, əsl Vətən oğlunun çətin məqamlarda edə biləcəyi son borcunu şərəflə yerinə yetirdi. O, igidliyi, qəhrəmanlığı ilə elə-obaya gərəkli övlad, Vətənə layiqli oğul oldu. Onu tanıyanlar, zabit yoldaşları onun haqqında ancaqancaq müsbət fikirlər söyləyirlər: "Harun mərd, qeyrətli və çox mükəmməl bir insan idi. Hərbçi yoldaşlarının problemlərinə böyük diqqətlə yanaşırdı. O, cəsur, fədakar və peşəkarlığı ilə hər kəsə nümunə idi".

 

M.MİRZƏ

 

Respublika.- 2022.- 14 avqust.- S. 5.