Ölkənin kənd təsərrüfatı və turizm potensialından səmərəli istifadə Qarabağın reinteqrasiya prosesini sürətləndirəcək

 

Prezident İlham Əliyevin sədrliyi ilə bu ilin altı ayının yekunlarına həsr olunan müşavirədə təhlil edilən və qarşıya qoyulan vəzifələrdən biri də bu idi

 

Azərbaycan ən qədim əkinçilik və heyvandarlıq mədəniyyətinə malik ölkələrdəndir. Arxeoloji qazıntılar sübut edir ki, ölkəmiz taxılçılığın, üzümçülüyün, meyvəçiliyin və heyvandarlığın ən qədim mərkəzlərindən biri olmuşdur. Amma zəngin florafaunaya malik olan ölkədə kənd təsərrüfatının əsl inkişaf dövrü məhz ümummilli lider Heydər Əliyevin respublikamıza rəhbərliyinin birinci mərhələsinə təsadüf edir.

Ümummilli liderin məqsədyönlü, qətiyyətli, gərgin əməyi, yaradıcı fəaliyyəti nəticəsində ötən əsrin 70-ci illərinin əvvəllərində kənd təsərrüfatında uzun illər davam edən tənəzzülə son qoyuldu. 1982-ci ildə 1969-cu ilə nisbətən taxıl istehsalı 2,1, bostan məhsulları və pambıq 1,9, tütün 2,3, kartof 1,6, tərəvəz 2,5, meyvə və giləmeyvə 6,6, üzüm 7,7, çay 2,8 dəfə artdı. Ümummilli liderin respublikamızda rəhbərliyinin ikinci dönəmində də bu göstəricilər müsbət dinamika ilə inkişaf etdirildi. Ən əsas isə respublikamızda torpaq islahatları uğurla həyata keçirildi. MDB məkanında ilk dəfə olaraq torpaq öz sahibinə - kəndliyə verildi.

Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə iqtisadi siyasət uğurla davaminkişaf etdirilir. Ötən il kənd təsərrüfatı sahəsində ümumi məhsulun faktiki qiymətlərlə dəyəri 9,2 milyard manat olmuşdur ki, bunun da 4,7 milyard manatını heyvandarlıq, 4,5 milyard manatını isə bitkiçilik məhsulları təşkil etmişdir.

Kənd təsərrüfatı məhsulu istehsalçılarına subsidiyaların ayrılması, onlara texnikaların güzəştli şərtlərlə satışı və ya lizinqə verilməsi, məhsulların alış qiymətlərinin şirkətlər tərəfindən hər il artırılmasına dövlət dəstəyi, fermerlərin elit toxumlara, gübrə və yanacağa olan ehtiyaclarının dövlət tərəfindən ödənilməsi aqrar bölmənin dinamik inkişafını təmin etmişdir. İndi Azərbaycan özünü nəinki kənd təsərrüfatı məhsulları ilə etibarlı, davamlı şəkildə təchiz edir, hətta bəzi məhsulları xarici dövlətlərə ixrac edir.

Məsələn, Dövlət Statistika Komitəsi bildirir ki, 2020-ci ilin 11 ayı ilə müqayisədə ötən ilin eyni dövründə təzə meyvə ixracı 17,6 faiz, kartof 12,9 faiz, şəkər 7,1 faiz, meyvə və tərəvəz şirələri 4,4 faiz, onların konservləri isə 20,2 faiz artıb. Həmin dövrdə üzüm şərabları 8,6 faiz, pambıq lifi 38,5 faiz, " qızıl"ın ipliyi ixracı isə 2,3 dəfə çoxalıb. Göründüyü kimi, kənd təsərrüfatı məhsullarının ölkələrə ixracı ildən-ilə artmaqdadır.

Amma bu ilin əvvəlindən etibarən dünyada siyasi və hərbi vəziyyət dəyişib, Rusiya-Ukrayna müharibəsi nəticəsində cəmi bir neçə ayın içində isə durum kəskinləşib. Dünyada ərzaq çatışmazlığı, bahalıq tüğyan edir. Təbii ki, bu mənfi proseslər, tendensiyalar respublikamızın iqtisadiyyatına təsir etməyə, ölkəmizdən yan keçə bilməz.

