Amin Novruzov
Vətən müharibəsində qazanılan şanlı qələbə Azərbaycan xalqının birliyini, mübarizliyini, qəhrəmanlığını bir daha bütün dünyaya nümayiş etdirdi. Bu qələbə, ilk növbədə, qəhrəman əsgər və zabitlərimizin böyük rəşadətinin təntənəsidir. 44 gün davam edən döyüşlər və qazanılan möhtəşəm qələbə Prezident İlham Əliyevin yenilməz qətiyyətinin, Ali Baş Komandan kimi ordumuzun qüdrətinin və xalqımızın milli birliyinin təntənəsi oldu.
Torpaqların azadlığı uğrundakı bu savaş milli həmrəyliyimizin rəmzinə çevrildi, tariximizə qürur mənbəyimiz kimi həkk olundu. Möhtəşəm zəfər tariximizi, dövlətçilik irsimizi daha da şərəfləndirdi. Bu qələbə ölkəmizin qüdrətini, haqq uğrunda mübarizə aparmaq əzmini, milli kimliyimizi, birliyimizi, gücümüzü və əzmimizi bütün dünyaya nümayiş etdirdi. Bu savaşın nəticəsində dünya bizi qalib xalq kimi tanıdı.
Müharibə itkisiz olmur, həm də torpaq uğrunda ölən varsa, vətəndir. 44 günlük Vətən müharibəsində oğullarımız ölümün gözünə dik baxdılar, şəhadət zirvəsinə ucaldılar. İşğaldan azad olunmuş vətən torpaqlarımız şəhidlərimizin qanı ilə daha da müqəddəsləşdi. Vətənimizin bütövlüyü uğrunda fədakarlıqla döyüşmüş, uca şəhidlik məqamına qovuşmuş qəhrəmanlarımızın xatirəsi hər zaman ehtiramla yad edilir. Onların qəhrəmanlığı gələcək nəsillər tərəfindən Vətənə sevginin və sədaqətin ən ali təzahürü olaraq daima uca tutulur. Şanlı qələbəni bizə yaşadanlardan biri -Vətən Müharibəsi Qəhrəmanı, Sərhəd Qoşunlarının kiçik giziri şəhid Amin Taciddin oğlu Novruzov 16 avqust 1996-ci ildə Balakən rayonunun Qullar kəndində anadan olub. 2002-ci ildə Cərətli kəndində Mikayıl Müşfiq adına orta məktəbdə 1-ci sinfə getmiş, 2008-2013-cü illərdə isə Texniki-Təmayüllü Liseydə təhsilini davam etdirmişdir. 2012-2014-cü illərdə müddətli həqiqi hərbi xidmətdə olmuşdur. 2017-ci il fevralın 17-si tarixindən Dövlət Sərhəd Xidməti sıralarına müddətdən artıq həqiqi hərbi xidmətə qəbul olunan Amin 5 aylıq hazırlıq kursunu müvəffəqiyyətlə tamamladıqdan sonra Çevik Hərəkət Qüvvələrinin Çevik Hərəkət Briqadasında tuşlayıcı-operator vəzifəsində xidmətə başlamışdır. Amin xidmət etdiyi müddətdə intizamlı olmuş, verilmiş tapşırıqları dəqiq və vaxtında yerinə yetirmiş, keçirilən taktiki təlimlərdə yüksək nəticələr əldə etmiş, hərbi hissənin ən yaxşı tuşlayıcı-operatorlarından biri olmuşdur.
Müharibənin ilk günlərindən döyüşə qatılan Amin Füzuli, Cəbrayıl və Hadrut istiqamətində gedən döyüşlərdə xüsusi fədakarlıq göstərmişdir. 16 oktyabr 2020-ci il tarixdən Cəbrayıl-Zəngilan istiqamətində İran İslam Respublikası ilə dövlət sərhədinin azad edilməsində, Zəngilan rayonu ərazisində Ermənistanla sərhəddə yerləşən strateji əhəmiyyətli yüksəkliklərin düşməndən təmizlənməsi uğrunda döyüşlərdə qəhrəmanlıq və şücaət göstərmişdir. Noyabrın 1-də adsız yüksəkliyin azad olunmasında Amin şəxsi igidlik nümunəsi göstərmişdir. Həmin gün yüksəkliyin geri alınması məqsədilə düşmənin əks-hücumunun qarşısını alarkən ağır güllə yarası alan Amin “...düşünməyin ki, mən ölümdən qorxuram, yox, əgər sağ qalsam yenidən bu Vətən üçün döyüşməyə gələcəm, yox əgər şəhid olsam Vətən sağ olsun” deyərək gözlərini əbədi yumaraq şəhidlik zirvəsinə yüksəlir. 3 noyabr 2020-ci il tarixdə Balakən rayonu Şəhidlər Xiyabanında dəfn edilir.
Kiçik gizir Novruzov Amin Taciddin oğluna döyüş əməliyyatlarında göstərdiyi şəxsi qəhrəmanlığa görə ölümündən sonra Prezident İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Vətən Müharibəsi Qəhrəmanı” adı verilmişdir. Həmçinin “Vətən uğrunda” və “Zəngilanın azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş Vətən müharibəsi qəhrəmanlarının və Azərbaycanın Milli Qəhrəmanlarının adlarının əbədiləşdirilməsini təmin etmək məqsədilə Balakən şəhəri Humanitar və texniki təmayüllü liseyə Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” Amin Taciddin oğlu Novruzovun adı verilmişdir.
M.MİRZƏ
Respublika.- 2022.- 16 avqust.- S.5.