Aslan Atakişiyev
Torpaqlarımızın müdafiəsi, işğaldan azad olunması uğrunda cəsarətlə, inamla vuruşan vətən oğullarımız illər keçsə də, tez-tez xatırlanır və gələcək nəsillər üçün nümunəyə çevrilirlər. Qarabağ hadisələri başlayanda Aslan müəllim olaraq fəaliyyət göstərirdi. Vətən torpaqlarının təhlükə altında olduğunu görən Aslan öz doğma peşəsindən ayrılaraq cəbhəyə yollanır. O, torpaqlarımız uğrunda gedən döyüşlərdə həmişə öz cəsarəti və hünəri ilə seçilir. Bu hünər və cəsarət az vaxt içərisində onu tabor komandirinin müavini kimi məsuliyyətli bir vəzifəyə gətirib çıxarır. Tabor komandirinin müavini olmasına baxmayaraq, öz əsgərləri içərisində döyüşə birinci atılır. Aslan Laçın rayonu uğrunda gedən döyüşlərdə əsl qəhrəmanlıq göstərir.
Aslan Atakişiyev 16 avqust 1953-cü ildə Qubadlı rayonunun Muradxanlı kəndində anadan olub. 1960-cı ildə burada birinci sinfə getmiş, 1970-ci ildə bitirmişdir. 1972–1974-cü illərdə hərbi xidmət keçmişdir. 1977-ci ildə Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsinə daxil olur. 1981-ci ildə təhsilini başa vurub Qubadlı rayonunda müəllimliyə başlamışdır. Qarabağ hadisələri başlayanda o, müəllim işləyirdi. Vətən torpaqlarının təhlükə altında olduğunu görən Aslan öz doğma peşəsindən ayrılıb cəbhəyə yollanır.
1992-ci il 7 avqustda Sussuzdağ yüksəkliyi uğrunda qızğın döyüşlər gedirdi. Elə onun son döyüşü də burada oldu. Yağı düşmən çoxdan idi ki, onu nəzarətə almışdı. Döyüş zamanı Aslan Atakişiyev əsl mənada qəhrəmanlıq göstərib həlak olub.
Azərbaycan Respubliksası Prezidentinin 7 dekabr 1992-ci il tarixli fərmanı ilə Atakişiyev Aslan Qabil oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür. Məzarı Bakı şəhərindəki Şəhidlər Xiyabanındadır. İki qızı, bir oğlu yadigar qalıb. Qubadlı rayonu Muradxanlı kənd tam orta məktəbi Aslan Atakişiyevin adını daşıyır.
Milli Qəhrəmanın oğlu Elvin Atakişiyev atası haqqında: “Atam şəhid olanda mənim beş yaşım olub. Bacılarım məndən böyük idi. Və o dövr bizim üçün çox ağır keçdi. Anam da, nənəm də atamın yoxluğu ilə barışa bilmirdilər. Ata evin dayağıdır. O rəhmətə gedəndən sonra anam mənimlə nəfəs alırdı. Bir tək oğul övladı olaraq ona hər zaman mənəvi dəstək olmağa çalışırdım. Atam mənim xatirəmdə, bütün düşüncələrimdə mərd və vətənpərvər bir insan kimi qalıb. İstər-istəməz bu xatirələri hər gün hansısa hadisə ilə bağlı xatırlayıram. Amma yaşım az olduğuna görə atamla bağlı çox şeyi demək olar ki, yada sala bilmirəm. Yadımda qalan ən maraqlı hadisə odur ki, uşaq vaxtı evdən qaçıb batalyonun əsgərlərinə baxa bilmək üçün tez-tez gözdən itirdim. Hərbi maşınların həyətimizə gəlməsi uşaq olsam belə, yadımdan çıxmır. Atamla eyni döyüş bölgəsində olanların çoxu bizim qohumlar idi. Onlar atamla bağlı xatirələri hər zaman bizimlə bölüşürlər. Dostluq münasibətlərimizi hər zaman saxlayırıq. Çünki onlardan hərbiyə aid öyrənəcəyim çox şey olduğunu düşünürəm. Həm də atamın göstərdiyi qəhrəmanlıqları danışanda qürur və şərəf hissi duyuram. Mən atamla fəxr edirəm. Atam 39 yaşında şəhid olub. Amma bu zirvəyə yüksəlmək hər insana nəsib olmur”.
Bu gün Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında 44 gün ərzində azad edilən torpaqlarımızda üçrəngli bayrağımız dalğalanır. İllərlə həsrətində yaşadığımız, Aslan Atakişiyevin həlak olduğu torpaq öz sahibinə qovuşub. Vaxtilə baş vermiş faciələrdə tökülən qanlar əbəs yerə axmayıb. Azərbaycan xalqı və dövləti düşmən üzərində parlaq, inamlı Qələbə qazanmaqla öz gücünü dünyaya nümayiş etdirdi. Bu möhtəşəm Qələbə xalqımız tərəfindən böyük qürur, sevinc və ruh yüksəkliyi ilə qarşılandı. Azərbaycan xalqı öz Liderinin - Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşməklə mətinliyini, mübarizliyini göstərdi. Bu gün artıq şəhidlərimizin ruhu şaddır.
Müşfiq MİRZƏ
Respublika.-
2022.- 16 avqust.- S.5.