Səsi
dünyanı dolaşan sənət ulduzu
17 avqust Azərbaycanın
dünyaşöhrətli opera və estrada müğənnisi
Müslüm Maqomayevin doğum günüdür
Onun özünəməxsus və bənzərsiz, gur və aydın, bariton səsi musiqini anlayan hər kəsin qəlbində əvəzolunmaz, gözəl duyğularla dolu hisslər yaşadır. Opera və estrada ulduzu, bəstəkar, SSRİ Xalq artisti, 1960-80-ci illərdə öz yaradıcılığı ilə milyonlara sevinc bəxş edən Müslüm Maqomayevin konsertlərində tamaşaçılar çoxminlik stadionları doldurur, müğənninin mahnıları, musiqi diskləri milyonlarla tirajla buraxılırdı. Onun repertuarı ariyalar, romanslar, estrada mahnıları da daxil olmaqla 600-dən çox musiqi əsərini əhatə edirdi.
Müslüm Maqomayev 17 avqust 1942-ci ildə Bakıda anadan olmuşdur. Azərbaycanın milli klassik musiqisinin banilərindən biri olan Müslüm Maqomayevin adını daşıyan gənc Müslüm məşhur babasının yolunu davam etdirərək musiqi tariximizə onun kimi əvəzsiz töhfələr vermişdir. Müslümün atası Məhəmməd Maqomayev teatr rəssamı olsa da, yaxşı pianino çalır və oxuyurdu. Anası Ayşət Maqomayeva isə dram aktrisası idi. Səhnədəki adı Kinjalova olan Ayşət xanımın gözəl səsi və yaxşı akkordeon çalmaq bacarığı olmuşdur.
Müharibədən sonra anasının yaradıcılıq fəaliyyəti ilə əlaqədar olaraq Vuşniy Valoçyok şəhərinə köçən Müslüm burada bir il uşaq musiqi məktəbində oxuyur. Amma sonradan anası onu daha yaxşı təhsil almaq üçün Bakıya, əmisinin yanına göndərir. Burada Müslüm Bakı konservatoriyasının nəzdindəki musiqi məktəbində təhsil almağa başlayır. O, bütün həyatını musiqi ilə bağlayaraq saatlarla köhnə disklərə qulaq asır və Enriko Karuzonu, Mattia Battistinini, Titta Ruffonu dinləməkdən doymurdu. Onun klassik musiqiyə olan sonsuz marağı, hədsiz həvəsi və öz üzərində daima çalışması nəticəsiz qalmır.
Bakı Musiqi Məktəbində Müslüm vokal sənəti ilə ciddi məşğul olur. Konsertmeyster Tamara Kretingen ona bəstəkarların əsərlərini, romansları verir və Filarmoniyanın səhnəsində vokal şöbəsinin axşamlarında iştirak etməyə başlayırlar. 1968-ci ildə isə Müslüm Maqomayev Azərbaycan Dövlət Konservatoriyasını bitirir.
1961-ci ildə Müslüm Maqomayev Bakı Hərbi Dairəsinin Mahnı və Rəqs Ansamblında peşəkar fəaliyyətə başlayır. Fitri istedadı, öz üzərində daima çalışması tezliklə öz bəhrəsini verir. Müslüm bir il sonra tələbələrin və gənclərin Helsinkidə keçirilən VIII Ümumdünya festivalında ifası ilə böyük uğur qazanır. "Oqonyok" jurnalında onun haqqında "Bakılı gənc dünyanı fəth edir" başlığı altında məqalə dərc edilir. Elə həmin il Kremlin Qurultaylar Sarayında Azərbaycan incəsənəti festivalında çıxış edən vokal ustası böyük şöhrət qazanır.
