Kənd təsərrüfatının inkişafı ərzaq təhlükəsizliyinə təminat yaradır

 

Bu gün ölkələrin milli ərzaq sisteminin iqtisadi baxımdan müstəqilliyi, etibarlılığı, dayanıqlılığı və milli ərzaq istehsalının genişləndirilməsi vacib məsələlərdəndir. Hər bir dövlət öz ərzaq təhlükəsizliyini təmin etmək üçün ciddi tədbirlər görür, düşünülmüş siyasət yürüdür ki, vətəndaşları sağlam həyat tərzi keçirə və keyfiyyətli, təhlükəsiz qidaya olan ehtiyaclarını ödəyə bilsinlər. Müstəqil siyasət yürüdən Azərbaycan da bu sahədə genişmiqyaslı tədbirlər həyata keçirir. Belə ki, işğaldan azad olunmuş ərazilərimizdə əkinçiliyə yararlı olan torpaqların əkilib-becərilməsi ölkəmizdə ərzaq təhlükəsizliyinin formalaşmasına və kənd təsərrüfatının inkişaf etdirilməsinə daha intensiv şəkildə nail olmağa imkan verəcək.

Qarabağda və Şərqi Zəngəzurda torpaqların əkin dövriyyəsinə cəlb edilməsi ölkəmizin ərzaq təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayacaq. Müharibə bitdikdən dərhal sonra 50 min hektar sahədə əkin işlərinə başlanılması bu istiqamətdə həyata keçirilən vacib işlərdəndir. Lakin mənfur düşmən 30 ilə yaxın bir müddətdə bu torpaqlarda vandallıq etmiş, onu yararsız vəziyyətə salmışdır. Susuz qalmış, əkilməmiş, vaxtında aqrotexniki qulluq göstərilməmiş torpaqlarda məhsuldarlığın yüksək olması isə qeyri-mümkündür. Artıq məhsul yığımı başa çatan torpaqların növbəti illərdə daha çox məhsul verməsi üçün bütün lazımi tədbirlər həyata keçirilir. Bu da gələcəkdə ölkəmizin ərzaqla təminatına və ixrac imkanlarının xeyli dərəcədə artmasına ümid verir.

Hazırda bütün dünyada ərzaq məhsulları bahalaşır, ərzaq qıtlığı sürətlə artır. Taxıl qıtlığı isə böyük problemə çevrilib. Hətta inkişaf etmiş ölkələr belə taxıl ala bilmirlər. Bir tərəfdən dünyada əsas taxıl ixracatçıları olan Rusiya və Qazaxıstanın xaricə satışa limit qoyması, bir tərəfdən iqlim dəyişikliyi - dünyada görünməmiş quraqlıq, müharibələr, ölkələrin iqtisadiyyatına böyük zərər vuran COVID-19 pandemiyası bütün sahələrə olduğu kimi, iqtisadiyyata da mənfi təsirsiz ötüşmür. Əhali sayının sürətlə artması, inkişaf etmiş ölkələrdə yaranmış maliyyə böhranı bu gün dünyada ərzaq qıtlığı və qiymətlərin bahalaşmasına səbəb olub. Bu səbəbdən də dünyada ərzaq təhlükəsizliyi, əsasən də taxıl qıtlığı böyük məsələyə çevrilib.

Ölkəmizdə ərzaq təhlükəsizliyinin təmin olunması hər zaman dövlət siyasətinin prioritetini təşkil etmişdir. Bu istiqamətdə məqsədyönlü tədbirlər həyata keçirən dövlətimiz ölkədə inflyasiyanın aşağı olması, bazar qiymətlərinin stabil dayanması üçün maksimum səy göstərmişdir. Belə ki, Rusiya-Ukrayna müharibəsi başlamazdan əvvəl, Ukraynada işgüzar səfərdə olan ölkə başçımızın Ukrayna Prezidenti Volodimir Zelenski ilə təkbətək görüşü zamanı Azərbaycanın öz ərzaq təhlükəsizliyini daha geniş həcmdə təmin etmək məqsədilə kənd təsərrüfatı, nəqliyyat, energetika, ticarət sahələrinə aid olan ikitərəfli 6 sənəd imzalanmış, ərzaq təhlükəsizliyi ilə bağlı razılaşmalar əldə edilmişdir. Bu razılaşmalar dünya bazarlarında ərzaq qiymətlərində müşahidə edilən artımın ölkəmizin iqtisadiyyatına təsirinin azalmasına və ərzaq təhlükəsizliyinin təmininə əhəmiyyətli dərəcədə müsbət təsir göstərəcəyinə hesablanmışdır. Bu gün məlum Rusiya-Ukrayna müharibəsi qarşıya qoyulan hədəflərin həyata keçirilməsinə imkan vermir. Müharibə nəticəsində bu ölkənin taxıl ixracında problemlər yaranıb. Eyni zamanda, Rusiya və Qazaxıstan da dünya bazarına taxılı limitlə çıxaracaq. Dünyada baş verən tendensiyalar, kataklizmlər, siyasi, iqtisadi, hərbi böhranlar qiymət artımını reallaşdırır. Baş verən iqtisadi proseslər isə dünya iqtisadiyyatına inteqrasiya edərək dünya bazarının bir hissəsinə çevrilən Azərbaycanın iqtisadiyyatına da öz təsirini göstərir. Bütün bunlar taxıl idxal edən ölkə olaraq Azərbaycanda da taxılın, unun qiymətlərində bahalaşmaya səbəb olacaq. İndiyədək hökumət bunun qarşısını dotasiyalar, subsidiyalar hesabına almış, daxili bazarda böyük bahalaşmanın olmaması üçün mühüm tədbirlər görmüşdür. Lakin dünya bazarının bir hissəsini təşkil edən ölkəmizdə sərbəst bazar iqtisadiyyatının tələblərinə uyğun olaraq taxıl məhsullarında, un məmulatlarında qiymət artımı bazarın tələbi, zamanın reallığıdır.

