Xalqının
BƏXTİYARI
İnsandır hər
şeyi mənalandıran,
Saat nə gərəkdir zaman olmasa.
Bir dağın, bir
çayın gözəlliyini,
Söyləyin, kim duyar insan olmasa.
Bəxtiyar Vahabzadə poeziyası. Hissi idrakla məntiqi idrakın poeziyası! Böyük şair poeziyamıza intellektual yaradıcılıq
üslubu gətirib və bu üslub
bədii-fəlsəfi təzadların
poeziyası kimi fərdilik qazanıb.
Sənət məramına
çatmaq təşnəsi
ilə poetik axtarışlar aparan sənətkar hər dəfə nail olduğu yerdən - hər poetik mətndən yanğıyla nəfəs
götürüb. Bəxtiyar
Vahabzadə poeziyası
dinclik bilməyən,
yürüşdə olan,
ehtiraslı və əzəmətli poeziyadır!
Vaxt, zaman və sürət
Bəxtiyar Vahabzadə
poeziyasının məhək
daşıdır. İnsan
bu zamanın fəlsəfəsində gözəllik
və əqidə mücəssəməsidir!
Bəxtiyar Vahabzadə 1925-ci il avqustun 16-da Şəki şəhərində
fəhlə ailəsində
anadan olmuş,
1934-cü ildə ailəsi
ilə birlikdə Bakıya köçmüşdür.
Burada orta məktəbi qurtarandan sonra ADU-nun Filologiya fakültəsində
təhsil almışdır
(1942-1947). 1951-ci ildə
"Səməd Vurğunun
lirikası" mövzusunda
namizədlik dissertasiyası
müdafiə etmişdir.
Bədii
yaradıcılığa 1943-cü ildə "Ana və şəkil" adlı şeirlə başlamış,
o zamandan dövri mətbuatda şeir və elmi məqalələrlə
çıxış etmişdir.
"Mənim dostlarım" adlı
ilk kitabında toplanmış
lirik şeirlərdə
faşizmə qarşı
mübarizədə qalib
çıxmış xalqın
duyğu və düşüncələri əksini
tapmışdır. Onun lirik
şeir və poemalarında, mənzum pyeslərində müasir
dövrün problemləri
lirik-fəlsəfi planda,
yeni əlvan boyalarla təsvir edilir. "İkinci səs", "Vicdan",
"Yağışdan sonra",
"Yollara iz düşür", "Fəryad",
"Hara gedir bu dünya", "Özümüzü
kəsən qılınc",
"Cəzasız günah",
"Dar ağacı" və
"Rəqabət" (1960-2003) pyesləri Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında tamaşaya qoyulmuşdur.
O, tənqidçi-ədəbiyyatşünas kimi də fəaliyyət
göstərmişdir. "Səməd Vurğunun həyat və yaradıcılığı" mövzusunda doktorluq dissertasiyası müdafiə
etmiş (1964), Azərbaycan
Dövlət Universitetində
Müasir Azərbaycan
ədəbiyyatı kafedrasının
professoru vəzifəsində
çalışmışdır
(1950-1990). AMEA-nın müxbir üzvü
(1980), sonra həqiqi üzvü (2000), 1981-ci ildə
SSRİ Yazıçılarının
VII qurultayında SSRİ Yazıçılar
İttifaqı İdarə
Heyətinin üzvü
seçilmişdir. O, həmçinin Azərbaycan
Yazıçılar İttifaqı
İdarə Heyətinin
və Ağsaqqallar Şurasının da üzvü idi (1991). Ədəbi-bədii prosesin yorulmaq
bilməyən təbliğatçısı
və təşkilatçısı
kimi tanınırdı.
Azərbaycan KP Bakı
Şəhər Komitəsinə
üzv və bir neçə çağırış Bakı
xalq deputatları Sovetinə və X çağırış Azərbaycan
Ali Sovetinə, 1995 və
2000-ci illərdə Azərbaycan
Milli Məclisinə deputat seçilmiş,
1976-cı ildə "Leninlə
söhbət" və
"Muğam" poemalarına
görə Azərbaycan
Dövlət Mükafatına
layiq görülmüş,
"Qırmızı Əmək
Bayrağı" və
"İstiqlal" (1995) ordenləri
ilə təltif olunmuşdur.
