Ərzaq təhlükəsizliyinin təmin edilməsində önəmli amil yerli istehsalı artırmaqdır

 

"Əlbəttə ki, Qarabağ və Şərqi Zəngəzurla bağlı işlər arasında ərzaq təhlükəsizliyi məsələləri də vacib məsələlərdəndir. Bu il bu problemlə nəinki biz, artıq bütün dünya üzləşib. İndi informasiya kanallarında, mətbuatda taxıl qıtlığı ilə bağlı geniş məlumat yayılır. Əfsuslar olsun ki, biz də taxılın idxalından böyük dərəcədə asılı olan ölkəyik. Bu asılılığı aradan qaldırmaq üçün indi proqram hazırlanıb. Həm azad edilmiş torpaqlarda, həm də ölkəmizin digər yerlərində biz vaxt itirmədən, tezliklə taxıl istehsalını artırmalıyıq və artıracağıq. Mənə verilən son məlumata görə, bu il heç vaxt istifadə olunmayan təqribən 100 min hektarda taxıl, yəni, buğda, arpa, dənli bitkilər əkiləcək. Bu da bizim ərzaq təhlükəsizliyimizi gücləndirəcəkdir". Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev iyulun 15-də ilin altı ayının yekunlarına həsr olunan müşavirədə bildirib.

Ərzaq təhlükəsizlyinin əsas elementi ölkənin milli ərzaq sisteminin iqtisadi baxımından müstəqilliyidir. Strateji məhsullar arasında mühüm yeri tutan taxılın istehsalında bu gün mühüm addımlar atılır. İlk növbədə məhsuldarlığın artmasına xidmət edən iri taxılçılıq təsərrüfatları yaradılır. Təbii ki, bütün bunlar həm ölkəmizin özünütəminatına, həm də xaricdən idxala yönələn maliyyə sərfinin azalmasına ciddi təsirini göstərir. Bu sahədə atılan addımlar bir daha təsdiq edir ki, dövlətin əsas siyasəti idxaldan asılılığı azaltmaq, ixrac potensialına münbit şərait yaratmağa yönəlib.

Böyük zəfərlə bitmiş 44 günlük Vətən müharibəsinin nəticəsində torpaqlarımızın azad edilməsi kənd təsərrüfatının inkişafına öz müsbət təsirini göstərəcək. Belə ki, ölkənin əkin dövriyyəsi artacaq, strateji əhəmiyyətli su anbarlarının yerləşdiyi ərazilərdə yüz minlərlə hektar sahənin suvarılması təmin ediləcək. Azad edilmiş torpaqlarda üzümçülük, taxılçılıq, pambıqçılıq və heyvandarlığın inkişafı üçün çox böyük potensial vardır ki, bundan düzgün istifadə etməklə, eyni zamanda, aqrar emal sənayesini genişləndirməklə kənd təsərrüfatının davamlı inkişafı təmin olunacaqdır.

Qarabağ Azərbaycanın təbii sərvətləri ilə zəngin, həmçinin kənd təsərrüfatı üçün ən münbit torpağı və bol suyu olan ərazidir. Yeni azad edilmiş bu ərazilər təbiət və iqlim qurşağının müxtəlifliyinə görə həm daxili istehlak, həm də ixrac üçün böyük kənd təsərrüfatı istehsalı ehtiyatına malikdir. Sözsüz ki, gözəl təbiəti, yeraltı və yerüstü resursları olan Qarabağ torpaqlarının iqtisadiyyatımıza böyük dividendlər gətirəcəyi şübhəsizdir. Aparılan genişmiqyaslı quruculuq işləri həyata keçiriləndən, insanlar o torpaqlara qayıtdıqdan, torpaqların əkilib-becərilməsindən, sosial-iqtisadi infrastrukturun yaradılmasından sonra həmin bölgələr inkişafımıza böyük təkan verəcək.

