Qəhrəmanlıq
salnaməsi yazan igidlər
Şanlı qələbə ilə başa çatan Vətən müharibəsində ən ağır döyüş tapşırıqlarını, çətin və xüsusi əməliyyatları, düşmənin gözləmədiyi istiqamətdən həmlə zərbələrini silahlı qüvvələrimizin xüsusi təyinatlıları həyata keçirib. Otuz ilə yaxın işğal etdikləri torpaqlarda möhkəmlənən, çox güclü istehkamlar və müdafiə xətləri quran Ermənistan ordusuna sarsıdıcı zərbələr vuraraq həmin maneələri dağıdan, düşməni döyüş meydanında məhv edən, keçilməz sədləri, sıldırım qayaları aşan Vətənin cəsur oğulları qəhrəmanlıq salnaməsi yazdılar. Düşmən üzərində Qələbə və Zəfər qazanan mərd oğullardan biri də Azərbaycan Silahlı Qüvvələrinin kapitanı, xüsusi təyinatlı döyüşçü Samir Mikayıllıdır.
Samir Sabir oğlu Mikayıllı 1 yanvar 1993-cü ildə Ağcabədi rayonunun Salmanbəyli kəndində anadan olub. Samir 2008-2010-cu illərdə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə, sonra 2010-2014-cü illərdə T.C.Kara Harp Okulunda ali hərbi təhsil alıb. 2015-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvan şəhərində yerləşən "N" saylı hərbi hissəsində leytenant hərbi rütbəsində xidmətə başlayıb. Ermənistan ordusunun Naxçıvan istiqamətində atəşkəsi pozmasının qarşısını almaq üçün silahlı qüvvələrimiz tərəfindən keçirilən Günnüt əməliyyatı zamanı Samir Günnüt, "Ağbulaq" strateji nöqtəsi, Qızılqaya və Qaraqaya dağlarının azad edilməsində igidlik göstərib və növbədənkənar baş leytenant hərbi rütbəsinə layiq görülüb.
Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin kapitanı Samir Mikayıllı 2020-ci ilin oktyabr ayında Qarabağda gedən döyüşlərə qatılıb. Kəşfiyyatçı zabit Samir Mikayıllı son nəfəsinə qədər vuruşaraq, Şuşanın azad olunmasında xüsusi qəhrəmanlıq göstərmiş və müharibənin başa çatmasına bir neçə saat qalmış düşmənin minaatan mərmisinin qəlpəsindən ağır yaralanaraq həlak olub. 9 noyabr 2020-ci ildə şəhidlik zirvəsinə, ali məqama yüksəlib. Kapitan Samir Mikayıllı ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni, "Şuşanın azad olunmasına görə", "Vətən uğrunda", "Hərbi xidmətlərə görə", "Xocavəndin azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.
Vətən müharibəsi şəhidi kapitan Samir Mikayıllının ölümündən sonra təltif olunduğu 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni Ağcabədidə ailəsinə təqdim edilib. Bu münasibətlə keçirilən tədbirin iştirakçıları şəhidin xatirəsinə Salmanbəyli kəndində salınmış parka gələrək, Samir Mikayıllının abidəsi önünə tər çiçək dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər. Tədbirdə YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov, Ağcabədi Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Şöhlət Orucov və başqaları çıxış edərək, şəhid Samir Mikayıllının şərəfli həyat və döyüş yolundan danışıblar.
Sonra şəhidin atası Sabir Sultanov və qardaşı Müşviq Mikayıllıya cəsur döyüşçü, şəhid Samir Mikayıllının təltif edildiyi orden təqdim olunub. Şəhidin atası Sabir Sultanov oğlu Samirin xatirəsini uca tutduqları üçün tədbir iştirakçılarına minnətdarlıq edib, şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə ailəsi adından təşəkkürünü bildirib.
Salman ALIOĞLU
Respublika.- 2022.- 14 avqust.- S. 5.