2008-2015-ci illəri əhatə edən Dövlət Proqramı respublikamızın aqrar sektorunun inkişafı və ərzaq təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynamışdır. Bundan əlavə, əhalinin ərzaq məhsulları ilə etibarlı təminatı üçün dövlət büdcəsindən kənd təsərrüfatına ayrılan xərclər də ilbəil artırılır. Görülən tədbirlər ölkə əhalisinin ət, süd məhsulları, bitki yağları, şəkər və digər əsas ərzaq məhsullarına olan tələbatının böyük bir hissəsinin yerli istehsal hesabına ödənilməsinə istiqamətlənib. Belə ki, bu gün Azərbaycan özünü 90 faiz ətlə, 80 faiz quş əti ilə, 85 faiz südsüd məhsulları ilə təmin edir. Buğda ilə təminetmə isə hazırda 62 faiz təşkil edir. Bu göstərici isə sözsüz ki, qənaətbəxş deyil. Bu barədə Prezident İlham Əliyev avqustun 12- də Azərbaycan Televiziyasına verdiyi müsahibəsində ətraflı danışmışdır: "Amma əfsuslar olsun ki, biz özümüzü taxılla hələ uzun illər tam təmin edə bilməyəcəyik. Özümüzü buğda ilə təminetmə əmsalı Azərbaycanda bu ilin əvvəlinə 62 faiz idi. Məhz bu məqsədlə xüsusi proqram işlənib hazırlandı, yeni növ subsidiyaların tətbiq edilməsinə start verildibunun nəticəsində əminəm ki, ərzaqlıq buğdanın Azərbaycanda istehsalı kəskin artacaq. Ancaq bu, vaxt tələb edəcək. Mən hesab edirəm ki, təqribən 3-4 il ərzində biz özümüzü ərzaqlıq buğda ilə 80 faiz səviyyəsində təmin edə bilsək, bu, çox böyük nəticə olacaqdır. Ona görə taxılın qiymətinin dünya bazarlarında qalxması bütün ölkələrə təsir göstərir".

Azərbaycan dövlətinin daxili siyasətinin əsasında vətəndaş rifahının yüksəldilməsi, xalqın güzəranının daha da yaxşılaşdırılması dayanır. Həyata keçirilən bütün islahatlar, strateji hədəflər də məhz buna xidmət edir. Belə ki, qarşıdakı illərdə azad edilmiş ərazilərin daha böyük hissəsinin əkin dövriyyəsinə cəlb edilməsi, eyni zamanda digər bölgələrimizdə kənd təsərrüfatı üçün yararlı olan yeni torpaq sahələrinin taxıl məhsullarının yetişdirilməsi üçün hazırlanması, rayonlarımızın əlverişli iqlim şəraitindən maksimum səmərəli istifadə edilməsi üçün hədəflərin müəyyənləşdirilməsi bunun bariz göstəricisidir. Yaxın gələcəkdə azad olunmuş ərazilərimizə Böyük Qayıdışın tamamilə reallaşdırılması nəticəsində öz doğma torpaqlarına qayıdan vətəndaşlarımız əkin-biçinlə məşğul olacaqlar ki, bu da ölkəmizin ərzaq təhlükləsizliyinin təmin olunmasında mühüm rol oynayacaq.

Bir sözlə, epidemioloji vəziyyət, logistik maneələr, müharibələr istehsal sahələrinə xammalın çatdırılmasında dayanmalars. dünyada ərzaq təhlükəsizliyi sahəsində vəziyyətin o qədər də ürəkaçan olmadığını və belə demək mümkündürsə, bəzi ölkələrdə hətta kritik olduğunu göstərir. Bütün bunların ölkəmizə təsirinin maksimum dərəcədə az olması və ölkənin ərzaq təhlükəsizliyinin təminatı üçün ənənəvi kənd təsərrüfatı sahələrini inkişaf etdirmək, bu sahədə məhsuldarlığı, eyni zamanda yerli istehsalı artırmaq, dövlət tərəfindən ayrılan vəsaitlərdən düzgün və səmərəli istifadə etmək qarşıya qoyulan mühüm vəzifələrdir.

 

Mehparə ƏLİYEVA

 

Respublika.- 2022.- 18 avqust.- S. 7.