Respublikamızın müstəqil dövlət kimi davamlı inkişaf göstəricisinin əsas amillərindən biri olan əhalinin ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi istiqamətində Prezident İlham Əliyevin rəhbərliyi ilə son dərəcə mühüm işlər görülmüşdür. Azərbaycan iqtisadiyyatının strateji sektoru olan kənd təsərrüfatı ölkəmizin sosial-iqtisadi problemlərinin həllində, xüsusən də regionlarda yaşayan insanların məşğulluğunun təmin olunmasında müstəsna rol oynamaqdadır. İqtisadiyyatın formalaşmasında qeyri-neft sektorunun vacibliyi nəzərə alınaraq kənd təsərrüfatının inkişafı ilə bağlı yeni təşəbbüslər qəbul edilən Dövlət proqramlarında da öz əksini tapmışdır. Bu proqramlarda sənaye müəssisələri və texnoparklarla yanaşı, bölgələrdə aqroparkların yaradılması aktual xarakter almışdır. Hazırda respublikamızda kənd təsərrüfatının əməktutumlu sahələrinin inkişaf etdirilməsi qısa müddətdə bu sektorda daha çox insana imkanı vermişdir. Qeyd edək ki, aparılan islahatların çoxşaxəliliyi nəticəsində aqroparklarla eyni zamanda, kiçik fermer təsərrüfatlarının inkişaf etdirilməsi həyata keçirilir. Yeni müəssisələrin açılması nəticəsində insanların işlə təminatı, ilk növbədə bölgələrdə yaşayan əhalinin sosial rifah halının yaxşılaşdırılmasına təsir göstərir.

Dünyada əhalinin sürətlə artdığı, təbii ehtiyatların isə tükəndiyi bir şəraitdə ərzaq təhlükəsizliyi məsələsi daha kəskin şəkildə özünü büruzə verməkdədir. Bu problemin həlli, ilk növbədə yoxsulluğun azaldılması, ərzaq təminatının və ərzaq məhsullarından istifadənin səmərəsinin artırılması ilə bağlıdır. Hazırda ölkəmizdə makroiqtisadi sabitliyin qorunub saxlanması, enerjiekoloji təhlükəsizliyin təmin olunması, iqtisadiyyatın diversifikasiyası, kənd təsərrüfatının inkişafı strategiyası uğurla həyata keçirilməkdədir.

Mübaliğəsiz demək olar ki, möhkəm təməl üzərində qurulmuş respublikamızın kənd təsərrüfatı ölkə Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı ilə əhatə olunaraq əhalinin ərzaq təhlükəsizliyinin daxili istehsal hesabına ödənilməsi istiqamətində inkişaf edir. Odur ki, etibarlı ərzaq təminatı hər bir ölkənin iqtisadi sabitliyininsosial dayanıqlılığının başlıca şərtidir.

Kənd təsərrüfatında sağlam mühitin formalaşdırılması, ərzaq təhlükəsizliyinin təmin olunması iqtisadi strategiyanın əsas hədəflərindən biri hesab olunur. Dövlət başçısının həyata keçirdiyi siyasət nəticəsində aqrar sahədə istehsal imkanlarının daha da artırılması üçün önəmli addımlar atılır. Bunun nəticəsidir ki, ölkəmiz kənd təsərrüfatı sahəsində böyük uğurlar qazanıb. Artıq bəzi kənd təsərrüfatı məhsullarımızın xarici ölkələrə ixrac edilməsi də bu uğurların əyani göstəricisidir.

Bu gün uğurlu sosial-iqtisadi siyasətin nəticəsi olaraq kənd təsərrüfatının inkişafının sürətləndirilməsi istiqamətində də genişmiqyaslı işlər həyata keçirilirreallaşmaqda olan layihələr onu deməyə əsas verir ki, yaxın gələcəkdə respublikamız həm də bu sahədə regionun əsas ixracatçı ölkəsinə çevriləcək. Odur ki, bu sahənin inkişaf etdirilməsinə dövlət tərəfindən göstərilən diqqət və qayğı ildən-ilə artır. Şübhəsiz ki, əldə olunan uğurların əsasında ardıcıl və düşünülmüş siyasət, cəsarətli və fədakar fəaliyyət dayanır.

 

M.MİRZƏ

 

Respublika.- 2022.- 17 avqust.- S. 6.