Ölkəmizdə
yaşayan bütün
vətəndaşların hüquqları və təhlükəsizliyi Azərbaycan dövləti
tərəfindən təmin edilir
Qarabağda yaşayan ermənilərin
nə statusu olacaq, nə müstəqilliyi olacaq, nə də
hansısa xüsusi imtiyazı. Azərbaycan vətəndaşları
necə, onlar da elə.
Azərbaycan vətəndaşlarının hüquqları
necə qorunursa, onların da
elə. Azərbaycanda yaşayan
xalqların hüquqları necə qorunursa,
onların da elə.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti.
Vətən müharibəsindən sonra Qarabağda başlanılmış genişmiqyaslı yenidənqurma ilə yanaşı, insanların şüurunda da dəyişiklik baş verib. İndi dinc erməni əhalisi də müharibə istəmir. Onlar yaxşı bilirlər ki, Ermənistan tərəfi haqsızdır. Onu da bilirlər ki, Qarabağ Azərbaycanın əzəli və əbədi ərazisidir. Bunu erməni əsilli ekspertlər, politoloqlar da dəfələrlə etiraf ediblər. 44 günlük Vətən müharibəsi başa çatandan sonra dövlət başçımız cənab İlham Əliyev dəfələrlə Azərbaycanın sülh istədiyini bildirib. Qeyd edib ki, biz Ermənistanla sülh danışıqlarına başlamalıyıq. Müsbət cavab alınmasa da, Azərbaycan rəhbəri bu məsələdə də konstruktiv və səbirli mövqe sərgiləyir: "...Delimitasiya komissiyası yaradılmalıdır. Ona da etiraz edirdilər. Nəticədə razılaşdılar. Zəngəzur dəhlizi lazımdır, ona da etiraz edirdilər. İndi yaxın həftələrdə biz onlardan Zəngəzur dəhlizinin marşrutunu gözləyirik. Qarabağda yaşayan ermənilər gördülər ki, Azərbaycandan onlara ancaq xeyir gələ bilər".
İkinci Qarabağ müharibəsindən ötən iki ilə yaxın dövr ərzində Azərbaycanın dünya birliyində artan rolu, Qarabağda yaşayan ermənilərin düşüncələrində baş verən dəyişiklikləri, Ermənistan hakimiyyətinin onlara təsir imkanlarını itirməsi diqqətçəkən məsələlərdəndir. Heç şübhəsiz, bütün bunlar şüurda, yaşam fəlsəfəsində baş verən dəyişiklikləri şərtləndirib. Bütün bunlar düzgün həyata keçirilən, ədalətə və beynəlxalq hüquqa əsaslanan siyasətin nəticəsidir. Azərbaycan qalib ölkə olaraq diktə edən tərəfdir. Ermənistanın reallıqları qəbul etməkdən başqa yolu yoxdur. Dövlət başçısı cənab İlham Əliyevin bəyan etdiyi kimi, bu gün Ermənistanla Azərbaycan arasında gedən normallaşma prosesində Qarabağ mövzusu yoxdur. Söhbət Qarabağda yaşayan ermənilərin hüquqlarından və təhlükəsizliyindən gedir ki, Azərbaycan dövləti bunları təmin edəcək. Qarabağda yaşayan ermənilər düzgün addım atmalı və başa düşməlidirlər ki, onların gələcəyi ancaq Azərbaycan cəmiyyətinə inteqrasiyadan keçir. Başqa cür mümkün deyil.
2003-cü ildən iqtisadi artımın qeyri-neft sektorunun hesabına olmasını qarşıya mühüm vəzifə kimi qoyan Prezident cənab İlham Əliyev bu məqsədə nail olmaq üçün regionların malik olduğu iqtisadi potensialdan səmərəli istifadənin zəruriliyini bildirdi. Regional inkişaf proqramlarının uğurlu icrası həm bölgələrin inkişafında, həm də sosial-iqtisadi göstəricilərdə özünün aydın ifadəsini tapır. Dövlət başçımızın görülən işlərlə yaxından tanış olmaq məqsədilə bölgələrə hər səfəri mühüm sosial obyektlərin açılışı və təməlqoyma mərasimləri ilə yadda qalır.
Dövlət başçısı iş yerlərinin açılmasını daimi proses kimi qarşıya qoyub. Çünki əhalinin sayı artır, yeni iş yerlərinin açılması vacib amillərdəndir. Ölkə Prezidenti İsmayıllı və Ağsu rayonlarına səfəri zamanı İsmayıllı rayonunda "Basqal Resort & Spa" otelinin, Ağsuda Gənc Sənətkarlar Mərkəzinin və Dövlət Rəmzləri Muzeyinin açılışında iştirak etdi, "Basqal" Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində aparılan və icrası nəzərdə tutulan tikinti-bərpa işləri, "Ağsu Aqropark"ın fəaliyyəti ilə tanış oldu. Hər bir bölgənin turizm və kənd təsərrüfatı imkanları önə çəkilərək görüləcək işlər, hədəflər diqqətə çatdırıldı. Nəzərə alsaq ki, hazırkı dövrdə ərzaq təhlükəsizliyinin təmin edilməsi daha prioritet məsələdir, bu halda hədəf aydındır.
