Sinəsi Vətənə sipər igid

 

44 günlük  İkinci Qarabağ  savaşında  sinəsini Vətən  torpağına sipər edən, xalqına zəfər sevincini yaşadan  igidlərdən biri də əslən Lerik rayonunun Pirasora kəndindən olan, sonralar ailəsi  Neftçala rayonunun Aşağı Qaramanlı kəndinə köçüb, yurd-yuva quran Yunis Şaiq oğlu Orucovdur. O, şərəfli şəhid adını qazananda  təzəcə 19 yaşına qədəm qoyurdu. Yaşına uyuşmayan qəhrəmanlığı onu Vətən  səmasının əbədi parlaq günəşinə  çevirdi. İndi öz xalqı üçün iftixar mənbəyi, qürur yeri olan Yunis bizlərə  Vətəni   necə sevməyi, doğma torpağı necə qorumağı öyrətdi. Ölümündən sonra dövlət tərəfindən layiq görüldüyü “Suqovuşanın azad olunmasına görə”, “Vətən  uğrunda” medalları  Vətən müharibəsinin mübariz şəhidinin şərəfini daha da ucaltdı.

Yunis Salyan Peşə Liseyinin kənd təsərrüfatı fermerlik peşəsi üzrə  bitirmişdi. Təhsil aldığı illərdə həm də Neftçala Şəhər Uşaq İncəsənət Məktəbində tar musiqi alətinin  dilini” mükəmməl öyrənmişdi.  Bu mehriban, səmimi gəncin nəcib həyat amalı, xeyirxah əməlləri el-obaya  hörmət gətirir. 2019-cu ildə onun  Vətənə keşik dövrü başlanır.  Əyninə geydiyi hərbi geyimlə fəxr edir. Ön cəbhədə Vətən qarşısında öz borcunu ləyaqətlə, mərdliklə yerinə yetirir. Ən böyük arzusu erməni dığalarını məhv etmək,  30 il düşmən tapdağında qalan  Qarabağ torpaqlarını azad görmək   olur. Tovuz döyüşlərində düşmənlə üz-üzə gəlir.  Vətənə olan  sonsuz məhəbbətini  yağını  əzməklə bir daha göstərir.

Vətən sevdalı igid əsgər Yunis Orucov  İkinci  Qarabağ  müharibəsinin ilk günündə ön cəbhədə  düşmənlə ölüm-dirim savaşında  mərdliklə vuruşur, torpaqların azadlığı naminə canını qurban verməyə hazır olur. Talış-Suqovuşan istiqamətində gedən şiddətli döyüşlərdə yağıya sarsıdıcı zərbələr vurmaqla   saysız-hesabsız  işğalçının  axırına  çıxır. Yunisin növbəti  döyüş əməliyyatı Ağdam-Ağdərə rayonlarında olur.  Oktyabr ayının 9-da   son gülləsinədək vuruşub canını  Vətənə fəda etməklə tarix yazır.

 

Zəfər ORUCOĞLU

 

Respublika.- 2022.- 18 avqust.- S.8.