Azərbaycan dövləti dünyada baş verən siyasi və hərbi prosesləri diqqətlə izləyir və ölkə iqtisadiyyatını inflyasiyadan qorumaq, əhalini gündəlik ərzaq məhsulları ilə təmin etmək üçün lazımi, önləyici tədbirlər görür. Hələ bu il aprelin 12-də Prezident İlham Əliyevin sədrliyi ilə ilin birinci rübünün yekunlarına həsr edilən müşavirədə dövlət başçısı dünyada ərzaq məhsullarının bahalaşdığı anonsunu vermişdi.

Bu il iyulun 15-də isə Prezident İlham Əliyevin sədrliyi ilə ilin altı ayının yekunlarına həsr edilən müşavirədə bu məsələ daha ətraflı təhlil olunaraq qarşıda görülən işlər, vəzifələr müəyyənləşdirildi. "Bu il bu problemlə nəinki biz, artıq bütün dünya üzləşib. İndi informasiya kanallarında, mətbuatda taxıl qıtlığı ilə bağlı geniş məlumat yayılır", - deyə dövlət başçısı dünyada baş verən taxıl qıtlığından söhbət açıb.

Daha sonra dövlət başçısı bildirib ki, təəssüf ki, taxılın idxalından asılı olan ölkəyik. Bu asılılığı aradan qaldırmaq üçün proqram hazırlanıb. Həm azad olunmuş torpaqlarda, həm də ölkəmizin digər yerlərində vaxt itirmədən, tezliklə taxıl istehsalını artırmalıyıq və artıracağıq.

Yeri gəlmişkən qeyd edək ki, ilin altı ayının yekunlarına həsr edilən müşavirədən cəmi bir neçə gün sonra dövlət başçısı "Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında" Fərman imzaladı. Fərmanda ölkədə buğda istehsalının artırılması yolları müəyyənləşdirilib və artıq Nazirlər Kabineti əlaqədar qurumlarla birlikdə Fərmandan irəli gələn vəzifələrin icrasına başlayıb.

İlin birinci yarısının yekunlarına həsr edilən müşavirədə müzakirə olunan əsas mövzulardan biriturizm, xüsusilə işğaldan azad edilən bölgələrin turizm potensialı və onlardan səmərəli istifadə məsələsi olmuşdur. Azad edilmiş bölgənin turizm potensialından danışan Prezident İlham Əliyev Şuşa şəhərində dövlət vəsaiti hesabına yaşayış komplekslərinin tikintisinə başlanıldığını diqqətə çatdırıb və qeyd edib ki, burada beşulduzlu otel inşa edilir və gələn il hazır olacaq. Ondan sonra tarixi obyektlərin təmirinə də başanılacaq.

İşğaldan azad edilən bölgələrdə sürətli texniki-quruculuq, yaşıllaşdırma işləri və Qarabağın reinteqrasiya məsələsi də müşavirənin gündəliyində əsas mövzulardan olub. "Biz Qarabağı, Zəngəzuru yenidən qururuq, yenidən qurmalıyıq. Buna nə qədər vəsait lazımdısa, hamısını öz hesabımıza edirik. 1 il 8 ay ərzində hələ bir dənə də kömək görməmişik. Heç yerdən heç kim bizə bir manat yardım etməyib. Şəhərləri, kəndləri qururuq, binalar tikirik və hələ nə qədər edəcəyik. Bununla paralel sosial məsələləri də həll edirik və edəcəyik, buna heç kimin şübhəsi olmasın".

Göründüyü kimi, ölkənin, o cümlədən işğaldan azad edilən bölgələrin kənd təsərrüfatı, turizm potensialı olduqca böyükdür və qarşıdakı dönəmdə onlardan səmərəli istifadə Qarabağın reinteqrasiyasında mühüm rol oynayacaq.

 

N.ƏHMƏDOĞLU

 

Respublika.- 2022.- 16 avqust.- S. 7.