Bəxtiyar Vahabzadə 1960-cı illərdən
başlayan milli azadlıq hərəkatının
öncüllərindən biri
idi. O, 1958-ci ildə yazdığı
"Gülüstan" poeması
ilə iki yerə parçalanmış
Azərbaycanın tarixi
faciəsini dilə gətirmiş, rus və fars
imperiyasının pəncəsi
altında inləyən
Azərbaycan xalqının
azadlıq və istiqlal uğrundakı ədalətli mübarizəsinə
qoşulmuşdur.
Bu poemaya görə
1962-ci ildə şair
"millətçi" damğası
ilə Azərbaycan Dövlət Universitetindən
çıxarılmış, yalnız iki ildən sonra işə bərpa edilmişdir. Sovet rejimində milli
varlığı tapdanan,
hər cür məhrumiyyətlərə məruz
qalan millətin dərdlərini rəmzlər
və müxtəlif ədəbi üsullarla ifadə etmiş, irihəcmli poemaları və pyeslərində hadisələri ya tarixə, ya da başqa ölkələrə
keçirərək öz
millətinin dərdlərini
dilə gətirmişdir.
Birbaşa sovet diktaturasını
ifşa edən əsərlərini isə
şair, Sovet İttifaqı dağılandan
sonra "Sandıqdan səslər" başlığı
altında nəşr
etdirmişdir.
B.Vahabzadə 70-dən artıq şeir kitabının, 2 monoqrafiyanın,
11 elmi-publisist kitabın
və yüzlərlə
məqalənin, eləcə
də tarixi və müasir mövzuda 20-dən artıq
irihəcmli poemanın
müəllifidir. Şairin əsərləri - şeir
kitabları, dramları
və publisistik yazıları dünyanın
bir çox, o cümlədən ingilis, fransız, alman, fars, türk, polyak, ispan, macar, keçmiş Sovetlər Birliyi xalqlarının dillərinə
tərcümə edilmişdir.
2009-cu il fevral
ayının 13-də, 83 yaşında
Bakıda vəfat etmişdir.
1960-cı
illərin poeziyasında
Bəxtiyar Vahabzadənin
yaradıcılıq fərdiyyəti
kamilləşib, poeziyasında
ideyalılıq və
sənətkarlıq axtarışları
güclənib... Onun şeirlərinin
başlanğıcı, davamı
və sonu - təkamül mətni vardır ki, bədii təzad bunların qida mənbəyini təmin edib. Şairin əksər şeirlərində
bir fərdi ideya qavrayışı olub ki, ədəbi-tənqid
bunu "ikinci səs" adlandırıb.
Bəxtiyar Vahabzadənin 1950-ci illərdən
başlayan məhəbbət
şeirləri ruhən
doyumsuzluğun ifadəsi
olub poetik "Mən"i haldan-hala salıb, onu bəzən sərt, bəzən mülayim, bəzən məmnun, inkarçı, müdrik,
adi, bəzən də filosof, sadəlövh edib. Onun məhəbbət şeirləri
duyğu və həyəcan, fikir və düşüncə,
fəlsəfə və
əxlaq şeirləridir...
Şair Azərbaycanın ictimai-siyasi
və mədəni həyatında fəal iştirak edib. Sənətkarın bədii təsvir obyektlərindən biri Cənubi Azərbaycan, bütöv Vətən ideyası, idealı olub. Şair bu mövzunu
1950-ci illərdən başlayıb
və yaradıcılığının
bütün mərhələlərində
davam etdirib. Bəxtiyar Vahabzadənin Cənub mövzularının
("Sökün çəpərləri",
"Məktublar", "Şəhriyara",
"Şair - vətən",
"Ustad Şəhriyarın
S.Rüstəmə göndərdiyi
məktubuna cavab",
"Cavab", "Həsrət",
"Səhəndə məktub")
konkret qaynaqları olub.
Ana və ana dili mövzusu Bəxtiyar Vahabzadə yaradıcılığında əhəmiyyətli yer tutub. Şair 1950-2000-ci illərin
şeirlərindən olan
"Ana və şəkil",
"Ana türbəsi", "Ana",
"Körpə nəfəsi",
"Lay-lay", "Doğum evində", "Ana dili",
"Ana hədiyyəsi", "Ana və balalar", "Mənim anam", "Ekran qabağında",
"Anama giley",
"Şəhid anası",
"Ana birsə", "Mənim
ana dilim", "Anam öldümü",
"Anam təzədən
böyüyür", "Anam haqqında şeirlər", "Ana dedim,
qarşımda bir gözəl səhnə açıldı" və
başqalarında anaların
və doğma dilimizin ehtizazlı bədii obrazını yaradıb:
Bu dil bizim ruhumuz, eşqimiz, canımızdır,
Bu dil bir-birimizlə əhdi-peymanımızdır.
