İntiqam Əsgərli
30 il həsrətində olduğumuz torpaqlarımızın mənfur düşməndən azad edilməsində Azərbaycanın minlərlə vətənpərvər oğulları canlarından keçərək qəhrəmanlıq, şücaət göstərərək adlarını Azərbaycan tarixinə yazdırdılar. Belə qəhrəmanlardan biridir İntiqam Əsgərli.
İntiqam Bayram oğlu Əsgərli 16 avqust 1990-cı ildə Masallı rayonunun Viləş kəndində anadan olmuşdur. 1997-2008-ci illərdə S.Hacıyev adına Viləş kənd tam orta məktəbində təhsil almışdır. Orta təhsilini başa vurduqdan sonra həqiqi hərbi xidmətə çağırılmışdır. 2011-ci ildə Quru Qoşunlarının "Gizirlik" kursunu bitirmiş, 2014-cü il Xüsusi Təyinatlı Qüvvələrin giziri kimi işə başlamışdır. 2015-ci il Türkiyədə kəşfiyyat kursunu bitirmiş və bu sahənin incəliklərini öyrənmişdir.
İntiqam Əsgərli 2016-ci ilin Aprel döyüşlərində də iştirak edib. Tarixə Aprel döyüşləri olaraq yazılan hərbi əməliyyatlar zamanı İntiqam Əsgərli Xüsusi Təyinatlı Qüvvələrin giziri idi və Talış kəndi istiqamətində döyüşürdü. Gecə döyüşləri zamanı Tərtər rayonunun Talış kəndi istiqamətində olan əlverişli mövqelər, strateji nöqtələr, o cümlədən Talış yüksəkliyi Azərbaycan Ordusu tərəfindən işğaldan azad olunmuşdur. İntiqam Əsgərli özü ilə eyni rütbədə olan qardaşı, gizir Nurlan Əsgərli ilə birlikdə döyüşürdü. Qardaşı ilə birgə döyüş meydanından şəhidlərimizin, həmçinin, polkovnik Vüqar Yusifovun və polkovnik-leytenant Raquf Orucovun nəşini çıxarmışdır. 4 aprel 2016-cı ildə Talış kəndi istiqamətində döyüş tapşırığını yerinə yetirərkən qardaşı Nurlan Əsgərli şəhid olmuş və İntiqam onun da nəşini özü döyüş meydanından çıxarmışdır. Sağlığında İntiqam Əsgərli həmin hadisələri belə xatırlayırdı: “Komandirimiz Raquf Orucovu şəhid gördüyümüzdən çox sarsılmışdıq. Müəyyən bir məsafəyə qədər aparıb, arxada bizi gözləyən əsgərlərə təhvil verdik. Sonra Vüqar Yusifovu çıxarmağa getdik. Elə bu vaxt bizim tərəfə mərmi düşdü. Ətrafı torpağın toz-dumanı bürüdü. Növbəti dəfə atılan mərmi qardaşım Nurlanı yerə yıxdı. Dərhal onun yıxıldığı istiqamətə qaçdım. Ağır yaralanmışdı. Mən Nurlana yetişəndə artıq o şəhid olmuşdu”.
Qəhrəman şəhidlərimizin anası Ziba Əsgərlinin dediklərindən: “Oğlum döyüşə gedəndə məndən halallıq aldı. Aprel döyüşlərində hər iki oğlum iştirak edib. Döyüşə iki qardaş eyni hərbi hissədən qatıldı. Onlar çiyin-çiyinə düşmənlə mübarizə apardılar. Amma sonra biri şəhid, biri şahid oldu. İntiqam o gündən sonra düşməndən qisas almağı qarşısına məqsəd qoymuşdu. Düşməndən qardaşının qisasını alacağı zamanı gözləyirdi. Və arzusuna çatdı, qardaşının qisasını aldı. Ana, əgər qısa ömrüm varsa və kənarda öləcəmsə, heç vaxt rahatlıq tapmaram. Mən şəhid olsam rahatlayaram dedi və cəbhəyə yola düşdü”.
İntiqam Əsgərli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində də böyük fədakarlıq göstərmişdir. Şuşa istiqamətində gedən şiddətli döyüşlərdə qəhrəmancasına 2020-ci ilin noyabr ayının 9-da şəhid olub. Masallı rayon Viləş kənd məzarlığında dəfn edilib.
Nur adlı qızı və bir neçə aydan sonra dünyaya gələn İntiqam adlı oğlu Vətənə əmanətdir. Vətən müharibəsi qəhrəmanının 2 övladı atalarının qəhrəmanlığı ilə hər zaman qürur duyacaqlar. Bu məsum körpələr böyüdükcə necə bir qəhrəman atanın övladları olduqları ilə daim fəxr edəcəklər.
Azərbaycan Silahlı Qüvvələrinin giziri, Vətən Müharibəsi Qəhrəmanı, şəhid İntiqam Bayram oğlu Əsgərliyə məxsus əşyalar Milli Azərbaycan Tarixi Muzeyinin Vətən müharibəsi fondunda mühafizə olunur.
Azərbaycan Prezidenti İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən İntiqam Əsgərliyə ölümündən sonra "Vətən Müharibəsi Qəhrəmanı" adı verilmişdir. Həmçinin "Vətən uğrunda”, "Şuşanın azad olunmasına görə", "Cəsur döyüşçü" ,"Xocavəndin azad olunmasına görə" və "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif edilmişdir.
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş Vətən müharibəsi qəhrəmanlarının və Azərbaycanın Milli qəhrəmanlarının adlarının əbədiləşdirilməsini təmin etmək məqsədilə Masallı şəhəri 3 nömrəli tam orta məktəbə Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanı İntiqam Bayram oğlu Əsgərlinin adı verilmişdir.
İntiqamın ən böyük arzusu işğal altında olan torpaqlarımızı azad etmək və şəhid qardaşının qisasını düşməndən almaq idi. O, bu amal uğrunda qəhrəmancasına vuruşaraq arzusuna çatdı...
M.Cəfərov
Respublika.- 2022.- 16 avqust.- S.5.