1963-cü ildə P.İ.Çaykovski adına konsert zalında Maqomayevin ilk solo konserti baş tutur. Müslüm Bakıda çoxdan arzusunda olduğu M.F.Axundov adına Azərbaycan Opera və Balet Teatrının solisti olur. 1964-cü ildə o, İtaliyada Milandakı La Şkala Teatrında 2 illik təcrübə keçir. 1966-cı ildə Müslüm Maqomayev məşhur Olimpiya Teatrının səhnəsində çıxış edir. Kannda Beynəlxalq Səsyazma və Musiqi Nəşrləri Festivalında müğənninin diskləri milyonlarla tirajla satılır. M.Maqomayev 31 yaşında SSRİ Xalq artisti adına layiq görülür. Belə gənc yaşında bu fəxri adı qazanması isə dövlətin onun fitri istedadına verdiyi böyük dəyərin bariz nümunəsi idi.
Müslüm Maqomayev bəstəkar kimi də uğur qazanmışdır. O, Eldar Quliyevin filmlərinə mahnılar bəstələmiş, "İqor polku haqqında dastan" əsərinin motivləri əsasında hazırlanmış "Yaroslavna" tamaşasının musiqisini yazmışdır. Və böyük uğur qazanan həmin tamaşada Knyaz İqor rolunu da özü ifa etmişdir. Bundan sonra o, Böyük Teatrda tez-tez çıxış etmiş və Tamara Sinyavskaya ilə tərəf müqabili olmağa daha çox üstünlük vermişdi. 1975-ci ildən Müslüm Maqomayev 14 il yeni yaradılan estrada-simfonik orkestrinə rəhbərlik etmişdir. Bu illər ərzində o, SSRİ və bir çox xarici ölkələrdə qastrollarda olaraq möhtəşəm konsertlər verir, hər yerdə sevgi və alqışlarla qarşılanırdı. Onun ifa etdiyi bir çox mahnılar 60-70-ci illərin ən məşhur hitlərinə çevrilir.
Müslüm Maqomayev vətəndən uzaqda yaşasa da, ürəyi hər zaman vətən sevgisi ilə döyünmüşdür. Onun vətəninə olan sonsuz sevgisini "Azərbaycan" mahnısında hiss etməmək mümkün deyil. Hər zaman sənət adamlarına dəstək olan, onlara layiqli qiymət verən ulu öndər Müslüm Maqomayevə xüsusi rəğbət göstərirdi.
2007-ci ildə M.Maqomayevin Sergey Yeseninin sözlərinə yazdığı "Əlvida Bakı" mahnısı onun sonuncu əsəri olmuşdu. O, 2008-ci il oktyabrın 25-də 66 yaşında vəfat etmişdir. Müğənni ilə vida oktyabrın 28-də Moskvada P.İ.Çaykovski adına konsert zalında olmuş və elə həmin gün müğənninin cənazəsi Azərbaycana - doğma vətəninə gətirilmişdi. Bakıda Azərbaycan Dövlət Filarmoniyasında müğənni ilə vida mərasimi "Azərbaycan" mahnısının sədaları altında keçirilmişdir. O, Fəxri Xiyabanda, babası Müslüm Maqomayevin məzarı yanında dəfn edilmişdir. Dəfn mərasimində ölkə Prezidenti İlham Əliyev iştirak etmişdir.
2009-cu il oktyabrın 22-də Bakıda, Fəxri Xiyabanda müğənninin Azərbaycanın Xalq rəssamı olan Ömər Eldarov tərəfindən hazırlanan abidəsinin açılışı olmuşdur. Müğənninin yaşadığı evə xatirə lövhəsi vurulmuşdur. 2014-cü il dekabrın 18-də Bakıda Müslüm Maqomayev adına gəminin istismara verilməsi mərasimində Azərbaycan Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və Tamara Sinyavskaya da iştirak etmişlər.
Dövlətimiz və xalqımız hər zaman dünyaşöhrətli müğənni Müslüm Maqomayevin xatirəsini əziz tutur.
Mehparə
ƏLİYEVA
Respublika.- 2022.- 17 avqust.- S. 7.