Bu dil tanıtmış bizə
bu dünyada hər şeyi,
Bu dil əcdadımızın bizə
qoyub getdiyi
Ən qiymətli mirasdır,
onu gözlərimiz tək
Qoruyub nəsillərə biz də hədiyyə verək!
Yaşar
Qarayev yazırdı:
"Bəxtiyar Vahabzadə
psixologizminin min bir poetik halı var - duyğu, qavrayış, təsəvvür
onun poetik idrakının hissi təzahürləri olub, bu da məntiqi
idraka - mənəvi-əxlaqi
və fəlsəfi-estetik
dəyərlərin doğulmasına
zəmin yaradıb. Ümumən,
insanın mənəvi-əxlaqi
aləminə nüfuz
Bəxtiyar Vahabzadənin
uğurlu "səyahətidir".
Vətən, torpaq, tarix, Azərbaycan, millilik və bəşərilik Bəxtiyar Vahabzadə vətənpərvərliyinin, humanizminin
cövhəridir. Onun insanı yanar
ürəyə, sevən
qəlbə malikdir.
Şairin "Şəbi-hicran"da
dediyi kimi:
Məncə, can yanğısıdır şeir, sənət, a dostlar.
Kimin ki, ürəyində
bir yanğı var, bir od var,
O dərk edər sənəti,
İnsan məhəbbətidir yaradan hər sənəti...
Türk dünyası mövzusu Bəxtiyar Vahabzadə yaradıcılığının əsas mövzusunu təşkil edir. 1970-1990-cı illərdə yazdığı
"Türküstan, Türküstan",
"Yunus İmrə",
"İstiqlal nəğməkarı",
"Əhməd Cavad",
"Böyük türkçü",
"Sənət sənət
üçündür, yoxsa
xalq üçün",
"Ey qocaman Türkiyə" adlı
məqalə və məktublarında, habelə
poetik əsərlərində
şair turançılıq,
türkçülük və
azərbaycançılıq baxışlarını, o cümlədən
Azərbaycan-Türkiyə dostluq
əlaqələrini təcəssüm
etdirib:
Bir millətik, iki dövlət
Eyni arzu, eyni niyyət
Hər ikisi Cümhuriyyət
Azərbaycan-Türkiyə.
Dövlət, bayraq və istiqlal mövzuları B.Vahabzadənin 1990-cı illərdə
yazdığı məqalə,
müsahibə və şeirlərində də
ifadə olunub. Şair
1960-1990-cı illərdə "Bayraq qalxdı", "Xalqın səsi",
"Əgər qorunmasa
istiqlalımız", "Vətən məcnunluğu",
"Vətən var",
"Biz Vətənçün doğulduq", "Azərbaycan",
"İki bayraq",
"Bayraq", "Atatürk"
şeirlərindəki həmin
mövzuları 2000-ci illərin
şeir və poemalarında da davam etdirib.
Həyatın keşməkeşlərindən, çətin sınaqlarından,
siyasi burulğanlardan üzüağ çıxan
Bəxtiyar Vahabzadə
poeziyası... Onun lirik
"Mən"i, orijinal
fərdi üslubu ilə həmişə zəmanəsi, torpağı,
dövləti və milləti, Şərqi və Qərbi, bir sözlə, dünyanın - zaman və insan münasibətlərinin
sirli aləmi ilə əlaqəli olub.
Dünyaşöhrətli sənətkar və araşdırıcı, ictimai xadim Oljas Süleymenov yazırdı: "Bəxtiyar Vahabzadə bütün ölkədə tanınan və seçilən bir şairdir. Onun poeziyasında Şərqə məxsus bütün gözəl keyfiyyətlər əksini tapıb. O, xalq şairidir, laureatdır. Onun ən böyük mükafatı elə xalqın sevgisidir".
Zümrüd QURBANQIZI
Respublika.- 2022.- 16 avqust.- S. 4.