Ermənistanın işğal dövründə Azərbaycan torpaqlarından hərbi təyinatla istifadəsi nəticəsində kənd təsərrüfatına, maldarlığa, bitkiçiliyə vurulan ziyanın aradan qaldırılması üçün aparılan işlərdən, uzun illər istifadəsiz, susuz qalmış torpaqların canlandırılmasından geniş bəhs edən Prezident İlham Əliyev diqqəti, eyni zamanda, "Qisas" əməliyyatına yönəltdi. Bildirdi ki, "Qisas" əməliyyatı qısamüddətli, amma çox təsirli cəza tədbiri olaraq "dəmir yumruğ"un yerində olduğunu təsdiqlədi. Bu əməliyyat bir daha Ermənistana belə bir xəbərdarlıq ünvanladı ki, odla oynamasınlar, yeni reallıqları qəbul etsinlər. Azərbaycan müstəqil siyasət yürüdən dövlətdir. Xarici siyasətində ədalətə və beynəlxalq hüquqa əsaslanır. Heç bir qüvvə ölkəmizin siyasi iradəsinə təsir etmək imkanında deyil. Təbii ki, buna oxşar təxribat təkrarlanarsa, cavab daha da sərt olacaq. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin bəyan etdiyi kimi, Ermənistan bu halda daha da peşman olacaq, daha da gur səslə imdad diləyəcək. Bəyan edildi ki, Laçın şəhərində, Zabux və Sus kəndlərində qanunsuz məskunlaşmış insanlar oradan çıxmalıdır. Səbrimizi sınağa çəkməsinlər.
Kənd təsərrüfatının inkişafına dövlət dəstəyinin gücləndirilməsi və yeni çağırışlara uyğun sahə üzrə strateji hədəflərin müəyyən edilməsi ilə bu istiqamətdə işlər keyfiyyətcə yeni mərhələyə daxil olub. Əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi, aqrar sahədə ixrac potensialının artırılması məqsədilə ölkədə müasir aqroparklar yaradılır. Regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları əsasında bölgələrdə müasir infrastruktur qurulmuş, kəndlərarası avtomobil yollarının şəbəkəsi genişləndirilmişdir. İdarəetmədə səmərəliliyin və şəffaflığın artırılması üçün elektron kənd təsərrüfatı sistemi tətbiq edilir. Kənd təsərrüfatının inkişafı qeyri-neft sektorunun inkişafı üçün dəstəkdir. Hazırkı dövrdə dünyada müşahidə olunan bahalaşma fonunda Azərbaycan idxaldan asılılığı azaltmaq, 100 faiz əsas ərzaq məhsulları ilə özünü təmin etmək üçün strategiya həyata keçirir. Taxıl qıtlığı və bahalığı şəraitində Azərbaycanın atdığı qabaqlayıcı addımların xronologiyasına diqqət yetirmək kifayətdir. Dövlət başçısı İlham Əliyev bildirib ki, biz real həyatda yaşayırıq. Özümüzü bütün problemlərdən tam sığortalamaq üçün praktiki işlər aparırıq və aparacağıq. Artıq azad edilmiş torpaqlarımızda əkin işləri aparılıb. Bu inam ifadə edildi ki, gələcəkdə Qarabağda və Şərqi Zəngəzurda yetişdiriləcək məhsullar, o cümlədən ərzaq təhlükəsizliyimizin tam təmin edilməsində böyük kömək göstərəcək.
"Erməni silahlı birləşmələri Qarabağı birdəfəlik tərk etməlidir. Bu, Ermənistanın öhdəliyidir, 10 noyabr 2020-ci ildə Ermənistan tərəfindən imzalanmış kapitulyasiya aktında təsbit edilib və biz buna nail olacağıq". Cənab Prezidentin rəsmi İrəvana sərt xəbərdarlıq xarakterli bu sözlərinin, əslində, bir izahı da odur ki, Ermənistanda hakimiyyət dəyişikliyi olsa belə, radikal müxalifətin iddia etdiyi kimi, 10 noyabr sənədi güvənini itirməyəcək. Yəni əgər erməni toplumunda hələ də keçmiş Köçəryan-Sərkisyan xunta rejiminin nümayəndələrinə inanlar qalıbsa, təcili ayılsınlar və öz işlərini bilsinlər, xəyalpərvərlərin və avantüristlərin boş sözlərinə inanmasınlar, revanşist-radikalların ardınca getməsinlər.
"Azərbaycan üzərinə götürdüyü bütün öhdəliklərinə sadiqdir. Ermənistan isə, sadəcə olaraq, yenə fitnəkarlıqla məşğuldur. Vaxt uzatmaq onlara heç nə verməyəcək. Əgər onlar fikirləşirlər ki, bir ildən, ya ilyarımdan sonra nəsə dəyişəcək bunların xeyrinə, səhv edirlər". Bunu da Müzəffər Ali Baş Komandan söyləyib. Yenə özəlliklə erməni toplumuna ünvanlanan sözlərdir.
Söhbət sırf Qarabağ erməniləri üçün "status" arzusu, hətta tələbindən gedir. Prezident bunun da xam xəyal olduğunu bildirməklə "nöqtə"ni qoydu.
Dövlət başçısı cənab İlham Əliyev erməni tərəfində bu xüsusda hələ də qalmaqda olan ən xəfif gözləntiləri darmadağın edərək, diqqəti ona çəkdi ki, danışıqlar masasında hər hansı statusdan, ümumiyyətlə, söhbət belə getmir. Yeri gəlmişkən, bu sözlər "status" kartı ilə, "konflikt həll olunmayıb", "Minsk Qrupu" bəhanələri ilə bölgəyə "arxa qapı"dan daxil olmaq istəyən, "Dağlıq Qarabağ"a yenə dövlət səviyyəsində yardımlar ayırıb separatçı ünsürləri şirnikləndirən bəzi xarici güclərə, Ermənistanın havadarlarına da ünvanlanıb.
Emin QASIMOV
Respublika.- 2022.- 16 avqust.- S. 3.